“Milli Şura” uğursuzluq sindromuna düçar olaraq süqut edir

 

 

Ekspertlərin fikrincə, bu qurumun yaradılması üçün Azərbaycandan kənarda yazılan ssenari  kifayət qədər zəif olub. Yoxsa nə olmuşdu ki, müxalifətin əksər simalarının toplaşdığı o boyda “birlik” heç bir il yaşaya bilmədi.  Hərçənd ki,  Rüstəm İbrahimbəyovun “Milli Şura” ssenarisinin uğurlu olacağını, məhz bu ssenarinin icrasından sonra qaz vurub-qazan dolduracaqlarını gözləyənlər var idi. Hətta AXCP sədri  Əli Kərimli and - aman edirdi ki, biz Rüstəm İbrahimbəyovun bayrağı altında, Cəmil Həsənlinin ətrafına toplaşmaqla qısa bir zamanda xalqın böyük etimadını qazanacağıq. Amma nə Rüstəm İbrahimbəyovun bayrağı oldu, nə də Cəmil Həsənlinin ətrafına toplaşan. Ona görə də müsavatçılar rişxənd edirlər ki, Cəmil Həsənlinin seçkidə 3-4 faiz səs toplamasından sonra AXCP-nin qazı alındı”.

İndi mətbuat sual edir ki, “Milli Şura” nə üçün belə tezliklə süqut etdi?  Səsləndirilən versiyaların hamısı adama inandırıcı  gəlir. Məsələn, qəzetlər yazırlar ki, “Milli Şura” layihəsini  jurnalistlərin sayəsində tanıtmağa nail olan Rüstəm  İbrahimbəyov sonradan fərqli yol tutmuşdu. Əksər müxalifətçilərin ümidlərini ona bağladığı zaman məşhur ssenarist düşərgə mənsublarının görüşünə gəlmək əvəzinə, Gürcüstanda kino çəkilişi ilə məşğul olduğunu söyləmişdi. Bunu eşıidən müxalif qüvvələr onu görmək üçün Gürcüstana getdilər. Məhz həmin görüşdən sonra “Milli Şura”nın çarxı geriyə işləməyə başladı. Əslində, o çarx irəli işləyəndə də elə geriyə gedirdi. Tbilisidə, bir erməninin ocağı başında reallaşdırılan  həmin görüşdən sonra “ Milli Şura”nın təsis konfransında vahid namizədin müəyyən edilməsi ətrafında qurumda aparılan diskussiyalardan doğan qarşıdurmalar bir az da genişləndi. Bu versiya onu göstərir ki, qurumun məhvinin təməli bilavasitə Rüstəm İbrahimbəyov tərəfindən qoyulmuşdur.  

Başqa bir versiyada isə bildirilir ki, qurumun  daxilində vahid namizədlə bağlı  qarşılıqlı kompromat savaşına girişən qüvvələr, nəhayət ki, sessiyaların birində yekdilliklə Rüstəm  İbrahimbəyovu prezidentliyə namizəd kimi irəli sürmüşdülər. Bu isə qalmaqallı proseslərin   açıq  müstəviyə  keçməsinə səbəb olmuşdu. Amma İbrahimbəyovun  özü vahid namizəd  statusu qismində Azərbaycana gəlməsi barədə mətbuata çox ziddiyyətli   açıqlamalar verirdi.  Onun müəmmalı addımları müxalifət tərəfindən proqnozlaşdırılmamış da deyildi. Müsavat başqanı İsa Qəmbərin “İbrahimbəyovun Azərbaycana gəlməmək ehtimalını nəzərə alıb, Müsavat Partiyasının seçkilərdə ayrıca namizədlə iştirak etmək haqqında qərarını qüvvədə saxlayırıq”-  deməsi müxalifətin  Rüstəm  İbrahimbəyova olan inamının göstəricisi kimi də qiymətləndirilirdi.

İbrahimbəyovun  Azərbaycana gəlib çıxa bilmədiyi  təqdirdə Müsavat Partiyası yenidən ortaya müxtəlif  iradlar qoydu və bununla da özünü liberal, azad düşüncəli, demokratik qüvvə adlandıranlar Müsavat Partiyasına qarşı savaş, daha doğrusu,  açıq mübarizə elan etdilər. Nəticədə “Milli Şura”nın vahid namizədi tarixçi alim - yəni siyasi təcrübəsi olmayan Cəmil Həsənli oldu.  Bu qarşıdurmalardan sonra əldə edilən “kompromis” əslində kompromis deyil, “Milli Şura”nın məhvini sürətləndirən ikinci amil idi. 

Bu qurumun dağılmasını sürətləndirən əsas səbəblərdən biri də ölkədə siyasi reneqat kimi tanınmış Eldar Namazovun “Milli Şura” layihəsində ön yerlərdən birinə çıxması idi. Cəmil Həsənlinin prezidentliyə namizəd kimi Rüstəm İbrahimbəyovu arxa plana keçirməsi  kinodramaturqun  yaxın müttəfiqi, “El” Hərəkatı sədri Eldar Namazovu qurum daxilində kifayət qədər fəallaşdırmışdı.  Eləcə də ALP sədri Əvəz Temirxan və onun lideri Lalə Şövkət,  eks - spiker Rəsul Quliyev də daxil olmaqla bir çox “şura üzvü”nün  Cəmil Həsənli üçün  göstərdiyi canfəşanlıq  heç də səmimi qarşılanmırdı. Onların tezliklə qurumdan getməsi və istefası üçün bəhanələr lazım idi.  Həmin bəhanələri digər amillər də genişləndirdi və  bu fonda “Milli Şura”dan qopmalar başlandı. Rüstəm  İbrahimbəyova inanıb  “Milli Şura” ya üz tutanlar indi də ondan üz döndərib  “Milli Şura”ya  arxa çevirməyə başladılar.

Əslində bu qurumun üzvlüyündən istefa verənlər tamamilə haqlı idilər. Çünki Rüstəm İbrahimbəyov onlara qarşı qeyri-səmimi olmuş, daha doğrusu öz dostlarını dəfələrlə aldatmışdı. Özü  də məhz Eldar Namazovun əli və dili ilə.  Bütün bu yalan və qeyri– səmimi addımlara, üstəlik İbrahimbəyovun seçki ərəfəsində də ölkəyə gəlməməsinə baxmayaraq Əli Kərimli və Eldar Namazov seçkidəki məğlubiyyətdən sonra utanmadan  İbrahimbəyovu  “Milli Şura”nın “fəxri sədri ” postuna seçmək təşəbbüsündə bulundular.  Bu addıma İsa Qəmbərin etirazı  “Milli Şura”da daxili siyasi gərginliyi daha da artırdı və nəticədə Müsavat Partiyası qurumdan çıxdığını bəyan etdi.  Beləliklə də AXCP-Müsavat  münasibətləri açıq düşmənçilik müstəvisinə qədəm qoydu.

 Təbii ki, Müsavatın “Milli Şura”dan çıxması siyasi əsəbləri daha da tarıma çəkdi və əsəblər tarıma çəkildikcə qurumun çökməsi də sürətləndi. Ən pisi isə o idi ki,  “Milli Şura”nın təməl daşının qoyulmasında  iştirak etmiş Eldar  Namazov da  ara qarışıb məzhəb itən kimi qurumdan istefa verdi.  Nəticədə böyük səs-küylə cəmiyyətə sırınan “Milli Şura” səssiz-səmirsiz parçalandı və indi orada ancaq aldadılıb gətirilmiş Cəmil Həsənlidən, üç-beş nəfər perspektivini itirmiş müxalif şəxsdən başqa heç kəs  qalmayıb.

Mətbuatın dilə gətirdiyi, ekspertlərin əsaslandırmağa çalışdığı bu versiyaların ümumi nəticəsi isə ondan ibarətdir ki,  Rüstəm İbrahimbəyovun səmimi olacağı , dediyi vaxt Bakıya gələcəyi təqdirdə də bu qurum dağılmalı idi. Çünki “Milli Şura” eyni  marağı olan adamların yaratdığı birlik deyildi. Burada mövcud iqtidarla öz şəxsi münasibətlərini nizamlaya bilməyən İbrahimbəyovun qisasçılıq hissləri, bu iqtidardan məhz reneqatlığına görə qovulmuş Eldar Namazovun hayıf çıxmaq cəhdləri, İsa Qəmbər və Əli Kərimlinin hələ ötən əsrin 90-cı illərindəki siyasi düşüncə tərzindən ayrıla bilməməsi və ümumiyyətlə, hər kəsin öz marağı var idi. Aradakı beş-on nəfər fanatikdən başqa hamı “Milli Şura”ya öz  maraq və mənafeyini güdmək üçün gəlmişdi. Ona görə də cəmiyyətin bu qurumdan hansısa gözləntisi yox idi. Bu gözləntinin olmadığını qurumun təşkil etdiyi aksiyalara toplaşan insanların sayı da açıq-aşkar göstərirdi.

 Beləliklə,  bu gün “Milli Şura” layihəsinin tamamilə iflasa uğraması günün reallığıdır.  İndi düşərgə mənsublarının ümidi qalır növbəti prezident seçkiləri ərəfəsində növbəti bir qurum yaradılmasına. Görək o zaman yeni quruma  nə ad düşünəcəklər və sponsorları kim olacaq. Onsuz da indi üç-dörd mahnı oxuyan müğənnilərin də sponsoru olur. Bu adamlar iyirmi ildir eyni bayatıları gah xorla, gah da solo şəklində oxuyurlar. Yəni bunlara beş ildən bir də sponsor tapılmayacaq?

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında