Reneqat NAMAZOV: “Milli Şura” dağıldı, “El”in qurultayına hazırlaşaq...

 

 

Əslində, atalarımız keçmişdə “sandığı açanda” oradan ortaya pambığın töküləcəyi barədə məsəl yaratmışdılar. Amma zaman sübut etdi ki, müxalifətin indiki sandıqlarını açdıqca oradan son 20 ildə yaradılıb-parçalanmış, doğulub-ölmüş onlarla birlik, hərəkat, forum və təşkilatın anormal tərcümeyi-halı və siyasi səhnədən nakam getməsinin tarixçəsi ortaya tökülür. Nə qədər SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat), DUH (Demokratiya Uğrunda Hərəkat), DUBB ( Demokratiya Uğrunda Böyük Birlik), Demkonqess, İctimai Palata, Şura, “Milli Şura”, forum, hərəkat yaratmaq olar?

Dərhal ortaya sual çıxır ki, bu quruma rəhbərliyi kim etsin və qurum daha çox hansı müxalifət “lideri”nin təbliğini aparsın? Bu konkret suala konkret cavab verilməsə də, cəmi bir həftədən sonra məlum olur ki, quruma üzv olan partiya və hərəkatların hamısı yeni qurumun sədri seçilməyə çalışır. Seçməyinə kimisə seçirlər. Ancaq ona işləmək imkanı verilmədiyinə görə ikinci həftədən etibarən təşkilatın parçalanmasına, növbəti aydan isə tamamilə süqutuna hesablanmış addımlar atılır.

2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində ərsəyə gəlmiş “Milli Şura” da özündən əvvəlki müxalif qurumların taleyini yaşadı. Təsis olunandan sonra uzun müddət siyasi fəaliyyətlə məşğul ola bilməyən (yuxarıda qeyd etdiyimiz kimi quruma kimin rəhbərlik etməsi məsələsi, bütövlükdə, müxalifət düşərgəsi üçün öldürücü sual idi) “Milli Şura” seçkidən dərhal sonra siyasi reanimasiyaya düşdü. Əli Kərimli başda olmaqla bir sıra adamlar ona “yastığın yüngül olsun” desə də, Müsavat başqanı İsa Qəmbər öz partiyasının “Milli Şura”dan çıxmasını nümayişkaranə şəkildə elan etməklə reanimasiyada olan siyasi təşkilatı bütün müalicə vasitələrindən məhrum elədi.

 Bu rəsmi ayrılma və şuranın fəaliyyətinə xitam verilməsi barədə ilk addımlar yanvarın birinci ongünlüyündə atılmışdı. Ayın ikinci ongünlüyündə isə xəbər yayıldı ki, müxalifət düşərgəsində yeni qurum yaranır. Yəni düşərgə mənsubları “Milli Şura”dan əllərini birdəfəlik çəkmək barədə düşünməyə başladılar. Yanvarın üçüncü ongünlüyündə isə “EL” Hərəkatı İdarə Heyətinin toplantısında hərəkatın sədri Eldar Namazov bu qurumun qurultayına hazırlaşdıqlarını elan etdi. Yəni “Milli Şura”nın beşiyi başında dayanan adamların özləri də artıq gedib öz əvvəlki işləri ilə məşğul olmağı üstün tuturlar. Yeri gəlmişkən, Eldar Namazov artıq “Milli Şura”nın deyil, “El ” hərəkatının adından beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan danışıb və bu ilin fevralında Fransaya, may ayında isə ABŞ-a gözlənilən səfəri barədə informasiya verib. Deməli, “Milli Şura”nın fəaliyyətinə əlvida deyənlər sırasında bu qurumun yaradılması üçün dəridən-qabıqdan çıxanlar da var.

Cəmi bir il əvvəl “Milli Şura”nın ilk sessiyasının keçirilməsi üçün yer axtaran, dəvətnamələr paylayan, siyasi təşkilatlanma işləri aparan Eldar Namazov indi “El”hərəkatının birinci qurultayına hazırlıq işləri ilə bağlı danışır və siyasi “həmfikirləri” onu yekdilliklə Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri seçirlər. İdarə Heyəti ona səlahiyyət verir ki, 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayının keçirilməsini təmin etsin. Bəs elə isə “Milli Şura”nın bundan sonrakı qara günlərinə kim cavab verməli olacaq?

 Siyasi ekspertlərin və müxalifətin gündəlik fəaliyyəti ilə maraqlanan müşahidəçilərin fikrincə, bu belə də olmalı idi. Çünki “Milli Şura” dedikləri bu əcaib qurumun yaradılması zamanı nə milli mənafelərimiz nəzərə alınmışdı, nə də dövlətçiliyimizə xidmət məsələləri. Bunu nəinki rəsmi mətbuat təmsilçiləri, hətta müxalifətin əksər partiya sədrləri də açıq-açığına, dönə-dönə yazmışdılar. Yeri gəlmişkən, İsa Qəmbərin “Milli Şura”dan çıxmaq barədə qərarından dərhal sonra Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çox maraqlı bəyanatla çıxış etmişdi. ADP sədri demişdi ki, “Milli Şura” boş bir forma idi və Müsavat Partiyası həmin formanı dağıtdı. Sərdar Cəlaloğlunun fikrincə, əslində, bu qurum Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsi gündəlikdən çıxdığı zaman dağılmışdı. Bu qurum siyasət səhnəsində Müsavat və ya AXCP demək deyildi, Rüstəm İbrahimbəyov demək idi və ona görə də sadəcə boş formadan ibarət idi.

ADP sədri “Milli Şura”nın beşiyi başında dayananlar haqqında danışarkən qeyd edib ki, bu qurum xaricilərin Azərbaycanla bağlı siyasətində adi bir element idi: “Həmin xaricilərin Azərbaycana münasibəti dəyişdiyinə görə bu quruma da qətiyyən ehtiyac qalmadı. Ona görə də, mən sonluğu əvvəlcədən məlum olan “Milli Şura” ilə bağlı söz-söhbətlərlə ölkə mətbuatının səhifələrini zəbt etməyin əleyhinəyəm".

İndi bilmirsən, “Milli Şura”nı qınayasan, onun beşiyi başında dayanan Rüstəm İbrahimbəyovla reneqat Eldar Namazovu qınayasan, yoxsa müxalifətin bütün qurumlarını dağıdıb yox edən Müsavat başqanını. Yeri gəlmişkən, hələ ötən ilin avqustunda “Milli Şura” üzvlərindən biri açıq şəkildə etiraf etmişdi ki, biz xalqın qınağından və ya iqtidarın təzyiqlərindən qorxmuruq. Bizi qorxudan müxalifətin içərisindəki xainlər və xəyanətkarlıqlardır.

Nə olar “Milli Şura” üzvü olanda, həmin adam, həqiqətən haqlı imiş. Amma neyləyəsən, müxalifət düşərgəsinin səviyyəsi belədir. Bir il qabaq “Milli Şura”nı Azərbaycan xalqı üçün milli nicat yeri adlandıran adam indi qaçıb Amerikadan, Fransadan “El” hərəkatına dəstək axtarır. Reneqat ki, reneqat... Məhz belə adamlar çox olduğuna görə müxalifətin sandığı yaradılıb-dağıdılmış təşkilatların köhnəsənədləri ilə dolub-daşır. Hər müxalif partiyanın sandığı bir “təşkilat qəbiristanlığı”na oxşayır.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında