“Milli Şura”nın 16 yanvar “sessiyası” savaş meydanına çevrildi

 

 

  

Qurum artıq iflas ərəfəsindədir

Məşhur komediyaların birində  əsas personajın tez-tez işlətdiyi yaddaqalan  ifadə var: “bu gecənin axırı pis olacaq”. Taleyi gecə kimi  və bəlkə də gecədən də qaranlıq olan “Milli Şura” haqqında da həmin ifadəni tez-tez işlədirdilər və hamı bilirdi ki, axırı pis olacaq. Amma, bu qədər də pis olacağını heç kəs gözləmirdi. Gözlənilməsə də olanlar oldu. Yanvarın 16-da sessiyaya toplaşdılar və bu toplantı sessiyadan daha çox məhkəmə prosesi barədə çəkilmiş filmə oxşadı. O filmə ki, axırda iştirakçılar əlbəyaxa olurlar...

Keçirilmiş sessiya barədə verilən çoxsaylı informasiyaların hamısında təkrarlanan ifadələr bunlar idi:  “Milli Şura”nın daha bir neçə tanınmış üzvü istefa verdi”, “qurum uğursuzluqların məsuliyyətini üstünə yıxmaq üçün yeni şura yaratmaq istəyir” (deyəsən şura daxilində şura yaratmağın gülməli alınacağının fərqinə varmırlar),  “sessiyada əlbəyaxa olanları güclə ayırdılar”, “Rüstəm İbrahimbəyovu zorla geri qaytardılar”,  “Milli Şura”nın adı dəyişdirilə bilər” və sairə.  Təbii ki, ən çox danışılan məsələ son zamanlar bu quruma üzv olanların yarıdan çoxunun istefa verməsi olub. Şuranın sədri Cəmil Həsənli bildirib  ki, məlum istefalardan sonra qurumda 91 nəfər qalıb. Onlardan da 59 nəfəri sessiyada iştirak edir. 

Toplaşmaq və birləşmək təcrübəsi məhz bu səviyyədə olan insanlar bu günləri ilə də ölkədəki ictimai-siyasi vəziyyəti “müzakirə etmək” istəyiblər. Ancaq gücləri  köhnə pullu  əmi kimi tanıdıqları   Rüstəm İbrahimbəyovun  şurada liderliyi,  yaxud da fəxri sədrliyi barədə məsələni müzakirə etməyə çatıb. Mehriban Vəzir isə bu məsələnin gündəliyə salınmasına etiraz edib: “Etiraz edirəm. Qaldığımız yerdən davam edək”.  Yəni, İbrahimbəyovsuz da keçinərik”.

Xatırladaq ki,  Rüstəm İbrahimbəyov adı çəkilən qurumun ötən sessiyasından sonra istefa ilə bağlı “Milli Şura”ya müraciət etmişdi.  İndi cəbhəçilər və “El”çilər onun maddi imkanlarını  yenidən gündəliyə gətirmək istəyirlər. Hələ bu harasıdır, şuranı ölməyə qoymayanlar “Sessiyalararası dövr üçün şuranın idarə olunması ilə bağlı məsuliyyət daşıyan quruma ehtiyac var” deyə məsuliyyəti kiminsə üstünə atmaqdan ötrü yol axtarırlar.  Üstəlik də, təklif edirlər ki, quruma daxil olan partiya və hərəkatlara hər biri bir nəfərlə həmin idarəetmə orqanında avtomatik təmsilçilik hüququ verilsin. İdarəetmə orqanının qalan üzvləri isə sessiyada səsvermə ilə seçilsin.

Əlbəttə, ölkə demokratik ölkədir və müxalifətçilər də öz qurumları daxilində nə istəsələr edəcəklər və bizim heç nəyə etirazımız yoxdur.  Amma onların şurasında demokratiyadan əsər-əlamət yoxdur. Məhz elə o səbəbdən də   toplantıda çıxış edən Sülhəddin Əkbər bildirib ki,  Azərbaycanda təşkilatlanmış siyasi qüvvəyə ehtiyac var və “Milli Şura”da  struktur islahatları aparılmalıdır.  Yəni, əvvəlcə öz aramızda demokratiya deyilən məfhuma riayət edək, sonra onu kimdənsə tələb edərik.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  isə öz tarixi ənənəsinə sadiq qalaraq  Müsavat Partiyasının “Milli Şura”dan getməsini  İsa Qəmbər başda olmaqla müsavatçıların hamısının xəyanəti kimi qələmə verib: “ Gedənlərin artıq müxalifətçilik imicinə iddia etmələri mümkün deyil”.  Mehriban Vəzir isə AXCP təmsilçisinin bu ittihamlarına cavab  olaraq kəskin addım atıb: “Mən bu barədə danışılan yerdə oturmağı özümə yaraşdırmıram”.  Deyib və çıxıb gedib.

 Klassik Xalq Cəbhəsi Partiyasının  sədri Mirmahmud Mirəlioğlu  isə  “Milli Şura” ilə bağlı təkliflərini  verərkən deyib ki,   struktur dəyişikliyi gedirsə, hətta qurumun adının da dəyişdirilməsi mümkündür və bu, faciə deyil.  Maraqlıdır, qurumun adını dəyişdirməklə nə qazanacaqlar?  Bəlkə təşkilatın adını  dəyişməklə onun ömrünü uzatmaq istəyirlər? Şuranın adının dəyişdirilməsi barədə təklifin üstündən dərhal keçməyi məqsədəuyğun sayan    AXCP sədri Əli Kərimli müəyyən şəxslərin “Milli Şura”dan getməsinə təəssüfünü bildirib: “Lakin günün sualı belə olmalıdır: doğru bildiyimiz yolda hər dəfə kimlərsə bizi tərk edəcəksə, hansısa səbəbə görə yarı yolda qoyacaqsa, bu, hər dəfə seçimimizi təftiş etməyimizə əsas yaratmalıdırmı?”  AXCP sədri  bununla da  İsa Qəmbərə mesaj göndərib ki,  sizin hikkələrinizə baxmayaraq  biz öz yolumuza davam edəcəyik.  Amma deyəsən Əli Kərimlinin özünün də öz vəziyyətindən xəbəri yoxdur. Əgər onun müxalifətin indiki durumundan, partiyasının sosial vəziyyətindən və şəxsən özünün cəmiyyət arasındakı reytinqindən xəbəri olsaydı, “Milli Şura”nın ölüm-qalım sessiyasında   “ölkədə tezliklə böyük dəyişikliklərin olacağı” barədə cəfəng fikirləri dilə gətirməzdi. 

  Əlbəttə, bütün bunlara adi bir müxalifət təşkilatının sadə toplantısında səsləndirilən dedi-qodulardan ibarət informasiyalar demək mümkün idi. Hərgah indiyə qədər qeyd olunan məsələlərdən sonra şuranın sessiyasında ara qarışıb-məzhəb itməsəydi. Bəli,  “sessiya”da ara qarışıb və özü də biabırcasına. Tədbirin sonuna yaxın  “Milli Şura”nın üzvləri  Mehdibəy Səfərovla Hacıbaba Əzimov arasında mübahisə düşüb. Mehdibəy  Səfərov Hacıbaba Əzimovun Koordinasiya Şurasına üzv seçilməsinə etiraz edib  və onu etnik münaqişələri qızışdıran çıxışlar etməkdə günahlandırıb.  Ona “layiqli” cavab verən Hacıbaba Əzimov  isə əsəbiləşərək   tamaşadakı “tərəf-müqabili”nin  üstünə yeriyib. Nə yaxşı ki,  Əli Kərimli   “ağsaqqalın”  qarşısını alaraq onu yerində əyləşdirib. Bundan sonra tərəflər arasında “atışma” davam edib. Uzun müzakirədən sonra Koordinasiya Şurasına üzvlər açıq səsvermə ilə seçilib və bu zaman yenə də  mübahisə yaranıb. Hacıbaba Əzimov soruşub ki,  nə səbəbdən Mehriban Vəzir səsvermədən keçmədi? Ona qarşı çıxanlar isə Mehriban Vəzirin  Koordinasiya Şurasına  seçilmədiyini bildiriblər.  Professor  yenə də hirslənib:  “Bunu siz etdiniz, doğru səsvermə keçirilmədi. Nə var ki, Mehriban xanım bir dəfə nəsə deyib. Elə etməyin ki, mən də gedim. Belə oyunlar olmaz”.  Professor unudur ki, o adamlar ömür boyu heç zaman doğru səsvermə keçirə bilməyiblər və bacarmazlar.

Hacıbaba Əzimov istəsə də, istəməsə də belə bir tamaşa oynanılıb və tamaşanın o qədər də yaxşı hazırlanmadığını əvvəldən bilən reneqat Eldar Namazov bu oyunda iştirak etməyib.

Qalmaqallı sessiyadan bir neçə saat sonra - axşama yaxın isə xəbər gəlib ki, daha bir neçə nəfər “Milli Şura”dan istefa verib.  İndi mətbuat təmsilçiləri soruşurlar ki, bu hesabla “Milli Şura”nın neçə toplantısı keçirilməlidir ki,  bu qurumun axırıncı üzvü də istefa versin. Amma deyəsən, o istefalara ehtiyac olmayacaq. Çünki qurum öz-özünə, istefasız- filansız dağılıb gedir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında