Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasında müzakirə edilmişdir

 

 

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin noyabrın 22-də Vyana şəhərində keçirilən iclası Azərbaycan üçün iki cəhətdən əlamətdar olmuşdur. Həm ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı məruzənin yekun mətni müsbət qiymətləndirilərək təsdiq edilmiş, həm də qurumdakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun hazırladığı “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzə müfəssəl müzakirələrdən sonra yüksək qiymətləndirilərək qəbul olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisi deputatının AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin xətti ilə hazırladığı bu məruzənin başlıca məziyyətlərindən biri odur ki, həmin hesabat ümumavropa səciyyəli bir problemə həsr edilmişdir və mahiyyəti etibarilə Azərbaycanın Avropa Şurasına verdiyi töhfə səciyyəsi daşıyır. Çünki həmin məruzənin araşdırdığı problem Avropa Şurasının hüdudlarını genişləndirmək, Avropa hüquq məkanının əhatə dairəsini daha da artırmaq məqsədi güdür.

Deputat R.Hüseynov bu məruzə üzərində il yarım müddətində tədqiqat aparmış, sənədin əsas tezisləri ilə bağlı dünyanın bir sıra tanınmış hüquq mütəxəssislərinin iştirakı ilə ötən ilin sonlarında Parisdə ayrıca kollokvium keçirilmişdir.

AŞPA-nın sədri Jan Klod Minyon Daimi Komitənin iclasında məruzəni müzakirəyə çıxararkən ilk növbədə azərbaycanlı deputatın əməyini dəyərləndirmiş, hesabatda xüsusi aktuallıq kəsb edən problemin mükəmməl həll yollarının əks etdirildiyini qeyd etmişdir.

R.Hüseynov komitədəki çıxışında demişdir: “Bu araşdırma Avropanın bu günü və gələcəyi üçün ciddi əhəmiyyət kəsb edən bir problemə həsr edilmişdir. Ortaq Avropa Evini formalaşdırmaq, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, bütün Avropa cəmiyyətinin getdikcə daha geniş çərçivədə uyğun meyarlarla düşünməsini, yaşayıb fəaliyyət göstərməsini təmin etmək müştərək qanun müstəvisinin formalaşdırılması məsələsi ilə bilavasitə bağlıdır. Bu mənada Avropa Şurası konvensiyalarının yalnız bu təşkilatın üzvü olan 47 ölkədə deyil, həm də digər qeyri-üzv dövlətlərdə tətbiq edilməsi çox əhəmiyyətli ola bilər.

Hazırda Avropa Şurasının 213 konvensiyası vardır ki, bunlardan yalnız 41-i qeyri-üzv dövlətlər üçün açıq deyildir. Avropa Şurası konvensiyalarının əksəriyyəti hüquqi baxımdan qeyri-üzv dövlətlərin qoşulmasına açıq olsa da, qeyri-üzv dövlətlərin özlərinin bu prosesdə iştirakı heç də arzulanan səviyyədə deyil. Lakin təəssüf doğuran haldır ki, qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarında iştirakı nadir hallarda müzakirə və müfəssəl tədqiq obyektinə çevrilir. Amma buna da ehtiyac böyükdür. Çünki konvensiyaların hamısının qeyri-üzv dövlətlər üçün açıq olmasını təmin etmək tendensiyası vardır.

Qeyri-üzv dövlətlərin qoşulması üçün açıq olan ilk konvensiya 1953-cü ildə qəbul edilib və arxada qalan 60 il ərzində belə konvensiyaların miqdarı durmadan artsa da, qeyri-üzv dövlətlərin qoşulduğu, yaxud ratifikasiya etdiyi konvensiyaların sayı yalnız 76-dır. Həm də qeyri-üzv ölkələrin diqqəti daha çox 30 konvensiyaya yönəlmişdir. Bunların da demək olar ki, yarısı birbaşa, ya da dolayısı ilə hüquqi əməkdaşlıq məsələlərinə aiddir.

Kvalifikasiyaların tanınması, mədəni və təbii irs, televiziyalar və sair bu kimi konvensiyalar qeyri-üzv dövlətlərin nisbətən fəal qoşulduqları konvensiyalardır. Bunları nəyə görə sadalayırıq? Əslində ortada konkret rəqəmlər var və hansı konvensiyaya nə qədər qeyri-üzv dövlətin qoşulması dəqiqliyi ilə bəllidir. Elə həmin rəqəmlər də təhlil və təkliflər üçün əlavə imkanlar yaradır, prosesin daha nizamlı və intensiv davam etməsi üçün yolları nişan verir.

Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması və onların tətbiqində iştirakını intensivləşdirmək üçün belə təcrübələr diqqətdə saxlanılmalı, maraqların daha çox kəsişmə nöqtələri müəyyənləşdirilərək həmin səmtdə daha ardıcıl iş aparılmalıdır.

Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması təşkilatımızın ümdə maraqları daxilindədir. Parlament Assambleyası, Nazirlər Komitəsi konvensiyalarla bağlı prioritetləri müəyyənləşdirməli, diqqət isə daha çox ehtiyac duyulan konvensiyalar üzərində cəmlənməlidir. Bizim qənaətimizcə, mədəniyyətlərarası dialoq və transsərhəd cinayətkarlığa qarşı mübarizə iki belə vacib istiqamət kimi seçilə bilər.

Terrorizmə, narkotiklərin dövriyyəsinə, insan alverinə, kibercinayətkarlığa, çirkli pulların yuyulmasına qarşı müştərək mübarizə ortaq hüquqi məkanın daha geniş olmasını və dəqiq işləməsini tələb edir. Hüquqi fəzanın böyüməsi isə nəticədə cinayətkarlığın sərhədlərinin daha artıq daralmasına gətirib çıxarır".

Müzakirələr zamanı Böyük Britaniyadan olan komitə sədri Kristofer Çop, italiyalı deputat Sandro Qozi, hollandiyalı Tini Kox məruzədə qaldırılan problemin vacibliyini vurğulamış, hesabatın elmi və siyasi cəhətdən yüksək peşəkarlıqla hazırlandığını bildirmişlər.

Sonra məruzə və qətnamə layihəsi səsə qoyulmuş və Daimi Komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənmişdir.

AŞPA-nın rəsmi saytında azərbaycanlı deputat Rafael Hüseynovun müvəffəqiyyətlə qəbul edilmiş “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzəsi haqqında təqdiredici hesabat dərc edilmişdir. 

 

Elgün NİFTƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında