Regionların tərəqqisi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biridir

 

 

Dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən sayılan Azərbaycan Respublikasında düşünülmüş, konkret proqramlarla əsaslandırılmış iqtisadi siyasət həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq nüfuzu ildən-ilə artır. Təsadüfi deyil ki, son illər dünyanın bir sıra nüfuzlu  reytinq təşkilatları öz hesabatlarında Azərbaycanın adını öncül yerlərdə göstərir, ölkəmizdə gedən dinamik inkişafı birmənalı olaraq bəyənir, təqdir edirlər.

Son on ildə Azərbaycanın hərtərəfli və tarazlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən məqsədli, konkret hədəfləri özündə birləşdirən dövlət proqramlarının qəbul edilərək icraya yönəldilməsi müsbət nəticələr vermişdir. On il əvvəl – 2004-cü il fevral ayının 11-də qəbul olunmuş “Azərbaycan  Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) ” icraya yönəldikdən sonra ölkəmiz  yeni, sürətli tərəqqi dövrünə qədəm qoydu. Ölkənin beş il üçün sosial-iqtisadi inkişafının prioritetlərini müəyyən edən həmin proqramın reallaşdırılmasına başlanılması ilə regionların iqtisadi potensialının hərəkətə gətirilməsi, yerlərdə əhalinin üzləşdiyi sosial problemlərin həlli istiqamətində konkret işlər görüldü. Bununla da, Azərbaycanın bütün regionları yeni inkişaf, dönüş mərhələsinə qədəm qoydu.

Azərbaycanın tarazlı və regional tərəqqisini dövlətin sosial-iqtisadi inkişaf  strategiyasının prioritet istiqaməti elan edən Prezident İlham Əliyev birinci Dövlət Proqramının icrasından əldə olunmuş təcrübəyə və həlli vacib olan digər sosial problemlərin aradan qaldırılması, eləcə də bölgələrin iqtisadi potensialının tam hərəkətə gətirilməsi məqsədilə 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunması barədə fərman imzaladı. Eyni zamanda, sonradan dövlət başçısının müvafiq sərəncamları ilə regional proqramlara edilən əlavələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində bölgələrdə təşəbbüskarlıq və iqtisadi fəallıq xeyli artdı, sosial infrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə start verildi.

Ölkənin hər yerində abadlıq-quruculuq işləri geniş vüsət aldı. Bununla da, regionların sosial-iqtisadi mənzərəsi xeyli dəyişdi, şəhər və qəsəbələr, həmçinin digər iri yaşayış məntəqələrinin siması əsaslı şəkildə gözəlləşdi. Heç şübhəsiz, regionlarda bütün sahələr üzrə mövcud potensialın hərəkətə gətirilməsi dövlətimizin iqtisadi strategiyasının prioritetini təşkil edən qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün geniş imkanlar yaratdı. Bu sahədə həyata keçirilmiş düşünülmüş siyasətin, eləcə də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsidir ki, 2013-cü ildə ölkəmizdə qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 56,6 faizə çatmışdır.

Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyev demişdir: “Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır...

İki proqramın icra edilməsi nəticəsində  sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir”.

Regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində dövlət proqramlarının çox böyük rolunun olduğunu vurğulayan Prezident İlham Əliyev bölgələrin tərəqqisini, sahibkarlığa verilən dəstəyi, qeyri-neft sektorunun inkişafını, idxaldan asılılığın azaldılmasını, eləcə də ölkəmizin ixrac potensialının yaradılmasını son illərin səciyyəvi əlaməti kimi dəyərləndirmişdir.

Ölkəmiz üçün on ilin əsas fəaliyyət proqramı, sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyənləşdirən dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşmasına səbəb olmuş, Azərbaycanı dünyanın hərtərəfli və tarazlı inkişafa nail olan bir dövlətinə çevirmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son on il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3 dəfə artmışdır. Yeri gəlmişkən, hazırda ölkəmizin beş şəhər və rayonunda xərclərin yerli gəlirlər hesabına maliyyələşdirilməsi də regional tərəqqini təsdiq edən amillərdəndir.

Birinci və ikinci regional inkişaf proqramlarında nəzərdə tutulmuş tədbirlərin icraçılarının və  maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi, eləcə də konkret icra müddətlərinin göstərilməsi özünü tam doğrultmuş, ötən müddətdə bölgələrdə iqtisadi fəallıq xeyli artmış, sosial infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Belə bir faktı qeyd etmək yetərlidir ki, ötən on il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Eyni zamanda, yerlərdə səsləndirilən təkliflərə həssaslıqla yanaşan dövlət başçısı qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 734,4 milyon manat vəsait ayırmışdır. Bu da, heç şübhəsiz, ölkə Prezidentinin regionların inkişafına, burada yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Regionlarda işsizliyin aradan qaldırılmasında dövlət tərəfindən ayrılmış güzəştli kreditlərin rolu danılmazdır. Sevindirici haldır ki, ötən illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına verilmiş güzəştli kreditlərin 78 faizi, yeni yaradılmış iş yerlərinin isə 81 faizi regionların payına düşmüşdür. Son on il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi yaradılmışdır ki, bu da ölkədə məşğulluq strategiyasının reallaşdırılmasına mühüm töhfələr vermişdir.  Regionlarda işsizliyin azaldılmasında aqrar sektorun inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Elə regional inkişaf proqramlarının əsas hədəflərindən birini də məhz də kənd təsərrüfatı sahəsində bir sıra layihələrin reallaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təminatı təşkil edirdi. Ötən müddətdə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin reallaşdırılmasına yönəldilmişdir ki, bunun da hesabına aqrar sektorda bir sıra yeni təsərrüfat subyektləri  yaradılmış, daxili bazarı il boyu meyvə və tərəvəz məhsulları ilə təmin etmək məqsədilə çoxsaylı soyuducu anbar kompleksləri inşa edilmişdir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2004-2013-cü illər ərzində kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır.

Regionların inkişafına dair dövlət proqramlarının həyata keçirildiyi ötən on il ərzində ölkənin bütün şəhər və rayonlarında, hətta ən ucqar kəndlərdə belə, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu isə dövlətimizin, xüsusən də onun rəhbərinin regionlarda yaşayan əhalimizə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.

Fevralın 5-də keçirilmiş məlum konfransda Prezident İlham Əliyevin söylədiyi “biz bütün işləri yenidən görürük ki, yeni yaradılan infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət etsin” kəlamları da bunu bir daha təsdiq edir.

Musa HACIYEV,

kənd təsərrüfatı

elmləri namizədi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında