Müsavat Partiyası da müxalifətin xaricdən asılı olmasını, antiazərbaycan dairələrə xidmət etdiyini təsdiqləyir

 

İyirmi il keçirilən bütün seçkilərdə məğlub olmaq və siyasi səhnədə qalmaq o qədər də asan iş deyil. Bunun üçün çoxüzlü olmaq kifayət  etmir. Başqa  “məqbul” keyfiyyətlər də tələb olunur. Məsələn, siyasi həmfikiri güdaza vermək, iqtidara qara yaxmaq üçün milli dövlətçiliyə badalaq gəlmək,  xalqa ağlagəlməz yalanlar sırımaq və sairə bu kimi mənfi variantların hamısının gündəlik fəaliyyət normasına çevrilməsi.

Bugünkü Azərbaycan müxalifətinin ərzi-halına baxanda həmin keyfiyyətlərin hamısının canlı şahidinə çevrilirik.  Son günlər, daha doğrusu, 2013-cü il prezident seçkilərindən sonra bu qəbildən olan addımlar daha çox atıldı. İndiyədək bir-birini müxtəlif günahlarda və hətta, xəyanətlərdə belə ittiham edənlər indi bir az da radikallaşıb və konkretləşiblər. Çünki söhbət siyasi mövcudluğun qorunub saxlanılmasından gedir.

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının başa vurduğumuz həftənin son günlərində “Publika.az” internet saytına verdiyi “Müxalifət liderinin Rusiyadan asılı olması hamını narahat etməlidir” adlı müsahibəsi də bu baxımdan maraq doğurur. Bəri başdan qeyd edək ki,  adı çəkilən müsahibədə  söhbət əsasən düşərgənin prezident seçkiləri ərəfəsində yaratdığı “Milli Şura”nın ətrafında cərəyan edən proseslərdən gedir. Ancaq orada uzaq məqsədlərə xidmət edən məqamlar daha çoxdur. Yeri gəlmişkən, mən ilk növbədə Arif Hacılının sərlövhəyə çıxarılan ifadəsi ilə qətiyyən razı deyiləm. Müsahibədən bəzi məqamlara diqqət yetirək.

Məsələn, İsa Qəmbərin “Milli Şura”da həmsədr olmaq istədiyini dilə gətirən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Arif Hacılının ifadəsi ilə səviyyəsiz adlandırılır. Soruşmaq istərdik, məgər “Milli Şura”da həmsədr olmaq istəyi  İsa Qəmbərin doğulub böyüdüyü Qarabağı işğal etmiş ermənilərlə siyasi əməkdaşlıq barədə müqavilə imzalamaqdan da iyrəncdirmi? Əlbəttə, yox. Yaxud, Arif Hacılı geridə qalan prezident seçkilərindəki məğlubiyyətlərinin əsas səbəbini növbəti dəfə xalqdan gizlətmək, özlərinin siyasətdə diletant olduqlarını malalamaq üçün yeni bəhanələr uydurur:

“ Siyasi partiyalara fəaliyyət imkanları yaradılacaqsa, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı təmin olunacaqsa, azad və ədalətli seçki keçiriləcəksə, Azərbaycanın protest elektoratı demokratik düşərgənin hər hansı bir namizədinə səs verməyə hazırdır”.  Görünür, Arif Hacılı kənar adamlar bir yana, öz siyasi həmfikirlərinə də yalan sırımağa çalışır.  Axı müxalifət bayrağı altında olanların hamısı seçkilərdəki məğlubiyyətin səbəblərini gün kimi aydın şəkildə bilirlər. Nə qədər müxalifətçinin, xüsusən , müsavatçının bu məzmunlu bəyanatları yayılıb? Heç olmazsa, həmin məqamları unutmasınlar. Arif Hacılı da o biri müxalifətçilər kimi çox yaxşı bilir ki, bu düşərgənin bütün məğlubiyyətinin səbəbi sosial bazanın, proqram və konsepsiyalarının olmamasıdır. Buna baxmayaraq ənənəvi ağa qara, qaraya ağ demək bəlasından əl çəkə bilmirlər:

“Müsavat Partiyası Azərbaycanda siyasətlə məşğul olan təbəqənin əksəriyyətini öz sıralarında birləşdirməyə nail olub. Bu təşkilatın rəhbəri də İsa Qəmbərdir. Bu da İsa Qəmbərin guya birliklər yarada bilməməsi, əksinə birlikləri dağıtması istiqamətində fikirlərin tamamilə əsassız olduğunu göstərir”.  Ağ yalandır. Əgər İsa Qəmbər  siyasətlə məşğul olan təbəqənin əksəriyyətini öz ətrafında birləşdirməyi bacarırsa, onda nə üçün hər seçki ərəfəsində bir qurum yaradılır və həmin qurumlar düşərgə mənsublarının təxminən 80-90 faizinin dediyi kimi bilavasitə İsa Qəmbərin əli ilə dağıdılır? Elə bu yazının əsas qayəsi olan Müsavat Partiyasının “Milli Şura”dan çıxması məsələsi də bir daha sübut edir ki, Arif Hacılı özü bilə-bilə müxalifləri aldadır:

“Müsavat Partiyasının “Milli Şura”dan çıxmaqla bağlı hər-hansı bir qərarı yoxdur. Lakin artıq həm Rüstəm İbrahimbəyov,  həm KXCP rəhbərliyi, ayrı-ayrı şəxslər Müsavat Partiyasının “Milli Şura”dan getməsinin təsirinin olmayacağını, hətta bunun “Mili Şura”nın mənafeyinə uyğun olacağı fikirlərini səsləndirirlər. Yaranmış vəziyyətlə əlaqədar Müsavat daxilində müzakirələr gedir və bu müzakirələr zamanı həm ictimai-siyasi vəziyyəti, eyni zamanda bu məsələlərlə bağlı tərəfdaşların açıqlamalarını və mövqelərini dəyərləndirərək qərarlar qəbul ediləcək”. Yəni Müsavat funksioneri  təkcə “Milli Şura”nın dağılmaqda olduğunu etiraf etmir, həm də onu etiraf edir ki, adıçəkilən şuradakılar Müsavatın oradan getməsini iki əllə dəstəkləyirlər.

Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər guya Azərbaycan - Avropa İttifaqı və Azərbaycan - Rusiya Federasiyası münasibətlərini əsas götürərək demişdi ki, Rusiyanın təsiri altında olan Rüstəm İbrahimbəyovun “Milli Şura”ya sədrlik etməsi Avropada Azərbaycan müxalifətinə inamı azalda bilər.  Ekspertlər tam əminliklə söyləyirlər ki, Müsavat başqanının bu qənaəti sırf “Milli Şura” sədri olmaq istəyinə hesablanıb. Necə ola bilər ki, ermənilərlə siyasi iş birliyi yaradan bir insan  “Milli Şura” kimi qondarma bir qurumun rəhbərliyi məsələsində Azərbaycanın maraqlarını qorusun? Arif Hacılı öz başqanının həmin “məntiq”ini malalamağa çalışır:

“Söhbət təkcə Avropada Azərbaycan müxalifətinə münasibətdən getmir. Uzun illərdir dünyanın güc mərkəzləri Avrasiya məkanında öz təsir imkanlarını artırmaq uğrunda mübarizə aparırlar... Belə bir məqamda Azərbaycanın demokratik düşərgəsinin liderinin, demokratik düşərgə adından çıxışlar etmək, onu təmsil etmək səlahiyyətinə malik olan insanın, xüsusilə, Azərbaycanın dostu olmayan Rusiya kimi bir ölkənin paytaxtında yaşaması, bu ölkənin vətəndaşı olması, bu ölkədən müəyyən aslılıqlarının olması faktı hesab edirəm ki, təkcə İsa Qəmbəri, Müsavatı yox, digər siyasiləri, o cümlədən Azərbaycan cəmiyyətini narahat etməlidir. Hər kəs öz həyat təcrübəsindən, biliklərindən yararlanaraq bu məsələ ətrafında düşünsə, bizim haqlı olduğumuz qənaətinə gələcək”.

Əvvəla, həmin bəyanatdakı “Azərbaycanın dostu olmayan Rusiya” ifadəsi kökündən yalandır. Bu adamlar öz qara niyyətlərini həyata keçirmək üçün Rusiyadakı bəzi antiazərbaycan qüvvələrin köməyindən istifadə etməyə çalışırdılar. Rəsmi Moskva buna imkan vermədi. Ona görə də Rusiyanı “Azərbaycanın dostu olmayan ölkə” kimi qələmə verməyə çalışırlar. İkinci, Azərbaycan dövləti  bütün dünyada öz balanslaşdırıcı siyasətini uğurla davam etdirir. Siz iki-üç dənə cır partiya arasında balanslaşdırıcı dil tapa bilməməyinizin qayğısına qalın.

Bir sözlə, Müsavat funksionerləri müxalifət rəhbərlərinin xaricdən asılılığının mümkünsüz olduğunu dilə gətirməklə qarşıdan gələn parlament seçkiləri ərəfəsində elektorat qazanmaq, siyasi xal toplamaq xülyası ilə yaşayırlar.  Amma, əbəs yerə. Çünki geridə qalan illərin təcrübəsibəsindən də bildiyimiz kimi onların qazandığı xal istənilən seçkidə üç-beş faiz səs toplamağa kifayət edir. Əslində bu məqam bizim üçün o qədər maraqlı da deyil. Azərbaycanın siyasəti də, məramı da dünyada hamıya məlumdur. Sonuncu prezident seçkilərindən dərhal sonra Bakıya ünvanlanan minlərlə məktub beynəlxalq aləmdə bizə olan münasibəti gün kimi ortaya qoydu.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında