Dünya azərbaycanlılarının həmrəyliyi ölkəmizin
beynəlxalq aləmdəki mövqeyini daha da artırır
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli təqvimimizə 22 il əvvəl tarixi bir bayram kimi qəbul edilmişdir. Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyası Milli Həmrəylik və Birlik Gününün təsis edilməsi barədə qərar qəbul etdi. Bu günün hər il dekabrın 31-də qeyd olunması qərara alındı. Eyni zamanda, bu günün bütün Azərbaycanda qeyd olunması üçün Respublika Ali Sovetinə təklif verildi. Bununla da ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur.
Ümummilli liderin siyasi uzaqgörənliyi sayəsində hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təntənəli şəraitdə qeyd edilir. Bu tarixi gün – Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Planetimizin müxtəlif yerlərində yaşayan hər bir azərbaycanlı üçün əziz olan bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlıya əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 31 Dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsillilər də qeyd edirlər.
Müstəqillik yolunda inamla irəliləyən, dinamik inkişaf istiqamətində atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xöşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırmışdır. Müstəqil dövlətimizin hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin qəlbində böyük qürur və iftixar hissi doğurur. Bütün azərbaycanlıların məskəni, tarixi Vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzində olmuş və ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarını sıx birliyə çağırışından sonra bu istiqamətdə daha qətiyyətli addımlar atılmışdır.
Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını getdikcə daha da möhkəmləndirmişdir. Bu bayram artıq mənəvi birliyimizin rəmzinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrindəki strategiyası və bunun nəticəsində qazanılan uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirirdi. Qüdrətli şəxsiyyətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparılması, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha da tanıtmaq üçün müxtəlif tədbirlər görülməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilirdi. Bu qurumların bir-biri ilə, həmçinin Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələr yaratması və əməkdaşlıq etmələri üçün bütün imkanlardan istifadə olunurdu. Ulu öndər dünya azərbaycanlılarının həqiqi həmrəyliyinə nail olmaq üçün bütün imkanlardan bacarıqla istifadə edirdi. Artıq diaspor quruculuğu işində də tədricən əsaslı dönüş yaradılırdı.
Heydər Əliyev bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası ümummlilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə - Azərbaycanla əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli mənəvi dəyərlərimizin, adət - ənənələrimizin, mədəniyyət və incəsənətimizin daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Müdrik şəxsiyyət Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci il may ayının 23-də Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır.
2001 - ci ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Bu qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Tarixi əhəmiyyətli tədbirdə Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ulu öndərə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı dərin mənalı nitqi bu gün də hər bir soydaşımız üçün ən dəyərli nəsihət və tövsiyədir. Dünya Azərbaycanlılarının I Qurultayının açılışı münasibətilə qonaqları və nümayəndələri səmimi qəlbdən təbrik edən Heydər Əliyev həmin çıxışında demişdir: “Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin
I Qurultayını keçirirlər...
Biz, Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibindəikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, biz daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq. 1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir. Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir”.
Qurultayın böyük əhəmiyyət kəsb etdiyini vurğulayan ulu öndər demişdir ki, Azərbaycan dövlət müstəqilliyni əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur: Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyanın bir çox uzaq ölkələrindən Azərbaycana, doğma Vətənə gəlmiş soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da sıx ünsiyyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasında daha fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əlaqələrini möhkəmləndirəcəklər. Hesab edirəm ki, qurultay bu sahədə, azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün, dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm tarixi bir mərhələdir.
2002-ci il iyulun 5 - də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Bu tarixi əhəmiyyətli fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir. Çünki Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etməkdən ibarət idi.
Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərm Prezidentimiz İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq yaratmaq sahəsində qətiyyətli addımlar atmış, mühüm əhəmiyyətli sənədlər imzalamışdır. Bu sahədə ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Dünya xalqları arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdir.
Ulu öndərin dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, dünya azərbaycanlılarını birləşdirmək kimi tarixi bir missiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi bu sahədə əsaslı dönüş yartmışdır. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər və görülən işlər dünya azərbaycanlılarının bir-birinə daha da yaxınlaşmasına, doğmalaşmasına səbəb olmuşdur. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Bu yaxınlaşma Azərbaycan xalqının tarixində növbəti bir mərhələnin başlanmasına səbəb olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbrikində də dövlətimizin diaspor təşkilatlarına indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini xüsusi vurğulayaraq demişdir:“Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcək”.
Dövlətimizin başçısı demişdir ki, birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.