Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı ulu öndərin arzuladığı səviyyədə inkişaf edir

 

 

 

Əslində, Azərbaycan Respublikası 1992-ci ilin yanvarında ona “xüsusi dəvət edilmiş qonaq” statusu verilməsi üçün Avropa Şurasına rəsmi müraciət etmişdi. Müraciət bu nüfuzlu Avropa təşkilatının bərabərhüquqlu üzvü olmaq üçün ilk addım olmaqla bərabər, Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədini daşıyırdı. Amma həmin dövrdə ölkəmizdə hakimiyyətdə olanların səriştəsizliyi ucbatından Azərbaycanda yaranmış xaotik vəziyyət xarici siyasətdə də özünü göstərir, inteqrasiya proseslərinə imkan vermirdi.  1993-cü ilin ikinci yarısından, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması, dövlətimizin Ermənistanla sərhəddə hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi.

Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlıq məqsədilə 1994-cü il iyulun 4-dən 11-dək Strasburqda Dağlıq Qarabağla əlaqədar keçirilən görüşdə iştirak edən Azərbaycan nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı hərbi təcavüzkarlığını, onun nəticələrini və bu münaqişədə Azərbaycanın mövqeyini açıqladı. Bundan sonra, 1994-cü il noyabrın 14-17-də Avropa Şurası Parlament Assambleyası təşkilata üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin sədri Devid Atkinson başda olmaqla nümayəndə heyəti Azərbaycanda səfərdə oldu və səfər zamanı respublika rəhbərliyi ilə görüşündə bu təşkilatla Azərbaycanın münasibətləri, o cümlədən ölkəmizin “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciəti, Ermənistanın təcavüzkarlığına son qoyulması və münaqişənin dinc vasitələrlə həlli məsələləri müzakirə olunmuşdu.

1994-1995-ci illərdə Azərbaycan ilə Avropa Şurası arasında yaranmış əlaqələr sayəsində təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, eləcə də Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Avropa Şurası ilə əlaqələrin genişlənməsi Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən baxmaq üçün ekspert köməyi əldə etmək imkanı verdi.

Avropalı rəsmilərin ölkəmizə olan marağı və mütəmadi səfərlər Avropa Şurası ilə əlaqələrin inkişafına yeni stimul verirdi. 1996-cı il iyunun 2-6-da AŞPA-nın təşkilata üzv olmayan ölkələrlə əlaqələr komissiyasının sədri Cak Setlencin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı dövlət başçısı Heydər Əliyevlə görüşündə Azərbaycana Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi məsələləri müzakirə edilmişdir. Həmin il iyunun 26-28-də AŞPA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. “Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞPA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” imzaladığı sərəncam Avropa Şurası ilə ölkəmizin sonrakı illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir.

1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” Prezident Heydər Əliyevin imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə böyük zəmin yaratdı. Bu sərəncamlarda bəzi məsələlərlə yanaşı, Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi də tövsiyə edilirdi. Dövlət başçısının qarşıya qoyduğu məsələlər qısa zamanda öz həllini tapdı və Milli Məclis tərəfindən dəstəkləndi.

Ulu öndər Azərbaycanın Avropa Şurasına üzvlük naminə fəaliyyətini getdikcə gücləndirmiş, bu yöndə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Bu baxımdan 1993-cü ilin ortalarından ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci il fevralın 10-da isə bu cəzanın tam ləğv edilməsi barədə qəti qərar vermişdir. Qeyd edək ki, insan hüquq və əsas azadlıqlarının qorunması bu qurumun üzv dövlətlər arasında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir. Ölüm hökmünün ləğvi də bu tələblərdəndir. Xatırladaq ki, Avropa Şurasının 1989-cu ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6-cı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz Avropa Şurasının insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək qiymət verdiyinin əyani təzahürüdür. Azərbaycanda ölüm hökmü cəzası ləğv ediləndə həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı hələ atmamışdılar.

Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları Avropanın beynəlxalq təşkilatlarını daha fəal əməkdaşlığa cəlb etmişdi. Bununla yanaşı ölkədə aparılan uğurlu islahatlar, demokratik inkişaf diqqətdən yayınmırdı. Avropa Şurasının yardımçı və məsləhətçi orqanı olan Venesiya Komissiyasının nümayəndələri Azərbaycanda olarkən ölkə rəhbərliyi, siyasi partiyalar, qeyri-hökumət təşkilatları ilə birlikdə müstəqil dövlətimizdə demokratik inkişaf, azad seçki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi məsələlərini dəfələrlə müzakirə etmişlər. Komissiyanın həmin sahələrlə bağlı tövsiyələrinin Azərbaycanın qanunvericiliyinə daxil edilməsi yüksək qiymətləndirilmişdir. 2000-ci il noyabrın 30-da Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ərəfəsində Venesiya Komissiyasının katibi Conni Bukikkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşmüş və həmin görüşdə C.Bukikko Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanın üzvlüyü üçün əhəmiyyətli qərar qəbul etdiyini bildirmişdi. Ulu öndər isə Azərbaycanın Avropa Şurasına üzvlüyünün baş tutmasının həm Avropa, həm də Azərbaycan üçün faydalı olmasını nümayəndə heyətinin diqqətinə çatdırmışdır. Müdrik siyasi xadim qeyd etmişdir ki, Azərbaycan Avropa dəyərlərindən yararlanmaq üçün imkanlar qazanacaq, Avropa isə bütün qitə xalqlarını cəmləşdirmək istiqamətində addım atmağa nail olacaq.

2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair tarixi qərarın qəbul edilməsi də ulu öndərin göstərdiyi hədəflərin reallaşması istiqamətində konkret addımların atıldığından xəbər verirdi.

Azərbaycanın Avropa Şurasına 2001-ci il yanvarın 25-də artıq tamhüquqlu üzv kimi təmsil olunmağa başlamasını ölkəmizin Avropa ilə əlaqələr tarixində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Bu qurum müstəqil Azərbaycan üçün yeni, habelə daha yüksək tribuna kimi qiymətləndirilirdi. Ən başlıcası isə, ölkəmiz informasiya blokadasından çıxaraq öz milli maraqlarını, əsl həqiqətləri olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində qətiyyətli addımlar atdı. AŞPA-nın Azərbaycan parlamenti nümayəndə heyətinin iştirak etdiyi ilk sessiyasından başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair reallıqları özündə əks etdirən sənədlər yayıldı. O vaxt cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin fəallığı, təcavüzkar ölkənin işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunması istiqamətindəki səyləri artıq öz müsbət nəticəsini göstərirdi. Sanki Avropa Azərbaycanı və Ermənistanı yenidən tanımağa başlamışdı. Məhz bu fəallığın nəticəsi olaraq ilk dəfə Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyasında Ermənistanın təcavüzkar siyasəti rəsmi olaraq pislənildi. Həmin sənəddə birmənalı olaraq bildirilirdi ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. 43 dövlətdən yalnız Ermənistan AŞPA-nın bu sənədinin əleyhinə çıxdı və bununla da beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozdu.

Azərbaycan AŞPA-nın tam hüquqlu üzv dövlətlərindən birinə çevrilirdi. Biz 2003-cü ilin yanvarında bunun bir daha şahidi olduq. Həmin vaxt nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev AŞPA-nın sədr müavini və büro üzvü seçildi. Bu, Azərbaycana, onun nümayəndə heyətinin rəhbərinə beynəlxalq aləmdə göstərilən çox böyük inam və etimad idi. Eyni zamanda bu etimad AŞPA kimi nüfuzlu bir qurumda daha yüksək tribuna qazanmaq kimi də qiymətləndirilirdi.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana xüsusi diqqət yetirməsi və ölkəmizlə əməkdaşlığı genişləndirmək istəyi 2004-cü ildə özünü daha qabarıq şəkildə büruzə verdi. Həmin il aprelin 29-da AŞPA sədrinin dəvəti ilə Avropa Şurasının iqamətgahına gələn Azərbaycan Prezidenti İlham Əliyev qurumun yüksək vəzifəli şəxsləri tərəfindən böyük ehtiramla qarşılanmışdır. AŞPA-nın sədri Piter Şider Azərbaycanda gedən proseslərdən, ölkəmizin qazandığı uğurlardan, aparılan islahatlardan hədsiz dərəcədə məmnun qaldığını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin vaxtilə AŞPA-dakı fəaliyyətini, indi isə ölkənin rəhbəri kimi Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin qurulması sahəsində səylərini yüksək qiymətləndirmişdi.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim olunan sənədlərin yayılması və qaldırılan məsələlərə obyektiv yanaşılmanın nəticəsi olaraq bu nüfuzlu qurum 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar 1416 saylı qətnamə qəbul etdi. Qətnamədə qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib. Sənəddə bildirilir ki, Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. AŞPA-da qəbul olunan bu qətnamənin yerinə yetirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ üzrə Alt komitə yaradıldı və Böyük Britaniyadan olan deputat Lord Rassel Conston bu komitənin ilk rəhbəri seçildi. 2006-cı il yanvarın 9-da Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ problemi üzrə Alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında Lord Rassel Constonun hazırladığı yeni hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapdı.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması faktı dəfələrlə Avropa Şurasının rəsmi sənədlərində qeyd edilmiş və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar bir beynəlxalq təşkilat kimi Avropa Şurası da müntəzəm olaraq öz mövqeyini bildirmişdir. Təkcə 2010-cu il mayın 26-da Avropa Şurası Nazirlər Komitəsinin sədrinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş “parlament seçkiləri” ilə əlaqədar Strasburqda verdiyi bəyanatı xatırlamaq kifayətdir.  Bəyanatda Nazirlər Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin səylərini tamamilə dəstəklədiyini bildirmiş və “seçkilərin” beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını bəyan etmişdir.

Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin inkişafından narahat olan erməni lobbisi, eyni zamanda bəzi üzdəniraq daxili və xarici qüvvələr mütəmadi olaraq bu qurumda Azərbaycana qarşı kampaniya aparmağa cəhd edirlər. Sürətlə inkişaf edən, mükəmməl islahatlar proqramı həyata keçirən, demokratik dövlət və cəmiyyət quruculuğunu reallaşdıran Azərbaycana heç bir “irad” tuta bilmədikləriu üçün qondarma siyasi məhbus məsələsini gündəmə gətirir, bu yolla ölkəmizə təzyiq göstərmək istəyirlər. Bu məqamda xatırlatmaq yerinə düşərdi ki, ölkəmizin Avropa Şurasına qəbulundan sonra AŞPA deputatları Azərbaycanda siyasi məhbuslarla bağlı 3 siyahı hazırlayıblar. Bu siyahının birini Georges Clerfayt, digərini Malcolm Bruce, 3-cü siyahını isə Kristofer Ştrasser hazırlamışdı. Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin qış sessiyası çərçivəsində, yəni yanvar ayının 23-də Kristofer Ştrasserin siyahısı (“Azərbaycanda siyasi məhbus məsələsinin davamı” adlı məruzəsi)  rədd edilmişdir. Məruzə ilə bağlı çıxış edən əksər ölkələrin nümayəndələri qeyd etmişlər ki, belə bir məruzənin qəbul olunmasına ehtiyac yoxdur. Bu, o deməkdir ki, Avropa Şurası Azərbaycanda siyasi məhbusun olmadığı qənaətindədir. Ancaq islamafobiya, ksenofobiya xəstəliyinə düçar olan bəzi qüvvələr daxilimizdəki xəyanətkarların qondarma faktlarına əsaslanaraq bu iddialarından əl çəkmirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya işgüzar səfəri zamanı bu barədə ona ünvanlanmış suallara cavab verərkən demişdir ki, verilən suala ən yaxşı cavab Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin yanvarında qəbul etdiyi qərarıdır. Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürülmüş qətnamələr qəbul edilmədi. Assambleyanın əksər üzvləri bu qətnamələrə dəstək vermədi. Bu, o deməkdir ki, mənim ötən il burada, Avropa Komissiyasında söylədiklərim Avropanın və dünyanın ən mühüm təsisatlarından biri sayılan təşkilat tərəfindən təsdiqləndi: “Azərbaycan artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüdür. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüyük. Bu, öncədən onu təsdiqləyir ki, ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiməsə qeyri-ədalətli münasibət göstərilibsə həmin şəxs Avropa Məhkəməsinə müraciət edə bilər. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq. Həmçinin, bildirmək istəyirəm ki, siyasi məhbus tərifi mövcud deyil. Fikrimizcə, əgər siyasi məhbus tərifi Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən müəyyən edilsə, bu, yaxşı ideya olardı. Belə olan halda kiminsə siyasi məhbus olması və ya olmamasını müəyyən etmək çox asan olardı”.

Bu il AŞPA - Azərbaycan əlaqələrində əlamətdar bir il kimi qalacaqdır. Belə ki, 2014-cü ilin may ayından etibarən altı ay müddətində respublikamız Avropa Şurasının Nazirlər Komitəsinin sədri funksiyasını yerinə yetirəcəkdir. Bununla ötən iki ildə BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmiş ölkəmizin tarixinə daha bir şanlı səhifə yazılmış olacaqdır. 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında