AXCP sədri artıq müxalifətin bütün zümrələri tərəfindən lənətlənir

 

 

Rauf Arifoğlu:  Əli Kərimli sağlığında Elçibəyin özünü incidirdi, öləndən sonra isə ruhunu rahat  buraxmır

Müxalifət düşərgəsi seçkilərdə məğlubiyyətə uğradıqdan sonra nəinki silahdaş silahdaşı, hətta qardaş da qardaşı günahkar sayır.

“Sən filan vaxt o məsələni mən deyən kimi həll etmiş olsaydın, mən indi göylərdə idim”,  “Danışdığımız, razılaşdığımız  məsələlərin həllində  məhz sənin biganəlik etdiyinə görə məğlubiyyətlə üzləşdik” kimi bəhanələr  (bu sitatları  sonuncu prezident seçkilərindən sonra müxalifət “liderlərinin” bir-birinə ünvanladığı ittihamlardan seçmişik) düşərgə həyatını başına götürür.  İş o yerə çatır ki, hətta bir-birini rüsvay edəcək faktları ortaya qoymaqla hədələyirlər.  Maraqlıdır ki, ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərindəki məğlubiyyətdən sonra  ən çox tənqid olunan adam AXCP sədri Əli Kərimlidir.  AXCP sədri az qala müxalifətin bütün qütbləri və zümrələri tərəfindən tənqid olunur.  Mərhum Əbülfəz Elçibəy bu qəbildən olan məqamları qiymətləndirərkən demişdi ki, ardıcıl olaraq beş adam səni tənqid edirsə, deməli günah sənin özündədir.  Ötən məğlubiyyətdən sonra Əli Kərimlini tənqid edənlər isə beş yox, beş yüz, beş mindir.

Onu düşərgə mənsublarının biri  son günlər acizanə şəkildə  dağılıb bərbad günə düşən “Milli Şura”nın yaradılmasındakı can-fəşanlığına, biri bütün müxalifəti “El” kimi aşağı səviyyəli bir hərəkatın ayağına apardığına, digəri isə Rüstəm İbrahimbəyov və Cəmil Həsənli kimi tamamilə başqa sahənin adamlarını siyasi müxalifətin başına gətirməkdə günahlandırır. Ancaq onun ünvanına səsləndirilən ittihamlar arasında  nisbətən konkret olanları daha çox əks-səda yaradır.  Belə ittihamların bir çoxu Müsavat funksioneri, “Yeni Müsavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlu tərəfindən səsləndirilir.  Rauf Arifoğlu  öz qəzetində  Əli Kərimliyə xitabən yazdığı  “Səni şiddətlə qınayıram, Əli Kərimli!”  adlı, “Sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyin Elçibəyi mənə qarşı apardığın çirkin kampaniyana qarışdırma”  çağırışlı  yazıda anons verir ki,  Elçibəyin Əli Kərimli haqda Kələkidə və Bakıda mənə dediklərini yaxın günlərdə dərc edəcəm.  Sonra  da əlavə edir ki, dözəmməyəcək, çatlayacaq, əminəm...  İndi müxalifətdə hamı oturub  həmin günü gözləyir görək,

Əli Kərimlinin çatlaması necə olacaq. Bir cəbhəçi  əlüstü bəyan edib ki, Rauf Arifoğlunun həmin addımı atacağı təqdirdə Əli Kərimli çatlamayacaq, partlayacaq və həmin partlayış Rauf bəyə baha başa gələcək.

 Hələlik isə Rauf Arifoğlu partlayış törədir :  “ Elçibəy ölən günü “Azadlıq” qəzetində onun haqqında çıxan o təhqiramiz, unudulmaz biabırçı məqalə də əlimin altındadır. Lakin bu hörmətli, sevimli lideri bir daha o yazı ilə incitmək istəmirəm. Xatırlayırsanmı, Əli Kərimli, o yazını? Onu kimin yazdığını da bilirsənmi? Bəs, niyə ayıbına kor olub, heç olmasa bu məqamın üstündən keçmirsən? Bu mövzu prinsipcə sənə sərf etmir, axı”.   

Sonra  Rauf Arifoğlunun qəzəbi tüğyan edir və mərhum Elçibəyin  Əli Kərimliyə heç vaxt inanmadığını bildirir:  “Bəyin mənə Kələki illərindəki tapşırıqlarından biri də mətbuat vasitəsi ilə AXC və onun Bakıdakı liderlərinin ”cızığından kənara çıxmasına imkan verməmək” olub... Xüsusi ilə də Əli Kərimlinin. İndi belə birisi Elçibəydən sitat gətirib, ondan mənə qarşı “ifadə alır”. Bu murdarçılığı edən hər kəsə Bəyin əməyi haram olsun..."

Sən demə Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən adamlar bir nəfər Salyan sakinindən  ərizə alıblar ki, Rauf Arifoğlunun açıqlamalarına görə Müsavatdan çıxıram, keçirəm AXCP-yə. Sonra bu ərizədən məqalə düzəldib, veriblər “Azadlıq” qəzetinə.  Məsələyə Rauf Arifoğlunun münasibəti isə... çox kəskindir:  “Müsavatdan adam çıxarıb, bəlkə də ona rüşvət verib, yanına çəkirsən. Bəs  məntiq harada qaldı? Bu partiyanın başqanı var, DİVAN-ı var. Allahdan qorxmursan, heç olmasa məntiqdən qorx!   Gözünü mənə nifrət elə bürüyüb ki, deyəsən mənim qəzetdə işlədiyimi də unutmusan: Mən partiya başqanıyam. Səni şiddətlə qınayıram, Əli Kərimli, mənə qarşı aylardır apardığın bu şantaj kampaniyasına görə! Bəlkə, bir az yavaşıyasan? Bunun sonu sənin üçün yaxşı görünmür...”  

Xatırladaq ki, Əli Kərimlinin təhqir edib alçaltmağa  çalışdığı  müxalifət simaları  təkcə Əbülfəz Elçibəy, İsa Qəmbər deyil. O, dövri olaraq müxalifətin üzdə olan bütün simalarına qarşı elə ittihamlar səsləndirib ki, həmin ittihamları heç kəs, heç zaman unuda bilməz. Məsələn, ötən il Əli Kərimli başda olmaqla bir sıra müxalifətçilər  ciddi-cəhdlə Rüstəm İbrahimbəyovu Moskvadan Bakıya gətirib onu “müvəqqəti hökumət”in başçısı etmək istəyəndə müsavatçılar Əli Kərimliyə bir məqamı xatırlatmışdılar. Həmin məqam xaricdə yaşayan Rəsul Quliyevin Əli Kərimli tərəfindən alçaldıcı şəkildə təhqir edilməsi idi. AXCP sədri mətbuata müsahibəsində demişdi: “ Rəsul Quliyev Azərbaycanın maraqlarını Amerikaya satır. Azərbaycan xalqı bu cür şəxsiyyətsizləri daha qəbul etmir. Bunu Rəsul da bilir.  İndi  Amerikada lüks həyat yaşayan və maddi təminatını bu yollarla  (Azərbaycanın maraqlarını satmaqla - red.) təmin edən bir adam hansı əsasla Azərbaycana qayıdacaq və dövləti idarə edəcək? Bir halda ki, bu adam özünü idarə edə bilmir.”

 Həmin məqamda müsavatçılar tamamilə haqlı idilər. Çünki  Əli Kərimlinin “özünü idarə edə bilmir” dediyi  Rəsul Quliyev heç olmazsa bir zavoda rəhbərlik etmişdi. Əli Kərimlinin hakimiyyətə gətirmək istədiyi Rüstəm İbrahimbəyov isə  Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi dövrdə özünü də rüsvay eləmişdi, ittifaqı da.  Yəni “özünü idarə edə bilməyən” ifadəsi daha çox Əli Kərimlinin dəstəklədiyi adama aid idi.

Beləliklə,  “Milli Şura”nın  dağılıb getməsindən sonra  bir-birini didib-parçalamağa hazır olan müxalifət funksionerləri  öz siyasi həmfikirləri olan tərəf-müqabilləri haqqında elə ittihamlar irəli sürürlər ki, indiyədək o ittihamların heç birini siyasi opponentlərindən eşitməmişdilər. Bu isə o deməkdir ki, bu düşərgədə hər kəsin öz marağı, öz mənafeyi var”  deyənlər tamamilə haqlıdırlar. Yoxsa mitinq zamanı bir tribunadan danışan, “Milli Şura”nın “sessiyasında” eyni rəyasət heyətində əyləşən adamların bir-birini xəyanətdə, satqınçılıqda, özünü idarə edə bilməməkdə  ittiham etməsi  hardan qaynaqlanır? Hələ bu azmış kimi utanmadan ölkədə siyasi hakimiyyətə  də gəlmək  istəyirlər. Xalq bu adamları hakimiyyətin yaxınlığına buraxarmı? Əsla! Onların yeri siyasi arxivdir.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında