Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”nın sədrliyindən istefası qondarma qurumun böhranla üz-üzə qalmasından irəli gəlir

 

 

Məlum olduğu kimi, “Milli Şura” daxilində baş qaldıran etirazlara, xüsusən Müsavat Partiyasının funksionerləri tərəfindən tez-tez səsləndirilən ittihamlara dözməyən Rüstəm Məmməd İbrahimoviç qondarma qurumun sədri vəzifəsindən istefa verdiyini açıqlayıb və böyük bir namə yazaraq, onu necə deyərlər, “mehriban düşmən”lərinə göndərib O, məktubunda daxili ziddiyyətlərə, qarşıdurmalara, partiyalararası çəkişmələrə diqqət çəkərək xüsusi qeyd edib ki, “Milli Şura”nın yaradılması ideyasının təşəbbüsçüsü kimi, ilk gündən “demokratik qüvvələrin” koalisiyasının bu qədər “geniş” tərkibli olmasının problemlərə yol açacağını anlayıb. Buna dair konkret misal da göstərərək yazıb ki, qəflətən mətbuatda prezident seçkilərinin nəticələrindən və seçkiqabağı dövrdə “Milli Şura”nın fəaliyyətindən narazılıqla bağlı məlumatlar sızmağa başlayıb. Kinodramaturq şübhə etməyib ki, bu, qondarma qurum daxilindəki “narazıların” əməlidir.

O, “Milli Şura”nın gələcək perspektivinə inanmadığına və onun istefası ilə birlikdə qondarma qurumun dağılma mərhələsinə qədəm qoyacağına da eyham vuraraq xəbərdarlıq eməkdən də çəkinməyib: “Şübhəsiz ki, müxtəlif səbəblərdən şura üzvlərinin bir hissəsi qurumu tərk edə bilər”.

Söz verdiyi halda Azərbaycana gəlmədiyinə görə onu qınayanlara cavab olaraq, məktubunda dəfələrlə radikal düşərgədəki siyasi qüvvələrin birləşməsində göstərdiyi “xidmətlərə” diqqət çəkməyə çalışıb: “Son illər mən vaxtımın və gücümün çoxunu ölkədə hakimiyyətin də “hesablaşa biləcəyi ictimai rəyin formalaşmasına” yönələn ictimai-siyasi fəaliyyətə ayırdım. “Ziyalılar Forumu”nun və “Milli Şura”nın işində iştirak məndən fəallıq tələb edirdi və indi də edir. Bəzən mən bir sıra obyektiv səbəblərdən bu fəallığı göstərə bilmirəm. Öz fəaliyyət tərzimlə əlaqədar uzun müddət Azərbaycandan kənarda qalmalı oluram. Və mənim bir sıra yaradıcılıq öhdəliklərim də var ki, onların yerinə yetirilməsi üçün, təəssüf ki, az vaxt qalır". Öz yerinə dublyor Cəmil Həsənlinin namizədliyini verdiyini açıqlayan kinodramaturq nəhayət anlayıb ki, bilmədiyi bir işin qulpundan yapışmaqdansa, kino çəkmək daha yaxşıdır.

Aldığımız məlumatlara görə, Rüstəm Məmməd İbrahimoviçin istefası barədə “Milli Şura”nın dekabrın 3-nə təyin olunan sessiyasına müraciət ünvanlaması Müsavat Partiyasında şadyanalıqla qarşılanıb. Bu da təbiidir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, müsavatçılar hər fürsətdə kinodramaturqu günahlandırır, hətta onu prezident seçkilərindəki bütün uğursuzluqların baiskarı hesab edirdilər. Məsələn, bu yaxınlarda Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılının “Yeni Müsavat” qəzetində dərc olunan məqaləsində Rüstəm Məmməd İbrahimoviç ciddi tənqid atəşinə tutulmuş, o, hətta müxalifəti parçalamaqda ittiham edilmişdi. Arif Hacılı yazırdı: “Rüstəm İbrahimbəyov “Milli Şura”nın fəaliyyətinə ciddi töhfələr verə bilmədi. “Ziyalılar Forumu” təsisçilərinin əksəriyyəti “Milli Şura”ya daxil olmadı. Hətta 2003-cü ilin prezident seçkilərində “Bizim Azərbaycan” blokuna, 2005-ci il parlament seçkilərində “Azadlıq” blokuna dəstək vermiş ziyalıların əksəriyyəti “Milli Şura”ya və “Milli Şura”nın vahid namizədinə dəstək vermədilər. “Milli Şura”ya daxil olan ziyalıların bəziləri təşkil etdiyimiz mitinqdə çıxış etməkdən, bəziləri hətta bu mitinqlərə gəlməkdən imtina etdilər... Onun təkidi ilə “Milli Şura”ya daxil edilmiş Rəsul Quliyev, Lalə Şövkət və onların nümayəndələri “Milli Şura”nın və Azərbaycanın real müxalifətinin işinə ziyan vurdular. Rüstəm İbrahmbəyovun Azərbaycanın Avroatlantik məkana inteqrasiyası məsələsinin “Milli Şura”nın əsasnaməsinə salınmasına etiraz etməsi, hətta bu müddəa əsasnaməyə salındıqdan və o, “Milli Şura”ya sədr seçildikdən sonra bu müddəanın əsasnaməyə salınmasına etiraz bəyanatı verməsi, nəyin bahasına olursa-olsun Azərbaycana gələrək seçki kampaniyasında iştirak edəcəyi barədə mətbuatda verdiyi vədlərə rəğmən ölkəyə gəlməməsi, “Milli Şura”nın və Azərbaycan müxalifətinin fəaliyyətinə maneçilik törətdi”.

Kinodramaturqun istefası ilə bağlı məsələyə münasibət bildirən Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri “Yeni Müsavat” qəzetində dərc etdirdiyi məqaləsində ifadə etdiyi fikirlərini dəyişmədiyini bildirib. Onu da qeyd edib ki, bütövlükdə “Milli Şura”nın fəaliyyətinin yenidən qurulması, hədəflərinin müəyyənləşdirilməsi, kimlərin bu qurumda qalıb-qalmayacacağı məsələlərinin müəyyən olunması vacibdir və bu da qondarma qurumun sonrakı fəaliyyəti ilə əlaqədar yeni razılaşmalara yol açacaq. Arif Hacılı R. İbrahimoviçin istefası ilə “Milli Şura” daxilindıki bütün problemlərin həll olunmadığını da xüsusi vurğulayaraq deyib: “Müsavat Partiyasının mövqeyi, o cümlədən bu məsələlərlə bağlı bizim mövqelərimiz zaman-zaman mediada işıqlandırılıb. Yenə qeyd edirəm ki, Müsavat Partiyası üçün həlledici məsələ yalnız sədrliklə bağlı deyil. Bəziləri elə hesab edirdilər ki, “Milli Şura”da həmsədrlik institutunu tətbiq etməklə bu problemlərin həll olunması mümkündür. Biz də bunun belə olmadığını deyirdik. “Milli Şura”nın işinin yenidən qurulması dedikdə, biz yalnız təşkilatın sədrinin kim olması məsələsini nəzərdə tutmuruq”.

 Müsavatçıların bununla nəyi nəzərdə tutduqlarını hamı çox yaxşı bilir. Bu partiyanın funksionerləri “Milli Şura”nı Müsavat Partiyası ətrafında toplanacaq partiyaların qurumuna çevirmək istəyirlər. Elə bir qurum ki, burada AXCP-nin, “El” hərəkatının, “Ziyalılar Forumu”nun və digərlərinin heç bir təsir imkanları olmasın. Bunu həmin partiyanın “tərəfdaşları” da deyirlər.

Bu günlərdə Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlunun Müsavat Partiyası ilə bağlı açıqlaması siyasi gündəmdə marağa səbəb olub. Bu partiya ilə müttəfiqlik məsələsinə toxunan KAXCP sədri bildirib ki, onlarla müttəfiqlik qurularkən, müsavatçılar həmişə şəxsi və partiya maraqlarını üstün tuturlar. Bu səbəbdən də əməkdaşlıq istənilən nəticəni vermir.

KXCP ilə “Demokratik qüvvələrin məşvərət məclisi”ndə müttəfiq olmuş Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Mirmahmud Mirəlioğlunu günahlandıraraq deyib ki, KXCP sədrinin Müsavata irad tutmağı heç bir normaya sığmır. “Biz Klassik Xalq Cəhbəsi Partiyası ilə DQMM-də birlikdə idik. Onlar gecənin birində başqa partiya ilə yığışdılar, bizi dəvət eləmədən. Sonra biz xəbər tutanda, dandılar ki, belə bir şey yoxdur. Sonra bəlli oldu ki, tədbir elə bunların qərargahında keçib”. Partiya sədri hesab edir ki, Müsavat onlara baxanda necə deyərlər, “toya getməlidir”. O, fikrini belə əsaslandırıb ki, Müsavat Azadlıq Partiyası ilə hansısa birliyi pozanda “xudahafizləşmə mərasimi” olub və mədəni şəkildə ayrılıblar. KXCP isə belə etməyib: “DQMM-nin xəbəri olmadan gedib başqa partiyalar ilə birlik yaratmağın mənası nə idi? Yalandan ona-buna böhtan atmaqla olmur axı! Birinci, insan gərək öz elədiklərinə görə cavab verə. Bundan sonra onun başqalarının fəaliyyəti haqqında fikir yürütmək haqqı olar”.

Radikal müxalifət düşərgəsində vəziyyət məhz belədir. Qarşılıqlı ittihamlar, toqquşmalar və bir-birini qaralamaq, başqasına böhtan atmaq bunların köhnə şakəridir. Belə olduğuna görədir ki, hələ də bir sıra məsələlərdə, xüsusən, “Milli Şura”da həmsədrliyin yaradılması məsələsində ümumi rəyə gəlmək mümkün olmayıb. Eyni zamanda, “Milli Şura”nın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair müddəaların müzakirəsində də fikir ayrılığı ortaya çıxıb. Qondarma qurumdakı təşkilatlardan bəzilərinin rəhbərləri həmsədrlik məsələsinin gündəliyə daxil edilməsinin, bəzilərinin isə edilməməsinin tərəfdarı olması razılığa gəlməyə imkan vermir. Məhz buna görə də, noyabrın 30-da keçirilməli olan sessiyanın tarixi dekabrın 3-nə dəyişdirilib. Bəlkə də bugünkü sessiyada “Milli Şura”nın buraxılmasına dair qərar qəbul olundu. Çünki qaragüruh qurmaqda yox, dağıtmaqda pərgardır.

Rauf KƏNGƏRLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında