Azərbaycan – UNESCO əlaqələri maddi və qeyri-maddi mədəni irsimizin qorunmasına mühüm töhfə verir

 

 

 

Ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan artıq mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bakıda ölkəmizin sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası 8-ci sessiyasında 116 ölkədən 780 nümayəndə iştirak etmişdir. Tədbirdə Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsullarının təqdim edilməsi ölkəmizin mədəni irsini dünya birliyinə daha yaxından tanıdır.

Azərbaycanın belə bir əhəmiyyətli tədbirə ev sahibliyi etməsi xalqımızın zəngin mədəni irsinin qorunması, eyni zamanda, respublikamızın mədəni və turizm imkanlarının təşviq olunması, habelə ölkəmizə marağın daha da artması baxımından böyük əhəmiyyət kəsb edir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən UNESCO ilə əməkdaşlıq etmək qərarına gələn müstəqil dövlətimiz 1992-ci il iyulun 3-də həmin təşkilata daxil olmuşdur.

 Azərbaycan nümayəndə heyəti ilk dəfə 1993-cü ilin oktyabr ayında UNESCO Baş Konfransının 27-ci sessiyasında iştirak etmişdir. Ölkəmizin bu cür böyük əhəmiyyətə malik tədbirdə ilk dəfə iştirak etməsi əhəmiyyətli bir hadisə ilə yadda qalmışdır. Belə ki, sessiya zamanı Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi UNESCO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edilmişdir.

UNESCO - Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən bu qurumun baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişlər.

UNESCO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini təşkilatın işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla bağlı 1994-cü il fevralın 21-də sərəncam imzalamışdır. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsi işini prioritet vəzifələrdən biri hesab edir. Dövlətimizin başçısı UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005-ci il sentyabrın 15-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir.

UNESCO BMT-nin ixtisaslaşmış təşkilatıdır. Bu qurum dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsində əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. UNESCO-nun fəaliyyəti daha ali məqsədə – təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. Təşkilatın Nizamnaməsinin 1-ci maddəsində deyilir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”. Hazırda 193 dövlət UNESCO-nun üzvüdür və BMT - nin, həmçinin onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Bununla yanaşı aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO və s.) da müqavilə əlaqələrinə malikdir. UNESCO 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan UNESCO ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmamış və ondan yalnız iki tərəf bəhrələnməmişdir. Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq, ümumdünya mədəniyyətinin önəmli tərkib hissəsi olmuşdur. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığına əlverişli şərait yaranmışdır. Bunun nəticəsidir ki, müstəqillik yoluna yenicə qədəm qoymuş ölkəmiz təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə UNESCO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilmişdir.Qeyd edək ki, ölkəmiz UNESCO ilə əməkdaşlığı daha da möhkəmləndirmək üçün bu qurumun “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında”, “Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında”, “Müəlliflik hüququ haqqında”, “Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında”, “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında”, “Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “ İdmanda dopinqə qarşı mübarizə haqqında” , “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” konvensiyalarına qoşulmuşdur.

Azərbaycan - UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri olmuşdur. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva musiqi mədəniyyətinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

 Mehriban xanım Əliyevanın mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyəti beynəlxalq aləmin diqqət mərkəzindədir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsü də məhz Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüşdür.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 2010-cu ilin 30 iyul tarixində UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən Motsart medalı təqdim olunmuşdur.

 Azərbaycan – UNESCO əlaqələrinin getdikcə möhkəmlənməsi, maddi və qeyri-maddi mədəni irsin qorunmasına mühüm töhfə bəxş etmişdir. Bu proses hazırda da yüksək səviyyədə davam etdirilir. UNESCO-nun baş direktoru İrina Bokova da bunu qurumun tədbirlərində dəfələrlə vurğulayaraq demişdir ki, son illər dinamik inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasını prioritet istiqamətlərdən biri elan etmişdir. Azərbaycanın UNESCO-nun bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən İ.Bokova rəsmi Bakının mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirmiş, ölkəmizin təşkilatın bir çox konvensiyasına qoşulduğunu vurğulamışdır. O, Azərbaycanın mədəni irsinin təbliğ olunmasında, inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun bir sıra tədbirləri Bakıda keçirilmişdir. Bu da ölkəmizin mədəniyyət və incəsənətinin dünya ictimaiyyətinin nümayəndələri tərəfindən daha yaxşı tanınmasında böyük rol oynamışdır. Belə tədbirlərdən biri də UNESCO-nun və İSESKO-nun dəstəyi ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum olmuşdur.Bu forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur. Bir il sonra Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Bakıda rəsmi səfərdə olan UNESCO-nun baş direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir.

Həmin ərəfədə – 2009-cu il martın 19-da Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş direktoru cənab Koişiro Matsuura ilə görüş keçirmişdir. Qeyri-maddi mədəni irsin qorunması sahəsində qarşıya qoyulmuş vəzifələrə nail olmaq məqsədilə Heydər Əliyev Fondu ilə UNESCO arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. İmzalama mərasimdən sonra baş direktor Mehriban xanım Əliyevaya gümüş xatirə medalı təqdim etmişdir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanla UNESCO arasında əməkdaşlığın 20 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirərək demişdir: “Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz eyni zamanda elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace”nin kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir. Mədəni irsimizin qorunması Azərbaycan höküməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun “Dünya İrsi Siyahısı”na salınıb. Əziz dostlar, UNESCO qeyd etdiyim sahələrdə bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Ötən 20 ildə biz çox sayda birgə tədbirlər təşkil etmişik, UNESCO-nun fəaliyyətinin bütün sahələrini əhatə edən layihələr həyata keçirmişik. Burada, UNESCO qərargahında biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir. Bu gün beynəlxalq ictimaiyyət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük məkanı kimi, dailoqun mərkəzi kimi tanıyır. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. Əziz dostlar, bu gün biz UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzaladıq, bu da əlaqələrimizin gələcəkdə inkişafında mühüm rol oynayacaq. Mən inanıram ki, bu saziş həmçinin beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarınının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcək”.

 Azərbaycanın tarixi abidələrinin, mədəni və təbii irsinin qorunması UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhər ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq İçərişəhərə dövlət qayğısı artırılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyunun 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi UNESCO-nun Təhlükə altında olan abidələr siyahısından çıxarılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Hazırda Bakıda keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır.

Göründüyü kimi, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 21 il əvvəl üzv olan Azərbaycan ötən müddət ərzində qurumla çox səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur və bu əlaqələr getdikcə daha da möhkəmlənir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında