Prezident İlham ƏLİYEV: Azərbaycan – NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir

 

 

 

 

 

Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, ümumi regional və qlobal təhlükəsizliyin birgəlik prinsipi çərçivəsində təmin edilməsi, mənafelərin qorunması və qazanılmış təcrübələrin paylaşılması baxımından hərbi-siyasi qurumlarla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu mənada, ölkəmiz artıq 20 ildir ki, dünyanın qüdrətli  hərbi-siyasi təşkilatlarından biri olan Şimali Atlantika Alyansı ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlığı yüksək səviyyədə davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də Brüsselə işgüzar səfəri zamanı NATO-nun mənzil-qərargahında xüsusilə vurğulandı ki, bu gün Azərbaycan NATO-nun çox dəyərli və mühüm tərəfdaşıdır.

Azərbaycanın dövlət başçısı ilə birlikdə keçirdiyi mətbuat konfransında Şimali Atlantika Alyansının Baş katibi Anders Foq Rasmussen qeyd etdi ki, bugünkü görüş NATO-nun Sizin tərəfdaşlığınıza sədaqətli olduğunu və buna çox əhəmiyyət verdiyini göstərir. Baş katib bunun alyansın Cənubi Qafqaz regionuna və bu regionun lider dövləti olan Azərbaycana böyük marağının nəticəsi olduğunu gizlətmədi. Çünki Azərbaycan həm də NATO-ya üzv olan bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır.

Respublikamızın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi əsaslı töhfələr, Əfqanıstanda aparılan NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstək Şimali Atlantika Alyansında rəğbətlə qarşılanır. Anders Foq Rasmussen həm bunlara görə, həm də  Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə ölkəmizin  xeyirxah dəstəyinə görə Azərbaycan dövlətinə və onun liderinə dərin təşəkkürünü bildirdi. Bunun müqabilində Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların, demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.

Dövlət başçımız Əfqanıstana maliyyə yardımı göstəriləcəyini də bildirərək dedi ki, Azərbaycan bu ölkənin  Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Eyni zamanda, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. Bu  təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım Azərbaycanın bu ölkənin sülh, təhlükəsizlik və inkişafına verdiyi əlavə töhfələr olacaqdır. Azərbaycan Prezidenti keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakını da xatırlatdı və dedi ki, bizim NATO-nun bu cür əməliyyatlarında iştirakımız  əməkdaşlığımızın mühüm tərkib hissəsidir. Ümumilklə, NATO ilə Azərbaycan terrorçuluğa qarşı birgə mübarizə aparır.

NATO da Azərbaycan  Silahlı Qüvvələrinin alyansın standartlarına uyğunlaşdırılması üçün burada aparılan islahatlara dəstək verir. Bundan başqa  torpaqların minalardan təmizlənməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Bu, dünyadakı  böyük layihələrdəndir və Azərbaycan xalqının rifahına xidmət edir. Bu, gələcəkdə inkişaf etdirilə biləcək praktiki əməkdaşlığın digər konkret nümunəsidir.

Şimali Atlantika Alyansı Azərbaycan üçün çox mühüm olan bir məsələdə də ölkəmizin mövqeyini dəstəkləyir. Bu, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normları, yəni ölkəmizin ərazi bütövlüyünün qorunması şərti ilə həlli məsələsidir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində də Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdı. Ermənistanın ciddi etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən bəyanat rəsmi İrəvanı təşvişə saldı. Bəyanatın 35-ci maddəsində  NATO  Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etmişdi.

Bundan başqa 2012-ci il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammiti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsi ilə də yadda qaldı. Sammitin yekununda qəbul olunan sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təkrarən bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunurdu ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: “Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik”.

Onu da xatırladaq ki, Çikaqo sammitinin yekun bəyannaməsini beynəlxalq aləmdə böyük nüfuza malik ölkələr, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa və ABŞ kimi nəhəng dövlətlər də imzalamışlar. Sənədi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin imzalaması onu deməyə əsas verir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən tərəflər ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar. Bu, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işinin, həm də ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən, həm də NATO kimi qüdrətli hərbi-siyasi bir qurum tərəfindən ciddi şəkildə dəstəklənməsi deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun mənzil-qərargahında bu təşkilatın baş katibi Anders Foq Rasmussen ilə növbəti dəfə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi və bir daha vurğulandı ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Alyans münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə çox böyük ümid bəsləyir.

Yuxarıda da işarə etdiyimiz kimi, bu gün ABŞ və Avropa ölkələri üçün enerji təhlükəsizliyinin təmin olunması əsas prioritet məsələlərdən biridir. NATO-nun aparıcı gücü olan Amerika Avropadakı tərəfdaşlarının enerji təminatı məsələsinə xüsusi diqqət yetirir. Heç kəsə sirr deyil ki, Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Aşkar edilən üç əsas yataq - “Şahdəniz”, “Ümid” və “Abşeron” ölkəmizin  əsas qaz ehtiyatlarını təşkil edir. Yəqin ki, növbəti illərdə yeni yataqların da aşkar edilməsinin şahidi olacağıq. Bu gün isə Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən qat-qat çoxdur. Bəlkə də buna görədir ki, beynəlxalq ekspertlər keçən il dekabrın 17-də imzalanan “Şahdəniz-2” layihəsi üzrə sazişi  ”XXİ əsrin müqaviləsi” adlandırırlar. Azərbaycan öz təbii qazının Avropaya və Türkiyəyə çatdırılmasını nəzərdə tutan bu layihəni imzalamaqla yeni “Cənub” qaz dəhlizinin açılmasına şərait yaratdı. Heç şübhəsiz, bununla Avropa bazarlarının qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək.

Ölkəmiz “XXI əsrin müqaviləsi”ni imzalamaqla həm də Cənubi Qafqazın lider dövləti olduğunu bir daha  təsdiqlədi. Enerji məsələsində Azərbaycanın artan rolu, Rəsmi Bakının qətiyyətli xarici siyasəti və regional liderlik xüsusiyyəti ölkəmizin Şimali Atlantika Alyansının da diqqət mərkəzində olmasına səbəbiyyət verir. NATO-nun baş katibi  Anders Foq Rasmussen də bu məsələyə toxunaraq demişdir: “Əlbəttə ki, enerji təhlükəsizliyi ümumi maraq doğuran böyük məsələdir. Onun strateji, daha sonra təhlükəsizlik aspektləri vardır. Bu sahədə də biz tərəfdaşlığımızı daha da inkişaf etdirə bilərik”.

Bu gün də NATO rəhbərliyi xüsusi vurğulayır ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçıdır və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Onlar qeyd edirlər ki, ölkəmizin geostrateji mövqeyi Şimali Atlantika Alyansına üzv olan dövlətlər üçün xüsusilə əhəmiyyət qazanmışdır.  Ona görə də Qərb dövlətlərinin ümumi hərbi, siyasi və təhlükəsizlik  maraqlarının təmsilçisi kimi çıxış edən  Şimali Atlantika Alyansı  Azərbaycanla əlaqələrin inkişafında maraqlı tərəf kimi çıxış edir.

 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında