Azərbaycan milli maraqlarını əsas tutaraq Avropaya inteqrasiyanı uğurla davam etdirir

 

 

Rəsmi Bakının  həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri və  bərabərhüquqlu münasibətləri möhkəmləndirmək, bu  münasibətləri yeni çağırşların tələblərinə uyğun olaraq qarşılıqlı hörmət və  maraqlar çərivəsində davam etdirməkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını getdikcə sürətləndirir. Bu baxımdan, yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə malik olan Avropa İttifaqı ilə Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş Azərbaycanın əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir. Dünən Vilnüsdə keçirilən 3-cü “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin tədbirdə iştirak etmişdir.

Qeyd edək ki, saziş “Şengen vizası”  almaq üçün tələb olunan 60 avronun 30 avroya endirilməsini, vizanın verilməsi üçün tələb edilən günlərin və sənədlərin sayının azaldılmasını nəzərdə tutur. İmzalanma mərasimindən əvvəl çıxış edən Litva Prezidenti Dalya Qribauskayte,  Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının sədri Xose Manuel Barrozu sammiti tarixi hadisə adlandırıblar. Onlar “Şərq tərəfdaşları” ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar, eyni zamanda Azərbaycanı təbrik ediblər. Cənab Herman Van Rompuy  tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi  sazişin imzalanması münasibətilə təbrik edərək deyib: “Biz yaxın vaxtlarda readmissiya və mobil tərəfdaşlıq haqda sazişin imzalanmasını səbirsizliklə gözləyirik”.

Vilnüsdə keçirilən  sammitdə yekun Bəyannamə də qəbul olunub. Sənəddə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir. Avropa İttifaqı və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklərini vurğulayıblar. Yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi daxildir.

Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönələcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən düzənlənəcək ki,  Şərq tərəfdaşları tədricən Avropa İttifaqının enerji bazarına inteqrasiya olsunlar.  Qeyd edək ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin birinci yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.

Göründüyü kimi, Azərbaycan Respublikası özünün milli maraqlarını ön planda tutaraq Avropaya inteqrasiya siyasətini uğurla davam etdirir. Hələ 1996-cı il aprel ayının 22-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdı. Tərəflərin ratifikasiyasından sonra –  yəni 1999-cu il iyulun əvvəlindən qüvvəyə minən həmin sənəd ölkəmizin bu  təşkilatla əməkdaşlığına start vermiş, Azərbaycanı Avropaya daha da yaxınlaşdırmışdır.

Tərəflər arasında əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edir. Əsas məqsədlərdən biri də Azərbaycan qanunvericiliyinin bu qurumun qanunvericiliyinə uyğunlaşdırılmasıdır ki, bu sahədə atılan addımlar  yüksək qiymətləndirilir. Avropa İttifaqı Şurasının Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında 14 iyun 2004-cü il tarixli qərarı ilə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün daha bir mühüm addım atılmışdır. Bu qərar Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın gələcək inkişafı üçün yeni bir mərhələ olmuşdur.

 “Azərbaycan Respublikası–Avropa İttifaqı Fəaliyyət Proqramı” adlı sənəd 2006-cı ilin noyabrında Brüsseldə qəbul olunmuş qərara əsasən formalaşmış və özündən əvvəlki iki sənədin icrasını sürətləndirmək üçün zəmin yaratmışdır. Sonralar bu qəbildən olan əməkdaşlıq nümunələri daha da genişlənmiş, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəliyi  fəaliyyətə başlamış, 2008-ci ildə isə Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyi  açılmışdır. 2007-ci ilin sentyabr ayında Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclasının Bakıda keçirilməsi ilə əlaqələr daha da genişlənmişdir. Əlbəttə, bu əməkdaşlıq ümumilikdə çox sahələri əhatə etsə də, daha çox insan hüquqları, cəmiyyətin daha da demokratikləşdirilməsi və ən nəhayət, energetika sahəsində əməkdaşlığa xüsusi önəm verilir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, tərəflər qarşılıqlı iqtisadi əlaqalərin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində işbirliyinin dərinləşdirilməsi, regional sabitliyin və inkişafın təmin edilməsi, siyasi islahatların və demokratik proseslərin dərinləşdirilməsi, investisiyaların təşviqi və yeni maliyyə mənbələrinin cəlb edilməsi kimi bir sıra mühüm məsələlərdə  vahid mövqedən çıxış edir, bu sahədə işbirliyini dərinləşdirmək üçün konkret addımlar atırlar. Bu gün enerji təhlükəsizliyi də Avropa və bütün dünya üçün prioritet məsələ kimi gündəmdədir. Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqətini üzərinə cəlb etmişdir. Respublikamızın  həyata keçirdiyi uğurlu enerji siyasəti bütün Avropa ölkələri tərəfindən rəğbətlə qarşılanır.

Bu səbəbdən Azərbaycanla  Avropa İttifaqı  arasında əməkdaşlıq getdikcə möhkəmlənmiş və bu əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil etmişdir. Bu çərçivədə  Prezident İlham Əliyevin 2006-cı il noyabrın 7 - də  Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu Memorandumun əsas məqsədi Avropa İttifaqının  enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Məhz bunun nəticəsi olaraq bu gün Azərbaycan Avropanın enerji təminatında əsas rol oynayan ölkələrdən birinə çevrilib.

Heç kəsə sirr deyil ki, Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Aşkar edilən üç əsas yataq - “Şahdəniz”, “Ümid” və “Abşeron” ölkəmizin  əsas qaz ehtiyatlarını təşkil edir. Yəqin ki, növbəti illərdə yeni yataqların da aşkar edilməsinin şahidi olacağıq. Bu gün isə Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Biz, həmçinin artıq qazötürücü şəbəkəni də şaxələndirmişik. Məhz bütün bu reallıqlar nəzərə alınaraq hələ 2011-ci ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığı genişləndirmək üçün digər bir xüsusi müqavilə imzalanmışdır.

Keçən il Türkiyə ilə Trans-Anadolu qaz boru kəməri layihəsi barədə tarixi saziş imzalandı. Bu, ölkəmiz və onun Avropadakı tərəfdaşları üçün çox vacib məsələdir. Çünki Azərbaycan qazı dünya və Avropa üçün yeni enerji mənbəyidir.  TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.   Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub” qaz dəhlizinin yaradıldığı bir vaxtda  atılan addımlar bu layihənin uğurla reallaşması üçün çox vacibdir. Bu il iyunun 28-də “Şahdəniz” konsorsiumu Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşurut kimi TAP layihəsinin seçilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar Azərbaycanın regiondakı rolunu daha gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış oldu. Bununla da respublikamızın enerji siyasətində yeni bir mərhələnin açıldığını demək mümkündür. Azərbaycan müstəqil enerji siyasəti apararaq Avropanın mavi qaz bazarına birbaşa daxil olacaq. İqtisadi-ticari yaxınlaşmalar öz növbəsində inteqrasiya proseslərini də sürətləndirəcəkdir.

Avropa İttifaqının rəhbərliyi  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının mövqeyini dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 21-də Belçika Krallığına işgüzar səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycanın cəsarətli addımlarını və Prezident İlham Əliyevin qlobal novator rolunu yüksək qiymətləndirdikdən sonra problemin sülh yolu ilə həlli məsələsinə toxunmuşdur. O, status-kvonun qəbuledilməz olduğuna dair mövqeyini bir daha ortaya qoyaraq demişdir  ki,  Laf Erndə iştirak etdiyim “Böyük Səkkizliy”in sammitində Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdikləri bəyanatları dəstəklədiyimi bildirdim. Minsk qrupu ölkələrinin prezidentləri tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusilə də ərazi bütövlüyünə, güc tətbiq etməməyə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə qayıtmağa çağırırlar.

Bu məqamda onu da deyək ki, qanunverici qurum olan Avropa Parlamenti  bu günədək qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi ilə bağlı, 2012-ci ildə Azərbaycan və Ermənistanla aparılan assosiasiya sazişi üzrə danışıqlarla bağlı) Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bəyan edərək, işğalçı qüvvələrin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb etmişdir.

Avropa Parlamentinin  prezidenti  Martin Şultz  müsahibələrinin birində  mövqeyini açıq şəkildə səsləndirərək demişdir: “Bizim mövqeyimiz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanır. Bunun üçün də Avropa Parlamenti dəfələrlə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdir”.

Avropa İttifaqı tərəfdaş ölkələrlə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Bu məqsədlə  ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqa şəhərində “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir.   “Şərq tərəfdaşlığı” proqramını da sammit iştirakçıları məhz Praqada qəbul etmişdilər. Bundan əvvəl, yəni 2008-ci ildə  bu təşəbbüs İttifaqın Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç nümayəndələri tərəfindən irəli sürülmüşdür. İki ildə bir dəfə keçirilən sammit növbəti dəfə 2011-ci il sentyabrın 28-də Varşavada baş tutmuşdur. Varşava sammitində də Azərbaycanın dövlət başçısı özü fəal formada iştirak etmiş və həmin sammit böyük ümidlər yaratmışdı.

“Şərq tərəfdaşlığı” sammitinin gündəliyində dövlət və hökumət başçıları əməkdaşlığın siyasi və iqtisadi aspektlərini, prioritet proqramları, Avropanın maliyyə institutları ilə əməkdaşlığı, viza rejimi və digər məsələləri geniş müzakirə etmişdilər. Polşanın Baş naziri Donald Tusk proqramın əhəmiyyəti barədə danışarkən bildirmişdi ki, sammitin əsas məqsədi “Şərq tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir. Əminliklə demək olar ki, dünən Vilnüsdə keçirilən 3-cü “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanla Aİ  arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkəmizin Avropaya inteqrasiyasını daha da sürətləndirəcək.

Rauf  KƏNGƏRLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında