Modernləşmə və ictimai şüur

 

 

 

Şüur və ictimai şüur problemi bütün  dövrlərdə nəinki fəlsəfə, hətta digər elm sahələrində çalışan alimlərin də diqqətini cəlb etmiş, bu məsələyə dair müxtəlif nəzəriyyələr irəli sürülmüş və ideyalar söylənilmişdir. Bu gün də bu məsələ xüsusilə fəlsəfə və psixologiya elmlərinin məşğul olduğu ən aktual problemlərdən biri olaraq qalmaqdadır.

Çünki bir tərəfdən elmi təfəkkürün inkişafı, digər tərəfdən isə insanların və onların həyatında baş verən dəyişikliklər istər şüurun mənbəyinin və istərsə də ictimai şüurun məzmun və strukturunda baş verən dəyişikliklərin səbəblərinin öyrənilməsini vacib tələb kimi elmin qarşısına qoyur. İnsan və cəmiyyət həyatında baş verən ictimai mahiyyətli hadisə dəyişikliklərinin əsasında istər şüur və istərsə də ictimai şüur amili dayandığına görə bu amili öyrənmədən, onun lokal və universal xassələrini açmadan nəyəsə nail olmaq mümkünsüzdür. Əgər şüur əvvəldən verilmiş, yaxud mövcud olan beyin potensialı və bu potensialın düzgün istiqamətlənməsi, yaxud istiqamətləndirilməsi ilə bağlıdırsa, ictimai şüur daha çox tərbiyə və cəmiyyət həyatında mövcud olan həyat tərzi ilə bağlıdır.

Şüur real halda mövcud olanlar haqqında duyğu orqanlarının verdiyi informasiyaların təhlili ilə yanaşı, həm də özü-özünə referentlik edir. Bu referentlik beynin özünəməxsus olan xassədir və bu xassənin əmsalı müxtəlifdir. Yəni məşhur “ağ lövhə” nəzəriyyəsi beyin potensialının eyniliyinə yox, müxtəlif səviyyələrdə olan potensialın hərəkətə gətirilməsinə aid ola bilər. İstər təhsilin müxtəlif səviyyələrində, istərsə də elmin müxtəlif sahələrində qarşılaşdığımız faktlar bunu təsdiq edir. Əlbəttə, burada zəhmətkeşlik, iradə və məqsədyönlü fəaliyyət kimi amilləri də nəzərə almamaq olmaz.

Şüur amili ictimai şüur üçün də əhəmiyyətli rol oynayır. Lakin ictimai şüur daha çox fərdin ictimailəşməsi, yaxud sosiallaşması ilə bağlıdır. Belə ki, sosiallaşmayan yüksək səviyyəli fərdi şüur daha çox zərər verə bilər. Sosiallaşmış, yaxud ictimailəşmiş şüur isə həm lokal, həm də universal əhəmiyyətli şüurdur. İctimai şüuru gündəlik həyatla, bu həyatın aşıladığı empirik, adi, yaxud kütlə şüurundan fərqləndirmək lazımdır. Bu baxımdan ictimai varlığın yaratdığı şüur heç də hələ ictimai şüur deyil. Adi, empirik, yaxud kütlə şüurudur. Bu şüurun tərkibində olan ictimailik elementləri isə adət-ənənə, arxetipiklik və mentalitetlə bağlıdır. Hərçənd bunlar heç də həmişəlik sabitliyə malik deyillər. Ya onların məzmununda tarixən bu və ya digər dəyişiklik əmələ gəlir, ya da bütövlükdə dəyişirlər. Buna görə nə adət-ənənəni, nə də mentaliteti və ona uyğun olaraq arxetipliyi mütləqləşdirmək, toxunulmaz bir şey kimi qəbul etmək olmaz. Əgər söhbət sosial genetikadan gedirsə, genetikanın özündə belə irsiliklə yanaşı, dəyişkənlik də vardır. Həm də seleksiya, irsən mövcud olanların müxtəlif cür cütləşdirilməsi yolu ilə ən yaxşı bir çeşidin alınması üsulları vardır. Deməli, insanın ağlı və praktik bacarığı hər şeyi dəyişdirmək, yeni olanı yaratmaq qabiliyyətinə malikdir. Lakin həmin yeni o zaman faydalı olur ki, bu, heç nəyə zərər vermədən bütövlükdə cəmiyyətə, insanlara xidmət edir.

Bu isə ictimai şüurun qarşıya qoyduğu tələbdir. Burada biz adi, empirik kütlə şüuru səviyyəsindən daha yüksək şüur pilləsinə qalxırıq. Başqa sözlə, empirik şüurdan nəzəri şüur səviyyəsinə keçirik. Bu keçid ümumiyyətlə düşüncə, təfəkkür sahəsinə aid olduğu kimi, ictimai şüur səviyyəsinə də aiddir. Həm də ictimai şüur öz mahiyyəti etibarilə elmi şüur üçün də bir növ kamerton rolu oynayır. Elmi şüurla ictimai şüur müəyyən məsələlərdə hətta qarşı-qarşıya dururlar. Atom enerjisindən istifadə, biotexnologiyanın bəzi məsələlərində hələ bu gün də elmi şüurla ictimai şüur qarşı-qarşıya durur. Qloballaşma, beynəlmiləlçiliklə şovinizm, separatlılıq müasir dünyanın ciddi problemləridir. Mübahisələr davam etməkdədir. Yəqin ki, elm və texnologiyanın inkişafı ilə daha yeni məsələlər meydana çıxacaqdır.

Əgər şüurun dəyişməsi bütövlükdə elmin texnika və texnologiyanın dəyişməsi, yeni paradiqmaların meydana gəlməsi və s. ilə bağlıdırsa, ictimai şüurun dəyişməsi, artıq deyildiyi kimi, insanların və cəmiyyətin həyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər köklü məzmuna malik olduqda ictimai şüurda baş verən dəyişikliklər də köklü, yaxud əsaslı olur.

İctimai şüur cəmiyyət həyatının real gerçəkliyinə əsaslanan, lakin bu gerçəkliyin hamı üçün faydalı olan ümumi cəhətlərini əks etdirən abstrakt fenomendir. Lakin bu abstraksiya elə qurulmalıdır ki, o, gerçəklikdən uzaq düşməsin, gerçəkliyin əsas sütunları üzərində qurulsun, dünyagörüşünə, ümumi niyyətə çevrilərək yaşayış və fəaliyyətə istiqamət verə bilsin. Bu isə cəmiyyət həyatını, onun bütün tərəflərini, bu tərəflər arasındakı əlaqələri dərindən təhlil edə bilən  nəzəriyyəçilərə aid olan məsələdir. Burada hansısa bir siyasi-ideoloji platformada deyil, vətəndaş mövqeyində dura bilmək vacibdir. Hər hansı siyasi-ideoloji platforma, yaxud platformalar isə buna uyğun, yaxud uyğun olmaya bilər. Buna görə də akademik R.Mehdiyevin dediyi kimi, əsas məsələ yeni təfəkkür, düşüncə tərzinin formalaşmasına xidmət edə biləcək yaradıcı ideya və şübhəsiz ki, əməli əhəmiyyəti olan tövsiyələr verməkdən ibarətdir. Burada siyasi ittihamlar, kimisə damğalamaq praktikası isə yanlış və zərərli praktikadır.

İnsanların qarşılıqlı iqtisadi, siyasi, mədəni və s. münasibətləri əsasında yaranan və formalaşan cəmiyyətin mövcudluğunun əsası elədir ki, o, heç vaxt birdəfəlik verilmiş, yaxud müəyyənləşmiş alqoritmlərlə yaşamır və buna görə də o bu alqoritmləri tədrici, yaxud böyük sürətlə dəyişdirir. Həmişə eyni alqoritmlərlə yaşamaq darıxdırıcıdır, yerində saya-saya mürgüləməkdir. Müəyyənləşmiş, daşlaşmış ənənələr əsasında yaşamaqdır, yaxud ənənəvi cəmiyyətdə yaşamaqdır. Belə cəmiyyətlər inkişafdan geridə qalan cəmiyyətlərdir. Buna görə də ictimai şüurun daşıyıcıları olan insanlar mövcud ictimai mühitdə ya islahatlar aparmaq, hansısa yenilikləri gətirmək, ya da mövcud olanı köklü surətdə dəyişdirmək niyyəti ilə çıxış edirlər. Lakin bu elə prosesdir ki, burada bir nəfər deyil, böyük bir ictimailəşmiş fəal qüvvə iştirak edir. Bu ictimailəşmiş fəal qüvvə isə daha fəal, kreativ liderlərin ətrafına toplaşır. Deməli, ictimai varlıq heç də özü-özünə yox, insanların düşüncə və fəaliyyəti əsasında dəyişir. Lakin bu düşüncə və fəaliyyət son dərəcə ölçülüb-biçilmiş və planlı halda olmalıdır. Belə olmadıqda keçən əsrin 80-ci illərinin sonunda və 90-cı illərinin birinci yarısında baş verən dağılma halı meydana çıxa bilər. Təsadüfi deyil ki, tanınmış rus filosofu A.Zinovyev “perestroykanı” “katastroyka” (uçurub-dağıtma) adlandırırdı. Yəni bütün ziddiyyətlərinə, çatışmazlıqlarına baxmayaraq, böyük bir imperiya birdən-birə, heç kimin təsəvvürünə belə gətirə bilmədiyi bir sürətlə uçulub dağıldı. Tarixdə mövcud olan imperiyaların heç biri belə bir sürətlə dağılmamışdı. Bu dağıntı iqtisadi, siyasi, sosial həyatla birlikdə mənəvi sahədə, ictimai şüurda da bir boşluq, çaşqınlıq yaratdı. Nəyə inanmaq, kimə inanmaq, nəyi ideal saymaq məsələsi bütün kəskinliyi ilə meydana çıxdı. Axı insanın təbiəti elədir ki, o, həmişə hansısa bir ümidlə, nəyi isə gözləməklə, hansısa bir arzuya çatmaq ümidi  ilə yaşayır. Bunlar həm ayrıca bir fərdə, həm də cəmiyyətə xas olan dəyərlərdir. Fərq isə şüur, dərketmə səviyyəsindən asılıdır. Kimi öz fərdi həyatı səviyyəsində, kimi isə bütövlükdə cəmiyyət səviyyəsində düşünür. Hətta dünya səviyyəsində düşünənlər də az deyil. Əlbəttə, bunlar daha çox filosoflardır. Çünki fəlsəfi düşüncənin mahiyyəti elədir ki, o, hər hansı konkret şey, hadisə və məkan çərçivəsindən kənara çıxır, universal olana doğru gedir.

Cəmiyyət həyatında təsəvvürə belə gəlməyən sürətli dəyişiklik mənəvi sahədə də boşluq yaradır. Bu boşluğa hansısa bir ictimai ideal daxil ola bilməyəndə (belə ictimai idealı işləyib hazırlamaq, onu inanc formasına salmaq çox çətin və mürəkkəb məsələdir) oraya çox böyük sürətlə  din daxil olmağa başlayır. Çünki din insana həm bu dünyada yaşamaq üçün, həm də ölümdən sonrakı əbədi dünya üçün ruha xoş gələn, onun rahatlığını təmin edən vədlər verir. Həm də bu, çox sadə və anlaşılan olduğu üçün əksəriyyətin ruhuna daxil ola bilər. Onun irrasional məqamlarına gəldikdə isə bu, heç sadə adamları maraqlandırmır da. Onlar dini doqmaları sadəcə olaraq inanc kimi qəbul edir və ona riayət etməyə başlayırlar. Din insanı öz həyatı ilə razılaşmağa, taleyi ilə barışmağa, yaşadığı kimi yaşamağa və Allaha dua edərək onun yardımına ümid etməyə çağırır. Təmkinlilik, dözümlülük dinin əsas pesfulatlarındandır. Lakin sadəcə olaraq dəb xatirinə, ümumi əhval-ruhiyyəyə uyğun olmaq xatirinə dinə tapınanlara da rast gəlinir. Hətta bir neçə surə və ayəni əzbərləyərək yeri gəldi-gəlmədi onları söyləyənlər və özləri başa düşdüyü səviyyədə şərh edənlərə də rast gəlmək mümkündür. Belə adamlar dinin tarixindən, onun əsas  mahiyyəti, insan və cəmiyyət həyatındakı rolunu başa düşməkdən çox-çox uzaqdırlar. Onlar üçün əsas məsələ dəbə, mühitə uyğunlaşmaqdır. Belə adamlar dinə də öz maraqları çərçivəsində yanaşırlar. Din kimi müqəddəs bir inanc mənbəyindən də qazanmaq məqsədi ilə istifadə edirlər. Din isə özünün bütün mahiyyəti ilə belə şeylərin əleyhinədir və onu lənətləyir. Əslində elə akademik R.Mehdiyevin işlətdiyi “marginallaşmış ictimai şüur” anlayışı da belələrinə aiddir. Çünki bunlar öz həyat və yaşayışlarını hansısa bir ardıcıl pozitiv əhəmiyyətli fəaliyyətdə deyil, rəngdən-rəngə düşməkdə, buqələmluqda, hətta ən yaxşı halda belə ucuz konyuktura ilə məşğul olmaqda görürlər. Belə adamların hətta özləri üçün belə hansısa prinsipial dəyərləri olmur. Yəni bu qruplar nəinki hansısa bir ictimai idealdan, hətta fərdi idealdan belə məhrum olan qruplardır. Çünki hər hansı bir ictimai, ideal həyat və fəaliyyət üçün hansı prinsipləri isə üstün tutmaq, nələri isə etməmək lazımdır. Marginal ictimai şüur isə əsasən əvvəldən verilmiş olan kortəbii instinklərlə yaşamaq deməkdir. Əlbəttə, bu marginal qruplara məxsus olan düşüncə tərzi cəmiyyətə heç nə vermədən müxtəlif yollarla cəmiyyət hesabına yaşayan bütün tüfeyli ünsürlərin hamısına aiddir.

İctimai şüur problemini hamı üçün eyni olan hansısa universal qanunauyğunluqlar, yaxud prinsiplər sistemi hüdudunda həll etmək mümkün deyildir. Görünür, bu məsələyə sosial zaman və sosial məkan müstəvisində yanaşmaq lazımdır. Əlbəttə, sosial zaman və sosial məkan şüurun bir fenomen kimi necə meydana gəlməsini izah edə bilmir, onu sadəcə olaraq, mövcud fakt kimi götürür. Lakin ictimai şüura gəldikdə burada sosial zaman və sosial məkan başlıca geterminant rolunu oynayır. Burada sosial zaman və sosial məkan, bir tərəfdən mövcud ictimai şüurun törədicisi, digər tərəfdən isə ictimai şüurun özü sosial zaman və məkanın törədicisi kimi çıxış edir. Başqa sözlə, sosial zaman və sosial məkanla ictimai şüur dialektik əlaqəyə malikdirlər. Hətta elmi nəzəriyyələr və onların praktikada  yoxlanılması və tətbiqi də sosial  zaman və məkanla bağlıdır. Lakin burada həmin məsələni araşdırmaq qarşıya məqsəd qoyulmadığından onu kənara qoyuram. Qısaca olaraq qeyd edim ki, ümumiyyətlə, zaman və məkan vəhdətdə olduğu kimi, sosial zaman və sosial məkan da vəhdətdədir və bu, onların universal xassəsidir. Fərq isə bundadır ki, sosial zaman və sosial məkan əsasən lokal xassələrə malikdir. Yəni bunlar hər bir arealda, regionda, xalqda, ölkədə bir cür, başqalarında isə başqa cür olur. Bu isə təbii-coğrafi mühitlə, tarixiliklə, arxetipikliklə və mentalitetlə müəyyənləşir. Buna görə də zamanın və məkanın yalnız tarixə aid olduğunu gözləmək, onun elmə və fəlsəfəyə aid olmadığını iddia etmək son dərəcə mübahisəlidir.

Bütövlükdə, elmin və fəlsəfənin inkişafı da həm ümumi zaman və məkanla, həm də sosial zaman və məkanla bağlıdır. Əgər belə olmasaydı, biz eradan əvvəlki elm və fəlsəfənin yaranma və inkişafının qədim Yunanıstanla bağlı olduğunu deyil, tutalım, qədim Keniya, yaxud Tanzaniya ilə bağlı olduğunu söyləyər və qəbul edərdik. Yaxud ABŞ, Avropa, Yaponiya və digər inkişaf etmiş ölkələr yeni nanotexnologiyaya keçdiyi bir dövrdə başqa  ölkələr hələ əvvəlki sənaye dövrünə keçmək əzmindədirlər. Çünki sənaye dövrünü keçmədən, o dövrü yaşamadan, birdən-birə, hansısa bir mövcuzəli sıçrayışla post-sənaye dövrünə keçmək mümkün deyildir. Burada söhbət yalnız keçidin sürətindən gedə bilər ki, bu da elmi və texnoloji şüurun (ağlın) və praktikanın inkişafı ilə yanaşı həm də ictimai şüurun inkişafı ilə bağlıdır.

Ölkədə, xalqda, millətdə ictimai şüurun formalaşması isə çox çətin bir problemdir. Bu ictimai şüuru nə hansısa bir və ya bir neçə partiya, nə bir və bir neçə qeyri-hökumət təşkilatı, nə də hansısa digər qurumlar ayrı-ayrılıqda formalaşdıra bilməz. Çünki bunların hər birinin öz məramnaməsi və nizamnaməsi var və buna görə də hər biri özü üçün işləyir və bu da təbiidir. İctimai şüurun formalaşmasında önəmli olan bilavasitə ölkədə  mövcud olan Konstitusiyanın həmin ölkədəki ictimai iqtisadi və mədəni durumu obyektiv əks edilməsi və onun düzgün yerinə yetirilməsidir. Əgər qanunlar istisnasız olaraq yerinə yetirilərsə və hamı qanuna riayət edərsə, ayrı-seçkilik olmazsa, ölkə vətəndaşları bunu gördükdə həm qanunlara, həm də bu qanunların arxasında duraraq onun işləməsinə nəzarət edənlərə hörmətlə yanaşarlar və özləri də qanun çərçivəsindən çıxmazlar. Beləliklə, biz hansı tərəfə, hansı istiqamətə üz tutsaq, istər ictimai şüurda və istərsə də onun ideologiyasında konstitusiyanın mühüm rol oynadığını görürük. Çünki konstitusiya dövlət və cəmiyyət quruculuğunun və dövlətçiliyin əsasıdır. Təsadüfi deyil ki, Platon, Aristotel, Hobbs, Monteskye, Hegel, müasir dövrdə Pareto, Habermas və digər klassiklər özlərinin dövlət nəzəriyyələrinin əsasında mükəmməl konstitusiya və ona birmənalı olaraq riayət olunması məsələsini qoymuş və qoyurlar.

Konstitusiya dövlət və dövlətçilik  deməkdir. Dövlətçilik isə professional biliklə yanaşı, həm də nəinki dövrlə ayaqlaşan, həm də sabahı görə bilən yüksək səviyyəli ictimai şüur və ona uyğun olan praktika deməkdir. Əslində, demokratik prinsiplər üzrə qurulan konstitusiya və onun qanunlarının birmənalı olaraq yerinə yetirilməsi, vətəndaş cəmiyyəti, yaxud vətəndaş cəmiyyətinə aparan yol deməkdir. Vətəndaş cəmiyyəti isə o deməkdir ki, hamı qanun hüdudunda özünün seçdiyi həyat tərzi ilə, əldə etdiyi bilik və bacarıqla, işgüzarlığı, çalışqanlığı və s. ilə  yaşayır və fəaliyyət göstərir.

Demokratiya şəraitində hamı üçün eyni olan norma və qaydalar formalaşır. Bu isə o deməkdir ki, nəzəri məsələlərdən daha çox gündəlik hay-küylə və dəbdə olan ifadələri işlətməklə özünü gözə soxmağa çalışanların indi bizdə olan cəmiyyəti kapitalizm cəmiyyəti kimi təqdim etmələri və bununla da bəzi eybəcərliklər nə isə kapitalizmə xas olan təbii hal kimi təqdim etmələri elmi düşüncənin və elmi yanaşmanın zəifliyindən başqa bir şey deyil. Çünki inkişaf etmiş ölkələrdə, artıq klassik mənada başa düşülən kapitalizm yoxdur. Buna görə də onlar “rifah cəmiyyəti”, “postindusrial cəmiyyət”, “elektron cəmiyyət”, “bilik cəmiyyəti”, “vətəndaş cəmiyyəti” və s. kimi ifadələrdən istifadə edirlər. Bütün bunlar isə yeni, sosial kapitalizmdir. Başqa sözlə, bu cəmiyyətlərdə kapital ayrı-ayrı adamlar, ailələr, qruplar üçün deyil, bütövlükdə cəmiyyətin rifahı üçün işləyir və bu kapitaldan  hərə öz qabiliyyət və bacarığına görə istifadə edir. Hamıda nəyi isə hasil etmək, ortaya çıxarmaq və bununla da fərqlənmək, özünü təqdim etmək meyili var. Burada istehlakçılıq şüuru istehsaldan və onun verdiyi imkandan yaranır, formalaşır. Öz bacarıq və qabiliyyəti ilə nəyi isə ortaya qoymadan yalnız istehlakçılıq və həm də izafi istehlakçılıq şüuru ilə yaşamaq isə parazitlik sayılır və ictimai qınağa səbəb olur. Demokratik cəmiyyət, yaxud vətəndaş cəmiyyəti heç də gəlirlərin bərabər olması deyildir. Burada gəlirlər biliyə, bacarığa, təşəbbüskarlığa, işgüzarlığa əsaslanır və bu prinsip klassik kapitalizmdən sonrakı dövrdə müxtəlif adlarla təqdim olunan bütün cəmiyyətlərə aid olan başlıca prinsipdir.

(ardı var)

Aydın ŞİRİNOV,

 professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında