2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində müxalifətin “birlik görüntüsü”nü yaratmaq məqsədilə ortalığa atılmış “Milli Şura” adlı quruma müxalifətin özünün də ilk gündən inamı yox idi. Bunu onunla əsaslandırırdılar ki, bu qondarma qurum Azərbaycandan kənarda yaradılıb, məqsəd və məramı isə heç kimə bəlli deyil. Hətta, bir sıra müxalifət partiyalarının sədrləri bu quruma üzv olmaqdan açıq şəkildə imtina etmişdilər.
“Milli Şura” yaranan gündən bu qurumun qarşıya qoyduğu vəzifələrlə tanış olanda dərhal aydın oldu ki, təşkilat antimilli və Azərbaycanın inkişafını gözü götürməyən dairələrin sifarişi ilə yaradılıb. Çünki “Milli Şura”nın rəhbərlərinin xalqa müraciətindən də bəlli olurdu ki, buraya toplaşanlar erməni dəyirmanına su tökənlər, düşmənlərimizin ölkəmizə qarşı apardıqları antiazərbaycan kampaniyasının tərəfdarlarıdır. Quruma daxil olmayan müxalifət nümayəndələrinin bəyanatları da bu fikri təsdiq edirdi. Xalq isə elə ilk gündən “Milli Şura”nı rədd etdi. Çünki bu qurumun bütün hərəkətləri radikalizm notları üzərində köklənmişdi. Ona görə də bu quruma etimad göstərən, çağırışlarına səs verən yox idi.
Müxalifətdə olan bir sıra partiya sədrləri isə “Milli Şura ” üzvlərinin xarici kəşfiyyatın agentləri olduqlarını açıq şəkildə bəyan etdilər. Bu qurumun aparat rəhbəri reneqat Eldar Namazovun da belə agentlərdən biri olması müxalifət partiyalarının sədrlərində də heç bir şübhə doğurmurdu və onlar bunu öz bəyanatlarında da bildirmişdilər.
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov “Milli Şura” üzvləri haqqında rəy verərkən demişdir ki, bu qurumun üzvlərinin hansı xarici kəşfiyyata işlədiklərini bilmək istəyirsinizsə, bunu Eldar Namazovdan soruşun. Onların “Milli Şura”ya necə daxil olduğunu da Eldar Namazovdan soruşmaq lazımdır. Partiya sədrinin sözlərinə görə, belə agentlərin hamısı məhz Eldar Namzovun “qayğıkeşliyi” sayəsində “Milli Şura”ya üzv oldular və yuxarı başa keçdilər. Partiya sədri bildirib ki, “Mən sözümü söz xətrinə demirəm. Partiya sədriyəm və hər şeyi bilirəm. Bu agentlər də arxayın olduqlarından yekə-yekə danışırdılar. Ancaq mən də, bu millətin övladı olaraq öz vicdan borcumu yerinə yetirərək fikirlərimi açıq ifadə edirəm. Bir daha onlara deyirəm ki, özünüzü yığışdırın, biz bilirik ki, kim kimdir! Üstəlik Azərbaycana qarşı separatçılıqla məşğul olmayın, etnik zəmində münaqişə törətməkdən əl çəkin. Onlar xaricdən pul alıb güzəranlarını keçirirlər. Bunlar satın alınmış adamlardır ki, atıblar ortaya və bu yolla qan qaraldırlar”.
Partiya sədri özünü “əsl demokrat” hesab edən “Milli Şura” üzvlərinin bəzilərinin Rusiya vətəndaşlığını qəbul etdiyini, bəzilərinin isə Hollandiyaya getdiyini vurğulayaraq deyib ki, belə xəyanətkarlar oralarda da dinc oturmur, Azərbaycanın vətənpərvər oğullarına qarşı iftiralar yağdırırlar. Açıq şəkildə Azərbaycanın əleyhinə yazılar yazır, ermənilərlə əlaqə saxlayırlar".
Göründüyü kimi, artıq “Milli Şura” üzvlərinin əsas məqsədlərinin nədən ibarət olduğu çoxlarına bəllidir. Bir vaxtlar bu qurumun təbliğinin fəallarından olmuş, hətta özünü təşkilatın icra aparatının rəhbəri kimi təqdim edən “EL” hərəkatının sədri, siyasi riyakar Eldar Namazov da yaxın günlərdə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində “Milli Şura”nın iç üzünü açmış və bununla özünü də ifşa etmişdi. Əslində reneqat Eldar Namazovun kimliyi, hansı əqidənin sahibi olması ictimaiyyətə yaxşı bəlli idi. Lakin, o, özü də açıqlamaları ilə bir daha hansı əqidənin sahibi olduğunu təsdiqlədi.
“Milli Şura”nın yaradılması prosesinin əsas iştirakçılarından biri olan “EL” hərəkatının sədri reneqat Eldar Namazov bu qurumdan istefa verərkən bildirib ki, “Milli Şura” artıq ömrünü başa vurub və prezident seçkilərində heç nəyə nail ola bilmədi. E. Namazov da Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Milli Şura”nın prezidentliyə vahid namizədi Cəmil Həsənli prezident seçkilərində çox cüzi səs topladı" fikrini təsdiqləyərək deyib ki, bir həqiqəti qəbul etməliyik ki, Cəmil Həsənli səs toplaya bilmədi.
“Yeni Müsavat” qəzetinin reneqat Elldar Namazova ünvanladığı “Milli Şura” ilə bağlı bir mif, bir əfsanə var. Söylənilir ki, bu, gizli kabinetlərdə, Rusiyanın ən elitar siyasətçiləri tərəfindən Eldar Namazovun, Rüstəm İbrahimbəyovun iştirakı ilə hazırlanan ideyadır, məqsəd Azərbaycanda hakimiyyəti devirməkdir. Siz bütün mərhələlərdə iştirak etmisiniz. Biz istəyərdik ki, söhbətə deyilənlərin nə qədər doğru olması məsələsindən başlayaq. Gerçəkdənmi “Milli Şura” gizli bir örgüt idi” sualına cavab verən “EL” hərəkatının sədri dolayı yolla deyilənləri təsdiqləyib. O deyib ki, həm Rüstəm Məmməd İbrahimoviuç, həm də özü tez - tez xarici ölkələrə səfərlər edir, orada müəyyən dairələrin nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanda prezident seçkiləri ərəfəsində “müxalifəti bir araya gətirən” təşkilatın yaradılmasına zəruri ehtiyac olduğunu müzakirə ediblər. Belə müzakirələrdən sonra “Milli Şura” yaradılıb. Reneqat Eldar Namazov iddia edir ki, guya, “Milli Şura”nın yaradılması ideyası Bakıda müzakirə olunub. Ancaq sonra özü də dediklərini təkzib edərək bildirib ki, Bakıda bu qurumun sədrinin kim olması və “Milli Şura”dan prezidentliyə kimin irəli sürülməsi məsələsi müzakirə olunub.
Bakıda “Asiman” restoranında radikal müxalifətin gizli görüşü barədə məlumat verən reneqat Eldar Namazov bundan öncə də bir neçə görüş keçirildiyini vurğulayaraq deyib ki, həmin görüşə Rafiq Əliyevlə Cəmil Həsənlini dəvət etmişdilər. Onların hər ikisi Ziyalılar Forumunun üzvü olduğundan siyasi riyakar Eldar Namazova elə gəlirmiş ki, prezidentliyə vahid namizədlik məsələsində yalnız onun adı çəkiləcək. Guya bu təşəbbüs “Milli Şura”nın sədri Rüstəm Məmməd İbrahimoviçdən gəlibmiş. Ancaq bu görüşdə hər şey dəyişib və İsa Qəmbər prezidentliyə namizədlikdən geri çəkilməyəcəyini bəyan edib. Bundan sonra vəziyyət getdikcə kəskinləşib. Eldar Namazov bildirib ki, AXCP sədri Əli Kərimli və bu partiyanın funksionerləri Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə vahid namizədliyini qətiyyətlə rədd edirdilər. Həmin gündən “Milli Şura”da ikitirəliyin əsası qoyuldu. Siyasi riyakar onu da etiraf edib ki, əslində “Milli Şura” AXCP və Müsavat Partiyasından ibarət idi. Bu qurumda bütün məsələlər bu iki partiyanın funksionerlərinin istəkləri əsasında həll olunurdu. “Milli Şura”nın digər üzvləri isə yalnız tamaşaçılar idi. Sonradan onlar da Əli Kərimlinin və İsa Qəmbərin tərəfdarları kimi iki hissəyə bölündülər.
E.Namazov demişdir ki, “Milli Şura”nın prezidentliyə vahid namizədinin Cəmil Həsənlinin olacağı aydınlaşanda vəziyyət daha da kəskinləşdi. Bundan sonra müsavatçılarla cəbhəçilər arasında açıq savaş başlandı. Çünki müsavatçıların əsas namizədi İsa Qəmbər idi. Onun sözlərinə görə, müsavatçıların Cəmil Həsənlinin seçki qərargahına üzv olmalarına razılıq vermələri əslində gözdən pərdə asmaq xatirinə edilmişdi. Reneqat bildirir ki, Cəmil Həsənli çox uğursuz bir namizəd idi. Çünki onu heç kim siyasət adamı kimi tanımırdı. Bu, seçkilərdə də özünü göstərdi. Cəmil Həsənli səs toplaya bilmədi. Cəbhəçilərin bu faktı ört - basdır etməsi də başa düşüləndir. Çünki Cəmil Həsənli əslində onların namizədi idi.
Reneqat Eldar Namazov “Milli Şura”nın artıq iflasa uğradığını təsdiqləmişdir: 2013-cü ilin mayında yaradılan “Milli Şura” artıq yoxdur. Reneqat Eldar Namazov “Milli Şura”ya toplaşanların iç üzünü açmaqla, əslində elə özünü də ifşa etmişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.