Rüstəm Məmməd İbrahimoviç “Milli Şura”dan istefa verdi

 

 

Bəzi radikal müxalifət nümayəndələri bu qurumun üzvü olduqlarından xəcalət çəkdiklərini bəyan edirlər

“Milli Şura” yeni yarananda bu qurumun heç bir perspektivi olmayacağı barədə ilk fikirlər elə müxalifət düşərgəsindən səslənmişdi.  Çünki, bu qurumun məqsədi və məramı heç kimə bəlli deyildi. Digər tərəfdən, “Milli Şura”nın antiazərbaycan dairələr tərəfindən yaradıldığı iddia olunurdu.

Bu quruma ermənipərəst mövqeyini gizlətməyən, başqa bir ölkənin vətəndaşı olan kinorejissor Rüstəm Məmməd  İbrahimoviçin  sədr təyin olunması isə çox mətləblərdən xəbər verirdi.  İşdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən qovulanlarla bərabər, xəyanətkarların və satqınların, həmçinin öz maddi maraqlarını hər şeydən üstün tutanların dərhal  “Milli Şura”ya üzv olmaları  bu qurumun məqsəd və vəzifələrini  tez bir zamanda ortaya qoydu.  Bir sıra  müxalifət nümayəndələri   “Milli Şura”nın bəzi xarici təşkilatların sifarişi ilə yaradıldığı barədə açıq fikirlər səsləndirdilər. Ona görə də bu quruma üzv olmaqdan imtina etdilər. Hətta Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu qurumun sədri  Rüstəm  Məmməd İbrahimoviçlə İcra Aparatının rəhbəri, reneqat  Eldar Namazovun həbs olunmasını tələb etdi. Partiya sədri fikrini əsaslandıraraq deyib ki, “Milli Şura”nın başqa bir ölkənin  vasitəçisi olaraq Azərbaycanda həyata keçirmək istədiyi plana qarşı çıxmaq lazımdır. Ə.Əliyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təhdid altına salmağa cəhd edən şəxslər dərhal həbs olunmalıdırlar.

Politoloq Cümşüd Nuriyevin də “Milli Şura” haqqında fikirləri diqqəti cəlb edirdi. O, bu qurumu əhəmiyyətsiz, xarici dairələrin ssenarisi əsasında yaradıldığını bildirmiş və “Milli Şura”nın sədri  Rüstəm Məmməd  İbrahimoviçin  ölkəmizdə qarşıdurma yaratmaq istəyən dairələrin sifarişlərini yerinə yetirdiyi barədə açıqlama vermişdi. Politoloq “Milli Şura”da təmsil olunanları savadsız, Azərbaycan Konstitusiyasından bixəbər adlandırmışdı. C.Nuriyev demişdi ki,  ağıllı insanlar “Milli Şura”da olmayacaq. Çünki,  “Milli Şura”nın 1 qəpiklik qiyməti yoxdur.

Belə fikirlər istənilən qədər səsləndirilmişdi. Müxalifətdə olan siyasi partiyalar, həmçinin digər politoloqlar, ictimai - siyasi xadimlər də “Milli Şura”nın tezliklə dağılacağını bildirirdilər.

Budur, deyilənlər artıq özünü büruzə verdi. Qurumun fəxri sədri Rüstəm Məmməd İbrahimoviç “Milli Şura”nın kəlmeyi-şəhadətini oxudu. Yayılan məlumatlara görə, o, “Milli Şura”nın fəxri sədri adından da  imtina edib. 2013-cü il mayın 28-də kinorejissor Rüstəm Məmməd İbrahimoviçin  təşəbbüsü ilə yaradılan bu qurumun fatihəsini də elə o, özü verdi. Görürsünüzmü, “Milli Şura” cəmi  7 ay yaşadı. Bu müddət ərzində “Milli Şura” üzvləri  bir neçə dəfə ölkədə aranı qarışdırmağa cəhd göstərsələr də, onların bəd niyyətləri baş tutmadı. Xalq isə prezident seçkilərində bu qurumun namizədinə “yox” deməklə radikalizmə nifrətini açıq şəkildə göstərdi. Artıq Rüstəm Məmməd İbrahimoviç “Milli Şura”nın lüzumsuz qurum olduğunu dərk etdi və qurumun fəxri sədri adının üzərindən götürülməsi barədə qərar qəbul etdi.

Rüstəm Məmməd İbrahimoviç də “Milli Şura”dan istefa ilə əlaqədar verdiyi bəyanatda etiraf edib ki, bu qurum iki-üç partiyanın ittifaqına çevrilmişdi. Əslində, elə idi. Müxalifət düşərgəsinə də bəlli idi ki, “Milli Şura” AXCP və Müsavat partiyası tərəfindən idarə olunurdu. Bu partiyaların son 20 ildə bütün seçkilərdə məğlub olmaları göz önündədir və bu fakt bir daha təsdiqləyir ki,  həmin partiyaların xalq arasında heç bir nüfuzu  yoxdur. Rüstəm Məmməd İbrahimoviç də təsdiqləyib ki, bu iki partiya  iyirmi il ərzində  bir - birinə qarşılıqlı irad və ittihamlar səsləndirməklə məşğuldur.

Bəyanatdan bəlli olur ki,  Müsavat Partiyasının bu quruma üzv olmasında əsas məqsədi partiyanın başqanı İsa Qəmbəri “Milli Şura”ya sədr gətirmək və prezident seçkilərində müxalifətin prezidentliyə vahid namizədi kimi irəli sürmək imiş. Müsavatçılar buna nail ola bilmədiyindən Rüstəm Məmməd İbrahimoviçin təbirincə desək, “öz destruktiv hərəkətlərini  ört-basdır etmək üçün” min oyundan istifadə edirlər.

Kinorejissor “Milli Şura”nın fəxri sədrliyindən istefasının səbəbini belə əsaslandırıb: “Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim “Milli Şura”nın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların “Milli Şura”ya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm”. Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”nın fəxri sədri statusundan istefa verməsindən sonra, daha dəqiq desək, bu qurumun kəlmeyi-şəhadətini  oxuduqdan sonra yeni istefalar başlanıb. Artıq heç kim ölü təşkilatın sıralarında qalmaq istəmir.

Bir sıra radikal müxalifət nümayəndələri isə “Milli Şura”nın, sanki, antimilli ruhda kökləndiyindən indi xəbər tutublar və belə bir təşkilata üzv olduqlarından xəcalət çəkdiklərini bildiriblər. Belələrindən biri də  “Milli Şura”nın üzvü ( artıq sabiq), “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevdir. O, bu qurumdan istefa verdiyini bəyan edərək deyib ki, “Milli Şura”nın kəlmeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər.

Göründüyü kimi, radikal müxalifətin mitinq və digər aksiyalarda səsləndirdikləri şüarların yersiz, əhəmiyyətsiz və mənasız olması barədə mütəmadi olaraq səsləndirilən fikirlər artıq bu düşərgənin nümayəndələri, hətta həmin aksiyaların iştirakçıları  tərəfindən də etiraf olunur.  “EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bəyan edib ki, artıq “Milli Şura”da  təmsil olunmaq  məsələsi öz mənasını itirib. O, hələ də  “Milli Şura”da  təmsilçiliyinin nədən ibarət olduğunu aydınlaşdıra bilmir. E.Quliyev bəyan edib ki, “Milli Şura”nın növbəti sessiyasında bu qurumdan istefa verdiyini  açıqlayacaq. O, hətta səmimi etiraf edərək deyib: “Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm”. Onun sözlərinə görə, digər üzvlər də qurumu tərk edəcəklər. “EL” Hərəkatının təmsilçisi Müsavat Partiyasının funksionerlərini də satqınçılıqda ittiham edib. O, bütün oyunların arxasında Müsavat Partiyasının “gözəl aktivliyi”nin  dayandığını iddia edərək bu partiyanın bəzi şəxslərinin  kimlərinsə qarşısındakı öhdəliklərini yerinə yetirdiklərini bildirib. “Milli Şura”nın sədri Cəmil Həsənli bu qurumu saxlamaq üçün, guya, icra aparatını yenidən formalaşdırıb və  qondarma təşkilatı müsavatçıların boykotundan xilas etmək üçün İsa Qəmbərin oğluna aparatda “iş” də verib.

C.Həsənlinin Müsavat başqanının oğlunu məqsədli şəkildə  qurumun icra aparatına cəlb etmək cəhdi heç bir nəticə verməyib. Həmin partiyanın funksioneri Arif Hacılı da bunu təsdiqləyib. Müsavatçıların əsas məqsədi İsa Qəmbəri “Milli Şura” ya sədr seçdirmək, bununla da onu başqanlıq kreslosundan qoparmaqdır. Axı, illərdir ki, Arif Hacılı Müsavat Partiyasının başqanı olmağa çalışır. Ancaq İsa Qəmbəri başqanlıq kreslosundan qopara bilmirlər. Ona görə də Rüstəm  Məmməd İbrahimovişin  fəxri sədrlikdən istefa verməsi Arif Hacılını əməlli - başlı sevindirib. O, bu məsələ ilə əlaqədar  açıqlamasında deyib ki, Rüstəm Məmməd  İbrahimoviçin “Milli Şura”nın həmsədri, ya da fəxri sədri olması indiki durumda Azərbaycan müxalifətinin xeyrinə deyil. O, Rusiya vətəndaşıdır. Onun Rusiya qarşısında müəyyən öhdəlikləri var. Orada öz peşə fəaliyyəti ilə məşğuldur. Buna görə də Rusiyadan xeyli dərəcədə asılıdır.

 Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”dan uzaqlaşması bir qədər əvvəl bu qurumdan istefa vermiş digərləri tərəfindən də rəğbətlə qarşılanıb. Onlar da etiraf ediblər ki, artıq bu qurumun da  arxivin küncünə atılmağının vaxtı çatıb.  Bir qədər əvvəl “Milli Şura”dan istefa vermiş sabiq spiker Rəsul Quliyev hətta Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”ya fəxri sədr seçilməsini də istəmirmiş. R.Quliyev “Milli Şura” üzvlərini “uşaq-muşaq” adlandırıb və Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”nın fəxri sədrlik statusundan  istefa verməsini “uşaqlara verilən dərs” hesab edib. R.Quliyev deyib ki, “Mən Rüstəm müəllimin yerinə olsaydım, heç fəxri sədr olmağa razılıq verməzdim. Biz hamımız uşaq olmuşuq və ən qəribəsi uşaqlıq illəri xatirələrdə daha çox həkk olaraq qalır. Hamınızın yadınızdadır, bəzi uşaqlar həmişə uduzardı, həmişə uduzmağını boynuna almazdı, gücü varsa, zor tətbiq edərdi, gücü yoxsa, dilini kəsməzdi. Adətən, öyrəşmişik ki, sanballılar bu “uşaq-muşağa” baş qoşmazdılar. Bəzən belə xarakterlər insanlarda ölənə qədər davam edir. Bizim müxalifətdə bir çoxları bu mərəzlə xəstələnib və müalicə olunmaq fikirləri yoxdur. Kimlərinsə bu vay-şivən salan hərəkətləri Rüstəm müəllimi əsəbiləşdirdi və nəhayət, o, “uşaq-muşağa” baş qoşmamaq qərarına gəldi".

Rəsul Quliyev müxalifətin bu gündən sonrakı vəziyyətini də şərh edərək deyib: “İndi arenada olan müxalifət üçün yeganə bir proqnoz ola bilər. Təntənə ilə növbəti məğlubiyyətə hazırlaşmaq.”  Radikal  müxalifətin 20 ilə yaxındır ki,  nailiyyətsizlik sindromunda çabaladığını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da təsdiqləyib. O deyib ki, müxalifətin   öz arasında uzlaşma yoxdur. Çünki, uzun müddət nailiyyətsiz siyasət müxalifətin qüvvələrində problem yaradıb. Siyasətdə “nailiyyətsizlik” adlı xəstəlik də mövcuddur. Bu xəstəlik eyni cərgədə olan siyasi qüvvələri bir-birinə qarşı qaldırır.

Partiya sədri bildirib ki, dünya təcrübəsində də belə hallara rast gəlmək mümkündür: “Bu xəstəliyin simptomu uzun illər mübarizə aparıb, heç bir nəticə əldə edə bilməyəndə rəqib kimi qarşısındakını yox, yanındakı dostunu görməkdir. İndi Azərbaycan müxalifətində belə proses gedir. Diqqətlə fikir verək. Hansı bir qədər fərqli-liberal fikir söyləyirsə, ona satqın, əsl müxalifət olmayan və s. şəkildə ittihamlar irəli sürürlər. Bu həmin nailiyyətsizlik sindromunun əlamətidir. Uğursuzluğun səbəbini əks tərəfdə deyil, yanında duran dostlarında axtarırlar. Burada söhbət özünü radikal adlandıran müxalifətdən gedir. Məsələn, istənilən müsavatçıdan soruş, deyəcək ki, AXCP üzvlərinin hamısı satqındır. AXCP üzvlərindən də soruşduqda müsavatçılara satqın deyəcəklər. Çünki, yanaşmanın özü radikaldır”.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında