Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ikinci iş günündə keçirilən sərbəst müzakirələrdə qəbul olunmuş qaydalara görə hər bir deputat cari sessiyanın gündəliyində olmayan və mühüm siyasi əhəmiyyət daşıyan istənilən mövzuda çıxış edə bilər. Avropa Şurası rəhbərliyinin dəfələrlə nümayəndə heyətlərinə müraciət edərək Assambleyanın iclaslarında deputatların bir-birilərinə qarşı nifrət oyadıcı, həqiqətlərə əsaslanmayan, böhtan xarakterli nitqlərə və ifadələrə yol verməməsi çağırışlarına baxmayaraq, Ermənistan nümayəndə heyətinin üzvü, qərəzli çıxışları ilə həmişə fərqlənən Naira Zorabyan yenə özünü saxlaya bilməmişdir. O, ötən il Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı həqiqəti əks etdirməyən iddialar irəli sürmüş, söylədiyi məntiqsiz mülahizələrlə Assambleya üzvlərinin əksəriyyətinin ikrahlı münasibəti ilə üzləşmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistan nümayəndəsinin ölkəmizə qarşı nifrət dolu, başdan-başa yalanlardan ibarət cəfəng çıxışına müfəssəl cavab verməyə vaxt itirməyin əhəmiyyətsiz olduğunu vurğulayaraq bir daha Azərbaycanda prezident seçkilərinin şəffaf, azad, demokratik keçirildiyini diqqətə çatdırmışdır. R.Hüseynov bu seçkilərə Avropa Şurasının da müsbət qiymət verdiyini nəzərə çatdıraraq həmin seçkilərin artıq arxada qalmış uğurlu bir tarix parçasına çevrildiyini bildirmiş, indi isə digər tarixi hadisədən - ermənilərin 20 il əvvəl Bakı metrosunda törətdiyi terror aktından, bütövlükdə dünya üçün ortaq bəla olan terrorizmə qarşı mübarizədən bəhs etməyin daha vacib olduğunu bəyan etmişdir. Azərbaycanlı deputat ermənilərin son günlərdə atəşkəs rejimini sistemli şəkildə pozması, mülki əhalini daimi atəş altında saxlaması, yeni-yeni insan ölümlərinə bais olması barədə avropalı deputatları məlumatlandıraraq demişdir: “Təəccüb doğuran odur ki, indiyədək Azərbaycana qarşı saysız cinayətlər törətmiş, bu gün də həmin cinayətləri davam etdirən Ermənistan qarşı tərəfi - Azərbaycanı ittiham etməkdən çəkinmir. Son vaxtlar Ermənistan silahlı qüvvələri atəşkəs rejimini bütün sərhəd boyu pozur, dinc insanları kütləvi şəkildə daim təşviş, qorxu içərisində yaşamağa məcbur edir və dinc əhali arasında da yeni-yeni müharibə qurbanları yaradır. Amma şahidi olduğunuz kimi, bu gün də Parlament Assambleyasında Ermənistan öz qərəzli nümayəndələrinin dili ilə həqiqətləri tam tərsinə çevirir, ağa qara deyir, Azərbaycana böhtanlar atır, özü büsbütün günah içərisində olduğu halda Azərbaycanı təqsirkar kimi qələmə verməyə cəhd edir”.
Daha sonra deputat Rafael Hüseynov müasir tarixin Ermənistan tərəfindən törədilmiş dəhşətli hadisələrini açıqlamış, bütün dünyanı narahat saxlayan terror problemindən danışaraq demişdir: “Adətən xoşbəxt, sevincli günlərin yuvarlaq ildönümlərini, yubileylərini qeyd edirlər. Lakin təəssüf ki, bəzən kədərli, insanı sarsıdan günlərin də ildönümlərini qeyd etmək zərurəti yaranır. Bu zərurəti yaradan odur ki, nə qədər acı olsa da unudulmasın deyə yaddaşlardakı faciəli səhifələri davamlı olaraq vərəqləməyə ehtiyac vardır. Çünki biz insanlığın böyük dərdlərini hafizəmizin üst qatında saxladığımız müddətdə onların bir daha təkrarlanmasının qarşısını almağa da səfərbər oluruq.
Bu il mənim xalqımın - Azərbaycanın da həyatında bir çox fərəhli hadisələrlə yanaşı, qara günün də 20-ci ildönümü dayanır. 1994-cü il iyul ayının 3-də Bakıda dəhşətli terror hadisəsi baş verdi. Bakı Metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında hərəkət edən qatarda partlayış törədildi. Bu dəhşətli hadisə nəticəsində 14 nəfər həyatını itirdi, 50-yə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Araşdırmalar nəticəsində məlum oldu ki, həmin terror aktını törədənlər Ermənistanın xüsusi xidmət orqanlarıdır. Yəni, bu cinayətdə birbaşa dövlətin əli var və bu cinayət dövlət terrorizminin bir nümunəsidir.
O vaxtadək həmin qüvvələr Azərbaycanda torpağın üstündə on minlərlə insanı məhv edən çox qanlı cinayətlər, silsilə terror aktları törətmişdilər. Bu hadisə ilə yenilik edərək terrorizmi Azərbaycan torpaqlarının altında da davam etdirməyə başladılar. Həmin hadisənin üstündən bir il ötəndən sonra daha dəhşətli metro faciəsi yaşandı. 1995-ci il oktyabrın 28-də baş verən bu faciə nəticəsində 300-ə yaxın insan həlak oldu, 400 nəfərdən çox adam isə müxtəlif dərəcəli bədən xəsarəti aldı, minlərlə insan ömrünün sonunadək qorxusu canlarından çıxmayacaq stresslər yaşadı. Bu faciənin nə dərəcədə dəhşətli olmasını sadəcə belə bir fakt əyani şəkildə nümayiş etdirir ki, həmin hadisə bütün tarix boyu baş vermiş ən çox itkili metro faciəsi kimi Ginnesin rekordlar kitabına düşdü.
Ginnesin rekordlar kitabındakı ayrı-ayrı göstəricilər zaman ötdükcə dəyişə bilər. Amma heç kəs arzu etməz ki, bəşəriyyət bir daha bu faciəni təkrarlayan, ya ondan üstün olan başqa terror hadisəsi ilə üzləşsin.
Hər bir terror hansı ölkədə, hansı xalqa qarşı törədilməsindən asılı olmayaraq, insanlığa qarşı edilən cinayətdir və ona görə də bu bəlaya qarşı mübarizə müştərək olmalıdır. Terrorizmə qarşı mübarizə bütün ölkələrin ortaq səyləri və əməkdaşlığa can atması şəraitində həyata keçirilməlidir. Terrorçu hamımızın müştərək düşmənimizdir və düşmənlə mübarizə birlikdə aparılanda müsbət nəticə verir. Əslində biz terrora məruz qala biləcək başqa bir ölkəni qoruyanda ilk növbədə özümüzü qorumuş oluruq. Çünki ortaq düşmənimiz olan terrorçu qüvvələr birliyimizi görsələr, bu cür addımları atmağa cəsarətləri də azalar.
Dünyanı terrorizmə dar etməyin yolu dövlətlərin birliyindən keçir. Nə qədər ki, terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistan kimi dövlətlər və terrorçu qüvvələrə himayədarlıq edən, onları açıq və ya gizli yollarla dəstəkləyən ölkələr var, terror qılıncı daim başımızın üstündən asılı qalacaqdır. Birgə fəaliyyətin konkret və işlək modellərinin tapılması çox vacibdir.
Hamımızın düşməni olan terror hər an daha bir faciəyə imza atmağa hazırdır”.
Azərbaycanlı deputatın faktlara əsaslanan arqumentli və məntiqi çıxışı AŞPA üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.