AXCP və Müsavat Partiyası açıq savaşa başladılar

 

 

 

 

Dəfələrlə qeyd etdiyimiz həqiqətlər artıq real həyatda açıq şəkildə özünü göstərməyə başladı. Xarici antimilli, antiazərbaycan dairələrin layihəsi olan, fəaliyyət istiqamətlərinin əsas konturları da məhz həmin dairələr tərəfindən müəyyənləşdirilən və xalq arasında  heç bir vəchlə Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi kimi qəbul edilməyən “Milli Şura” adlı qondarma qurum, sözün həqiqi mənasında, iflasa uğradı. Yarandığı gündən bəri müxtəlif qondarma iddialarla rəqiblərini ittiham edən, radikal düşərgədə liderliyi ələ almağa çalışan, ancaq buna heç vaxt nail ola bilməyən Müsavat Partiyası, nəhayət ki, yeni ilin ilk həftəsində bu qurumu dağıtmağa nail oldu.  Belə ki, yanvarın 6-da  partiya divanının keçirdiyi iclasda qondarma qurumu tərk etmək barədə qərar qəbul edilib. Qərarda qeyd edilir ki, “Milli Şura” prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından “Milli Şura” artıq missiyasını başa çatdırıb.  Bununla da  “Milli Şura” SİDSUH, DUH, DUBB, “YES”,  “Azadlıq bloku”,  Məşvərət məclisləri və digərlərinin aqibəti ilə üzləşdi.

Müsavat Partiyası “Milli Şura”nı tərk etməsi ilə bağlı rəsmi bəyanat da yayıb. Bəyanatda deyilir ki,  partiya Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm “Milli Şura” daxilində, həm qondarma qurumdan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü. Bildirilir ki, Müsavat Partiyasının bu təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə, mütəffiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narazılıqla qarşılanıb.

Müsavat Partiyasının divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan “Milli Şura”nın bundan sonrakı fəalliyətində Müsavat Partiyası üzvlərinin iştirakını məqsədəuyğun saymır.

Təbii ki, məsələyə ən sərt reaksiya Müsavat Partiyasının “tarixi düşməni”  olan AXCP-dən gəldi. AXCP funksionerləri İsa Qəmbəri və onun komandasını “əqidəyə xəyanət” etməkdə, hakimiyyətlə sövdələşməyə getməkdə ittiham etdilər. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı dərhal bəyan etdi ki, Müsavat Partiyasının “Milli Şura”dan çıxması, artıq bu partiyanın siyasi kursunun dəyişməsi deməkdir: “İndiyə qədər Müsavat Partiyası Rüstəm İbrahimbəyovun  fəxri sədrliyini bəhanə gətirirdi və onun istefasından sonra “Milli Şura”dan çıxmaq qərarının qəbul edilməsi onu göstərir ki, belə bir qərar əvvəlcədən mövcud idi, sadəcə uyğun bəhanə axtarılırdı". Onun sözlərinə görə, təbii ki, bu qərar AXCP ilə münasibətlərə də təsirini göstərəcək: “AXCP üçün prioritet əməkdaşlıq ”Milli Şura"da təmsil olunan qüvvələrlədir və bu baxımdan Müsavat Partiyasının “Milli Şura”dan kənarlaşması siyasi kursun dəyişməsi olduğuna görə, AXCP ilə Müsavat Partiyası arasında əməkdaşlıq imkanlarını da aradan qaldırır”.

Bundan əvvəl isə AXCP rəyasət heyətinin üzvü və mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu özünün köşə yazısında ad çəkmədən Müsavatı deputat mandatı üçün hökumətin xeyrinə işləməkdə ittiham edib: “Müsavat adı altında indidən 2015-ci ildə mandat alverinə hazırlaşan bəzi partiya funksionerlərindən özümü Rəsulzadəyə daha yaxın bilirəm. Bu arqumenti gətirməklə onu sübut etmək istəmişəm ki, xaricdə yaşayan və ya yaşamağa məcbur edilmiş şəxsiyyətlərimizi “başqa dövlət qarşısında öhdəliyi var” deyib, ləkələmək absurddur. Bu bəhanə də suallardan yayınmağa kömək etmədi. Açıq danışaq, “Milli Şura”ya hücum etmək üçün növbəti bəhanəniz nə olacaq? Nə istəyirsiniz bu “Milli Şura”dan? Hökuməti məmnun etməkdə məqsədiniz nədir?”

Bütün bu ittihamlara qarşı Müsavat Partiyasından cavab özünü çox gözlətməyib. Partiya funksionerləri AXCP-nin onu hakimiyyətlə sövdələşməyə getməkdə ittiham etməsini hiddətlə qarşılayıblar və bu ittihamların yeni olmadığını bildiriblər. Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə Əli Kərimlini nəzərdə tutaraq deyib ki,  partiyanın opponentlərinin hakimiyyətlə eyni mövqedə olmasından dərin təəssüf hissləri keçirir. O qeyd edib ki, Müsavat Partiyası indiyə qədər hakimiyyətlə heç bir sövdələşməyə getməyib və bundan sonra da getməyəcək. AXCP-nin Müsavat Partiyasına bu cür qısqanc münasibət bəsləməsinə gəlincə isə, başqan müavini bu sualı AXCP-yə ünvanlamağı məqsədəuyğun hesab edir: “Müsavat Partiyası AXCP ilə həmişə əməkdaşlığa hazırdır. Məsələ daha çox AXCP-nin rəyindən və mövqeyindən asılıdır”.

Onu da qeyd edək ki, ötən günlərdə AXCP Müsavat Partiyasının iki təşkilat arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklifinə yox cavabı verib. Bunun gözlənilən olduğunu deyən Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib ki,  AXCP “Milli Şura” daxilində mübarizəni təklif edirdi. Müsavat Partiyasının “Milli Şura”ya yanaşması birmənalı deyildi. Burada da fikir ayrılıqları özünü büruzə verdi və nəticədə hər kəs öz yolunu seçdi. Müşavir qeyd edib ki, artıq 2014-cü il başlayır və siyasi fəaliyyətin konturları cızılarkən təzə il böyük önəm daşıyır: “AXCP ilə Müsavat Partiyası arasında münasibətlər zaman-zaman gərginləşib, sonra gərginlik keçib və yenidən bir çatı altında birləşiblər. İndiki dövrdə ən optimal yol bu partiyaların ayrılmasıdır. Bu partiyalar bir müddət birlikdə mübarizədən kənarda qalsınlar, təklikdə özlərini göstərsinlər”.

S.Əlisoy hesab edir ki, gələcəkdə birləşmək üçün bu ayrılma labüddür. Müsavat Partiyası başqanının müşaviri əlavə edib ki, hər iki partiya bir neçə nəfərin istismarında olmamalıdır. 

“Yeni Müsavat” qəzeti yazır ki,  AXCP ilə Müsavat arasındakı gərginlik, qarşılıqlı ittihamlar sosial şəbəkəni və medianı başına götürüb. Beləliklə, Müsavat Partiyası ilə AXCP arasında fikir ayrılığı və funksionerlərin bir-birinə qarşı ittihamları 2014-cü ildə də davam etməkdədir. Müsavat və AXCP funksionerləri sosial şəbəkədə, mediada ayrı-ayrılıqda və ümumilikdə bir-birini ittiham edirlər, bəzi hallarda təhqirlərə belə yol verirlər. Artıq AXCP-nin bəzi funksionerləri Müsavat Partiyasının indi fəaliyyət göstərən rəhbərliyi ilə yanaşı, partiyanın qurucusu Məhəmməd Əmin Rəsulzadəni də təftişə və hədəfə alıblar. Müəllif qeyd edir ki, belə bir vəziyyətdə bu partiyaların birgə fəaliyyət göstərməsi və siyasi səhnədə müttəfiq kimi qalması mümkün deyil.

Müxalifət mətbuatı “Milli Şura”nın üzvü Zəfər Quliyevin də açıqlamalarına yer verib. O bildirib ki, Müsavatla AXCP arasında gərginlik yeni deyil. Bu partiyalar zaman-zaman müttəfiq olurlar, bir koalisiyada birləşirlər, sonra isə aralarında gərginlik yaşanır: “Adətən seçkilər başa çatandan sonra, bəzən isə hətta başa çatmamış bu partiyalar arasında yenidən ziddiyyətlər yaranır. Təəssüf ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü il prezident seçkilərindən sonra da eyni vəziyyət yaşandı və yaşanır. Bu iki partiya arasında illərdir ki, yığılmış bir-birinə qarşı inamsızlıq, ittihamlar yenidən üzə çıxdı. Son günlər buna daha çox təşəbbüs göstərən partiya kimi AXCP çıxış edir. AXCP ilə Müsavatın bu cür münasibətləri tək “Milli Şura”ya yox, bütün demokratik düşərgəyə mənfi təsir edir.

“İctimai Palata”nın da qalıb-qalmaması məsələsini məhz həmin iki partiyanın münasibətləri gündəmə gətirir". Z.Quliyevin fikrincə, “Milli Şura” faktiki olaraq AXCP-nin dominantlığı üzərində qurulan bir quruma çevrilir. Ümumiyyətlə, siyasi ekspertin sözlərinə görə, Müsavatla AXCP-ni birləşdirən və ayıran məqamlar ondan ibarətdir ki, hər ikisinin elektoratı faktiki təxminən eyni və oxşar elektoratdır: “Bu partiyaların ən sıx birliyi son üç ildə “İctimai Palata” və “Milli Şura” formatında oldu. Lakin hər iki variantda gördük ki, səmimi birlik sonadək alınmır. Bunun səbəbləri, kökləri ayrı bir mövzudur və geniş təhlil etmək olar”.

Müsavat Partiyasının “Milli Şura”nı tərk etməsinə BAXCP-dən və KAXCP-dən də münasibət bildirilib. BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib ki,  Əli Kərimli ilə İsa Qəmbər arasında uzun zamandır mübarizənin, dava-dalaşın hökm sürməsi məlum idi. Bunun real nəticələrindən biri də Müsavatın “Milli Şura”dan çıxması oldu. O, həmçinin qeyd edib ki, bundan sonra AXCP və Müsavat Partiyaları arasında qalmaqal daha da böyüyəcək. KAXCP-nin sədr müavini Xəzər Teyyublu isə bildirib ki, Müsavat Partiyası qondarma qurumdan çıxmaqla müxalifətin birliyinə xələl gətirdi, bu isə onların özləri üçün heç bir müsbət addım ola bilməz. O, həmçinin əlavə edib ki, “Milli Şura” yarananda müxalifəti bir ideya altında birləşdirmək düşünülürdü, lakin belə olmadı: “Milli Şura” yaradılarkən vahid ideya ətrafında birləşmək düşünülürdüsə, buna xələl gətirən qüvvələr ortaya çıxdı”.

Çox maraqlı bir məqamdır. “Milli Şura” daxilində ayrı-seçkilik salan, təfriqə, düşmənçilik yaradan, sürəkli çəkişmələrə rəvac verən partiyalar olan AXCP və Müsavat hegemonluq iddiası ucbatından həmişə radikal düşərgəni darmadağın edirlər. Qeyd etdiyimiz kimi, Müsavat hegemonluq etmək istəsə də buna gücü çatmadı və çıxış yolunu qondarma qurumu tərk etməkdə gördü. Bu isə müxalifətdə parçalanmanı daha da dərinləşdirdi.  

Xaricdəki antiazərbaycan qüvvələrin hərtərəfli köməyindən yetərincə bəhrələnən Müsavat Partiyası və onun başqanı İsa Qəmbərə bu işdə öz köhnə təcrübəsi də yaxından kömək etdi. Çünki o hələ Əbülfəz Elçibəyin dövründən fitnə-fəsad yaratmaq, tor qurmaq, intriqalar törətmək kimi məsələlərdə peşəkarlıq nümayiş etdirmişdi. Bir məsələ də var ki, İsa Qəmbərin Əbülfəz Əliyevin dövründə törətdiyi əməllərdəki məqsədi aydın idi: prezidenti gözdən salmaq, imkan düşən kimi yox etmək və hakimiyyətə təkbaşına sahib olmaq. Bəs “Milli Şura”nı parçalamaqla hansı məqsədə çatmaq istəyir? Bunu gələcək göstərəcək.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında