Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verən Azərbaycan beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir

 

 

 

Əsaslı nailiyyətlərə imza atan Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz regionunda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, bir sıra qlobal layihələrin icrasında, problemlərin həllində öz qətiyyətli mövqeyini ortaya qoyur. Bu baxımdan, 2013-cü il də ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının daha da genişləndirilməsi üçün atılan mühüm addımlarla yadda qaldı, rəsmi Bakının beynəlxalq münasibətlər sistemində sülhün, təhlükəsizliyin təşəbbüskarı, eyni zamanda bölgədə siyasi sabitliyin, iqtisadi inkişafın novatoru kimi çıxış etməsi dünyanın hər yerində rəğbətlə qarşılandı. Məhz Azərbaycan iqtidarının məntiqli xarici siyasətinin nəticəsi olaraq ölkəmizlə dünya ictimaiyyətinin subyektləri arasında beynəlxalq hüquq normalarına uyğun davamlı, qarşılıqlı faydalı əməkdaşlığa böyük zəmin yaradılıb.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin qazandığı möhtəşəm uğurları yüksək qiymətləndirmiş və beynəlxalq əlaqələrimizin inkişafı üçün bundan sonra da gözəl imkanların olduğunu qeyd etmişdir.

Ötən iki il ərzində Azərbaycanın dünyanın təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində çox mühüm rol oynayan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi hər bir azərbaycanlıda qürur hissləri yaratdı. Dövlət başçımızın bəyan etdiyi kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etdi, hər bir məsələ ilə bağlı konkret mövqe sərgilədi, prinsipial mövqe ortaya qoydu. Ona görə də bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, hazırda bu dəstək daha da böyükdür. Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Təbii ki, rəsmi Bakının ədalətə, humanizmə söykənən siyasi xətti dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan ötən iki ildə beynəlxalq miqyasda daha bir qürurverici hadisəyə imza atdı – ölkəmiz 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Həmin dövrdə beynəlxalq terrorizmlə mübarizə, Suriyadakı vəziyyət və digər mühüm məsələlər təşkilatda müzakirə edildi. Onu da xatırladaq ki, 2012-ci ilin may ayının əvvəllərində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz rəsmi Bakının təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. Bu, çox vacib məqam idi. Çünki müasir dünyada terrorizmdən ən çox əziyyət çəkmiş ölkələrdən biri məhz Azərbaycandır. İstənilən beynəlxalq təşkilatın tribunasından çıxış edən dövlət rəsmilərimiz erməni terrorçularının xalqımızı məruz qoyduğu fəlakət və faciələr barədə əhatəli söz açırlar. BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə dövlətimizin başçısı Azərbaycanın xaricdən dəstəklənən terrora məruz qaldığını bildirmiş, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasəti barədə ətraflı məlumat vermiş, işğal altındakı ərazilərimizin terrorçuluq, separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif formaları baxımından ciddi narahatlıq mənbəyi olduğunu vurğulamışdı.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində təcavüzkar Ermənistan beynəlxalq aləmdə çıxılmaz vəziyyətə düşüb. Keçən ilin iyun ayında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri “Böyük səkkizlər”in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış etdilər. Həmin bəyanatda münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsinə xüsusi diqqət yetirilib. Bəyan edilib ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu məqam həmsədr ölkələrin son 4 ildə verdikləri bəyanatlarda da əksini tapıb. Digər tərəfdən, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş verdi. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli şəkildə təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır və bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazandı. Dövlət başçımızın qeyd etdiyi kimi, bu hadisə bir daha onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Yəqin ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.

Təəssüf ki, 2012-2013-cü illər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində durğunluq dövrü kimi yadda qaldı. Yalnız 2013-cü ilin sonunda müəyyən canlanma müşahidə edildi. Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Çünki müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır və 2014-cü ildə rəsmi Bakı bu məqamlara diqqət yönəldəcəkdir. Dövlət başçımız bildirmişdir, əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər: “Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial”.

Dövlət başçımız demişdir ki, beynəlxalq vasitəçilər münaqişənin həllində irəliləyişlərin olmasına çalışırlar. Ancaq onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində yuxarıda qeyd etdiyimiz Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında da status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Ancaq Azərbaycan Prezidenti bəyan etmişdir ki, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirik ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir. Çünki Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.

Azərbaycanın hərbi gücü torpaqlarımızın danışıqlar prosesinə alternativ olan yolla bərpasına imkan verir. 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Artıq çox ciddi islahatlar aparılıb. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyik ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxaracaq. Son illərdə Azərbaycan böyük həcmdə müasir silah-sursat, texnika almışdır. Ona görə də bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir. Dövlət başçımız demişdir: “Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir”.

Bununla belə, beynəlxalq aləmdə artıq hər kəsə məlumdur ki, Azərbaycan sülhpərvər ölkədir və bizim dövlətimiz Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin qarantıdır. Belə olmasaydı, dünyanın inkişaf etmiş sivil, demokratik, təhlükəsizlik tərəfdarı olan ölkələri və beynəlxalq təşkilatları Azərbaycanla bərabərhüquqlu, qarşlıqlı əməkdaşlığın inkişafına can atmazdı. Biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qururuq. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminik ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq.

Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır və 2013-cü il bu baxımdan çox əlamətdar olmuşdur. 2013-cü il dekabrın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın etibarlı strateji tərəfdaş kimi tanındığını bir daha sübuta yetirdi. TAP, TANAP və ”Şahdəniz-2” layihələrinin gerçəkləşdirilməsi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bəlkə də buna görədir ki, beynəlxalq ekspertlər sazişi “XXI əsrin müqaviləsi” adlandırırlar. Azərbaycan öz təbii qazının Avropaya və Türkiyəyə çatdırılmasını nəzərdə tutan bu layihəni imzalamaqla Cənubi Qafqazın lider dövləti olduğunu bir daha təsdiqlədi.

Ötən illər ərzində Azərbaycan beynəlxalq tədbirlərin nüfuzlu məkanı kimi də dünya birliyinin diqqətini cəlb etdi. Keçən il aprelin 7-8-də Davos İqtisadi Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan regionda aprıcı ölkə olduğunu bir daha təsdiqlədi. Belə ki, Davos Forumu ilk dəfə olaraq Xəzər sahillərinə gətirildi. Bu forumu təşkil etməklə ölkəmiz sadəcə regionun iqtisadi cəhətdən aparıcı ölkə olduğunu beynəlxalq arenada təsdiq etdirmədi, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz ilə Orta Asiya inteqrasiyasında həlledici ölkə olduğunu göstərdi. Davos İqtisadi Forumu özü də Bakıda təşkil edilən tədbiri məhz regionda, xüsusən də Azərbaycanda müşahidə edilən iqtisadi artım aspektindən xarakterizə etmişdir. Forumun açıqlamasında bildirilirdi ki, sonuncu onillik ərzində Cənubi Qafqaz və Mərkəzi regionları davamlı iqtisadi artım və inkişaf yolunu keçmişlər. Bu inkişaf yolunda bir çox ölkələr öndə gedirlər. Azərbaycanın iqtisadi inkişafı keçən onillik ərzində ikirəqəmli ədədlərlə ifadə olunurdu. Qazaxıstan və bu regionun digər ölkələri isə öz biznes potensiallarını genişləndirmək üçün iri addımlar atırdılar. Regionun hələ də istifadə olunmamış resursları var ki, bunlara da təbii sərvətlərini, Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən regionun strateji mövqeyini göstərmək olar.

Azərbaycan sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını da uğurla davam etdirir. Bununla bağlı paytaxtımız Bakı şəhərində dünyada böyük nüfuza malik olan siyasi, elm din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur. Növbəti belə bir tədbir keçən il mayın 29-da Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə baş tutan forumun əsas tərəfdaşları dünyanın nüfuzlu beynəlxalq təşkilatları və onların əlaqədar qurumları — YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı idi. Forumun əhəmiyyətini artıran məqamlardan bir də o idi ki, nüfuzlu tədbirdə beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin keçmiş prezidentləri, dünyanın 100-dək ölkəsindən gələn nazirlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edirdilər.

Heydər Əliyev Mərkəzində 2013-cü il oktyabrın 31-də öz işinə başlayan Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu da dünyanın diqqət mərkəzində olmuşdur. Forumda 70 ölkədən 800-ə yaxın yüksək səviyyəli qonağın iştirak etməsi də onun beynəlxalq əhəmiyyətindən xəbər verirdi. Tədbir çərçivəsində keçirilən “dəyirmi masa”larda müasir dünyada əhəmiyyətli olan fikirlər səsləndirilmişdir. “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya rəhbərlik edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və direktoru Leyla Əliyeva bu gün Bakının dünyanın sürətlə dəyişən şəhərlərindən biri olduğunu, forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin bunu tam əks etdirdiyini bildirmişdir. Leyla Əliyeva tolerantlığın bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsi olduğunu qeyd etmiş, ekoloji məsələlərə diqqət yetirməyin vacibliyini vurğulamışdır.

Azərbaycan Qərbə inteqrasiya etməklə yanaşı, İslam ölkələri ilə də əlaqələrini genişləndirir və həmin ölkələrdə yaşanan problemlərə diqqəti cəlb etmək üçün müxtəlif humanitar təşəbbüslərlə çıxış edir. Keçən il iyunun 11-də rəsmi Bakının təşəbbüsü ilə Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilib. Konfransda İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurası, İnkişaf Naminə İslam Həmrəylik Fondu və İslam İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin İƏT üzvü olan ölkələrin nümayəndələri — xarici işlər nazirləri, XİN-in rəsmi nümayəndələri, Bakıda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak etmişlər. İstər bu tədbirdə, istərsə də digərlərində aparılan müzakirələrdən sonra əldə olunan nəticələr bir daha belə deməyə əsas verdi ki, Azərbaycan Cənubi Qafqazın işıq saçan mayakıdır və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.

Ümumiyyətlə, Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasının qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi və Prezident İlham Əliyevin bu istiqamətdə irəliyə doğru atdığı qətiyyətli addımlar 2013-cü ildə də ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirdi.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında