Əslində biz artıq on ildir ki, sosial-iqtisadi inkişaf sürətinə görə dünyada ön yerlərdən birini tuturuq. Bu gün Azərbaycanda xalq-iqtidar həmrəyliyi elə səviyyədədir ki, ölkə əhalisinin mütləq əksəriyyəti respublikamızın həyatındakı istənilən ictimai-siyasi hadisənin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısı olur. Yəni, 2003-cü ilin oktyabrından bəri yola saldığımız bütün illər bizim hər birimiz üçün əlamətdar hadisələrlə zəngin olmuşdur.
“2013-cü il bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçımızın Dünya Azərbaycanlılarına növbəti müraciətindən seçdiyimiz sitatdan da göründüyü kimi gənc müstəqil dövlətimiz bu ilin fevralında kosmosa öz rabitə peykini çıxararaq dünyanın aparıcı dövlətləri ilə yanaşı dayanmaq haqqı qazandı.
Bəzən insanlar siyasi hadisə deyəndə belə hesab edirlər ki, söhbət mütləq seçkidən, referendumdan və ya qurultaydan, konfransdan gedir. Əslində isə elə məsələlər var ki, haqqında o qədər də söhbət açılmasa da, adını çəkdiyimiz siyasi yüklü məsələlərdən qətiyyən geridə qalmır. Məsələn, 2013-cü ilin əvvəlində Amerika Birləşmiş Ştatlarının 6 ştatı Ermənistanın indiki Prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi quldur dəstəsi tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı faciələri bilavasitə soyqırımı hadisəsi kimi tanımış, ilin sonunda isə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda rəsmi Vaşinqtonun Azərbaycanın indiki iqtidarı ilə hələ uzun illər əməkdaşlıq etmək arzusunda olduğunu vurğulamışdı.
Fikrimizcə, bu iki məqam ciddi siyasi hadisə kimi qiymətləndirilməlidir. Çünki heç kəsin yadından çıxmayıb ki, ölkəmizə siyasi diletantların rəhbərlik etdiyi dövrdə ABŞ-dakı ermənipərəst qüvvələr Azərbaycanın əleyhinə “907-ci düzəliş” və “Porter əlavəsi” kimi sənədlərin qəbul edilməsinə nail olmuşdular. Prezident İlham Əliyevin siyasətini köklü şəkildə bəyənən indiki Ağ ev rəhbərliyi isə rəsmi Bakı ilə əməkdaşlıqdan məmnunluq ifadə edir. Yəni, bu il bizim qazandığımz ən mühüm uğurlardan biri ABŞ-ın daha 6 ştatının Xocalı soyqırımını məhz soyqırımı olaraq tanımasıdır. Bundan əlavə Çexiya, Bosniya- Hersoqovina və Peru parlamentləri də “Xocalı hadisələri”nə soyqırım olaraq qiymət verib. Ekspertlərin fikrincə, bunlar Azərbaycan üçün çox böyük uğurlardır və bu uğurların qazanılmasında ölkə Prezidentinin son dərəcə böyük diplomatik səyləri öz rolunu oynayıb. Yeri gəlmişkən, bu məsələdə “Heydər Əliyev Fondunun və vitse-prezident Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kampaniyasını xüsusi qeyd etmək zərurəti var. Çünki bu kampaniya Xocalı soyqırımının dünya ictimaiyyətinə olduğu kimi çatdırılması baxımından çox vacib layihələr reallaşdırıb.
2013-cü ildə xalqımız ümummilli lider Heydər Əliyevin 90 illiyini təntənə ilə qeyd etdi. Azərbaycan xalqı öz dahi oğlunun yubileyini yüksək səviyyədə qeyd etməklə ulu öndər Heydər Əliyevə olan sevgisini bir daha bəyan etdi.
Həmin yubiley tədbirlərindən bir ay sonra – iyun ayının 26-da xalqımız Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyini yüksək səviyyədə qeyd etdi. Bakıdakı “Azadlıq” meydanında keçirilən möhtəşəm hərbi paraddan keçən müasir döyüş texnikalarının səsi İrəvanı necə “silkələmişdisə” Ermənistan rəhbərliyi dərhal beynəlxalq təşkilatlara şikayət ünvanladı ki, Azərbaycan neft sektorundan əldə etdiyi vəsaiti sürətlə silahlanmaya sərf edir. Halbuki, onların bu qəbildən olan şikayətlərə qətiyyən haqqı yoxdur. Çünki Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev ölkəmizin hərbi xərclərinin durmadan artırılması barədə faktları istənilən tribunadan, heç kəsdən çəkinmədən, özü də dönə-dönə bəyan edir. Əlavə edir ki, bizim ölkəmizin düşmən tapdağında olan əraziləri azad olunana qədər ordu quruculuğu dövlət büdcəmizdən ən çox vəsait ayrılan sahə olaraq qalacaq. Adıçəkilən paradda Azərbaycanın aldığı ən müasir silahlar, eyni zamanda ölkəmizin istehsal etdiyi silah-sursat nümayiş etdirildi. Prezident İlham Əliyevin paraddakı çıxışından sonra erməni xalqı artıq Serj Sarkisyan və onun rejimindən tələb etməyə başladı ki, belə bir güclü ordu ilə siz necə bacaracaqsınız. Siz ölkəni iqtisadi və sosial böhran məngənəsində məhv edirsiniz. Əhali artıq ölkəndən qaçmağa başlayıb.
Politoloq Elman Nəsirovun dediyinə görə erməni ziyalıları bu ölkədə gedən prosesi “Ağ soyqırım” kimi dəyərləndirirlər.
2013-cü il Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun məsul şəxslərinin fəaliyyətində də oyanışla, irəliləmək cəhdi ilə yadda qaldı. Belə ki, hamının bildiyi kimi bu məsələ ilə bağlı aparılan danışıqlar dalana dirənmişdi. İki il idi ki, prezidentlər səviyyəsində görüşlərin keçirilməsində bir durğunluq yaranmışdı. Nəhayət bu il noyabr ayınnın 19-da Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin 47-ci görüşü keçirildi. Konfliktoloqların fikrincə, bu görüşün keçirilməsi Qafqazın siyasi həyatında vacib hadisədir. Məhz həmin görüşdə tərəflər belə bir qərara gəldilər ki, qarşıdakı aylarda yenidən görüşsünlər. Eyni zamanda xarici işlər nazirləri səviyyəsində təmasların daha da artırılması haqqında ilkin razılıq əldə edildi və bunun məntiqi davamı kimi dekabr ayının 4-də Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Minsk qrupu həmsədrlərinin 2014-cü il yanvar ayının sonlarında regiona növbəti səfərləri gözlənilir. Onlar Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü planlaşdırdıqlarını deyirlər.
Doğrudur, 2013-cü ildə ölkəmizdə onlarla beynəlxalq tədbir keçirildi, həm dövlət baçımız, həm də müxtəlif rəsmi nümayəndə heyətlərimiz çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etdilər. Bu baxımdan payız ayları daha zəngin oldu. Ancaq Azərbaycan xalqının bu ilin payızında keçirilmiş prezident seçkilərində ortaya qoyduğu siyasi iradə və qətiyyət təkcə ölkəmizdə deyil, bütün dünyada böyük əks-səda yaratdı. Sayı 4 minə çatan xarici müşahidəçilərin ölkəmizə gəlməsi və seçki həqiqətlərini öz gözləri ilə görmək istəyi isə beynəlxalq təşkilatların bu seçkiyə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
2013-cü ilin son günləri gənc müstəqil dövlətimiz üçün daha mühüm olan bir tarixi hadisə ilə yadda qaldı. Prezident İlham Əliyev də həmin günü tarixi gün və tədbiri tarixi hadisə adlandırmışdır.
Belə ki, dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun inverstiya qərarı qəbul edildi və müvafiq sənədlər imzalandı. Dövlət başçımız bu hadisəni 1994-cü ilin 20 sentyabr hadisəsi ilə müqayisə etdi və dedi ki, 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi” imzalanmışdısa, biz bu gün növbəti tarixi günü yaşayırıq və biz bu gün - 2013-cü il dekabrın 17-də XXI əsrin müqaviləsini imzalayırıq. Bununla da Azərbaycan qazının 2018-ci ildə Türkiyəyə, 2019-cu ildən isə Avropa bazarına çatdırılacağı gözlənilir. Xatırladaq ki, bu layihədə söhbət 16 milyard kubmetr qazdan gedir. “Şahdəniz-1” layihəsi isə cəmi 9 milyard kubmetr təbii qazın dünya bazarına çıxarılmasını təmin etmişdi. Deməli , yeni layihə ilə ixrac olunacaq qaz əvvəlki layihədən 2 dəfə çox olacaq.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan xalqı nəinki qarşıdan gələn 2014-cü ilə, hətta qarşıdakı bütün illərə nikbinliklə baxa bilər. Çünki bizim ölkənin zəngin təbii sərvətləri var, dövlətimizin və xalqımızın mükəmməl şəkildə idarə olunmasını təmin edən siyasi kursumuz əksər ölkələrə nümunə kimi göstərilir, hakimiyyətin sükanı xalqın böyük əksəriyyətinin etimad göstərib seçdiyi liderin əlindədir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.