Modernləşmə və ictimai şüur

 

 

(əvvəli qəzetin 23 dekabr 2013-cü il tarixli sayında)

Cəmiyyət yalnız bir ideyanın (məsələn marksizm-leninizm) və bir partiyanın diktəsi əsasında qurula bilməz. Belə cəmiyyətlər qapalı və qeyri-demokratikdir. Açıq və demokratik cəmiyyətlərdə ideyalar müxtəlif olur, siyasi partiyalar da bir-birinə opponentlik edirlər. Lakin bunların hamısı ölkənin və millətin mənafeyindən çıxış edərək həyatın keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Burada kim daha yaxşı, daha səmərəli layihə verirsə, o da xalqdan daha çox dəstək ala bilir və idarəetmədə üstünlük qazanır. Bu, vətəndaş cəmiyyətinin qurulması üçün ən vacib şərtdir. Çünki, hamı mövcud konstitusiya hüdudunda fəaliyyət göstərir və yaşayır.

Əlbəttə, bütün bunlar fərdi və ictimai marağın gözlənilməsi, fərdi və ictimai şüurun vəhdəti fonunda mümkündür. İctimai şüur isə həm fərdi, həm kütləvi, həm də sürü (toplantı) şüurundan fərqlənir. İctimai şüur yaşanılan həyat tərzinə və fəaliyyətə görə məsuliyyəti başa düşmək və bu məsuliyyətə görə özünü nizamlamaqdır. İctimai şüurun bazası, çıxış nöqtəsi fərdi şüurdur. Başqa sözlə, ictimai şüur heç də nə isə insan ruhuna, düşüncə tərzinə kənardan daxil etdirilən, yaxud insana hansı bir təsir vasitəsilə qəbul etdirilən bir şey olmayıb, onun ruhi aləminin, düşüncə tərzinin formalaşması ilə bağlı olan bir hadisədir. Bu düşüncə tərzinin, ruhi aləmin formalaşması çoxtərəfli və mürəkkəb bir hadisədir.

Burada uşağın sağlam doğulmasından tutmuş, ailə-təhsil-cəmiyyət  üçlüyü mühüm əhəmiyyət kəsb edir. Bu üçlüyün hər birinin özünün  funksiyası var. Bunlardan biri özünəməxsus olan funksiyanı yerinə yetirmədikdə natamamlıq alınır. Burada fərdi şüur dedikdə, heç də insanın hansısa bir istiqamətdə xüsusi qabiliyyətə, istedada malik olması deyil (bu, özlüyündə fərqli bir keyfiyyətdir), orta statistik  bir adamın həyata, fəaliyyət tərzinə, insanlara və ətraf mühitə münasibətindən gedir. Fərdi şüurun əsasında həmişə fərdi maraq durur və bunsuz insanı təsəvvür etmək  çətindir. Lakin bu fərdi maraq pozitiv əhəmiyyətli bilik və bacarığa əsaslanmadıqda özünü neqativ, antisosial keyfiyyətlərdə göstərməyə başlayır. Buna görə də düşüncə və fəaliyyətin pozitivliyi dedikdə, elə bir fəaliyyət nəzərdə tutulur ki, burada fərdin marağı həm fərdin özü üçün, həm də cəmiyyət üçün faydalıdır.

Hər bir fərd öz işinin vaciblik dərəcəsi, məzmunu və çəkilən zəhmətin vaxt müddətinə görə gəlir əldə edir. Məsələn, alimin əməyinin gəliri ilə süpürgəçinin əməyi vacibliyinə görə eynidir. Çünki süpürgəçi küçəni süpürməzsə, şəhər zibil içində batar. Lakin məzmununa və çəkilən zəhmətin vaxtına görə eyni deyil, çünki alim həmişə şəxsi problemdən daha çox, bu və ya digər elmi problemin həlli haqqında fikirləşir, düşünür. Çox vaxt öz şəxsi problemlərini belə yaddan çıxarır və yaxud onlara o qədər də əhəmiyyət vermir. Təsadüfi deyildir ki, məşhur alimlərin bir qismi (Dekart, Nyüton, Kant və b.) hər bir adam üçün normal sayılan ailə də qurmamışlar. Bütün vaxt və enerjilərini yalnız elmə həsr etmişlər.

Söhbət qətiyyən bunun yaxşı, ya pisliyindən deyil, sadəcə olaraq, həyati və tarixi fakt olmasından gedir. Süpürgəçinin əməyi cəmi bir neçə fiziki alqoritmə əsaslanır. Alimin əməyi isə sonu olmayan intellektual üsul və vasitələrə əsaslanır. Burada mövcud paradiqmalar yeniləri ilə dəyişdirilir və s. Lakin bir daha qeyd edək ki, süpürgəçinin əməyi də çox əhəmiyyətli və zəruri əməkdir və onu hörmətsiz əmək kimi qiymətləndirmək olmaz və süpürgəçi də öz əməyinə görə cəmiyyətin orta statistik həyat səviyyəsinə uyğun yaşamalı və bunun təmin olunması üçün ona müvafiq əmək haqqı ödənilməlidir.

Fərdi şüurlar əsasında adi, yaxud kütləvi şüur yaranır. Bu kütləvi şüur ictimai həyatın, onun norma və dəyərlərinin qərarlaşması kimi çıxış edir. Əlbəttə, texnogen cəmiyyətlərdə olan norma və dəyərlər ənənəvi cəmiyyətlərdə olan norma və dəyərlərdən fərqlənir. Belə ki, birincilərdə dinamiklik, dəyişkənlik, ikincilərdə isə ənənəvilik və sabitlik vardır. Avropa mədəniyyəti sivilizasiyası ilə Şərq arasında olan mühüm fərq də burada meydana çıxır. Əlbəttə, bunların heç birini mütləqləşdirmək olmaz. Lakin fərq göz qabağındadır. Məhz dinamiklik və dəyişkənlik Avropa sivilizasiyasını tez-tez  böhranlara sürükləyir.

Burada böhranlar bir növ katersis, təmizlənmə səciyyəsi daşıyır və böhrandan sonra inkişafın yeni bir mərhələsi başlayır. Şərq isə sabitlikdə qaldığı üçün nə böhran keçirir, nə diqqəti cəlb edəcək inkişafa nail olur. Buradakı inkişaf özünüinkişafdan daha çox Avropadan yeni texnika və texnologiyaları götürməklə bağlıdır və nə qədər ki, texnika və texnologiyalar özü də dinamik məzmuna malikdir, buna görə Şərq Avropanın arxasınca getmək zorunda qalır. Çox təəssüf ki, müasir dövrün əsas xüsusiyyətlərinə o qədər də əhəmiyyət verməyən bəzi tədqiqatçılar Şərqin mənəvi sabitliyini, dəyərlərinin əhəmiyyətini qoruyub saxlamaqla Qərb texnologiyasından istifadə etməyi irəli sürürlər ki, bu da son dərəcə mübahisəli və şübhəli məsələdir.

Qərb texnologiyası bütövlükdə Qərb düşüncəsi və mədəniyyətinin məhsuludur. Əgər Şərq, o cümlədən də Azərbaycan özünə müvafiq olan texnika və texnologiyanı, yaxud onun bir neçə sahəsini yarada bilməyəcəksə və daha çox təbii sərvətləri satmaqla məşğul olacaqsa, onda o, Qərb texnologiyası ilə birlikdə, istər-istəməz, Qərbə məxsus olan mənəviyyatı da qəbul etmək zərurəti ilə qarşılaşmalı olacaq. Bu isə, bütövlükdə, yerli ənənəvi mentalitetə, psixologiyaya uyğun olmadığı üçün müxtəlif haqlı və haqsız söz-söhbətə, qarmaqarışıqlığa, mənəvi sarsıntılara  səbəb olacaqdır. Çox vacibdir ki, bizim texniki və texnoloji ali məktəblərinin nəzdində xüsusi sənaye və digər təcrübə müəssisələri yaradılsın. Burada müvafiq kollec və texniki peşə məktəblərin şagird və tələbələri də təcrübə keçə bilərlər. Konstruktor büroları isə mütəxəssislər üçün yeni texniki layihələr hazırlamağa və onları təcrübədə sınamağa imkan verər. Beləliklə, biz sözçülükdən daha çox işgüzarlığa keçə bilərik.

Kütlə şüuru, adi şüur, yaxud empirik şüur... bunlar eyni mənalı sinonim anlayışlardır. Hamısı gündəlik həyat və fəaliyyətlə, güzəranla bağlıdır, hamısı yaşayış və həyat təcrübəsi (empiriya) ilə bağlıdır. Yəni  ayrı-ayrı fərdlərin gündəlik həyat, yaşayış və fəaliyyətləri əsasında gəldikləri ümumi dəyərləndirmə və normalardır. Buna görə də həm fərdi şüur və həm də və daha çox kütlə şüuru ictimai şüurun bazasını, yaxud çıxış nöqtəsini təşkil edir. Qeyd etmək lazımdır ki, hər hansı bir toplumun (bu və ya digər münasibətlə bir yerə yığılan adamların) şüuruna gəldikdə isə bunun sürü adlandırılması düzgün deyildir. Çünki: 1) sürü anlayışı heyvanların bir yerə toplanması  olub, insana aid deyildir. 2) hətta, bir-birilə əvvəldən heç bir əlaqəsi, tanışlığı olmayan adamlar bir yerə toplanıbsa, deməli, onların buraya toplanmasına səbəb olan nə isə bir problem var.

Əlbəttə, bu adamların toplanması kortəbii halda baş verir və planlı şəkildə əvvəlcədən düşünülmüş olmaya da bilər. Bu, daha çox emosional bir qüvvədir və onun təhlükəli olması da buradan irəli gəlir. Çünki hər hansı bir təxribatçı bu kortəbii qüvvəni hərəkətə gətirə bilər və onun qarşısını almaq çətinləşər. Belə qüvvə daha çox dağıdıcı, məhvedici qüvvədir və buna görə də təhlükəlidir. Müasir dövrdə istər cəmiyyəti idarə edənlər, istərsə də onlara xidmət edənlər çalışmalıdırlar ki, cəmiyyətdə, yaxud onun hər hansı bir sahəsində gedən prosesləri diqqətlə izləsinlər və baş verə biləcək kütləvi narazılıqların qarşısını almaq üçün bunları törədən səbəbləri vaxtında aradan qaldıra bilsinlər. Yerli orqanlar vaxtında problemi nəzərə almadıqda, onun həllini gecikdirdikdə, 2013-cü ilin əvvəllərində İsmayıllı rayonunda baş verən hadisələr törəyir. Hərçənd, dövlət çox çevik reaksiya verərək bu hadisələrin qarşısını aldı və onu törədən səbəbi aradan qaldırdı.

İctimai şüur insan-insan, insan-cəmiyyət, insan-dövlət, cəmiyyət-dövlət, insan-təbiət və cəmiyyət-təbiət münasibətlərinin ali, yüksək səviyyəsidir. Əlbəttə, bu səviyyəyə yüksəlmək, onu dərk etmək o qədər də asan iş deyildir. Çünki insanlarda şəxsi maraq hissi o qədər güclüdür ki, bu hiss hər an insanı öz ardınca sürüməyə hazırdır. Lakin şəxsi marağı, arzusu, istəyi olmayan insan da yoxdur. Ancaq insan ictimai şüur səviyyəsinə qalxdıqda öz maraq və arzularını cilovlamağı, nizamlamağı, müəyyən bir məcraya yönəltməyi bacarır. O, başa düşür ki, bütövlükdə cəmiyyətin inkişafına, yüksəlişinə nail olmadan, yalnız özü üçün nələri isə etmək, nəyəsə nail olmaq müvəqqəti haldır və həm də, bununla o, ətrafdakı insanlardan təcrid olunur. Onların pis nəzərlərinə və ictimai qınaqlarına tuş gəlir.

Bütövlükdə, cəmiyyət inkişaf etdikdə isə burada heç kim heç kimə pis nəzərlə baxmır. Hamı öz işinə, qabiliyyətinə, bacarığına, işgüzarlığına və seçdiyi həyat tərzinə uyğun olaraq yaşayır. Burada həm yüksək, həm də orta həyat səviyyəsinə uyğun olaraq yaşayanlar vardır. Hamı bir-birini qiymətləndirir. Müxtəlif gündəlik işlərlə məşğul olanlar bilirlər ki, cəmiyyətə onu idarə edənlər, elm, təhsil və mədəniyyətlə məşğul olan adamlar da lazımdır. Bunlar isə öz növbəsində başa düşürlər ki, cəmiyyətə tikib quranlar, əkib becərənlər, maldarlar, məişət xidməti göstərənlər və s. lazımdır. Bir sözlə, hər kəs öz işi ilə məşğul olur və hamı bir-birinin işinə hörmətlə yanaşır. Hamı öz işinə özünün  fərdi marağı ilə yanaşı ictimai məsuliyyətlə yanaşır.

Fizika elmi ilə yanaşı, həm də ictimai problemləri fəal surətdə müzakirə edən S.P.Kapitsa deyirdi ki, məsuliyyət anlayışı bu gün yaddan çıxmışdır. Bu fikir digər görkəmli elm və mədəniyyət xadimləri tərəfindən də tez-tez səsləndirilir. Hətta, maddi zənginliklə mənəvi zənginliyin uyğunsuzluğundan belə bəhs edirlər. Çünki, bəzi hallarda maddi sərvəti toplanmaq mənəvi yoxsulluqdan, cəmiyyət qarşısında heç bir məsuliyyət hiss etməməkdən irəli gəlir. Bu isə əslində açıq, yaxud gizli (üstüörtülü) halda etik və hüquqi normaların pozulması ilə müşayiət olunur. Buna görə də şüurun həddən artıq istehlakçılıq virusundan təmizlənməsi məsələsinə xüsusi diqqət yetirilir. İndi sosial fəlsəfənin qarşısında duran əsas məsələlərdən biri cəmiyyət həyatında baş verən, izafi istehlakçılığın və bu ehtirasın yaratdığı mənəvi boşluğun qarşısını almaqdır.

Əgər nəinki indiki normal vətəndaş cəmiyyətinə keçid dövrünü yaşayan postsovet ölkələrində, hətta, bütün dünyada ictimai şüurun üstünlük təşkil etməsinə nail olunmazsa, onda bütövlükdə Yer üzərində mövcud olan insan dünyası özü sonsuz çaxnaşmalar, toqquşmalar nəticəsində daha bərbad hala düşə bilər. Çünki bir tərəfdən qloballaşmadan, multikulturalizmdən, humanizmdən, insan hüquqlarından və s. danışan güclülər, digər tərəfdən Asiya, Afrika və Cənubi Amerika ölkələrinə, bu ölkələrdə bir-birilə düşmənçilik edən müxtəlif qüvvələrə silah satıb pul qazanmaqla məşğuldurlar. Həmin ölkələrin bir-birini, yaxud bu ölkələr daxilindəki düşmənçilik edən qüvvələrin bir-birini qırması isə onları maraqlandırmır. Belə çıxır ki, qoy bir-birini nə qədər qırırlar-qırsınlar, təki biz pul qazanaq düşüncəsi ilə yaşayırlar. Bu, heç bir mənəviyyata, heç bir humanist sosial şüura uyğun olan yanaşma deyil.

İndi artıq hamıya məlumdur ki, Yer kürəsi öz insanları ilə kosmosda hərəkət edən bir gəmidir. Güclü ölkələr isə öz yanaşmaları və hərəkətləri ilə bu gəmini öz içərisindən partlatmaq istəyirlər. Əslində, bu, Yer planeti miqyasında tədricən həyata keçirilən terrorizmdir. Bu terrorizm ekoloji problemlərdən tutmuş iqtisadi, siyasi və hərbi yollarla həyata keçirilir. Əslində isə, Yer kürəsini zənginləşdirmək, onun sərvətlərindən daha səmərəli istifadə etmək, təhsil və səhiyyənin hər yerdə səviyyəsini qaldırmaq və bunun üçün investisiyanı artırmaq lazımdır ki, insanlar sağlam və ağıllı, işgüzar olsunlar. Asiyada, Afrikada və Cənubi Amerikada ölkələr var ki, onlar nə sosial əsaslı dövlət yarada bilir, nə də öz sosial əsaslı müstəqil iqtisadiyyatlarını yarada bilirlər.

Onlara müxtəlif yönümlü yardım etmək və xeyirli məsləhətlər vermək müasir dünyanın önündə gedənlərin mənəvi borcudur. Əgər onlar, doğrudan da, dünyamiqyaslı humanist və sosial düşüncəyə malikdirlərsə, iqtisadi cəhətdən zəif ölkələrin təbii sərvətini dəyər-dəyməzinə əlindən almaqla yox, bilməlidirlər ki, öz standartlarını diktə etməklə dünyanı onun mövcud problemlərindən xilas etmək mümkün deyil. Hətta, indi Asiya və Afrika ölkələrində ciddi narahatlıq doğuran əhalinin sürətli artımı problemini də tibbin və təhsilin köməyi olmadan həll etmək mümkün deyil. Çünki bu ölkələrdə əhalinin artım sayı heç də onların müasir texniki və texnoloji səviyyədə istehsal edə bilmək səviyyəsinə uyğun deyil. Nəticədə isə istehlak edənlərin sayı istehsal edənlərdən qat-qat artıq olur. Cəmiyyət yoxsulluq, səfalət və sosial sarsıntılar içərisində yaşamağa başlayır. Terrorizm, quldurluq, narkotik və s. kimi neqativ bizneslər də buradan irəli gəlir.

İctimai şüurun bütün dünya üçün vahid olan cəhətləri ilə yanaşı, onun hər bir ölkə, hər bir xalq üçün xüsusi, spesifik əhəmiyyətə malik olan cəhətləri də var və bundan heç cür yan keçmək olmaz. Hətta  universal dəyərlər belə hər bir ölkənin, xalqın öz tarixi, mentalileti, sosial-mədəni durumu əsasında həyata keçirilməlidir. Başqa cür olduqda anlaşılmazlıq və qarmaqarışıqlıq yaranır. Bu isə heç də tərəqqiyə, inkişafa xidmət etmir və burada idarəolunan xaos nəzəriyyəsi əksər hallarda özünü doğrultmur və xüsusi hal kimi qalır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, idarəolunan xaos nəzəriyyəsinin əksinə olan sabitlik nəzəriyyəsinin də çatışmayan cəhətləri var. Belə ki, dövlət cəmiyyəti bütün parametrlərdə buxovlayıbsa, sosial ədalət və demokratiya əvəzinə onların görüntüsünü yaradırsa, imitasiya və manipulyasiyalar ilə cəmiyyəti idarə etməyə çalışırsa, bu vəziyyətdə narazılığın gənginliyi artmaqda davam edir və müəyyən müddət keçdikdən sonra bu lafent vəziyyət oyanır və artıq heç cür idarə oluna bilməyən xaos yaranır. Buna görə də cəmiyyətin bütün vətəndaşları üçün, həm idarəedən elita, həm də intellektual elita üçün ictimai şüur ilk növbədə ölkə və xalq üçün, sonra isə bütün dünya üçün ən vacib olan şərtlərdən biridir.

Formal demokratiya ilə həqiqi demokratiya arasındakı fərq də burada meydana çıxır. Əsl demokratiya isə yüksək vətəndaşlıq mədəniyyəti və maddi sərvətlərin ədalətli sosial bölgüsünü tələb edir.

Aydın ŞİRİNOV,

 professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında