Avropa İttifaqının Vilnüs sammiti Azərbaycanın avrointeqrasiyasında yeni mərhələnin başlanğıcı oldu

 

 

 

Azərbaycan Respublikası elmi əsaslara söykənən balanslaşdırılmış, müstəqil xarici siyasət strategiyasını uğurla həyata keçirərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirir, yeni-yeni təşəbbüslərə qoşulur və bərabərhüquqlu, qarşılıqlı münasibətləri daha da dərinləşdirməklə milli maraqlarını təmin edir. Noyabrın 28-29-da Vilnüsdə keçirilən Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində mühüm əhəmiyyətə malik olan sənədin – Azərbaycan ilə qurum arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması da bunu təsdiqləyir. Saziş ölkəmizin Avropaya inteqrasiyasında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Bu sənəd  respublikamızın Qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığının inkişafına əsaslı töhfə verəcəkdir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  sazişin imzalanmasını  Azərbaycanın Avropaya inteqrasiyası, Avropa ilə əməkdaşlığın genişləndirilməsi və yaxınlaşması nöqteyi-nəzərindən istisnasız olaraq mühüm bir nəticə adlandırmışdır. O, həmçinin əlavə etmişdir ki, dövlət başçımız  bütün məsələlərə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşdirilməsinə, ilk növbədə, Azərbaycanın milli maraqları prizmasından yanaşır. Çünki nüfuzlu beynəlxalq qurumların potensialından ölkənin siyasi, iqtisadi, sosial, humanitar yüksəlişi üçün maksimum  bəhrələnmək Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən birini təşkil edir. Viza rejiminin sadələşdirilməsi də Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə, vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşmasına, bu sahədə mövcud bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edəcəkdir.

Administrasiya rəsmisinin sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq formatlardakı iştirakını həm də bütün regional maraqları nəzərə almaqla həyata keçirir. Bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızda Azərbaycanın milli maraqları başlıca amildir və bu əməkdaşlıq heç bir halda başqa region dövlətlərinin müvafiq maraqlarına zidd deyil.

Beynəlxalq səviyyəli siyasi şərhçilər də Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını ölkəmiz üçün tarixi hadisə kimi dəyərləndimişlər. Onlar qeyd edirlər ki, bu sənədi  “Şengen vizası”nın alınmasının sadələşdirilməsi  aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa İttifaqı standartlarına uyğunlaşdırılması konktekstindən dəyərləndirmək lazımdır. Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, bu sahədə sənədlərin təhlükəsizliyini də nəzərdə tutur. Sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq və eləcə də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımından da əhəmiyyətli hesab edilir. Digər tərəfdən,  Azərbaycan vətəndaşlarının Avropa İttifaqına səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı  məsələsində, həmçinin respublikamız  ilə təşkilat arasında aparılan və eləcə də başlamalı olan, o cümlədən assosiativ müqavilənin gələcəkdə reallaşdırılması baxımından müsbət təsirlərə malikdir. Saziş növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir.

Qərbdə Azərbaycan Respublikasının qətiyyətli mövqedə dayanması, müstəqil xarici siyasət həyata keçirməsi və Avropa İttifaqı ilə mühüm əhəmiyyətə malik olan sənədi imzalaması çox yüksək qiymətləndirilir, alqışlanır.  NATO-nun baş katibi Anders Foq Rasmussen qeyd etmişdir ki, mən Azərbaycan, Gürcüstan və Moldovanı Avropa İttifaqı ilə münasibətlərdə vacib addımların reallaşdırılması münasibətilə, eləcə də müəyyənlik, mərdlik və yerinə yetirilən mürəkkəb iş səbəbi ilə təbrik edirəm. O vurğulamışdır ki, sammit zamanı imzalanan sazişlər islahatları, ticarəti və humanitar əlaqələri gücləndirəcək. Razılaşmalar Avropada azadlıq, sabitlik və inkişafa töhfə deməkdir. O demişdir: “Mən “Şərq tərəfdaşlığı” proqramını alqışlayıram, biz siyasi assosiasiya və iqtisadi inteqrasiya prosesini inkişaf etdirəcəyik. NATO bu məqsədləri bölüşür və təhlükəsizlik sahəsində əməkdaşlıq və tərəfdaşlıq yolu ilə dəstəkləyir".

Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minəcəyi tarixdən, yəni 2014-cü il yanvarın 1-dən Avropa İttifaqının yarım illik fəaliyyətdəki sədri olacaq Yunanıstan Respublikası “Şərq tərəfdaşlığı” Sammitinin qərarlarını yerinə yetirməkdə qətiyyət nümayiş etdirəcəyini bəyan edib.  Yunanıstanın Baş naziri Antonis Samaras onu da deyib ki,  biz Avropaya enerji resurslarının nəqlinin təminatında Azərbaycanın strateji rolunu qeyd edirik və onun Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini səbirsizliklə gözləyirik.

Yunanıstan Baş nazirinin açıqlamasını, ümumilikdə, quruma üzv olan dövlətlərin mövqeyi kimi də qəbul etmək olar. Heç kəsə sirr deyil ki, Avropa İttifaqının nəqliyyat və enerji sahələrindəki təşəbbüslərində ölkəmizin  iştirakı beynəlxalq miqyasda  yüksək dəyərləndirilir. Avropa İttifaqının TRASECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfransın məhz Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın bariz nümunəsi idi. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri olmuşdur.  “Yeni İpək Yolu” adlandırılan TRASECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi həmin dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları ilə Avropa və dünya bazarlarına çıxış imkanlarını yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

Digər tərəfdən, bu gün enerji təhlükəsizliyi də Avropa və bütün dünya üçün prioritet məsələ kimi gündəmdədir. Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqətini üzərinə cəlb etmişdir. Bu, həm də ona görə belədir ki, Xəzərin zəngin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan ölkə məhz  Azərbaycan olmuşdur.  Bu gün ölkəmizin nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik. Bununla belə Azərbaycan enerji layihələrinin həyata keçirilməsində təşəbbüskar ölkə kimi çıxış edərək Avropa İttifaqının rəğbətini qazanır. Ona görə də rəsmi Bakı ilə daha sıx əməkdaşlıq etməyə çalışan Avropa ölkələrinin sayı gündən-günə artır.

Vilnüsdə keçirilən sammitdən sonra Avropa İttifaqına üzv olan ölkələrin hökumət və dövlət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə  görüşə böyük maraq göstərməsi və onunla müzakirələr aparmağa çalışmaları da bundan xəbər verirdi. Dövlət başçımızla  Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü zamanı  Azərbaycanla Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Fransa Prezidenti Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu. İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti də qeyd edildi. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Krallığının Baş naziri Mariano Rahoy Breylə və Estoniya Respublikasının Baş naziri Andrus Ansiplə də görüşmüşdür. Hər iki görüşdə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilmiş, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilmişdir. Azərbaycan ilə İspaniyanın, həmçinin Estoniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanmışdır. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edilmişdir.

Bütün bunlar bir daha göstərir ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən quruma üzv olan ayrı-ayrı dövlətlər arasında əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Ancaq təbii ki, bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmalıdır. Prezident İlham Əliyev xarici siyasətin prioritet sahələrindən söhbət açarkən qeyd etdiyi kimi, biz ikitərəfli formatı gücləndirməliyik. İkitərəfli format bizə böyük uğurlar gətirir: “...Bizim xarici diplomatiyamız çox fəaldır. Mənim çoxsaylı xarici səfərlərim bu gözəl bazanı möhkəmləndirir və ölkəmizə mənim həmkarlarımın səfərləri və aparılan danışıqlar ikitərəfli formatı gücləndirir. Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli əlaqələrdə tərəfdaş ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər formalaşdıra bilmişik. Bu, çox vacibdir. Bu, belə də olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu münasibətlər yeganə mümkün olan münasibətlərdir. Bizim yanaşmamız ondan ibarətdir ki, siyasətimiz xoşniyyətlidir, əməkdaşlığa, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldilibdir. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulmalıdır”.

Hər bir halda hüquqi dövlətə və açıq cəmiyyətə malik Azərbaycan Respublikasının beynəlxalq aləmdə  artan nüfuzu, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa, regional sabitliyə və inkişafa  verdiyi əvəzsiz töhfələr, dinamik templə inkişaf etməsi, onu güvənilən və arzu olunan tərəfdaşa çevirməsi məsələləri də Avropa İttifaqının və ümumilikdə, Qərb dövlətlərinin diqqətindən yayınmır. Vilnüs sammitinin nəticələri də belə deməyə əsas verir.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında