Müsavat başqanı: Cəmil Həsənli prezident seçkilərində 4 faiz civarında səs toplayıb

 

 

Radikal müxalifət öz məğlubiyyətini etirtaf etmək məcburiyyətində qaldı

Bu il oktyabrın 9 - da keçirilən prezident seçkiləri artıq iki aydan çoxdur ki, arxada qalıb. Lakin hələ də dünyanın müxtəlif ölkələrindən, nüfuzlu beynəlxalq təşkilatlardan bu seçkilərdə parlaq qələbə qazanmış Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdədir. Bütün bu təbriklər ölkəmizdə prezident seçkilərinin şəffaf, demokratik, azad və  ədalətli şəraitdə keçirilməsindən xəbər verir. Artıq dünya ictimaiyyəti də bu reallığı yüksək dəyərləndirir.

Ölkə başçısına ünvanlanmış təbrik teleqramlarında Azərbaycanın son illərdəki sürətli  inkişafı, demokratik proseslərin, insan hüquq və azadlıqlarının qorunması istiqamətində qətiyyətli addımların atılması və respublikamızın beynəlxalq əlaqələrinin getdikcə möhkəmləndirilməsi xüsusi vurğulanır. Dünyanın  ən qüdrətli dövlətləri bundan sonra da Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək istəyində olduqlarını  bildiriblər.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın  Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubundakı bəzi məqamaları diqqətə çatdırmaqla  ABŞ- ın ölkəmizlə əməkdaşlığa olan marağını bir daha diqqətə çatdırmaq istərdik. Barak Obamanın təbrik məktubunda deylir:

“Hörmətli cənab Prezident, üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq”.

 Prezident Barak Obama Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırmaqla  Əfqanıstanda  ölkələrimizin tərəfdaşlığını sülh yaratma qüvvələrinin tərkibində və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığını yüksək  dəyərləndirib. ABŞ Prezidenti ölkəmizin ən  ağrılı problemi olan  Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu da bildirib.

Dünyanın ən qüdrətli dövlətinin başçısının ölkəmizin inkişafını yüksək qəyərləndirməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu, həm də Azərbaycanda demokratik proseslərin inkişafından, seçkilərin obyektiv, beynəlxalq standartlar səviyyəsində keçirilməsindən xəbər verir.

Hər dəfə ölkəmizdə keçirilən prezident və parlament seçkilərində biabırcasına məğlub olan radikal müxalifət nümayəndələri isə uduzmalarının səbəblərini özlərində yox, iqtidarda axtarırlar. Bu il keçirilən prezident seçkilərində də bunun şahidi olduq. Milli Şura adlı qondarma qurumun prezidentliyə vahid namizədi Cəmil Həsənli seçicilərin çox cüzi hissəsindən səs alsa da, sonradan iddia edir ki, guya o, 65 faiz səs toplayıbmış. Əslində Cəmil Həsənli bu açıqlaması ilə özünü məsxərəyə qoymuş oldu. Çünki siyasət aləmində tanınmayan adamın prezident seçkilərində o qədər səs toplaması qeyri - mümkündür. Üstəlik, onun namizədliyi radikal müxalifət tərəfindən irəli sürülmüşdür. Hansı ki, son 20 ildir ki, ölkəmizdə keçirilən bütün seçkilərdə biabırcasına məğlub olur. Bunun da əsas səbəbi xalqın radikalizmə qatı nifrətindən irəli gəlir. Bu sonuncu prezident seçkilərində də özünü bir daha göstərdi.

Dünyanın inkişaf etmiş demokratik dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq təçkilatların ölkəmizdə keçirilən prezident seçkilərinin beynəlxalq standartlara cavab verməsi barədə rəylərini açıqlamasından sonra radikal müxalifət nümayəndələri nəhayət ki, öz məğlubiyyətlərini etiraf etmək məcburiyyətində qaldılar. Müsavat  Partiyasının başqanı İsa Qəmbər “Azadlıq” Radiosuna müsahibəsində  bildirib ki, “Milli Şura”nın vahid namizədi Cəmil Həsənli prezident seçkisində 200 min civarında səs toplayıb. Bu da  ümumi seçicilərin 4 faizi deməkdir. Yəni bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır ki, demokratik düşərgənin birləşməsi qələbəni təmin etmir. Demokratik düşərgənin vahid namizədlə seçkidə iştirakı qələbəni təmin etmir.

 İ.Qəmbər “Azadlıq" radiosundakı çıxşında bildirib ki, onlar üçün ən uğursuz seçkilərdən biri 2010-cu ildə keçirilən seçki olmuşdu. Ancaq builki prezident seçkiləri ondan da uğursuz oldu.

Özlərini “demokratik düşərgə” adlandıranlar və bu adla “Milli Şura”da toplaşanların əksəriyyəti əslində satqın və xəyanətkarlardan, vəzifə hərislərindən ibarət idi. Bu quruma rəhbərlik edən Rüstəm Məmməd İbrahimoviç isə azərbaycançılıqdan kənar, başqa bir ölkənin vətəndaşlığnı qəbul etmiş, siyasət aləmindən tamamilə bixəbər adam idi. Onun milli mənəvi dəyərlərimizə yad olduğu nəhayət “Mili Şura”nın aparıcı üzvlərindən biri olan müsavatçılar tərfindən də etiraf olundu. Bunu da Müsavat Partiyasının başqanı İsa Qəmbər etiraf etdi. O, müsahibələrinin birində  Rüstəm Məmməd İbrahimoviç haqqında demişdir:“Başqa ölkə qarşısında öhdəliyi olan, Rusiya vətəndaşı olan, Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür. Ona görə də biz bu məsələləri Müsavat Partiyasında dəyərləndirərək, müvafiq qərarlar qəbul edəcəyik”.

Artıq “Milli Şura”ya rəhbərlik üstündə AXCP - Müsavat qarşıdurması son həddə çatıb. AXCP sədri Əli Kərimli bu quruma nəzarəti tam ələ keçirmək üçün sabiq müavini Cəmil Həsənlini quruma sədr seçdirib. Rüstəm Məmməd İbrahimoviçi isə fəxri sədr seçdirməklə müsavatçıları pat vəziyyətinə salıb. Müsavatçılar da asanlıqla məğlub olmaq fikrində deyillər. Partiyanın başqanı İsa Qəmbərin Cəmil Həsənlinin cəmi 4 faiz civarında səs toplamasını etiraf etməsi və  “bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır” deməsi cəbhəçilərə ünvanlanmış mesajdır. İsa Qəmbər demək istəyir ki, Cəmil Həsənli AXCP sədrinin təkidi ilə prezidentliyə irəli sürülmüş vahid namizəddir. Buyurun, bu da AXCP - nin vahid namizədinin topladığı səs. Bundan sonra “Milli Şura”ya sədrlik üstündə qarşıdurma getdikcə gücləndi. Bu mübarizə hələ də davam edir. Müsavatçılar cəbhəçilərin namizədi ilə razılaşmayaraq qurumu tərk etmək qərarına gəliblər.

Cəmil Həsənlinin “Milli Şura”ya sədr seçilməsi bu qurumun ömrünü başa vurması deməkdir. Buna baxmayaraq, bu qondarma qurumun gələcək taleyi hələ də qaranlıq olaraq qalır. Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da  bildirib. O deyib ki, əgər tezliklə “Milli Şura”da aydınlıq yaranmasa, siyasi gündəm müəyyən olunmasa və daxili islahatlar aparılmasa, bu qurum dağılacaq.  Onun fikrincə, hər şey islahatlardan asılıdır. Hazırki vəziyyətdə isə islahatların aparılacağı ehtimal olunmur. Çünki Müsavatın təklifləri qəbul olunmadı. Müsavat təklif edirdi ki, Rüstəm İbrahimbəyov həmsədr olmasın, həmsədrlərin biri AXCP-dən, digəri Müsavatdan olsun. Bu təkliflərin heç biri qəbul olunmadı. Bundan başqa, qurumda strukturların yaranması məsələsində də razılıq yoxdur.

Radikal müxalifətin prezident seçkilərində acınacaqlı məğlubiyyətə uğramasının özləri tərəfindən etiraf olunması bu düşərgədə çaşqınlıq yaradıb. Dünənə qədər seçkilərdə səs qazanmasından danışan, hətta seçkidən sonra AXCP sədrinin tapşırığı ilə xarici səfərlərə çıxan Cəmil Həsənlinin görüşdüyü adamları xalqın onu dəstəklədiyinə inandırmağa çalışması, bu yolla qrant almaq cəhdləri iflasa uğradı. Çünki Müsavat başqanı Cəmil Həsənlinin çox cüzi səs qazanması barədəki müsahibəsi  artıq bütün dünyaya yayılıb. Ona görə də “Milli Şura” üzvlərinin qrant almaq cəhdləri baş tutmayıb və onlar artıq ifşa olunublar. Bu etirafdan sonra Cəmil Həsənli və onu ortalığa atan AXCP sədri sanki qeybə çəkiliblər. Görünür, Müsavat başqanının “bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır” fikrini cəbhəçilər də etiraf etmək məcburiyyətində qalıblar.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında