Azərbaycan xalqı Heydər Əliyev siyasətini indi həmişəkindən daha çox dəstəkləyir

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 19-da keçirilıən andiçmə mərasimindəki dərin məzmunlu nitqi hər birimizin sabaha olan inamımzı daha da artırdı. Möhtərəm Prezidentimiz bir daha əmin etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlindən gələni əsirgəməyəcək, doğma xalqımıza sədaqətlə xidmət edəcək. Xalq böyük ruh yüksəkliyi ilə prezident seçkilərində iştirak edərək, ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi.

Çünki hər bir soydaşımıza çox yaxşı bəllidir ki, Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Bu siyasi kursun ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub və insanların həyat səviyyəsini getdikcə yaxşılığa doğru aparır. Son 20 ildə ölkəmizdə baş verən hadisələr də bunu təsdiqləyir.

Müdriklərin belə bir kəlamı var: “Bu və ya digər xalqın böyüklüyü onun sayca çoxluğu ilə deyil, bəşəriyyətə bəxş etdiyi dühalarla ölçülür”. Bəli, bu, bir həqiqətdir ki, məhz XX əsrin ikinci yarısında ulu öndərin dahi şəxsiyyət kimi siyasi meydana atılması, xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gəlməsi real təhlükə ilə üzləşmiş müstəqilliyimizi  Azərbaycana qaytardı, öz liderlik qüdrəti ilə ölkəmizi liderlər səviyyəsinə ucaltdı, respublikamızın dünya siyasətində, iqtisadiyyatında, mədəniyyətində və digər sahələrdə öncül mövqe tutmağa qadir olduğunu sübut etdi.

Son 20 ildə Azərbaycan iqtisadi inkişafına görə Cənubi Qafqazın lider dövlətinə çevrilib, region və dünya ölkələri sırasında qabaqcıl yer tutur. Azərbaycan müstəqillik qazandıqdan sonra məhz ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə perspektivli inkişaf yoluna qədəm qoydu. XX əsrin sonlarında olduğu kimi, ondan əvvəlki illərdə də Azərbaycan tarixinin taleyüklü məsələlərlə dolu dövrü Heydər Əliyevin adı ilə bağlı olub. Ümummilli lider ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının rifahı naminə çalışıb, bütün sahələrdə bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb edib. Bu siyasi xəttin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin müstəqillik tarixinə şanlı səhifələr yazıb.

Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. On il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır.

On ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır. Azərbaycanda bütün sahələrdə yaşanan inkişaf özünü ilk növbədə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial müdafiəsinin daha da gücləndirilməsində göstərmişdir.

Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti, keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin bütün sahələr üzrə inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan XXI əsrdə dünyanın inkişaf etmiş, sivil, güclü bir dövləti olmağa namizəddir. Bir sözlə, ölkəmizin bütün bu uğurları dövlətimizin başçısı tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin gözəl bəhrəsidir.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.

İndi fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır. Ölkə başçısının həyata keçirdiyi uğurlu islahatlar, iri infrastruktur layihələrin reallaşdırılması və respublikamızın dünya birliyinin aparıcı dövlətləri sırasına qoşulması möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki reytinqini daha da artırmışdır.

Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etməsi də məhz bu amillərin nəzərə alınmasından irəli gəlmişdir. Azərbaycan Prezidentinin “İlin adamı” mükafatına son illər Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə respublikada, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.

Möhtərəm Prezidentimiz İlham Əliyev Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalına verdiyi müsahibəsində də ona göstərilən etimadla əlaqədar demişdir:"Azərbaycan xalqı müdrik xalqdır və öz tarixinin həlledici anlarında düzgün qərar qəbul etməyi bacarıb. Bu xalq 1993-cü ildə - dövlətçiliyimiz mühüm təhlükə qarşısında qalarkən özünün qəti sözünü dedi və böyük dövlətçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 20 il ərzində Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin dinamik inkişafını təmin etdi, onu dünyanın müasir və demokratik dövlətinə çevirdi.

Bilirsiniz ki, müasir və demokratik dövlət quruculuğunun müəyyən dəyişməz prinsipləri, dəyərlər sistemi mövcuddur ki, onlar ardıcıl olaraq təmin edilir və bu sahədəki əsas strateji hədəflər qorunub saxlanılır. Mən tam əminəm ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf və sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir. Bu siyasətin başlıca prioriteti, əlbəttə ki, ilk növbədə dünyanın inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanan, rəqabətqabiliyyətli, ərazi bütövlüyü bərpa olunmuş, müstəqil, güclü və demokratik Azərbaycan olmalıdır”.

Möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi müddətdə əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli dövlət proqramlarını təsdiq etmiş, bu əhəmiyyətli sənədlərin qarşıya qoyduğu vəzifələrin icrası zamanı işsizlik problemi aradan qaldırılmış, yoxsulluğun səviyyəsi azaldılmış, əmək haqları, sosial müavinətlər, pensiyalar dəfələrlə artırılmışdır.

“Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digərləri uğurla həyata keçirilib. Eyni zamanda, hazırda “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər əsasən insanların həyat tərzinin daha da yaxşılaşdırılmasına yönəldilmişdir.

Bu il oktyabrın 9 - da keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti seçki məntəqələrinə gedərək tərəddüd etmədən cənab İlham Əliyevə səs verdi. Xalq bir daha Heydər Əliyev siyasi xəttinin alternativi olmadığını nümayiş etdirdi. Seçkilərin nəticələri də bunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev 84,55 faiz, Milli Şuranın namizədi isə cəmi 5,77 faiz səs toplamışdır. Bu, onu göstərir ki, ölkədə radikal müxalifətin tərəfdarlarının sayı 150 - 155 min nəfərdir. Seçkilərdə acınacaqlı məğlubiyyətə uğramış dağıdıcı müxalifət nümayəndələri ikili standart nümayiş etdirən, Azərbaycanın inkişafını gözü götürməyən ermənipərəst dairələrlə həmrəy olaraq guya Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun gəlməməsi barədə rəy formalaşdırmağa çalışırlar. Belə xəyanətkarların yalan və böhtançı olmalarına, demokratik, azad və ədalətli seçkilərin keçirilməsinə kölgə salmaq cəhdlərinə seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin yekun rəyləri çox tutarlı cavab idi.

 Onu da qeyd edək ki, seçkinin gedişini izləmiş beynəlxalq müşahidəçilərin demək olar ki, hamısının yekun rəyində razılıq və məmnunluq ifadələri öz əksini tapıb. Bütün bunlardan sonra kimlərinsə seçkilərin gedişinə kölgə salmaq cəhdləri heç bir fayda verməyəcək. Çünki yalan və böhtan radikal müxalifətin köhnə vərdişidir. 20 ildir ki, öz antimilli mövqelərindən hələ də əl çəkə bilməyən dağıdıcı müxalifəti xalqın taleyüklü problemlərindən çox, öz maddi maraqları düşündürür. Ona görə də xalq belə dağıdıcıları qətiyyətlə rədd edir. Biz builki prezident seçkilərində də bunun şahidi olduq.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırarkən də ölkəmizdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsinə münasibət bildirib və bu qələbənin kökündə nəyin dayandığına aydınlıq gətirib. Akademik deyib ki, sonuncu prezident seçkilərinin yekunları göstərdi ki, milli elektorat İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, sosialyönümlü iqtisadiyyatın inkişafına, əhalinin rifahının yaxşılaşmasına istiqamətlənmiş siyasətini yüksək qiymətləndirmişdir. Buna görə də səsvermənin yekunlarını, seçicilərin 84,55 faizinin indiki prezidentə üstünlük verməsini yüksək dərəcədə qanunauyğun və ədalətli hesab etmək olar.

Akademikin fikrincə, seçkilərdə iştirak etmək arzusunu bildirmiş hər kəsə bu cür imkan verilmişdir. Heç kəsin - istər yerli müşahidəçilərin, istər siyasi təşkilatların nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, istərsə də Avropa Parlamenti üzvlərinin səsvermə prosesini müşahidə etmək hüququ rədd edilməmişdir.

Azərbaycanda aparılmış demokratik islahatlardan, əməkdaşlıqdan və dialoqdan söhbət açan R.Mehdiyev demişdir:"Son illərdə ölkəmiz daim açıqlıq nümayiş etdirmiş, demokratik islahatlar keçirilməsi sahəsində dialoqdan, əməkdaşlıqdan heç vaxt çəkinməmişdir. Bu istiqamətdə Azərbaycan heyrətamiz dərəcədə böyük irəliləyişə nail olmuşdur. Demokratik yenidənqurmanın mühüm tərkib hissəsi olan seçki texnologiyalarının tətbiqində müsbət dəyişiklik faktları bu dialoqun bizim üçün nə qədər vacib olmasına və nə qədər yerinə düşməsinə dəlalət edir”.

Radikal müxalifətin seçkilərin demokratik və şəffaf keçirilməsinə kölgə salmaq cəhdləri də akademik R.Mehdiyevin müsahibəsində öz əksini tapmışdır. O demişdir: “Təəssüf ki, bizim şəraitdə bunun əksini, yəni pisin ən pisini müşahidə etməyə məcburuq. Radikal müxalifət artıq 20 ildən çox müddətdə konstruktiv dialoqa getmək istəmir. O, əvvəlki kimi, yenə də pisliyin kökünü özündə, özünün hakimiyyət uğrunda aqressiv mübarizə metodlarında deyil, işləməyi, ölkədə sabitliyə və inkişafa təminat verməyi, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmlətməyi bacaran güclü iqtidarın olmasında axtarır. İqtidar öz opponentlərinə dəfələrlə bir masa arxasında əyləşərək dialoqa başlamağı təklif etmişdir. Bu, güclülərə yaraşan hərəkətdir və iqtidar bunu nümayiş etdirir. Cavabında isə həmişə anlaşılmaz arqumentlər gətirilir, yersiz şikayətlər və qeyri-adekvat ritorika səslənir. Dialoqun baş tutmamasına səbəb yenə də bizim opponentlərin əsassız ambisiyalarıdır. Axı, radikal müxalifətin elektoral dəstəyi yoxdursa, buna görə iqtidarı nə üçün təqsirləndirmək lazımdır? Əvvəlki illər ərzində bu düşərgənin sosial bazası göz qabağında əriyib getmişdir, çünki cənab radikallar onilliklər boyu gərəksiz işlərlə məşğul olmuşlar. Onlar fəaliyyət proqramının ideoloji tərkib hissəsini müəyyən edə bilməmiş, islahatlar proqramına alternativ quruculuq fəaliyyəti konsepsiyasını işləyib hazırlamamışlar. Bəs bu cür qeyri-müəyyən şəraitdə onlar ardıcıllarını öz tərəflərinə necə cəlb etmək niyyətində idilər?

Elektorat real ideoloji məqsədlərə, onlara nail olmağın hədəf və vasitələrinə, həyatın ayrı-ayrı sahələrində islahatların layihələrinə səs verir. İqtidar bunu həm bəyan edir, həm də həyata keçirir”.

Radikal müxalifətin 15-20 illik “ liderləri” birdəfəlik dərk etməli və başa düşməlidirlər ki, xalq radikalizmi, aqressivliyi qəbul etmir. Son 20 ildə keçirilən seçkilərdə də bunun şahidi olduq. Bu müddət ərzində dağıdıcı müxalifət özünün azsaylı üzvlərini də ititə - itirə gəlib. Əlacı hər yerdən üzülmüş radikal müxalifətin son ümid yeri antiazərbaycan dairələrdir. İndi də onların təhriki və çirkli pulları hesabına hüquqazidd texnologiyaların artmasına, ictimai asayişin pozulmasına və təcavüzkar hərəkətlərə cəhd edirlər. Bu da bir nəticə verən deyil. Çünki xalq belə xəyanətkarları qətiyyətlə rədd edir.

Prezident seçkilərinin demokratik və şəffaf şəraitdə keçirilməsinə şübhə ilə yanaşanlara bir daha xatırladırıq ki, şəffaf, azad və ədalətli şəkildə keçirilmiş prezident seçkiləri və bu seçkilərin nəticələri dövlət müstəqilliyinə və ulu öndər Heydər Əliyev siyasi kursuna xalq tərəfindən verilən növbəti yüksək qiymətdir. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir.

Havva MƏMMƏDOVA,

tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında