Erməni paranoyası – “Dörd T” planı

 

 

Tarixən ermənilərin türklərə qarşı bəslədikləri nifrətin nəticəsi olaraq bu regionda yüz minlərlə türk-müsəlman əhalisi tələf olmuş, Azərbaycan torpağında  erməni dövləti yaradılmış və istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı daim bu “etnik kart”dan istifadə edilmişdir. Bu proses xüsusilə son iki yüz ildə daha sürətlə aparılmış və ermənilər məkirli planlarını həyata keçirmək üçün ən alçaq vasitələrdən belə çəkinməmişlər. Ötən əsrin ilk iyirmi ili ərzində Osmanlı imperiyası ərazisində yaşayan ermənilər çar Rusiyasının əlaltısı qismində çıxış edərək türklərə arxadan zərbə vurmuş, etnik təmizləmə siyasəti aparmış, siyasi məqsədlərinə çatmaq üçün terrordan, iğtişaşdan, separatizmdən maksimum dərəcədə yararlanmışlar.

1890-cı ildən başlayaraq Osmanlı dövləti hüdudları daxilində baş verən erməni üsyanları dövlətin əleyhinə

və yerli əhalinin məhvinə yönəlmiş ən böyük cinayət idi. Van, Bitlis, Trabzon, Ərzurum, Zeytun, Sasun, Adana və digər üsyanlar, Ulduz sui-qəsdi və başqa mərkəzdənqaçma təxribatları ermənilərin həqiqətən Osmanlı xanədanına xəyanət etdiklərini və rus qoşunlarının dəstəyi şəraitində ölkəni içdən dağıtmağa yönəlmiş addımlarını davam etdirdiklərini göstərdi. Güclənən şovinizm Anadolunun şərqində və Kilikiya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçılığı gücləndirdikcə üsyanlar təbii axar götürdü və bununla mübarizə aparmağın olduqca çətinliyini dərk edən Osmanlı hökuməti təcili qərarlar qəbul etməyə məcbur oldu. Bu, ermənilər və ermənipərəstlər üçün radikal qərarlar hesab olunsa da belə addımlar bir dövlətin ayaqda durması və yoluna davam etməsi üçün həyati xarakter daşıyırdı. Çünki, həmin illərdə Birinci Dünya müharibəsində Türkiyənin iştirakı və dalbadal məğlubiyyətə uğraması, üstəlik də ermənilərin daxildən kütləvi xəyanətləri dövlətin mövcudluğunu təhlükə altına salmışdı. “Erməni məsələsi” ilə bağlı Osmanlı hökumətinin gördüyü sərt və zəruri tədbirlər bugünkü soyqırımı iddiasının meydana atılmasına səbəb oldu. Lakin hadisələrin elementar xronoloji ardıcıllığına nəzər yetirsək, bu məsələdə Osmanlının ilk zərərçəkən tərəf olmasını, bunun müqabilində isə nə qədər ədalətli olmalarını və ermənilərlə iddia edildiyi kimi davranmadığının şahidi olarıq.

Gerçəkləşdirilən üsyanlar, Birinci Dünya müharibəsi ərəfəsində çar Rusiyasının siyasi alətinə çevrilən ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklər nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərardan az əvvəl isə aprelin 24-də 2345 cinayətkar erməni həbs edilmişdi. Məhz həmin tarix də bugünkü qondarma “erməni soyqırımı günü” kimi qəbul edildi. “Köç” qərarına əsasən Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə yerləşdirilməsi nəzərdə tutulmuşdu. Nəticədə xeyli erməni köçürülmüşdü. Lakin köçürülən ermənilərin bir qisminin yolda qışın soyuğundan və dağlıq ərazilərdə yaşayan intiqamçı əşirətlərin basqınlarından tələf olması onların yeni bir iddiasına – “erməni soyqırımı” sayıqlamalarına gətirib çıxardı.

Lakin məsələ bununla bitmədi. Qondarma soyqırımını gündəmə gətirən erməni terror təşkilatları “Qnçak”, “Daşnaksütyun”, “Armenakan” kimi qurumlar və onların xaricdəki havadarları bu azmış kimi, daha bir plan işləyib hazırladılar. “Dörd T” şəklində simvolizə edilən bu iddialar düsturu ermənilərin növbəti böyük istəklərinin yeni ideoloji konsepsiyası idi. Öz maraqlarından ötrü minlərlə insanın canına qəsd edən erməni terrorunun məqsədi “erməni soyqırımı” və digər tələblərin dünya ictimaiyyətinə çatdırılması və Türkiyəyə qarşı kəskin təzyiqlərə nail olunmasıdır. Onların fikrincə, bütün bu məqsədlər isə “Böyük Ermənistan” xülyasının gerçəkləşməsinə xidmət etməli və hədəfə çatana qədər bütün varintlardan yetərincə istifadə edilməlidir.

Beləliklə “Dörd T” şəklində formula edilən plan bu iddiaları özündə birləşdirir: Tanıtım, Tanınma, Təzminat, Torpaq. Yəni uydurma erməni soyqırımı bütün dünyaya terror yolu ilə “tanıdılacaq”, uydurma iddialar dünya çapında qəbul ediləndən sonra Türkiyədə “tanınacaq”, bu iddialardan sonra Türkiyə dövlətindən “təzminat” alınacaq və “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün gərəkli olan “torpaq” Türkiyədən qoparılacaq. “Dörd T” planının ideya bazası və “səbəbləri” isə bunlardır:

1. Türklər Ermənistanı işğal edərək ermənilərin torpaqlarını əllərindən almışdır.

2. Türklər 1877-1878-ci illərdəki rus-türk müharibəsindən etibarən erməniləri sistemli şəkildə qətliama məruz qoymuşlar.

3. Türklər 1915-ci ildən etibarən erməniləri planlı şəkildə soyqırımına uğratmışlar.

4. Tələt paşanın (Osmanlı dövlətinin daxili işlər naziri) ermənilərin soyqırımına məruz qoyulması mövzusunda gizli əmrləri vardır.

Təbii ki, bu “səbəblər”in ərsəyə gəlməsinin fövqündə, qeyd etdiyimiz kimi, bir məqsəd var idi ki, bu da “Böyük Ermənistan” xülyasını reallaşdırmaq və tarixi türk torpaqlarında çar Rusiyasının və Qərbin dəstəyi ilə erməni dövlətinin yaradılması idi. Bu gün separatizmi və terroru dövlət siyasətinə çevirən Ermənistanın siyasətində bu iddialar hələ də qalmaqdadır. Erməni xalqının məzlum görüntüsünü yaratmaq üçün bu kimi iddialar onların işinə yarayır və bu yolla həm xarici siyasət xətlərini müəyyənləşdirirlər və eyni zamanda, xaricdə formalaşan erməni diasporundan milyonlarla, milyardlarla ianə toplamağa müvəffəq olurlar. Erməni diasporunun, erməni kilsəsinin və nəhayət bugünkü Ermənistanın paranoik missiyasına çevrilən bu iddialar və xülyalar toplusu onların dünya ictimai fikrində ciddi şəkildə tənəzzülünə gətirib çıxarmışdır. Baxmayaraq ki, müəyyən beynəlxalq təşkilatlar və dövlətlər bu məsələdə onları dəstəkləyir, lakin bütövlükdə 150 illik bir fəaliyyətin nəticəsi kimi bunu yalnız erməni xalqının məğlubiyyəti hesab etsək, daha doğru olar. Çünki, türklərə nifrət sindromuna yuvarlanmış erməni irqçi ziyalılarının və kilsə xadimlərinin öz xalqlarına yeritdiyi ideologiya nəticədə sadə ermənilərin bir qisminin həm müharibələrdə məhv olmasına, səfalətinə, əhalinin kütləvi miqrasiyasına, həm də etibarsız, xəyanətkar imicinin formalaşmasına gətirib çıxarmışdır. Bu kimi mövqe nümayiş etdirmək və bu iddiaların arxasınca gedərək işğalçı, talançı və terror yolunu tutmaq bütün regional layihələrdən birmənalı şəkildə kənarda qalmağa gətirib çıxarmışdır.

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında