Radikal müxalifət dağıdıcılıq vərdişindən əl çəkə bilmir

 

Bəzi kütləvi informasiya vasitələrində dərc olunan məlumatlarda bildirilirdi ki, yanvarın 16-da “Milli Şura” adlı qurumun  sessiyası keçiriləcək. Bu məlumatı oxuyandan sonra gözlərim önündə 1990-cı ilin 20 Yanvar faciəsi canlandı. Həmin dəhşətli  hadisələrdən 24 il keçməsinə baxmayaraq, millətimizə qarşı törədilən bu qətliam hər an, hər dəqiqə  hər bir azərbaycanlının gözləri önündə canlanır. Bu faciənin baiskarları isə hələ də cəzasız qalıblar. Söz yox ki, bu qanlı hadisənin təşkilatçılarından və səbəbkarlarından başlıcası Sovetlər Birliyinin rəhbəri Mixail Qorbaçov idi.

Bəs sapı özümüzdən olan “baltalar” necə? Niyə  “Milli Şura” adlı qurumun  sessiyasının yanvarın 16-da keçirilməsi planlaşdırılıb? Radikal müxalifətin bu tədbiri mənə  1990-cı ilin 20 Yanvar hadisələrini xatırlatdı.  20 Yanvar qətliamında günahsız  insanların qanlarına qəltan edilməsində radikal müxalifət nümayəndələrinin də günahı az olmadı. O vaxt ölkədə yaranmış hakimiyyətsizlikdən istifadə edən İsa Qəmbər, Nemət Pənahlı, Rəhim Qazıyev və Xalq Cəbhəsinin digər üzvləri hakimiyyəti ələ keçirmək üçün min hiylə və fəsada əl atırdılar. Onlar azadlıq, müstəqillik və istiqlaliyyət uğrunda küçə və meydanlara çıxan əliyalın insanlara “Heç yerə getməyin, bir azdan hamınıza silah verəcəyik” - deyərək  təpədən-dırnağadək silahlanmış imperiya ordusunun qarşısına çıxartdılar. Sonra nə baş verdi? İsa Qəmbər Yusif Səmədoğlunun evində çay içə-içə 20 Yanvar hadisələrinə laqeydlik və biganəlik göstərdi. Digərləri isə gecə ikən xarici ölkələrə qaçdılar.

1990-cı ilin 20 Yanvar hadisələrindən sonra ölkədə baş vermiş anarxiya və özbaşınalıqdan yararlanmaq istəyən Xalq Cəbhəsinin üzvləri yenidən hakimiyyəti ələ almaq üçün müxtəlif vasitələrə əl atdılar. Ölkədə yaranmış Hakimiyyət–Xalq Cəbhəsi qarşıdurması dünyanı lərzəyə gətirən Xocalı soyqırımının törədilməsinə zəmin yaratdı. Hakimiyyəti ələ keçirmək istəyən radikal müxalifət nümayəndələri ilə ölkə rəhbərliyi arasındakı münaqişə ərazi bütövlüyümüzün qorunmasını və  sərhədlərimizi büsbütün unutdurdu. Bundan istifadə edən ermənilər dünyada analoqu olmayan Xocalı faciəsini törətdilər.

Dağıdıcı və qeyri-konstitusion vərdişlərindən əl çəkə bilməyən radikal müxalifət  qanunsuz silahlı birləşmələrin köməyi ilə hakimiyyəti ələ keçirdilər. Elə bundan sonra da Azərbaycan xalqının məşəqqətli ağrılı, acılı günləri başlandı. Ölkəmizin təbii sərvətləri talan edildi. Başları var-dövlət toplamağa qarışan AXC-Müsavat hakimiyyəti bir də onda ayıldı ki, ölkədə vətəndaş qarşıdurması yetişib. Vəziyyətdən çıxış yolunu isə xalqı yuxuya verib gecə ikən qaçıb aradan çıxmaqda gördülər.

1993-cü ilin iyunundan sonra Azərbaycanda həyat öz axarına düşəndə, demokratik proseslər bərqərar olanda hakimiyyət hərisliyində olan radikal müxalifət nümayəndələri yaz göbələkləri kimi yenidən baş qaldırdılar. Onlar yenidən qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirməyə cəhd etdilər. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında radikal müxalifətin qeyri-qanuni yollarla dövlət çevrilişi cəhdləri baş tutmadı. Həmin çevriliş cəhdlərinin qarşısı siyasi uzaqgörənliklə, müdrikliklə alındı.

Bütün bunlara baxmayaraq, radikal müxalifət nümayəndələri adət etdikləri pozucu və dağıdıcı əməllərindən əl çəkmək istəmir, ölkəmizin inkişafı, müstəqilliyin davamlı olması və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin getdikcə daha da möhkəmləndirilməsi ilə sanki barışa bilmirdilər. Ölkədə qarşıdurma, çaxnaşma və xaos yartmaq üçün hətta ermənilərlə əməkdaşlıq etməyə hazır olan radikal müxalifət nümayəndələri 2003-cü ildə respublikamızda keçirilən prezident seçkiləri günü yenidən öz köhnə vərdişlərindən əl çəkə bilmədiklərini nümayiş etdirdilər. Hələ seçki başa çatmamış və səsvermə bülletenləri sayılıb qurtarmamış, radikal müxalifətin prezidentliyə namizədi İsa Qəmbər özünü prezident elan etdi, sonra isə xalqı hakimiyyətə etiraz etmək üçün meydanlara səslədi. Onun səsinə səs verənlər isə asan yolla çoxlu pul qazanmaq istəyən müftəxorlar oldu. Seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan radikal müxalifətin prezidentliyə  namizədi İsa Qəmbər uduzduğunu çox yaxşı bilirdi. Ona görə də insanların qarşısına çıxa bilmədi. Özü də nə az, nə də çox: düz 40 gün. Bunu radikal müxalifətin nümayəndələri də təsdiqləyirlər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yaxın günlərdə İsa Qəmbərə 2003-cü il hadisələrində son anda qaçıb aradan çıxıdığını internet vasitəsilə ünvanladığı məktubda da  xatırladaraq yazıb: “2003-cü ildə sadə müsavatçıları meydanda başsız qoyub 40 gün evinizdən çölə çıxmadınız”.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, beynəlxalq aləmə sürətli inteqrasiya və demokratik seçkilərin keçirilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini getdikcə artırır və reytinqini daha da yüksəldirdi. Bundan xoflanan  və həmin seçkilərdə biabırcasına məğlub olan radikal müxalifət nümayəndələri yenidən destruktiv vərdişlərini ortaya qoydular. 2005-ci ildə keçmiş “Qələbə” kinoteatrının qarşısında icazəli mitinq keçirən radikal müxalifət nümayəndələri mitinq üçün ayrılmış vaxt başa çatsa da, meydanı tərk etmədilər. Yenə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının yazdıqlarına istinad edərək bildiririk ki, 2005-ci ildə mitinqçiləri Əli Kərmli ilə  Lalə Şövkət idarə edirdi. Həmin gün asayiş keşikçiləri ilə qarşıdurma yartamaq istəyən radikal müxalifət nümayəndələri bu istəklərinə də nail ola bilmədilər. Bundan bir qədər sonra isə AXCP sədri Əli Kərimli Strasburqa gedərək orada Avropa Şurasının nüamyəndələrindən  Azərbaycan Parlamenti nümayəndə heyətinin mandatının təsdiqinin əleyhinə səs vermələrinə  yalvarıb-yaxarsa da, onun “göz yaşlarına” heç kim əhəmiyyət verməmişdir.

Radikal müxalifət nümayəndələri Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin və ermənipərəst dairələrin çirkli pulları naminə öz xəyanətkar və antimilli mövqelərindən əl çəkməmiş, hakimiyyəti  qeyri-sivil yolla ələ almaq üçün ermənilərlə də əməkdaşlığa getmişlər. Yəqin ki, heç kimin xatirindən silinməyib. AXCP sədri Əli Kərimli Ruslan Bəşirli adlı gənci aldadaraq Tbilisiyə ermənilərlə danışıqlara göndərmiş, Azərbaycanda hakimiyyəti silahlı yolla ələ keçirmək  üçün ermənilərdən maddi dəstək istəmişdir. Bundan sonra isə Müsavat Partiyasının başqanı  İsa Qəmbər Ümummilli  Erməni Hərəkatının rəhbəri Aram Manukyanla həm Almaniyada, həm də Tbilisidə görüşmüş, hətta ikitərəfli əməkdaşlıq barəsində saziş də imzalamışdır. Bütün bunlardan sonra radikal müxalifət nümayəndələrinin Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsinin qarşısını almaq cəhdləri heç bir fayda verməmişdir.

2013-cü ildə keçirilən prezident seçkilərinə “Milli Şura” adlı qondarma qurumla qoşulan radikal müxalifətin əslində əsas məqsədi seçkiləri pozmaq, ölkədə qarşıdurma yaratmaq idi. Həmin quruma toplaşanlara, nəinki xalqın, hətta, müxalifət nümayəndələrinin özlərinin də inamı yox idi. Çünki “Milli Şura” xarici düşmənlərimizin ideyası əsasında yaradılmışdı, əsas vəzifəsi də müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərininə xələl gətirməyə köklənmişdi. Bu quruma toplaşanların ermənipərəst mövqeyi isə hamıya bəlli idi. Bunu Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin dedikləri də təsdiqləyir. Partiya sədri bu barədə fikirlərini bölüşərkən deyib: “Əgər “Milli Şura” adlanan qurumda təmsil olunan qüvvələr Azərbaycanda iqtidara gəlsə, işğal olunmuş torpaqlarımızı ermənilərə güzəştə gedəcəklər”.

A.Əlizadənin sözlərinə görə, iştirak etdiyi beynəlxalq  brifinqdə Azərbaycana qarşı yalnız Erməni Milli Assambleyasının üzvü və Eldar Namazovun çıxış etməsi bunu deməyə əsas vermişdir: “Onların  cəmləşdikləri “Milli Şura”nın sədri  Rüstəm  Məmməd İbrahimoviç Dağlıq Qarabağı mübahisəli ərazi hesab etmişdir. Bundan başqa bildirib ki, hakimiyyətə iki illiyə gələcəklər və ona görə də hələ Dağlıq Qarabağ münaqişəsindən danışmırlar. Bir sözlə, bu insanlar Azərbaycan dövlətçiliyi və xalqının əleyhinədirlər. Məqsədləri hakimiyyətə gələrək Azərbaycan xalqını qarət etməkdir. Əgər onlar xalqa inansaydılar, xaricdən havadar axtarmazdılar”.

Ölkəmiz Ümumxalq hüzn gününə – 20 Yanvar faciəsinin 24-cü ildönümünə  və xalqımıza qarşı dəhşətli soyqırımı törədildiyini bütün dünyaya bəyan etməyə hazırlaşdığı bir vaxtda radikal müxalifət nümayəndələri “Milli Şura” adlı qondarma qurumun sessiyasını keçirməklə öz xəyanətkar əməllərini bir daha nümayiş etdirmək istəyirlər. Buna isə ehtiyac yoxdur. Çünki xalq kimin kim olduğunu çox yaxşı bilir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında