Yetmiş il bütün var-dövlətimizlə, təbii sərvətlərimizlə, var qüvvəmizlə qulluğunda dayandığımız Sovet imperiyası ermənilərin fitvasına uyaraq, öz ərazi bütövlüyünü qorumağa çalışan xalqımızın üzərinə təpədən-dırnağadək silahlanmış hərb maşını yeritdi. 1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda da ağır vəziyyət yaranmışdı.
Erməni silahlıları öz hərbi üstünlüklərindən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları kənd-qəsəbələri mühasirəyə alıb, müxtəlif üsullarla onları bir-birindən təcrid edib, bir-birinin ardınca həmin yaşayış məntəqələrini tutmağa başlamışlar. Bu məntəqələrin işğalı zamanı dinc əhaliyə olmazın divan tutulur, məhv edilir, evləri, təsərrüfatları qarət olunaraq yandırılırdı. Bir sözlə, azərbaycanlılar yaşayan yerlər viranəyə çevrilirdi. Erməni silahlı dəstələri xüsusən Cəmilli, Meşəli kəndlərini və Kərkicahan qəsəbəsini işğal edərkən daha böyük qəddarlıqlara yol vermiş, dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.
Tarixən alınmaz qala sayılan Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin yaxınlığında yerləşən erməni kəndləri silahlı qruplaşmaların dayaq məntəqələrinə çevrilmişdi. Oradan həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəş altında saxlanılırdı. Daşaltı kəndi Şuşadan 3-4 kilometr aralıda yerləşirdi. Kənddəki erməni qoşunları Şuşa-Laçın yolu ilə hərəkət edən nəqliyyat vasitələrini mütəmadi atəşə tuturdular. Bu, Şuşada yerləşən Azərbaycan hərbçilərinin təchizatında çətinliklər yaradırdı. Vəziyyətdən çıxmaq üçün düşmənin atəş nöqtələrini dağıtmaq, onları birdəfəlik susdurmaq qərara alındı. Əməliyyata böyük əhəmiyyət verilirdi. Buna görə də o vaxtkı müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev şəxsən özü əməliyyata rəhbərlik edirdi. Bu məqsədlə o, 1992-ci il yanvarın 19-da Şuşaya gəlmişdi.
İki gün ərzində kəşfiyyat aparıldı. Müəyyən edildi ki, Daşaltı kəndində ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi var. Əməliyyatın uğurla keçirilməsi üçün 5 vzvod ayrıldı. Bundan əlavə, Müdafiə Nazirliyinin Xüsusi Kəşfiyyat İdarəsinin əməkdaşı Riad Əhmədovun rəhbərliyi altında peşəkar döyüşçülərdən ibarət 10 nəfərlik xüsusi bir qrup formalaşdırıldı.
Yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlandı. Plana əsasən, birinci vzvodun döyüşçüləri Nəbilər kəndinə gələrək patrul dəstəsinin üzvləri ilə görüşür, Sığnaxa gedən ən qısa yoldakı vəziyyəti xəbər alırlar. Bələdçilər bildirirlər ki, bu yol ilə irəliləmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə də birinci vzvod daha uzun yolla gedir, 3 kilometr əvəzinə 15 kilometrə qədər məsafə qət edir. Nəticədə vzvod lazım olan məntəqəyə vaxtından gec çatır. Qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava şərati son dərəcə əlverişsiz idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu. Bundan başqa, əsgərlər özləri ilə çoxlu miqdarda silah və sursat aparırdılar ki, bu da onların hərəkətini məhdudlaşdırırdı. Həmçinin, əməliyyatda iştirak edən digər bölmələrlə hərbi əlaqə çox pis təşkil olunmuşdu. Komandanlıq əsgərlərinin harada yerləşmələrindən, nə etmələrindən, nəyə ehtiyacları olmasından xəbərsiz idi, döyüşün gedişinə təsir etmək üçün lazımi qərarlar verə bilmirdi. Birinci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yol boyunca nəzərdə tutulmuş mövqelərə çataraq dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa çalışırlar ki, burada durmaq əhəmiyyətsizdir, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır. Komandir də, heç bir əsas olmadan onların dediklərinə inanır. Altı döyüşçü Sığnax yolunun ətrafında pusquda durur, vzvodun qalan hissəsi öz mövqelərini tərk edir və Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləri ilə dolu bir “KAMaz” gəlir. Pusquda qalmış 6 döyüşçümüz avtomobilə atəş açır və demək olar ki, oradakı erməniləri maşınla birlikdə tamamilə məhv edir. Elə bu vaxt ermənilərlə dolu ikinci “KAMaz” gəlir və döyüş başlanır. İki Azərbaycan əsgəri həlak olur, 1 əsgər yaralanır. Sağ qalmış 3 əsgər, ölüləri və yaralını götürərək geri çəkilir. Mövqelər düşmənin əlinə keçir və bununla da əməliyyat planı pozulur, ermənilər 3-cü və 4-cü vzvodlarımızın arxasına çıxırlar.
Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvodumuz isə ermənilərin pusqusuna düşərək məhv edilir. Yalnız yaralanmış iki əsgərimiz sağ qalaraq, qaça bilir. Onların dediklərinə görə, vzvodu pusquya doğru aparan Maxış adlı bələdçinin ermənilərlə danışıqlarını eşidiblər.
Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulan plan üzrə davam etdirilir. Nəbilər kəndindəki dəstəmiz Daşaltıya doğru atəş açmağa başlayır. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsinin üzvləri Daşaltıya girə bilirlər. Amma “Kələmlik” deyilən yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşür və ermənilər tərəfindən məhv edilir. Bir müddətdən sonra 3-cü və 4-cü vzvodların döyüşçüləri Daşaltıya daxil olub ermənilərlə vuruşmağa başlayırlar. Lakin bu vaxt, Sığnax yolunda mövqelərini özbaşına tərk etmiş birinci vzvodun əsgərləri 3-cü və 4-cü vzvodların arxasınca kəndə girirlər. Bundan sonra, Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur.
Daşaltı və Sığnax istiqamətlərindən düşmənin atdığı çarpaz atəşin altına düşməsinə baxmayaraq, əsgərlərimizdən heç kəs döyüş meydanından qaçmadı, sonadək mərdliklə vuruşdu. Onların cəsurluğu, şücaəti barədə çoxlu fakt var. Əsgərlərimiz əsir düşməmək üçün öz canlarına qəsd etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsində qalan Elşən Xəlilov F-1 qumbarasıyla özünü və ətrafındakı erməni əsgərlərini öldürdü, Zaur Cəfərov isə əsir düşməmək üçün son gülləsini özünə vurdu.
Daşaltıda vəziyyətin kritik həddə çatdığını görən Tacəddin Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət olan 5-ci vzvodu da döyüşə atdı. Lakin artıq gec idi, cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətilə qarşılaşan 5-ci vzvod da dayanmağa məcbur oldu. Əməliyyatın iflasa uğradığını başa düşən müdafiə naziri qalın dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmrini verdi.
Daşaltı əməliyyatına böyük ümidlər bəslənilirdi. Ancaq uğursuzluq müharibənin gedişinə ciddi təsir göstərdi. Əgər Daşaltı əməliyyatında qələbə qazansaydıq, müharibənin gedişini öz xeyirimizə dəyişdirə bilərdik və qoşunlarımıza strateji təşəbbüsü ələ almağa imkan yaradardıq. 1992-ci ildə Azərbaycanda birlik yox idi, iqtidarla müxalifət arasında hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Düşmən bundan məharətlə istifadə edərək bir-birinin ardınca torpaqlarımızı işğal edir, rayonlarımızı, kəndlərimizi, qəsəbələrimizi viranəyə çevirir, dinc əhalini qırıb-çatır, öz doğma yurdlarından qovurdular. Məhz uğursuz keçən Daşaltı əməliyyatından sonra Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlarda erməni quldurları tərəfindən azərbaycanlıların etnik təmizlənməsi prosesi daha da sürətləndi.
Telman ƏLİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.