Prezident İlham ƏLİYEV: Biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq

 

 

Tanınmış fransız yazıçısı Jan Pol Sartr insan fenomeni haqqında bütün mülahizələrini ümumiləşdirərək müdrik bir fikir söyləmişdi: “İnsan özü özünün yaradıcısı olmaqdan başqa bir şey deyildir.” Doğrudan da, insanlar fərdi səviyyədə öz-özlərini və birlikdə isə yaşadıqları cəmiyyəti  təkcə fiziki anlamda deyil, sözün  bütün mənalarında, yaradan varlıqlardır. Onlar kəmiyyəti ilə cəmiyyətin fiziki ölçülərini müəyyənləşdirdiyi kimi, özlərinin mənəvi-əxlaqi, intelektual parametrləri ilə də adət-ənənələri, maddi və mənəvi dəyərləri yaradır, toplumun seçkin, özünəməxsus cəhətlərini formalaşdırır və bununla da mənsub olduqları cəmiyyəti digərlərindən fərqləndirirlər. Bu və ya digər şəkildə formalaşmış  hər hansı bir cəmiyyət məhz onu təşkil edən insanların yaratdığı “əsər”dir.

İnsan rəng duyma qabiliyyətinə malik olduğundan onun yaratdığı əsər - cəmiyyət də çoxrənglidir. Bu rəngləri ayırd etmək üçün biz onu  bütövlükdə — tam şəkildə və hər tərəfini eyni zamanda görə bilməliyik. İnsanlar cəmiyyəti yaratdığı kimi, onun qiymətləndirilmə metodlarını, meyarlarını və hətta onu sərgiləmə “alətlərini”  də yaratmışlar. Bunlar “cəmiyyətin durumu”, “cəmiyyətin özünəxas vərdişləri”,  “cəmiyyətin mənəvi dəyərləri” və s. bu kimi anlayışlarla ifadə olunur. Belə ifadələrdən biri də “cəmiyyətin güzgüsü” ifadəsidir. Məhz mətbuatın  cəmiyyətin güzgüsü olduğunu ilk dəfə kimin dediyi məlum  olmasa da, bu deyimin aksioma olması heç bir şübhə doğurmur. Güzgü isə hər şeyi olduğu kimi əks etdirməkdən başqa bir funksiyası olmayan dəqiq bir alətdir. Buna görə də mətbuata inam bütün cəmiyyətlərdə və bütün dövrlərdə sarsılmaz olub və hələ də olmaqdadır. 

Beləliklə, mətbuat, sadəcə, cəmiyyətin bir qisminin yazdığı mətnlərin digər qismi tərəfindən oxunması kimi bəsit bir interaksiya predmeti olmayıb, bütövlükdə, cəmiyyətin bütün rənglərini olduğu kimi əks etdirən güclü təsir qüvvəsinə malik bir mexanizmdir. Bu mexanizmin işləməsi cəmiyyətin inkişaf yolunu müəyyənləşdirir, dəqiqləşdirir, istiqamətləndirir və cəmiyyəti onu təşkil edən insanların arzu və məqsədlərinə doğru aparır.

Azərbaycan mətbuatı da istisna deyil. Milli jurnalistikamız artıq 138 ildir ki,  cəmiyyətimizlə birgə addımlayır, onu olduğu kimi əks etdirir, onu irəliyə – cəmiyyətimizin arzuladığı gələcəyə  aparır. Keçmişimizi mətbuatımızın keçmişindən öyrənirik, cəmiyyətimizin  bugünkü baxışları ilə məhz mətbuatdan tanış oluruq, gələcəyimizin qurulmasında və daha mükəmməl bir cəmiyyət statusuna qovuşmasında da məhz medianın aktiv, obyektiv və yaradıcı fəaliyyətinə arxalanırıq.

Bütün bu fikirlər bu günlərdə iştirakçısı olduğum görüşdə  Prezident İlham Əliyevin milli mətbuatımız haqqında söylədiyi dəyərləndirmələrdən yaranan təəssüratımın ümumiləşdirilmiş ifadəsidir. Bu görüş “RUH” Jurnalistləri Müdafiə Komitəsinin  il ərzində apardığı rəy sorğuları əsasında müəyyən olunmuş qalibə “Jurnalistlərin dostu” media mükafatının təqdim olunmasına həsr olunmuşdu. Ötən il ərzində  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi Fondu vasitəsilə dövlət tərəfindən mediaya ayrılan vəsaitlərin artırılması, iqtidar və ya müxalifətyönümlü olmasından asılı olmayaraq bu vəsaitlərdən bütün KİV-lərin səmərəli istifadə etmək imkanları, həm daxildə, həm də ölkəmizin hüdudlarından kənarda böyük rezonans doğurmus aksiya kimi dövlət tərəfindən jurnalistlərin mənzillərlə təminatı onların  birmənalı seçimini müəyyən etmişdir.

Son on ildə ölkədə aparılan quruculuq işləri  və iqtisadiyyatda baş verən proqressiv dəyişikliklərlə yanaşı, cəmiyyətin həyatında demokratik dəyərlərin də getdikcə daha çox yer alması, vətəndaş cəmiyyətinin bərqərar olması üçün yaranan imkanların artması və nəhayət, milli həmrəyliyə doğru meyllərin güclənməsi bilavasitə Prezident İlham Əliyevin apardığı siyasi kursun bəhrəsi kimi tanınır və siyasi mübarizənin əks tərəfində dayanan qüvvələr də daxil olmaqla, bütövlükdə, xalq tərəfindən alqışlanır. Ona görə də heç təsadüfi deyil ki, “Jurnalistlərin dostu” media mükafatının builki laureatı da artıq ikinci dəfə ölkə başçısı İlham Əliyev olmuşdur.

Bir neçə gün öncə Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və aparıcı media vasitələrinin rəhbərlərini bir araya toplayan  tədbirdə  “Jurnalistlərin dostu” mükafatı Prezident İlham Əliyevə təqdim olundu. Ölkə başçısı öz çıxışında mətbuatın cəmiyyətimizin həyatında   oynadığı rolu hərtətərəfli şərh edərək, ölkədə azad mətbuatın mövcudluğunu və zəruriliyini xüsusilə vurğuladı. Mətbuatı ictimai-siyasi həyatımızın ayrılmaz və vacib komponenti kimi xarakterizə edən Prezident müstəqillik dövründə milli mətbuatımızın keçdiyi təkamül yolunu,  onun milli dirçəlişimizə və dövlət quruculuğuna verdiyi töhfələri yüksək qiymətləndirdi.

Prezident bu mükafatın onun üçün xüsusi önəm daşıdığını vurğulamaqla yanaşı, Azərbaycan dövlətinin də milli mətbuatın inkişafına  göstərdiyi diqqət və qayğının vacibliyini və bunun dövlət siyasətinin tərkib hissəsi kimi davamlı bir proses olduğunu diqqətə çatdırdı: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki, ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir”.

Doğrudan da,  hər bir ölkənin inkişafının  məhz həmin ölkədəki söz və mətbuat azadlığı ilə birbaşa bağlı olduğu və ölkəmizdə baş tutan inkişafda da məhz bu bağlılığın açıq-aydın müşahidə olunduğu danılmazdır. Mətbuatın inkişaf tendensiyaları ilə müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi və demokratiyanın dərinləşməsi prosesləri arasında qarşılıqlı əlaqələrin ahəngdarlığı istənilən cəmiyyətin inkişaf qanunauyğunluğudur. Müqayisə üçün sovet dövrünü xatırlamaq kifayətdir.  Sovet hakimiyyəti zamanında məhdud siyasi  çərçivədə yaşayan sovet cəmiyyəti mövcud olduğu 70 il ərzində yalnız məhdud iqtisadi inkişafa çata bilmişdi və məhrumiyyətlər içərisində yaşayan cəmiyyətin də özünə müvafiq məhdud ideoloji əsaslı mətbuatı vardı.

Çoxlarımızın yaxşı bələd olduğu yeknəsək, monoton məzmunlu rəsmi sovet mətbuatı da məhz həmin cəmiyyətin güzgüsü idi. Təcrübə isə onu göstərir ki, demokratik dəyərlərin və bu sırada, xüsusən, mətbuat və söz azadlığının mövcudluğu bütövlükdə ölkənin inkişaf dinamikasını gücləndirən ən vacib amillərdən biridir və bunlardan birinin mövcudluğu digərini şərtləndirir. Müstəqilliyimizin 22 illik siyasi-iqtisadi, mədəni və demokratik inkişaf tarixi də məhz bu ahəngdarlığı əks etdirir.

Müstəqilliyimizin bərpasından dərhal sonra hələ də “ehtiyatla davranan” ilk müstəqil mətbu orqanlarımızın 1998-ci ildə senzuranın ləğv olunmasından sonra qısa bir müddətdə “yağışdan sonrakı göbələk kimi” artması, müxtəlif fikirlər, cərəyanlar və məqsədlər ətrafında differensiyalaşması və buna baxmayaraq dövrün xarakterinə uyğun olaraq aqressivləşməsi cəmiyyətin azadlıq eyforiyasından doğan çaşqınlıq davranışının təzahürü idi. Dövlət quruculuğu prosesi dönməz xarakter aldıqca, iflic vəziyyətdə olan iqtisadiyyat  dirçəldikcə,  cəmiyyətin gələcək haqqında təsəvvürləri aydınlaşdıqca mətbuatımızın içində bulunduğu siyasi-ideoloji duman da seyrəlməyə başladı.

Milli inkişaf əqidəsinə köklənən mətbuat dövrün nəbzini duymağa və tədricən cəmiyyətin istiqamətverici qüvvəsinə çevrilməyə başladı. Getdikcə media ayrı-ayrı siyasi qrupların, üzdə görünən və görünməyən müxtəlif məqsədli cərəyanların dar mənafeyi çərçivəsini aşaraq məhz cəmiyyətdən gələn sifarişlərin carçısına çevrilməyə başladı. 

Qısa müddət ərzində milli mətbuatımızın keçdiyi təkamül yolunu yüksək qiymətləndirən ölkə başçısı öz nitqində bu barədə də danışdı: “Əgər biz keçmiş illərə nəzər salsaq, görərik ki, son illərdə Azərbaycan jurnalistikası, doğrudan da, böyük yol keçmişdir. Bu, sadəcə, xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək, görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır.  Məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir.”

Müqəddəs missiyası dəqiq, qərəzsiz və obyektiv məlumatı oxucuya çatdırmaq olan mətbuat hər bir cəmiyyətin özü kimi rəngarəngdir. Lakin cəmiyyətin ümumi maraqlarını ifadə və müdafiə etmək missiyasında milli mətbuatımızın ümummilli maraqlara söykənən məsuliyyəti vardır.  Bu məsuliyyətin dərk olunması mətbuatı fraqmental maraqlardan uzaqlaşıb cəmiyyətin konsolidasiyasına xidmət etməyə sövq edir. Bu barədə də ölkə başçısı öz fikirlərini bölüşdü:  “Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır... Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur... Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır.”

 Öz nitqində milli mediamızın bugünkü inkişaf səviyyəsini xarakterizə edən Prezident onu belə dəyərləndirdi: “Demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Cəmiyyətdə ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur.  Müstəqillik, dövlətçilik, müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir.”  

Dövlət quruculuğunun bugünkü mərhələsində əldə olunmuş nailiyyətlərlə yanaşı, siyasi və iqtisadi müstəvidə öz həllini gözləyən  vacib məslələrin də olduğunu qeyd edən Prezident xalqın taleyi baxımından ən böyük əhəmiyyətə malik olan Azərbaycan–Ermənistan münaqişəsinin dövlətlə bərabər medianın da daim diqqət mərkəzində olmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Bu istiqamətdə aparılan işlərdə medianın rolunu və vəzifələrini dövləti məsuliyyət səviyyəsinə qaldıran Prezident mətbuat orqanlarını mübarizəni davam etdirməyə çağırdı:  “Biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada, əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir...”

Ölkə başçısı öz çıxışında istər daxili, istərsə də xarici siyasətdə dövlətin nail olduğu uğurların əsasında azad mətbuata əsaslanan demokratik mühitin dayandığını, cəmiyyətimizin demokratikləşməsi ilə qazanılan uğurların davamlılığı arasında birbaşa bağlılıq olduğunu qeyd edərək dedi: “Demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq.” 

Bu gün ümumdünya inkişaf proseslərinin gedişinə nəzər saldıqda, doğrudan da,  demokratiya və inkişaf arasındakı bu dialektik əlaqə çağdaş dövrümüzün ən başlıca əlamətlərindən biri kimi görünür. İnformasiya isə bu əlaqəni reallaşdıran  başlıca vasitə rolunda çıxış edir. Müasir qloballaşma dövrünün ən xarakterik cəhətlərindən biri informasiyanın zaman və məkan daxilində bütün çərçivələrdən azad olmasıdır. Mətbuatın başlıca məhsulu olan informasiya ani surətdə qlobal məkanı əhatə edə bilir və real zaman axınında istehlakçıya çatdırıla bilir. Belə bir şəraitdə informasiya kəmiyyət kateqoriyasından uzaqlaşaraq keyfiyyət göstəricisinə çevrilir. Bu, həmin informasiyanın, onu yayan mətbuatın cəmiyyətə verdiyi fayda ilə ölçülə bilər.

Bu baxımdan Azərbaycan mediasında istehsal olunan məhsulların həm cəmiyyətimiz və həm də dövlətimiz üçün faydalı olduğunu təsdiq edən Prezident dövlətlə medianın faydalı işbirliyinin cəmiyyətin inkişafı üçün zəruri olduğunu önə çəkdi:  “Azərbaycan mediası daim inkişaf etməlidir. Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli-mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir.”

Prezidentin xüsusi önəm verdiyi bu funksiyasında mətbuatımız son 20 il ərzində çaxnaşmalara, siyasi intriqalara, yanlış yönləndirmələrə meylli olan qaragüruhçu aqressivlikdən bu günkü obyektiv tənqidə, elmi analizə, siyasi plüralizmə və multikultural cəmiyyətin təbliğinə əsaslanan güclü təsir vasitəsinə çevrilmişdir. Əlbəttə, dəqiq və etibarlı mənbəyə əsaslanmayan və  heç bir obyektiv istinad mənbəyi olmayan dedi-qoduların mətbuat səhifələrində yer alması bu gün də istisna deyil. Xüsusən, cəmiyyətdə tanınan şəxsiyyətlər haqqında əsassız məlumatların müxtəlif məqsədlərlə “sarı” adlandırılan  mətbuatda vaxtaşırı hallandırılması hələ də şantaj və təhdid üsullarından yararlanmağa çalışan insanların mətbuatdan qərəzli istifadə cəhdində bulunduğunu göstərir. Amma  cəmiyyətdə rast gəlinən neqativ halların mətbuat səhifələrində obyektiv tənqidə məruz qalması tamamilə təbiidir və həm də faydalıdır.

Bugünkü mətbuatımızın aparıcı tendensiyalarında məhz bu istiqamət - nöqsanlara qarşı mübarizə istiqaməti  mütləq üstünlüyə malikdir. Etiraf etməliyik ki, bir çox hallarda dövlətin quruculuq siyasətində tətbiq etdiyi innovasiyalar, müxtəlif dövlət strukturlarının fəaliyyət mexanizminə edilən korreksiyalar da məhz mətbuatın araşdırmaları nəticəsində ortaya çıxan reallıqların qəbul olunmasından irəli gəlmişdir. Ölkə başçısının çıxışıında səslənən fikirlər milli  mətbuatımızı məhz ümummilli məqsədlər uğrunda dövlətlə birgə fəaliyyətə səsləyir: “Hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq.”

Təqdimat mərasimindəki yekun nitqində Prezident, onu özlərinin dostu hesab edən mətbuat nümayəndələrinə təşəkkürünü bildirərək məzmununda yüksək mənəvi dəyər daşıyan dostluq münasibətlərində səmimi və sədaqətli olduğunu da bəyan etdi:  “Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir.”

Bu yerdə yüzilllərin sınağından çıxmış məşhur atalar sözünü xatırlamaq yerinə düşür: “Dost dosta tən gərək...”  Milli mediamız cəmiyyətdə sağlam meyillərin dəstəklənməsi və təbliği, mövcud nöqsanların, cəmiyyət üçün zərərli və bəzən hətta təhlükəli olan tendensiyaların aşkarlanması, onların təhlili və çıxış yollarının aranmasında, doğrudan da, Azərbaycan dövlətinə və Prezidentinə dost yardımı göstərməkdə qərarlıdır. Bununla da, jurnalistlərimiz bütün  fəaliyyət istiqamətlərində onların dostu cənab İlham Əliyevin görüşdə səsləndirdiyi  çağırışlarla həmfikir olduqlarını göstərmək əzmindədirlər.

Ölkə başçısının söz və fikir azadlığına, ümumiyyətlə mətbuatımıza verdiyi önəm, mətbuat nümayəndələrini də öz növbəsində demokratiyanın genişlənməsinə və milli birliyə hədəflənmiş fəaliyyətlərini daha da artırmağa və bu yolda dövlətçiliyimizin güclənməsinə xidmət edən ümummilli ideyalara sadiqlik nümayiş etdirməyə sövq edir.

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında