Cənubi Qafqazda “dondurulmuş” münaqişələr

 

 

 

 

 

 

(əvvəli qəzetin 26 yanvar 2014-cü il tarixli sayında)

Cənubi Osetiya münaqişəsi və

5 günlük müharibə

Cənubi Osetiya Cənubi Qafqazda  yerləşən  BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda, beynəlxalq razılaşmalara əsasən, Gürcüstanın ərazisi kimi tanınan mübahisəli bölgədir. 2008-ci il  avqustun 26-da  Rusiya Federasiyası, sentyabrın 3-də  Nikaraqua  2009-cu il sentyabrın 10-da Venesuela tərəfindən müstəqil dövlət kimi tanınır.  Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna olmaqla bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. Paytaxtı Sxinvali şəhəridir. Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyət hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu, Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, bu, heç bir dövlət tərəfindən tanınmırdı.

 2008-ci ilin avqustun 8-də gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən gürcü ordusu tezliklə kapitulyasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq Sxinvalini tərk etməsi haqqında ultimatum göndərdi. Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini bildirdi. Gürcüstan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq Sxinvalini tərk etməyəcəyini bəyan etdi. Nəticədə elə həmin gün rus qoşunları Şimali və Cənubi Osetiyanı birləşdirən Rogun keçidi vasitəsilə öz vətəndaşlarını və sərhəddə yerləşdirilən rus sülhməramlılarını qorumaq bəhanəsi ilə Cənubi Osetiyaya daxil oldu. Tezliklə Sxinvali şəhərini ələ keçirən rus qoşunları Gürcüstan ərazisinin içərilərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb edilmişdir. Rus -osetin qoşunları Sxinvaliyə hücumu davam etdirərək Gürcüstanın Qori şəhərini tutdular. Gürcüstanın paytaxtı olan Tbilisi şəhərinin 40 kilometrliyində olan Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin tutulması ilə Gürcüstan faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda işğal altında olan Gürcüstanın şimal hissəsi dövlətin nəzarətindən çıxdı. Rusiyanın dəniz qüvvələri də işğalı davam etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu.

 Beynəlxalq aləm Rusiyanı işğalçılıqda ittiham edərək bu hərbi əməliyyatları birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya Prezidenti 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Münaqişənin həll edilməsi üçün Qərb dövlətlərindən Fransanın Prezidenti N. Sarkozi atəşkəs müqaviləsinin imzalanmasını təklif etdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzaladı.

 ABŞ və Avropa Birliyi bu müharibədə Gürcüstanı dəstəklədiklərini bildirsələr də, faktiki olaraq ona lazımı yardımı göstərə bilmədilər.

 Samstxe-Cavaxetiya bölgəsi hazırda Gürcüstanda yeni etnik problemin yaranacağı ehtimalını artırır.  Vaxtılə əhalinin müəyyən hissəsini təşkil edən Axıska türklərinin yerinə ermənilərin məskunlaşması bölgədə etnik balansı pozmuş və Ermənistanın Gürcüstana ərazi iddialarının yenidən gündəmə gəlməsinə səbəb olmuşdur.

  Cavaxetiyanın geosiyasi və geoiqtisadi cəhətdən əlverişli ərazidə yerləşməsi ermənilərin bu torpaqlarda muxtariyyət qazanmağa cəhd etmələrinin əsas səbəblərindən biridir. Çünki Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxeti rayonu Cənubi Qafqazda strateji əhəmiyyətli regionlardan biridir, şimal-qərbdə Acarıstan, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir.

 Ermənilər Cavaxetiyaya qarşı siyasi təqiblərə son qoyulması, Gürcüstanın bu bölgəsində erməni dilinə regional dil statusunun verilməsi, Gürcüstan hökumətinin erməni məktəblərinin gürcüləşdirilməsi istiqamətindəki fəaliyyətinin dayandırılması, Cavaxetiya problemi ilə məşğul olan bəzi erməni xadimlərin Gürcüstan ərazisinə keçməsinə qadağanın aradan qaldırılması və sair tələblər irəli sürürlər.

 2002-ci ildə siyahıyaalmalar aparıldı və məlum oldu ki,  Gürcüstanda 248 min erməni yaşayır ki, bunlardan da 113 mini Samstxe-Cavaxetiya regionundadır. Bu regionda ermənilər ümumi əhalinin 54,6 faizini təşkil edir. Bölgədə ermənilərin demoqrafik üstünlüyü isə müsəlmanların (Axıska türklərinin və azərbaycanlıların) sıxışdırılması hesabına yaranmışdır. Belə ki, 1897-ci ildə çar Rusiyasının apardığı siyahıyaalmaya əsasən Tiflis quberniyasının Axalçix qəzasında ermənilər ümumi əhalinin 22 faizini təşkil edirdisə, 24317 nəfərlik məhsəti türkləri (35,1 faiz) və 12370 nəfərlik azərbaycanlılar (18 faiz) birlikdə ümumi əhalinin 53 faizini təşkil etmişdir. 2002-ci il siyahıyaalmasına əsasən isə Samstxe-Cavaxetiyanın Axalçix rayonunda  sayları 16 879 nəfər olan ermənilər artıq ümumi əhalinin 36,6 faizini təşkil edirdi. Sovet imperiyasının Axıska türklərini sürgün etməsi regionda açıq şəkildə erməni say üstünlüyünə səbəb olmuşdur. Belə ki, Axıska türkləri 1944-cü ildə Stalinin göstərişi ilə qatarlara doldurularaq Orta Asiyaya sürgün edilən Gürcüstanın tamhüquqlu sakinləridir. Onlar əsasən Özbəkistan, Qazaxıstan və Qırğızıstanda yerləşdirilmişlər.  Sovetlər Birliyinin son illərində digər türksoylu ölkə olan Özbəkistanda düşən iğtişaşlar nəticəsində axıskalılar təqibə məruz qaldılar və nəticədə didərgin düşdülər. Azərbaycan 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki iğtişaşlardan qaçan Axıska türklərinin bir qismini qəbul etdi. 1999-cu ildə Gürcüstan Avropa Şurasına daxil olduqda bu ölkənin üzərinə Axıska türklərinin yerləşdirilməsi ilə bağlı öhdəlik qoyulmuşdu. Lakin müəyyən səbəblərdən hələ də axıskalıların öz vətənlərinə dönüşü baş tutmamışdır. Səbəblərdən biri odur ki, Gürcüstan hökuməti türklərin kompakt vəziyyətdə deyil, dağınıq formada məskunlaşmasını istəyir. Bununla isə Axıska türkləri razılaşmır. Onlar gürcülərin içərisində assimilyasiyaya uğrayacaqlarını düşünərək bu təklifi qəbul etmirlər. Bu səbəbdən Axıska problemi, əslində hələ də həll olunmamış qalır.  Ermənilər buranı tarixi vətənləri hesab etsələr də, reallıq budur ki, regiona köçürüldükləri az müddət ərzində azlıqdan çoxluğa çevrilə bilmişlər. Samstxe-Cavaxetiyadakı ermənilərin separatçı çıxışları günü-gündən artmaqdadır. Onlar ilkin inzibati-bölgü baxımından Kvemo-Kartli regionuna daxil olan Çalk bələdiyyəsinin (əhalinin təxminən yarısı ermənilərdir) Cavaxetiyaya birləşdirilməsini tələb edirlər. Bundan sonra isə Samstxe-Cavaxetiyaya muxtariyyat verilməsini, erməni dilinə rəsmi dil, erməni apostol kilsəsinə isə statusun verilməsini tələb edirlər. Samstxe-Cavaxetiya bölgəsi Ermənistan Respublikası və Türkiyə ilə birbaşa sərhədə malikdir. Ermənistan üçün şimaldan bufer rolunu oynayır. Burdakı ermənilər siyasi cəhətdən “Vahid Cavakx” ictimai-siyasi hərəkatı ətrafında birləşiblər və həm Gürcüstan, həm də Ermənistan siyasi həyatına təsir edə biləcək qüvvəyə çevriliblər. Belə ki, onlar bu regiondan olan 5 erməninin Gürcüstan parlamentində təmsil olunması ilə bağlı Ermənistan rəhbərliyi qarşısında tələblə çıxış edirlər. Onlar Gürcüstan siyasi xəttinə təsir etməyə çalışırlar. Belə ki, Gürcüstanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərdən biri olan “Repatriasiya barədə Qanun”un tələblərini yerinə yetirərək Axıska türklərinin öz ana vətənlərinə geri dönmələrinə mane olmağa çalışırlar. Nəticə budur ki, erməni separatizmi öz təhlükəliliyi baxımından Gürcüstanın digər problemlərindən daha ağır görünməkdədir. Gürcüstan dövləti də yaxşı başa düşür ki, əgər erməni separatizmi start götürsə, bu, Gürcüstanın, ilk növbədə, iqtisadi baxımdan ağır problemlə qarşılaşması ilə nəticələnə bilər. Çünki böyük iqtisadi layihələrin marşrutu məhz həmin bölgənin ərazisindən keçməkdədir. Üstəlik, Ermənistanla birbaşa sərhəd problemi təhlükənin səviyyəsini artırır.

Beləliklə, Cənubi Qafqazda siyasi vəziyyəti təhlil edərkən mütləq etno-separat qurumların yaratdığı siyasi aporiyalara diqqət yetirmək lazım gəlir. Çünki bu staretji regionun siyasi və iqtisadi planlarını incələyəndə süni yaradılmış münaqişələrin bu bölgəni nə qədər geri saldığının şahidi oluruq. Bunun da səbəblərindən ən başlıcası böyük dövlətlərin bu regionda möhkəmlənmək istəyi, eləcə də Azərbaycan və Gürcüstanı siyasi cəhətdən özlərindən asılı vəziyyətə salmaq cəhdidir. Bəzi böyük dövlətlər Cənubi Qafqazda öz dominantlığını qoruyub saxlamaq üçün separatçı qurumlarla yanaşı, işğalı və terroru rəsmi siyasətə çevirən Ermənistana birbaşa və ya bilavasitə yardım göstərir. Bununla da, regionda Azərbaycanın və Gürcüstanın suveren dövlətçilik prinsipləri bu və ya başqa şəkildə zərbələr alır. “Oyuncaq dövlətlər” kartı hazırda Cənubi Qafqazla bağlı siyasətin əsas subyektini təşkil edir ki, bu da “dondurulmuş” münaqişələrin həlli yollarını daha da çətinləşdirir.

 Anar TURAN,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında