Müxalifət nümayəndələri də bu qurumun iflasa uğradığını etiraf edirlər
Son günlər müxalifət düşərgəsində “Milli Şura”dan istefa verilməsi ilə əlaqədar sanki yarış keçirilir. Müsavat Partiyasından sonra “EL” Hərəkatı da qurumu tərk etməyi qərara alıb. Reneqat Eldar Namazovun dəstəsinin üzvləri arasında artıq bu istefanı reallaşdıranlar da var. “El” Hərəkatı sədrinin müavini Zəfər Quliyev “Milli Şura”nı tərk etməsi barədə bəyanat da yayıb. O, istefasını bu qurumun ümidləri doğrultmaması və artıq öz funksiyasını başa vurması ilə əlaqələndirib. Z.Quliyev öz bəyanatında bildirir: “Uzun sürən düşüncələrdən sonra mən formalaşdırılmasında aktiv iştirak etdiyim təşkilatdan çıxmaq barədə qərar qəbul etmişəm”.
Onu da qeyd edək ki, Müsavat Partiyasına və “EL” Hərəkatına qədər də bir-birinin ardınca “Milli Şura”dan istefaların şahidi olmuşduq. İstefa verənlərin əksəriyyəti bu qurumun antimilli dairələr tərəfindən idarə olunduğunu etiraf etmişlər. Eyni zamanda bildirilirdi ki, “Milli Şura” uzunömürlü təşkilat olmayacaq. Bu qurumun ömrü prezident seçkilərinə qədər olacaq. Əsas vəzifəsi isə ölkədə seçkiöncəsi qarşıdurma və çaxnaşma yaratmaqdan ibarət idi. Bunu hadisələrin gedişi də göstərdi. Ancaq antimilli ruhlu qurumun rəhbərliyi düşmənlərimiz qarşısında götürdüyü öhdəliklərə nail ola bilmədi. Çünki “Milli Şura” əsasən radikal müxalifət nümayəndələrindən təşkil olunmuşdu. Xalq isə radikalizmə nifrət edir. Bunu zaman-zaman ölkədə keçirilən seçkilərdə də müşahidə etmişik. Son 20 ildə ölkəmizdə keçirilən bütün seçkilərdə radikal müxalifətin biabırcasına məğlub olması xalqın onlara nifrətinin nəticəsidir.
“Milli Şura” meydana atılan vaxtdan yazırdıq ki, bu qurum da radikal müxalifətin əvəlllər yaratdığı qurumlardan heç nə ilə fərqlənməyəcək və prezident seçkiləri başa çatan kimi “Milli Şura” da tarixin arxivinə atılacaq. Ancaq bu qurumun üzvləri iddia edirdilər ki, “Milli Şura” uzunömürlü olacaq. Bu iddiada olanlardan biri də Müsavat Partiyasının funksionerləri və bu partiyanın başqanı İsa Qəmbər idi. Müsavat Partiyası “Milli Şura”dan çıxması ilə əlaqədar verdiyi bəyanatda bu qurumun prezident seçkiləri ilə əlaqədar yaradıldığını etiraf etmək məcburiyyətində qaldı. Eyni zamanda cəmiyyətə də bəlli idi ki, “Milli Şura” ya toplaşan şəxslər də ölkənin ictimai-siyasi rəyinə və bütövlükdə siyasi hakimiyyət uğrunda mübarizənin gedişinə ciddi təsir edəcək insanlar deyildilər. Ona görə də bu qurum hansısa bir siyasi nailiyyətə imza ata bilməzdi. “Milli Şura” ya toplaşanların hay-küylü, dəbdəbəli bəyanatları da heç bir nəticə vermədi. Çünki xalq uzun illərdir ki, radikal müxalifətin belə çeynənmiş və nimdaş bəyantlarından, yalanlarından bezib. Arxasında siyasi güc, siyasi elektorat, bütünlükdə əhalinin müəyyən təbəqələri dayanmayan, cəmiyyətə təsir etmək imkanına malik olmayan bu cür qurumların yaranması siyasi şou səviyyəsindən uzağa gedə bilməzdi.
“Milli Şura” xarici düşmən dairələrin ideyası əsasında yaransa da, bu, ölkəmizin siyasi həyatında heç nəyi dəyişə bilmədi. Onsuz da radikal müxalifət düşərgəsində təmsil olunan insanlar zaman-zaman müxtəlif adlar altında birləşir və bu seçkilərdə mütləq qalib gələcəklərini bildirirdilər. Son anda yenə də aralarında münaqişə yaranır və seçki ərəfəsində dağılırdılar. Xalq belə xəyanətkarların “birliyinə” oyuncaq kimi baxır.
Artıq hər şey arxada qaldı və radikal müxalifətin böyük hay-küylə yaratdığı “Milli Şura” da ömrünü başa vurdu. Bütün bunları bilə - bilə guya bu qurumun sədri olan Cəmil Həsənli iki gündən bir bəyanat verərək deyir ki, “Milli Şura” bundan sonra da işini davam etdirəcək. Ancaq bunlar yaddaşlara zorla dürtülməkdən başqa bir şey deyil. Bunu bir vaxtllar bu qurumda təmsil olunan partiya sədrləri də təsdiqləyirlər. Məsələn, ACP sədri Sülhəddin Əkbər “Milli Şura”nın fəaliyyətinin bundan sonra davam etdirməsinə şübhə ilə yanaşır. O, bu qurumdakı istefa “yarışına” münasibət bildirərkən bu qənaətə gəlib. Partiya sədri bildirib ki, yaranmış vəziyyət hər kəsə məlumdur və bu vəziyyətdən çıxış yolları axtarılır. Onun deməsinə görə, hərə çıxış yolunu bir cür görür. Böhrandan çıxış yolları axtarılsa da, heç bir ümid yolu görünmür. Çünki “Milli Şura”dan istefalar ara vermir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da “Milli Şura”nı boş bir forma adlandırıb və bu qurumun ömrünün başa çatmasını təbii hesab edib. O, Müsavat Partiyasının bu qurumdan çıxmasına münasibət bildirərkən deyib ki, “Milli Şura” hələ Rüstəm Məmməd İbrahimoviçin Azərbaycana qayıda bilmədiyi və yaxud da onun Azərbaycana qayıtmasına ehtiyac yaranmadığı vaxtdan dağılmışdı. Partiya sədri hesab edir ki, “Milli Şura” nə Müsavat, nə də AXCP demək deyildi, “Milli Şura” Rüstəm Məmməd İbrahimoviç demək idi. O da gəlmədiyinə görə, “Milli Şura” artıq mahiyyət etibarilə məhv olmuşdu. Sadəcə olaraq, yerdə qalan boş forma idi və Müsavat Partiyası da həmin formanı dağıtdı. Bununla da hər şey başa çatdı. ADP sədrinin sözlərinə görə, “Milli Şura”nın sonunun belə olacağı əvvəlcədən bəlli idi: “Biz “Milli Şura” yaranmamışdan, o ideya ortalığa atılarkən demişdik ki, “Milli Şura”nın sonu belə olacaq. Bu gün də “Milli Şura”da baş verənlər bizim dediklərimizin əyani sübutudur”.
“Milli Şura”nın öz fəaliyyətini davam etdirməsi iddiasında olanlar bunu sübut etmək üçün yanvarın 10 - da bu qurumun sessiyasını keçirməyi qərara almışdılar. Ancaq istəklərinə nail ola bilmədilər. Çünki 4-5 nəfərdən başqa kimsə qurumun tədbirinə qatılmayıb. Ona görə də sessiyanın keçirilməsi baş tutmayıb. AXCP-nin qərargahında keçirilən görüşdə AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər iştirak ediblər. “El” Hərəkatının sədri reneqat Eldar Namzov və onun dəstə üzvləri dəvət olunsalar da, onlar bu tədbirə qatılmayıblar. İndi fikir verin, görün “Milli Şura” nə günə düşüb ki, hətta, buqələmun Eldar Namazov da bu qurumdan uzaqlaşıb. Bu görüşdə “Milli Şura”nın sessiyasının çağırılması barədə razılaşma əldə etmək mümkün olmayıb. ACP sədri S. Əkbər görüşdən sonra açıqlamasında deyib ki, müxalifət daxilindəki qarşıdurma sessiyanın vaxtının müəyyənləşdirilməsinə imkan verməyib.
Qondarma qurumun sədri C. Həsənli də “Milli Şura”nın sessiyasının dəqiq tarixinin hələ məlum olmadığını bildirib. Bunu toplantıda yetərsayın olmaması ilə əlaqələndirən C.Həsənli ümidlərini yenə də hansısa xarici təşkilata bağlayıb. Kimsə bu təşkilata qrant ayırarsa, “Milli Şura”nın fəaliyyətində dönüş yaranacağına ümid edənlər hələ də var. Nə vaxta qədər ermənipərəst və antiazərbaycan dairələr tərəfindən bu quruma çirkli pullar axıdılırdı, radikal müxalifət nümayəndələri “Milli Şura”nı bol-bol tərifləyirdilər. Elə ki, qrant kəsildi, bu qurumun da ömrü başa çatdı. 20 ildir ki, partiya sədrliyindən əl çəkə bilməyənlər radikal müxalifətçilyi özlərinə peşə hesab edirlər. Əsas vəzifələrinin ölkədə qarşıdurma yaratmaq, araqarışdırmaq və xəyanət olduğunu düşünən əli kərimlilər, isa qəmbərlər artıq meydanlarda tək qaldıqlarını hiss etməyə başlayıblar və indi də bir-birilərini didir. Yaratdıqları “Milli Şura” kimi qurumlar isə qısa vaxt ərzində arxivin bir küncünə atılır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.