Müxalif siyasi partiyalar arasında qarşılıqlı ittihamlar getdikcə güclənir

 

 

 

 

 

 

Prezident seçkiləri ərəfəsində radikal müxalifətin böyük ümidlər bəslədiyi “Milli Şura” indi sahibsiz əşyaya bənzəyir. Seçki ərəfəsində bu qurumdan prezidentliyə vahid namizədliyi irəli sürülmüş Cəmil Həsənli isə meydanda tək qalıb. O, kimə yaxınlaşırsa, “Məndən uzaq ol!” -  sözlərini eşidir. Müsavat Partiyasının “Milli Şura”dan istefasından sonra bu qurumdan qopmaların sayı gündən - günə artdı. Artıq reneqat Eldar Namazovun dəstə üzvləri də, gec də olsa, “Milli Şura”nın əhəmiyyətsiz bir qurum olduğunu bildiriblər.

Əslində, həm Müsavat Partiyasının başqanı, həm də “EL” Hərəkatının rəhbəri siyasi riyakar kimi tanınan Eldar Namazov lap əvvəldən bilirdilər ki, “Milli Şura” heç bir perspektivi olmayan oyuncaq qurumdur. Ancaq bu quruma böyük hay - küylə üzv oldular. Hətta, digər siyasi partiyaları da “Milli Şura”ya üzv olmağa çağırırdılar. Çünki onların hər birinin ayrı - ayrılıqda məqsədləri var imiş. Sən demə, hər ikisi bu quruma rəhbərlik etməklə prezident seçkilərində müxalifətin vahid namizədi olmaq istəyirlərmiş.

İsa Qəmbərin neçə illərdir ki, Müsavat Partiyasına qurultay keçirməyə “yer tapılmamsı” barədə qaldırdığı hay - küyün arxasında da prezident seçkilərinə qədər başqanlıq kreslosunu qoruyub saxlamaq, sonra isə “Milli Şura”nın vahid namizədi kimi  seçkilərə qatılmaq məqsədi dururdu. Reneqat Eldar Namazov da bu fikirlə “Milli Şura”nı gen - bol tərifləyirdi. Ancaq uzun illərdir ki, davam edən AXCP - Müsavat  qarşıdurması prezident seçkiləri ərəfəsində özünü daha qabarıq formada büruzə verdi və İsa Qəmbər arzusuna çata bilmədi. Siyasi riyakar Eldar Namazovun adını isə çəkən olmadı.

AXCP funksionerlərinə rəhbərləri tərəfindən verilmiş tapşırığa əsasən, nəyin bahasına olursa - olsun, İsa Qəmbərin prezidentliyə vahid namizədliyinə əngəl törədilməli idi. Hadisələrin gedişi göstərdi ki, cəbhəçilər bu işin öhdəsindən gələ bildilər və əzəli düşmənləri İsa Qəmbərin prezidentliyə vahid namizədlik arzusunu ürəyində qoydular. Bundan sonra AXCP  - Müsavat qarşıdurması açıq müstəviyə keçdi.

Belə də olmalı idi. Çünki, AXCP  - Müsavat qarşıdurmasının əsas səbəbi  müxalifət düşərgəsinin bütün üzvlərinə bəllidir. Ona görə də bu iki partiyanın keçirdiyi tədbirlərdə özlərindən başqa kimsə olmur. Məsələn, ACP funksioneri Zəminə Dünyamalıyeva deyib ki, Əli Kərimli ilə İsa Qəmbərin  birinin digərinə etibarı yoxdur. Z.Dünyamalıyeva bildirib ki, onların müxalifət adından oyun oynadıqlarını, xalqı, milləti aldatdıqlarını dəfələrlə bəyan etmişəm. Bu partiyaların sədrlərinin nə deməsindən asılı olmayaraq, onların nə birliyi, nə də demokratikliyi  var. Bundan sonra da olmayacaq. Əgər demokrat olsaydılar, birliyi düşünsəydilər, bir-birinə güzəştə getməyi bacarardılar.  ACP üzvü fikrini əsaslandıraraq vurğulayıb ki, AXCP və Müsavatın 20 illik fəaliyyətində əksər xüsusiyyətləri bildiyim üçün belə fikir ayrılığını təbii sayıram. Bu partiyalar heç zaman yolu düz gedə bilməzlər. Ayrı-ayrılıqda onların iddiası, marağı eynidir: liderliyi ələ almaq, birinci olmaq. Gündəmdə qalmaq üçün biri hər hansı fikir söyləyən kimi dərhal o birisi buna etiraz edir. Ona görə də bu iki partiyanın birliyi baş tutan deyil.

Eks-spiker Rəsul Quliyev də AXCP - Müsavat əməkdaşlığını istehza ilə qarşılayıb və deyib ki,  bu partiya sədrlərinin  başqa peşəsi yoxdur.  Onlar ölənə qədər müxalifətçilik edəcəklər. Mən bu insanlara yalnız bunu deyə bilərəm: “20 il ərzində bütün göstəricilərinizdə deqradasiya gedir, fikirləşməyin ki, növbəti 20 ildə əks proses baş verəcək”. Düşüncəsi olan adam bir neçə il dalbadal keçirilən seçkilərdə uduzduqdan sonra siyasətdən birdəfəlik getməlidir. Bunlar 20 ildir ki, uduza - uduza gəlirlər. Artıq siyasi səhnədən birdəfəlik getməyin vaxtı çoxdan çatıb. İndi onların əsas məşğuliyyətləri bir - birilərinin iç üzlərini açmaq, xalqa məlum olmayan xüsusiyyətlərini də bəyan etməkdir. Hesab edirəm ki, artıq buna da ehtiyac yoxdur. Çünki, kimin kim olduğu hamıya bəllidir.

AXCP - Müsavat funksionerləri artıq  bir - birilərini açıq təhqirə başlayıblar. Özü də sosial şəbəkələr vasitəsilə. Hər iki partiyanın funksionerləri bir - birilərini satqınçılıqda, xəyanətkarlıqda ittiham edirlər. Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  deyib ki, təmsil etdiyi partiyanın Müsavat partiyası və “Yeni Müsavat ” qəzetinə qarşı münasibəti, əslində,  qatı nifrətdən başqa bir şey deyil. F.Qəhrəmanlının qənaətinə görə, Müsavat Partiyası və “Yeni Müsavat” qəzeti  “Milli Şura”nın parçalanması, gözdən salınması  ilə bağlı kimlərinsə qarşısında  öhdəlik götürüblər. Onlar bu öhdəliyi yerinə yetirməklə xəyanətkar və satqın olduqlarını təsdiqlədilər.

AXCP sədrinin müavini İsa Qəmbəri hadisələrin gərgin vaxtında qaçıb aradan çıxmaqda da ittiham edib. O, 2003 - cü ildə keçirilmiş prezident seçkilərindən dərhal sonra İsa Qəmbərin  40 gün  öz evindən  çölə çıxmamasını xatırladıb. Bununla bildirmək istəyib ki, İsa Qəmbər həmin seçkilərdə məğlub olmuşdu, ancaq hələ seçki başa çatmamış, səslər hesablanmamış özünü prezident elan etdi. Sonra isə sadə müsavatçıları meydanlara çağırıb özü aradan çıxdı. F.Qəhrəmanlı İsa Qəmbərə müraciətlə “bu il bir çox maskalar cırılacaq” deməklə AXCP funksionerlərinin də maskalandığını gizlətməyib.

AXCP funksionerinin bu iddiası cavabsız qalmayıb. Bütün bunların arxasında AXCP sədri Əli Kərimlinin dayandığını bildirən müsavatçılar Əli Kərimlinin Azərbaycan prezidentliyinə iddia edən bir şəxs kimi ifşa olunduğunu diqqətə çatdırmış və  bu partiyanın artıq  mənəvi-siyasi iflasa uğradığını bildiriblər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə özünün Facebook  səhifəsində  müsavatçıları AXCP ilə açıq mübarizəyə səsləyib.

 AXCP funksionerləri “Milli Şura”nı, müsavatçılar isə İctimai Palatanı qorumaq uğrunda mübarizə aparırlar. Bu şavaşda əsas məqsədləri heç də müxalifətin yeni birliyini yaratmaq yox, həmin “birliklər” vasitəsilə ermənipərəst dairələrdən qrantları almağı davam etdirməkdir. Axı, qarşıdan parlament seçkiləri gəlir. Həmin seçkilərə qədər AXCP sədri “Milli Şura” adı ilə ərtafına daha çox tərəfdaş toplamağı planlaşdırır. İsa Qəmbər isə Müsavat Partiyasının qurultayının vaxtını uzatmağa çalışır. O, partiyanın qurultayını “Milli Şura” yaradılana qədər uzatsa da, bu qurumun sədri ola bilmədi. İndi də parlament seçkilərinə qədər “qurultayı keçirməyə yer axtaracaq”. Çünki, növbəti parlament seçkilərinə sıravi müsavatçı kimi qatılmaq fikrində deyil.

İndi AXCP və Müsavat Partiyasının rəhbərləri cırtdan partiyaları ətraflarına toplamaq uğrunda,  sanki yarışa giriblər. Onlar gah gizlin, gah da aşkar şəraitdə cırtdan partiyaların sədrləri ilə görüşərək yeni vədlər verir, hakimiyyətə gələndə ilk növbədə onlara yüksək vəzifələr verəcəklərini deməklə, həmişəki kimi köhnə yalanlarından əl çəkmirlər. Bütün bunlara baxmayaraq, onların səsinə səs verən yoxdur. Artıq cırtdan partiyalar da AXCP və Müsavat Partiyası rəhbərlərinin yalanlarına daha inanmırlar. Belə yalan vədləri düz 20 ildir ki, eşidirlər. Bu iki partiyanın yalan vədləri, xarici düşmənlərimizdən qrant almaq üçün cilddən - cildə girmələri, simalarını tez - tez dəyişmələri hamıya bəllidir. Göründüyü kimi, radikalizm kimi dağıdıcı düşüncə tərzində olanlar  yalnız nifrətə məhkumdur. Ona görə də bu gün meydanlarda tək qalıblar.

 

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında