“Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”

 

Bu fikirlər ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb

 Bu gün böyük nailiyyətlər əldə edərək qüdrətli dövlətə çevrilən Azərbaycan Respublikası, bütövlükdə, Cənubi Qafqaz regionunun gələcək inkişafı və Qərbə inteqrasiyası istiqamətində mühüm addımlar atır, bütün dövlətlərlə, mühüm beynəlxalq təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı əlaqələri davam etdirməklə bölgəni  həm də əməkdaşlıq məkanına çevirir. Bu reallıqları görən bütün qüdrətli dövlətlər rəsmi Bakı ilə münasibətlərin inkişafına xüsusi önəm verir, onun həyata keçirdiyi elmi əsaslara söykənən, balanslaşdırılmış xarici siyasəti dəstəkləyir. Dünyanın supergücü olan Amerika Birləşmiş Ştatları da özünün strateji tərəfdaşı hesab etdiyi Azərbaycanla əlaqələrə xüsusu əhəmiyyət verir. Ölkəmizin demokratiya sahəsində, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə qazandığı uğurları,  qətiyyətlə reallaşdırdığı enerji strategiyasını alqışlayır.  ABŞ Dövlət katibi Con Kerrinin “Şahdəniz-2” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da bu fikirlər öz əksini tapmışdır.

Bu məqamda onu da yada salaq ki, keçən ilin noyabr ayında ABŞ Prezidenti Barak Obama üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətiylə dövlət başçımız İlham Əliyevə ünvanladığı təbrik məktubunda da rəsmi Vaşinqtonun ölkəmizlə və onun ali rəhbərliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır. Cənab Barak Obama xüsusilə qeyd etmişdir ki, strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrin regional sabitliyə mühüm töhfələr verdiyini də qeyd edən ABŞ Prezidenti bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışladıqlarını və rəsmi Vaşinqtonun tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qaldığını nəzərə çarpdırmışdır.

Amerikanın lideri onu da bəyan etmişdir ki, biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq və bütün sahələrdə sıx əməkdaşlığın davam etdirilməsini arzulayırıq. 

ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd olunan məqamlar isə bir daha göstərir ki, Amerika ölkəmizin regiondakı əhəmiyyətini anlayır və Avropanın enerji təhlükəsizliyində oynadığı xüsusi rolu yüksək qiymətləndirir. Həqiqətən də Azərbaycanın bir sıra sahələrdə, o cümlədən Xəzər dənizinin karbohidrigen ehtiyatlarının Avropa bazarlarına çıxarılması istiqamətində həyata keçirdiyi müstəqil siyasət alqışa layiqdir. 1994-cü il  sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə qlobal neft sazişi  olan “Əsrin müqaviləsi”nin imzalanması, böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik tələb edirdi. Xəzər regionunda beynəlxalq əməkdaşlığın təməlini qoyan bu müqavilə Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün mühüm  strateji əhəmiyyət daşıyırdı. Məhz “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı.

Müstəqil Azərbaycan enerji startegiyasını uğurla həyata keçirərək 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmasına nail olmuş, sonra – 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra — 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub Qaz Boru Kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı enerji əməkdaşlığını daha da dərinləşdirmişdir. 2011-ci ildə isə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır.

İki il öncə Türkiyə ilə Transanadolu qaz boru kəməri layihəsi barədə tarixi saziş imzalandı. Burada  Azərbaycanın payı 80 faizdir. Yəni bu, o deməkdir ki, layihənin icrasına dair bütün əsas məsuliyyəti və maliyyə öhdəliyini üzərimizə götürmüşük. Eyni zamanda, TANAP-a rəhbərliyi üzərimizə götürmüşük və əminik ki, bu, uğurlu nəticəni şərtləndirən amil olacaqdır. Bu, bizim üçün, tərəfdaşlarımız üçün çox vacib məsələdir. Bu, şaxələndirmə məsələsidir. Şaxələndirmə dedikdə, əlbəttə ki, əsasən mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Azərbaycan qazı dünya üçün, Avropa üçün yeni enerji mənbəyidir. Avropa bazarları bizim üçün çox cəlbedicidir, çünki bu bazar çox böyükdür. Bu, liberallaşdırılmış, qanunvericiliklə tənzimlənən bazardır. Burada biz istehsalçı və istehlakçı arasında maraqlar balansı kimi çox mühüm məsələyə yaxınlaşırıq. Əlbəttə ki, tranzit ölkələri də unutmaq lazım deyildir. Bu maraqların qovuşması enerji layihələrinin uğurlu icrası ilə nəticələnəcəkdir. Bu layihələr onilliklərlə, bəlkə də yüz il və daha çox müddətdə davam edəcək layihələr olacaqdır.

Heç kəsə sirr deyil ki, Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Aşkar edilən üç əsas yataq - “Şahdəniz”, “Ümid” və “Abşeron” ölkəmizin  əsas qaz ehtiyatlarını təşkil edir. Yəqin ki, növbəti illərdə yeni yataqların da aşkar edilməsinin şahidi olacağıq. Bu gün isə Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən qat-qat çoxdur. Bəlkə də buna görədir ki, beynəlxalq ekspertlər keçən il dekabrın 17-də imzalanan “Şahdəniz-2” layihəsi üzrə sazişi  “XXİ əsrin müqaviləsi” adlandırırlar. Azərbaycan öz təbii qazının Avropaya və Türkiyəyə çatdırılmasını nəzərdə tutan bu layihəni imzalamaqla Cənubi Qafqazın lider dövləti olduğunu bir daha  təsdiqlədi. Layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.

“Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması da gündəmdə olan məsələlərdəndir. Keçən il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən ildə 10 milyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir. Bundan əlavə, keçən il sentyabr ayının 19-da “Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən  artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühüm “mavi yanacaq” ixracı marşrutu sayılan “Cənub”  qaz dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır. Bütövlükdə isə “Şahdəniz-2" layihəsi çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər — 3500 kilometrdən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq. Təbii ki, bütün bunlar reallaşdırıldıqdan sonra Avropanın enerji xəritəsində əsaslı dəyişiklik olacaq və Azərbaycan qitə ölkələrinin enerji təhlükəsizliyinin təminində daha da yaxından iştirak edəcəkdir.

Məhz bütün bunları nəzərə alan  ABŞ Dövlət katibi Con Kerri Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik məktubunda qeyd etmişdir ki,  “Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə 17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir:  “Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir".

ABŞ Dövlət katibi onu da bəyan etmişdir: “Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”.  Bu ifadə Azərbaycan ilə ABŞ-ın çox mühüm strateji tərəfdaşlar olduğunu və rəsmi Vaşinqtonun ölkəmizin apardığı daxili və xarici siyasətə dəstək verdiyini təsdiqləyir. Çünki bizim dostluğumuza həyat verən ən önəmli amil milli maraqlarımızın üst-üstə düşməsidir.

Keçən il mayın 29-da Heydər  Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı baş tutan “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq və bu, nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. 

Bizim xarici siyasətimiz və enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı hörmətə, dəstəyə əsaslanır. Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir. Biz bütün sahələrdə regionun əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğumuzu qarşlıqlı, bərabərhüquqlu əməkdaşlığın bütün tərəflər üçün  faydalı olacağını bəyan etmişik. ABŞ - Azərbaycan münasibətləri də bu çərçivədə inkişaf edir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında