Belə getsə bu adamların qatıldığı heç bir tədbir qalmaqalsız ötüşməyəcək. Mitinqə toplaşırlar, axşamüstü eşidirik ki, tədbirin sonunda iki partiya sədri dalaşıb. “Milli Şura” dedikləri qurumun “sessiyasına” yığışırlar, sona yaxın yumruq davası düşür. Gedib Tiflisdə bir erməninin ocağının başına cəmləşirlər, başbilənləri yarım saat gecikməklə qan-qaraçılıq yaradır. “Ziyalılar Forumu”nun yığıncağını çağırırlar, dağılışanda bir-birini nəinki ziyalıya, heç ziyasız-filansız adama da yaraşmayan ifadələrlə “yola salırlar”. İndi də belə oldu.
Mənsub olduqları partiya və qurum parçalananda belə Avropaya şikayətə qaçan adamlar indi avropalı parlamentarilərin Bakıda təşkil etdiyi görüşdə qalmaqal saldılar. Doğrudur, bəzi ekspertlər bu fikirdədirlər ki, bizim müxalifət başbilənləri avropalı rəsmilərlə Bakıda deyil, əski qitənin hansısa bir şəhərində görüşmək istəyirdilər ki, həm ziyarət olsun, həm də ticarət. Yəni bu bəhanə ilə bir az gəzmək də istədiklərinə görə Bakıda avropalılarla dalaşıblar ki, bu görüş təxirə salınsın və başqa bir şəhərdə baş tutsun. Amma, avropalı da avropalıdır axı. Qərəz...
Rəsul Quliyev doğru deyirmiş ki, bu adamlar ermənilərlə durub-oturduqca ermənilərin xasiyyətini götürəcəklər. Həmin gözlənti artıq baş verib. Ermənilərin gah prezidenti, gah da nazirləri haqq sözün qarşısında dayana bilməyəndə Azərbaycan tərəfi ilə görüşdən ya yarımçıq qaçırlar, ya da ümumiyyətlə, görüşdən yayınırlar. Çünki artıq bəhanələrin tükəndiyini özləri də yaxşı bilirlər. Ermənilərlə uzun müddət durub-oturan Azərbaycan müxalifəti də deyəsən artıq bəhanələrin tükəndiyini başa düşür. Yoxsa avropalı məruzəçilərlə görüşdən nə üçün yarımçıq durub gedirdilər?
Söhbət ondan gedir ki, ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex yanvarın 21-də Bakıda azərbaycanlı müxalifət təmsilçiləri ilə görüşüblər. Tədbirə müxalifətin Milli Şura deyilən birliyindən AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyası təşkilat komitəsinin (keçmiş ACP) sədri Sülhəddin Əkbər və ADP sədri Sərdar Cəlaloğlu ilə “REAL” hərəkatının icraçı katibi Natiq Cəfərli qatılıblar. Ancaq avropalıların səylərinə baxmayaraq görüşü başa çatdırmaq mümkün olmayıb. Müxalifət funksionerləri bəhanə gətiriblər ki, guya Aqramunt və Qrex məruzəçi kimi tərəfsiz deyillər, hökumətlə əməkdaşlıq edirlər. Hətta, bu istiqamətdə gülməli bir bəyanat da yayıblar: “Bu məruzəçilər tərəf tutduqları üçün obyektiv hesabat hazırlaya bilməzlər və onların hazırladıqları hesabat qəbul olunmayacaq. Müxalifət təmsilçiləri AŞPA-nı Azərbaycan üzrə məruzəçilərini obyektiv və tərəfsiz üzvləri ilə əvəzləməyə çağırır və bəyan edirlər ki, Aqramunt və Qrex dəyişilməyəcəyi təqdirdə, ölkə müxalifəti AŞPA məruzəçiləri ilə əməkdaşlıq etməyəcək”. Daha de ki, AŞPA-nın belini qırıblar. Bunlar o qurumla əməkdaşlıq etməsələr, AŞPA-nın perspektivi necə olacaq?
Müstəqil ekspertlərin fikrincə, radikal müxalifətin bu addımı onların uydurma məlumatları əsasında ötən il “ Azərbaycanda siyasi məhbuslar məsələsi” üzrə hesabat hazırlayıb AŞPA-da rüsvay olmuş qondarma bir deputatın heyfini çıxmaqdır. Eşidiblər ki, həmin məsələ müzakirə ərəfəsində olanda Azərbaycan rəsmiləri həqiqətin və ədalətin harada olduğunu sübut etmək üçün səylə çalışmış, mövzuya aid bütün faktları müzakirədə iştirak edəcək şəxslərə paylamışdılar. Nəticə isə hamıya məlumdur. Ona görə də indi müxalifət öz “həqiqətini sübut etmək üçün” qabaqdangəlmişlik etməyə çalışır. Ancaq unudurlar ki, Azərbaycan dövləti həmin ərəfədə ortaya faktları, arqumentləri qoymuşdu. Müxalifət isə cəfəngiyyat və qarayaxmalardan bəhrələnməyə çalışır. Çox əbəs yerə.
Özünü Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsinin tərəfdarı kimi görən Natiq Cəfərli görüşdən sonra sinəsinə döyərək bildirib ki, mən avropalıları ədalətli olmağa çağırdım. Onlara dedim ki, sizin tutduğunuz mövqe bizim kimi Avrointeqrasiya tərəfdarlarının ölkədə dilini qısa edir, bu sizin vurduğunuz ən böyük ziyandır, köməyinizi istəmirik, heç olmazsa, hakimiyyətlə əlbir olub, ölkənin demokratikləşməsinə mane olmayın”.
Adamın yazığı gəlir. Bu adamlar ya demokratiyanın nə olduğunu bilmirlər, ya da bilə-bilə spekulyasiya ilə məşğuldurlar. Məgər avropalılar bugünkü Azərbaycan həqiqətlərini görmürlərmi? AŞPA məruzəçisi seçilən deputat Azərbaycan müxalifətinin səviyyəsini bilməmək qədər savadsız ola bilərmi? Əsla yox. Sadəcə bizim müxaliflər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nəyəsə nail olmaq məqsədiylə istənilən görüş və müzakirədə özünü fəal tərəf kimi qələmə verməyə çalışır və həmişə də əliboş qalır.
Görüşdə Müsavat Partiyası ilə bağlı olan bir məqam da diqqət çəkən olub. Belə ki, “Milli Şura”nın əsas “liderləri” görüşdə olduğu halda Müsavat rəhbərliyinin olmaması maraqla qarşılanıb. Mətbuat bu barədə iki versiyanın üzərində dayanır. Birincisi, ola bilsin ki, Müsavat rəhbərliyi sadəcə konfliktdə olduğu şəxslərlə bir müzakirədə iştirak etmək istəməyib. İkincisi , bəlkə də, avropalılar Müsavatı artıq öz maraq dairələrindən çıxarıblar. Amma, bunlarla yanaşı başqa bir versiya da ortaya çıxıb. Partiyanın yaydığı məlumatda deyilir ki, avropalılarla görüşə dəvət haqqında bildiriş Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Həmin adam isə məlumatın partiya rəhbərliyinə çatdırılmasını əngəlləyib: “Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən - yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib. Avropa Şurasının Bakıdakı nümayəndəliyindən də partiyaya bildirilib ki, dəvət məktubunu Yeganə Hacıyevaya veriblər”. Necə deyərlər, üzürü günahından betər. Əgər məsələ həqiqətən belədirsə, bu o deməkdir ki, Müsavatın əhatəsində olan adamlar artıq bu partiyanın rəhbərliyindən beziblər. Əgər bezməyiblərsə, xanım siyasətçiyə nə gəlib ki, AŞPA kimi mötəbər bir beynəlxalq təşkilatın dəvətnaməsini partiya sədrindən gizlədir? Fikrimizcə bu fakt İsa Qəmbərin təkcə öz partiyasında deyil, bütövlükdə müxalifət daxilindəki reytinqinin artıq sıfıra yaxınlaşdığından xəbər verir.
Bu məsələ haqqında mətbuata məlumat verən Yeganə Hacıyeva bildirib ki, İsa Qəmbərin məruzəçilərlə görüşə dəvət olunması ilə bağlı ona heç bir məlumat verilməyib:"İstefamdan sonra mənə beynəlxalq təşkilatların Azərbaycandakı qurumlarından Müsavat Partiyasının hər hansı görüşə dəvət olunması ilə bağlı müraciət olmayıb. Çünki beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri mənim istefamdan xəbərdardırlar. Hətta beynəlxalq təşkilatlardan hər-hansı birindən mənə belə müraciət olsaydı, istənilən halda Müsavat Partiyasını xəbərdar edərdim. Mən 8 il Müsavat Partiyasının üzvü olmuşam”. Bu isə o deməkdir ki, biz artıq İsa Qəmbərin adının beynəlxalq təşkilatların siyahısından silinməsi barədə versiyanın üzərində dayanmalı olacağıq.
Bax belə. Azərbaycan müxalifətinin bugünkü ərzi-halı onu sübut edir ki, beynəlxalq aləmdə kim bizim müxalifətin fikirlərini bölüşmürsə, həmin şəxsləri antidemokratik qüvvələr kimi təqdim edirlər. Əslində isə bu adamların özləri dövrü olaraq mövqelərini dəyişir, istənilən antidemokratik addımı məqbul sayırlar. Təki xalqın dəstəklədiyi qüdrətli dövlətə qarşı qarayaxmalar, böhtan və hədyanlar səsləndirilsin. Bu dövlət haqqında müsbət nə isə söyləyənləri isə mütləq antidemokratik qüvvə adlandırırlar. Neyləyirlər eləsinlər, nə deyirlər desinlər. Təkcə Avropada deyil, bütün dünyada hamı Azərbaycan siyasətində kimin kim olduğunu çox yaxşı görür və bilir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.