Radikal müxalifət düşərgəsində böhran dərinləşir

 

 

 

 

“Milli Şura” adlı qondarma qurumun  sonuncu toplantısında sədrlik üstündə qarşıdurma

Radikal müxalifətin tez - tez müxtəlif adlar altında guya, birlik  görüntüsü yaratmaq cəhdləri həmişə iflasa uğrayıb. Çünki adlarını dəyişsələr də, xislətlərini dəyişə bilmirlər. Onlar artıq satqınçılıq və xəyanətkarlığa bir növ adət ediblər. Necə deyərlər, bu sahələri özləri üçün  gəlir mənbəyinə çeviriblər. Radikal müxalifət nümayəndələrinin donosbazlığa vərdiş etmələri, xarici düşmənlərimizin dəyirmanına su tökməklə çirkli pullar qazanmaları və bu yollarla özlərinə bahalı maşınlar, dəbdəbəli ofislər almaları, cangüdənlər saxlamaları artıq ictimaiyyət nümayəndələrinə də məlumdur. Ona görə hər dəfə ölkəmizdə seçki keçirilən ərəfədə müxtəlif adlarla peyda olurlar. Simalarını gizlədə bilmədiklərindən biabırcasına məğlubiyyətə uğrayırlar.

Ölkəmizdə keçirilmiş sonuncu prezident seçkilərində “Milli Şura” adı ilə peyda olmuş radikal müxalifət nümayəndələrinin həmişəki kimi yalan vədlər vermələri bu dəfə də  fiaskoya uğradı.  Xalqı  bu dəfə də  aldada bilmədilər. Çünki onların daxili xislətləri  artıq  ictimaiyyətin bütün nümayəndələrinə, hətta bir vaxtlar böyük ümid bəslədikləri, güvəndikləri bəzi  ermənipərəst  beynəlxalq təşkilatlara da bəllidir.  Budəfəki prezident seçkiləri ərəfəsində gah iğtişaşlar yaratmaq, gah da  yalan vədlər verməklə heç nəyə nail ola bilmədilər, əksinə, yalanları öz başlarında çatladı. Hələ seçki başlamamış aralarında qarşıdurma, parçalanma yarandı və bir - birinin ardınca yeni “yaradılan” “Milli Şura”dan istefalar başlandı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyevin təmsil olunduğu partiyadan və “Milli Şura”dan seçki ərəfəsində istefa verməsi də bu qurumun oyuncaq olmasından xəbər verirdi.

A.Quliyev istefasının səbəblərini açıqlayarkən deyib ki,  Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu “Milli Şura” yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı “Milli Şura”nın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, “Milli Şura”nın özündə  Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf, komanda ilə seçkiyə getmək məğlubiyyətlə nəticələnməli idi. Son iki il ərzində, xüsusilə seçki öncəsi “Milli Şura”dakı proseslər məndə fikir ayrılığı yaratdı. Nəhayət, qərara gəldim ki, bu gedişlə hər hansı müsbət nəticə əldə etmək olmaz.

Bu fikirləri səsləndirən  AXCP sədrinin sabiq müavini  Asəf Quliyev, müxalifətin digər nümayəndələri Ərəstun Oruclu, ADP sədri Sərdar Cəlaloğlu, ASDP sədri Araz Əlizadə, politoloq Cümşüd Nuriyev və digərləri “Milli Şura”nın  iki partiyanın - AXCP və Müsavat Partiyasının  döyüş meydanına çevrildiyini bildirmişdilər. Ə.Oruclu radikal müxalifətin bundan əvvəl yaratdığı İctimai Palatanın da bu  iki partiyanın döyüş meydanına çevrildiyini vurğulamışdı.

Politoloq və patiya sədrləri əlavə olaraq  “Milli Şura”nı bic uşağa da  bənzədirdilər və bu qurumun kim tərəfindən yaradıldığının hələ də bəlli olmadığını deyirdilər. Qondarma qurumun üzvlərinin isə əksəriyyətinin bir vaxtlar işdə yol verdikləri ciddi nöqsanlara görə tutduqları  vəzifələrdən qovulmuşlardan, nimdaş kommunistlərdən, xəyanətkarlardan, öz şəxsi maraqlarını xalqın taleyüklü problemlərindən üstün tutanlardan, vəzifədən ötrü hətta ermənilərlə də əməkdaşlıq etməyə hazır olanlardan ibarət olması “Milli Şura”ya olan inamı heçə endirmişdi. Üstəlik, bu quruma milli-mənəvi dəyərlərdən və azərbaycançılıqdan uzaq, siyasət aləmində tamamilə naşı, ikili vətəndaşlığı olan ermənipərəst kinorejissor Rüstəm Məmməd İbrahimoviçin  sədr təyin olunması  qaranlıq məqamlardan xəbər verirdi. Bütün bunlar seçki prosesində də özünü açıq şəkildə göstərdi. Xalq belə xəyanətkarları qətiyyətlə rədd etdi.

Prezident seçkilərindən sonra “Milli Şura” da tamamilə unuduldu. Radikal  müxalifətin yaratdığı bütün qurumların aqibəti  həmişə belə olub.  Biz zaman - zaman şahidi olmuşuq ki, radikal müxalifətin yaratdığı bütün qurumların ömrü seçki bitənə qədər olur. Oyuncaq təşkilat olan “Milli Şura” da bu aqibəti yaşamalı idi və yaşadı da.

Artıq  radikal müxalifət nümayəndələri gec də olsa, dərk etməyə başlayıblar ki, “Milli Şura”  üzvlərinin əksəriyyəti araqarışdıranlar,  xarici təşkilatların agentləri, çirkli pullar hesabına meydana atılanlar imiş, bu qurumun sədri isə Azərbaycan vərtəndaşı deyilmiş. “Milli Şura” nın bu günlərdə keçirilmiş qalmaqallı, hətta əlbəyaxa dava ilə başa çatmış toplantısında bu məsələ açıq şəkildə etiraf olundu. Bu qurumun qondarma və üzvlərinin isə cəmiyyətdə nüfuzsuz olması barədə ilk açıqlama Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılıdan gəldi.  O  deyib ki, “Milli Şura”nın sessiyasında Azərbaycan siyasətində tanınmayan, siyasi proseslərdə heç bir rolu olmayan şəxslər kobudluq edib, öz davranışları ilə “Milli Şura”da normal diskussiyaların aparılmasına imkan verməyiblər. Müsavat funksioneri “Milli Şura” da fikirlərin heç vaxt üst -üstə düşmədiyini də diqqətə çatdırıb. Onun fikrincə, “Milli Şura” daim böhran içərisində olub. Bunu sonuncu sessiya da göstərdi. A.Hacılı bu təşkilatın bundan sonra da fəaliyyət göstərərsə, daim gərginlik içində olacağını  bildirib.

“Milli Şura”nın sədrlik məsələsi ortalığa çıxanda qurumun qeybət toplantısında əlbəyaxa dava düşüb. AXCP sədri Əli Kərimlinin Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”ya fəxri sədr seçilməsi təklifi müsavatçıları hövsələdən çıxarıb. Sən demə, müsavatçılar “Milli Şura”ya  sədrliyə İsa Qəmbərin  namizədliyini irəli sürmək istəyirlərmiş. Əslində bu təklifi irəli sürən müsavatçılar İsa Qəmbəri bu yolla başqanlıq kreslosundan qoparmaq istəyirdilər. Ancaq AXCP sədri Əli Kərimli onların bu arzusunu da ürəklərində qoydu və Rüstəm Məmməd İbrahimoviçin fəxri sədrlik məsələsində israrlı olduğunu bildirdi və qurumun sədrliyinə isə Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin namizədliyini irəli sürdü.

Əsl mərəkə  və qarşıdurma da  bundan sonra başlandı. Müsavat başqanı İsa Qəmbər  “Milli Şura”dakı aşkar qarşıdurmanı daha da qızışdırdı. Axı, aranı qarışdırıb son anda geri çəkilmək başqanın köhnə adətidir. İnsanlar 1990 - cı ilin 20 Yanvar hadisələrində, 2003 - cü ildə keçirilən prezident seçkilərində və son vaxtlar  bir qrup düşüncəsiz gəncin  müftə pula aldanaraq şəhərin mərkəzində ictimai - siyasi sabitliyi pozmaq, qanunsuz mitinq və küçə yürüşləri keçirmək cəhdləri Müsavat Partiyası başqanının “məhsulu” idi. Söz yox ki, bu “məhsullar” da əvvəlkilər kimi zay çıxdı.

İ.Qəmbər də A.Hacılı kimi, “Milli Şura”nın sədrinin və üzvlərinin kimlərinsə sifarişi ilə təyin olunduğunu nəhayət ki, etiraf etdi. O, AXCP sədrinin Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”ya fəxri sədr seçilməsi təklifinə qarşı çıxaraq bildirdi: “Bəziləri burada Rüstəm İbrahimbəyovu dəstəkləyən çıxışlar edirlər. Belə yanaşma düzgün deyil. Müsavat Partiyası başqa bir ölkənin vətəndaşı olan şəxsin ”Milli Şura"nın fəxri sədri olmasını məqbul saymır. Belə bir qərar qəbul ediləcəksə, Müsavat Partiyası bunu öz üzvləri arasında müzakirə edib müvafiq qərar verəcək".

İndi İsa Qəmbərdən soruşan gərəkdir ki, bəs prezident seçkiləri ərəfəsində niyə bu həqiqəti etiraf etmirdiniz. Onda sizin kimilərin maddi maraqları nə idi ki, hamılıqla milli-mənəvi dəyərlərdən, azərbaycançılıqdan, dövlət idarəçiliyindən və siyasətdən tamamilə uzaq olan, erməniləri özünə dost hesab edən bir adamın arxasınca düşmüşdünüz? Bax belə yerdə sual yaranır ki, bəs  İsa Qəmbər və onun tərəfdarları Rüstəm Məmməd İbrahimoviçin nəyinə aşiq olmuşdular? Bəlkə, Azərbaycanı, xalqımızı, millətimizi, Vətənimizi “sevməsinə”? Yoxsa, milli-mənəvi dəyərlərimizi müdafiə etməsinə? Xeyr, müsavatçılar ermənipərəst kinorejissorun puluna, var - dövlətinə aşiq olmuşdular. Ona görə də əllərinə düşmüş fürsətdən yetərincə yararlanmaq üçün indi özlərinin də etiraf etdikləri  kimi “başqa bir ölkənin vətəndaşı olan şəxsin” prezidentliyə namizədliyini müdafiə edirdilər. 

ACP sədri Sülhəddin Əkbər isə  “Milli Şura”nın legitim qurum  olmadığını bildirərək Rəsul Quliyevin də bu təşkilatdan istefa verdiyini diqqətə çatdırdı. Bundan sonra qarşıdurma daha da genişləndi və radikal müxalifət nümayəndələrinin əlbəyaxa döyüşü başlandı. Bu döyüşdən  isə AXCP - nin, yoxsa, Müsavat Partiyasının  qalib çıxdığı hələlik məlum deyil. Məlum olan bircə odur ki, “Milli Şura”nın bu -dəfəki qeybət toplantısı radikal müxalifətin iç üzünü açdı.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında