Radikal müxalifət təmsilçiləri aksiyaya iştirakçı tapa bilməmələrini bu dəfə qarın yağması ilə ört-basdır etmək istəyirlər. Azərbaycan ictimaiyyəti tərəfindən sürətlə unudulmaqda olan “Milli Şura” üzvləri təşviş içərisindədirlər. Onlar yaddaşlardan birdəfəlik silinməmək üçün gah “sessiya”, gah da “mitinq” keçirməyə cəhd edirlər. Ancaq hər dəfə də istəklərinə nail ola bilmirlər. Bu qurumun sonuncu “sessiyası”nda baş verənlər, yəqin ki, hələ də unudulmayıb. Sonuncu toplantı AXCP üzvləri ilə müsavatçılar arasında əlbəyaxa dava və qarşılıqlı ittihamlarla yadda qaldı. Dekabrın 15-də keçirilən mitinq isə iştirakçıların sayının az olması ilə diqqəti cəlb etdi. Bütün bunlar “Milli Şura”nın əhəmiyyətsiz və səviyyəsiz bir qurum olmasından xəbər verir.
“Milli Şura”nın mitinq keçirmək haqqında çağırışına ilk cavab Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, “Milli Şura”nın üzvü Hacıbaba Əzimovdan gəldi. Partiya sədri deyib ki, “ mən “Milli Şura”nın tərkibindən narazıyam. Çünki burada antimilli ünsürlər çoxluq təşkil edir. Bunu tam məsuliyyətlə deyirəm. Bu quruma toplaşanların fəaliyyətindən az-çox xəbərimiz var. Bilirik ki, onlar Azərbaycan xalqına və dövlətçiliyinə xidmət etmirlər. Əksinə, xarici kəşfiyyatla əlaqəli adamlardır”. Məhz bu səbəbdən Hacıbaba Əzimov “Milli Şura”nın mitinqinə qatılmayacağını qabaqcadan bəyan etmişdi.
ADP sədri Sərdar Cəlaloğlu da bu fikirdə olduğunu bildirmişdi. Məsələ o həddə çatıb ki, hətta, “El” hərəkatının rəhbəri, siyasi riyakar Eldar Namazov və onun dəstəsinin üzvləri də bu mitinqə qatılmadılar. Həmişə olduğu kimi, bu dəfə də meydanda AXCP və Müsavat Partiyasının azsaylı üzvləri görünürdü. Bir də ki, muzdlu iştirakçılar. Onlar da tez - tez uca səslə qışqırırdılar: “Tez olun qurtarın da. Soyuqdan qırılıb-batdıq axı. Hərəmizə 10-15 manat pul verəcəksiniz, onu da gözümüzdən gətirirsiniz.”
Mitinqə çox adamın gəlməyəcəyi əvvəlcədən bəlli idi. Çünki mitinqin təşkilatçıları bir-birinə zidd olanlar, sədrlik üstündə dava-dalaş salanlar və yalnız özlərini reklam etmək istəyənlər idi. Onların mitinq keçirməkdə məqsədləri, guya, benzinin bahalaşmasına qarşı çıxmaq idi. Çünki yanacağın qiymətinin artırılmasından iki həftədən də artıq vaxt keçir. Bəs bu vaxta qədər “Milli Şura” üzvlərinin səsi niyə çıxmırdı? Əslində isə “Milli Şura” üzvləri üçün Azərbaycan xalqının problemi, necə yaşaması maraqlı deyil. Xəyanətkar ünsürlərin əsas məqsədi yaranmış fürsətdən istifadə edib gündəmdə qalmaqdır.
Göründüyü kimi, aksiyada çox cüzi iştirakçı var idi. Bakı Şəhər Baş Polis İdarəsinin “Milli Şura”nın keçirdiyi aksiya ilə bağlı məlumatında da bildirilir ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq keçirilən aksiyada 700 nəfərədək iştirakçı olub. Əgər polis əməkdaşlarını və jurnalistləri hesaba almasaq, demək, mitinq iştirakçılarının sayı daha az imiş. Bu onu göstərir ki, Azərbaycan cəmiyyətinin bu insanlara heç bir etimadı, inamı və ümidi yoxdur. Artıq hamıya bəllidir ki, radikal müxalifət öz çirkin niyyətlərini həyata keçirmək üçün bütün vasitələrə əl atır. Həmişə də xalqın təpkisi ilə qarşılaşır. Bu dəfə də belə oldu. “Milli Şura” üzvlərinə elə gəlirdi ki, bahalaşma adı ilə keçirəcəkləri mitinqdə iştirak edənlərin sayı birdən - birə sürətlə artacaq. Onlar düşünürdülər ki, bununla da prezident seçkiləri zamanı itirdiklərini bu aksiyada tapacaq və ermənipərəst beynəlxalq təşkilatlara, habelə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan xarici düşmənlərimizə ölkəmizdə çaşqınlıq yaratmaq üçün imkan yaradacaqlar. Ancaq son anda bir daha dərk etdilər ki, xalq onlara nifrət edir.
Mitinqdə diqqəti çəkən məqamlardan biri də Müsavat Partiyasının funksioneri Arif Hacılının çıxış etməsi idi. Axı dünənə qədər A. Hacılı deyirdi ki, “Milli Şura”nın fəxri sədri Rüstəm Məmməd İbrahimoviç azərbaycançılıqdan uzaq, başqa bir ölkənin vətəndaşıdır. Hətta, Müsavat funksioneri bu qurumda olanları agent adlandırmış, xarici təşkilatlara işləməkdə ittiham etmişdi. O, müsahibələrinin birində demişdi: “Təəssüf ki, “Milli Şura”da Liberal, Açıq Cəmiyyət partiyalarından başqa da heç bir real siyasi fəaliyyətlə məşğul olmayan, əksinə, müxalifət daxilində dedi-qodu, intriqa yaradan, müxalifətin ümumi siyasi xəttinə uyğun gəlməyən təşkilatlar və ayrı-ayrı şəxslər olub, bəziləri indi də qalmaqdadır. Bu qurumda müxtəlif təşkilatların gizli qərarlarını icra edən qüvvələr var”.
Bu səbəbdən də Müsavat Partiyası “Milli Şura”dan çıxmağı qərara alıb. Əslində isə, AXCP üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbərin qondarma “Milli Şura”nın sədrlik postuna sədd çəkdiyindən müsavatçılar cəbhəçilərə qəzəblidirlər. Bu yerdə YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Müsavat Partiyasının funksioneri Arif Hacılının ünvanına səsləndirdiyi fikirləri diqqətə çatdırmaq yerinə düşərdi. S.Novruzov “Milli Şura” üzvlərinin mitinqdən əvvəlki ittihamlarını xatırladaraq deyib: “Təsəvvür edin ki, “Milli Şura”nı ən çox aşağılayan, onun lüzumsuz bir təşkilat olduğunu deyən, qurumun siyasətə təsir etmək imkanlarını sıfıra bərabər hesab edən Arif Hacılı bu qurumun mitinqində çıxış edib. Arif Hacılı “Milli Şura”nın fəxri sədri Rüstəm Məmməd İbrahimoviçi Rusiyaya işləməkdə ittiham edirdi, indi həmin qurumun adından keçirilən aksiyanın təşkilatçılarından biridir. Bu nə paradoksdur? Heç onlar özləri neylədiklərini bilmirlər”.
Ötən mitinqlərdə olduğu kimi, bu dəfə də köhnə, çeynənmiş, mitinq iştirakçılarının dəfələrlə eşitdikləri yersiz, əhəmiyyətsiz sözlər səsləndirildi. AXCP sədri Əli Kərimli və Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin çıxışı mitinq iştirakçıları üçün bir o qədər də əhəmiyyət kəsb etmirdi. Meydana toplaşanlar da bu sözləri eşitməkdən bezdiklərini fit çalmaq, haray-həşir salmaqla nümayiş etdirirdilər. Onlar mitinqin sonunu səbirsizliklə gözləyirdilər ki, pullarını alıb getsinlər.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin toplantıya qatılmaması Müsavat Partiyasının “Milli Şura”dan çıxmasına bir işarə idi. Söz yox ki, Arif Hacılı “İsa Qəmbər Kiyevdə keçirilən mitinqdə iştirak edir” deməklə başqana haqq qazandırmaq istəsə də, buna nail ola bilmədi. Artıq meydana toplaşan cüzi iştirakçılara da məlum oldu ki, AXCP - Müsavat qarşıdurması açıq müstəviyə keçib. Əgər radikal müxalifətin bu mitinqi özlərinin dedikləri kimi, “benzinin bahalaşması ilə əlaqədar” keçirilirdisə, bəs nədən İsa Qəmbər bu toplantıya qatılmayıb?
Əsl həqiqətdə isə, artıq İsa Qəmbər AXCP sədri ilə bir toplantıda görünməyə son verib. Əgər Müsavat başqanı, həqiqətən də, Kiyevdə keçirilən mitinqdə iştirak edirsə, o zaman dərk edəcək ki, həm İctimai Palatanın, həm də “Milli Şura”nın bu vaxta qədər keçirdikləri aksiyalar mitinq yox, kiçik bir qrup toplantısıdır. Belə toplantıları mitinq adlandırmaq isə gülüncdür. Onsuz da gülünc vəziyyətdə olan “Milli Şura” üzvləri belə biabırçılıqdan ibrət dərsi götürən deyillər. Çünki radikallar artıq buna vərdiş ediblər.
Radikal mövqedən əl çəkə bilməyən “Milli Şura” üzvləri bu dəfə də əlləri ətəklərindən uzun meydanı tərk etdilər. Onlara elə gəlib ki, budəfəki mitinqdə meydanda adam əlindən tərpənmək olmayacaq. Çünkiguya sonuncu aksiyanın əsas mövzusu birbaşa insanların yaşayışına təsir göstərən məsələdən-bahalaşmadan gedəcəkdi. Bu da təsadüfən seçilməmişdi. Radikal müxalifət nümayəndələri güman edirdilər ki, sosial məsələləri qabartmaqla mitinqə adam toplaya biləcəklər. Ancaq xəyanətkar qüvvələr unudurlar ki, xalqımızın ən ağrılı yeri Dağlıq Qarabağ məsələsi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır. Dağıdıcı müxalifət isə bu ağrılı məsələləri tamamilə unudub.
Qarın davası, kreslo uğrunda mübarizə, hakimiyyəti qeyri-sivil yollarla ələ keçirmək “Milli Şura” üzvləri üçün əsas məsələdir. Ona görə də radikal müxalifət sonuncu aksiyada da istəyinə nail ola bilmədi. Mitinqə gələn adamlar stadionun heç onda bir hissəsini doldura bilmədilər. “Milli Şura”nın tərəfdarı olmayan bir nəfər də onların mitinq çağırışına səs vermədi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.