Prezident İlham ƏLİYEV: “Azərbaycan – Belarus münasibətlərinin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir”

 

Müstəqil Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif dövlətləri ilə əlaqələri genişləndirir, siyasi-diplomatik dialoqu dərinləşdirir və müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarını nəzərdən keçirərək münasibətləri inkişaf etdirməklə milli dövlətçilik maraqlarını təmin edir. Bu baxımdan, Müstəqil Dövlətlər Birliyinin üzvləri ilə əməkdaşlığı davam etdirmək də xarici siyasət xəttimizin prioritet vəzifələrdən biridir. Belarus Respublikası həmin ölkələr sırasında xüsusi yerə malikdir. Rəsmi Bakı ilə rəsmi Minsk arasında bütün dövrlərdə formalaşmış normal əməkdaşlıq mühiti son illərdə dinamizm və inteqrasiya baxımından geniş xarakter alıb. Hər iki ölkə siyasi-iqtisadi, humanitar sahələrdə səmimi dostluq əlaqələrinin əsaslı təməllərini qoyub. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya son səfərində də bunun bir daha şahidi olduq.

Əminliklə demək olar ki, Azərbaycan - Belarus əlaqələri zamanın sınağından uğurla çıxmış, real əməkdaşlığımız hər keçən gün daha da genişlənmişdir. İki ölkə arasında əməkdaşlığın təməli ulu öndərimiz Heyər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 1993-cü il iyunun 11-də Afinada imzalanmışdır. 1998-ci və 2000-ci ilin avqust aylarında Azərbaycan Prezidenti Heydər Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında MDB Dövlət Başçıları Şurasının iclasları zamanı Yaltada, 2000-ci ildə Minskdə və Davosda Dünya İqtisadi Forumundakı görüşlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan — Belarus əməkdaşlığında ciddi dönüş 2001-ci ilə təsadüf edir. Həmin ilin avqust ayında Belarusun Baş naziri V.Yermaşov ölkəmizin yüksək səviyyəli rəsmi şəxsləri ilə çoxsaylı görüşlər keçirmiş və danışıqların yekunu olaraq hökumətlərarası sazişlər imzalanmışdır. 2004-cü ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin Belarus Respublikasında səfirliyi təsis edilmişdir. Budan sonra iki ölkə arasında əməkdaşlıq daha da intensivləşmişdir.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Belarusa ilk rəsmi səfəri 2006-cı il oktyabrın 17-də baş tutub. Dövlət başçısı eyni zamanda, 2006-cı il noyabrın 28-də Minsk şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub. 2007-ci il mayın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, 2009-cu il noyabr 11-də isə Prezident İlham Əliyevin həmin ölkəyə rəsmi səfəri baş tutub. Bu məqamda onu da xatırlatmaq yerinə düşərdi ki, dövlət başçımızın 2012-ci il avqustun 28-də Belarusa rəsmi səfəri ikitərəfli münasibətlər baxımından xüsusilə yaddaqalan olmuşdur. Bu səfər həmin dövrə təsadüf etmişdi ki, ölkəmiz ağır iqtisadi duruma düşən Belarusa təmannasız yardım etmiş və bu yardım hesabına ölkə böhrandan qismən də olsa, qurtula bilmişdir. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında da Azərbaycanın köməyini xüsusi vurğulayaraq demişdir ki, bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir: “Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq”.

 Həmin səfər zamanı digər bir əlamətdar hadisə bu idi ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Azərbaycanın dövlət başçısı bu ölkənin “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Cənab Lukaşenko bunu yüksək qiymətləndirərək demişdir: “Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir”. Belarus Prezidenti hər zaman Azərbaycana arxa - dayaq olduqlarını diqqətə çatdıraraq bidirmişdi ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz".

Qarşlıqlı iqtisad-siyasi əlaqələrin davamı kimi, bu ayın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Belarus Respublikasının Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüş və həmin görüşdə xüsusilə qeyd edilmişdir ki, münasibətlərimizin daha intensiv xarakter alması üçün böyük imkanlar mövcuddur. Bakıda keçirilən Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus — Azərbaycan hökumətlərarası komissiyasının 8-ci iclası barədə ətraflı məlumat verilərək bildirilmişdi ki, iclasda son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir çox sahələr üzrə, o cümlədən maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Gəncə avtomobil zavodunda həyata keçirilən birgə layihənin səmərəli nəticələrini məmnunluqla qeyd edən tərəflər, xüsusən, qeyri-neft sektorunda əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün mütəmadi məsləhətləşmələrin, təcrübə mübadiləsinin zəruriliyini vurğulamışlar.

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi birgə mətbuat konfransında ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinin sürətli inkişafına diqqət çəkmiş və qeyd etmişdir ki, bizim əmtəə dövriyyəmizin həcmini daha da artırmaq, daha da yaxşılaşdırmaq lazımdır. Ona görə ki, iki dövlətin imkanları dövriyyənin 300 milyon dollardan xeyli çox olmasına imkan verir. Əminəm, bu səfərin xüsusiyyəti ondan ibarətdir ki, biz öz həmkarlarımızla, hökumətlərarası komissiya ilə birlikdə əməkdaşlığın yeni istiqamətini tapdıq: “Bu gün biz Azərbaycan biznesmenlərini və Azərbaycan dövlətini Belarus ərazisində maraqlandıra biləcək layihələrə daha geniş sərmayə qoyulması məsələsində Prezidentdən də dəstək aldıq. Bizim kooperasiya əlaqələrimiz necə əməkdaşlıq etmək lazım olduğunu göstərir. Bu gün biz bu haqda da danışdıq. Razılaşdıq ki, bu istiqaməti gücləndirəcəyik. Biz əvvəlcə Azərbaycan ərazisində adi texnikanın yığılmasından başlamışdıq. Bu gün artıq bir sıra istehsalatlar - traktorların, avtomobillərin, avtobusların yığılması istehsalatları artıq 40-60 faiz lokallaşdırılmışdır. Bu, Azərbaycan Respublikasının çox yüksək potensialına dəlalət edir. Ona görə biz yığma əməliyyatlarından müştərək müəssisələrə keçdik. Bu gün artıq müştərək müəssisələrdə minlərlə vahid texnika istehsal edirik. Prezidentlə biz belə bir faktı da qeyd etdik ki, bizim Azərbaycanda artıq istehsal etdiyimiz bütün məhsullar Azərbaycana sığmır, beləliklə, qarşımızda bir məsələ yaranmışdır - üçüncü ölkələrin bazarlarına çıxmaq və birgə istehsal etdiyimiz məhsulları birgə satmaq. Yəni, biz artıq xeyli yol keçmişik, birgə məhsul yaratmışıq, sabah həmin məhsulu İranda, başqa respublikalarda satacağıq”.

Yeri gəlmişkən, bir neçə ildir ki, Belarus şirkətlərinin bir neçəsi birgə istehsal imkanları yaratmaqla ölkəmizin daxili bazarında aparıcı yer tutmağa başlayıb. Kənd təsərrüfatı texnikasının istehsalında zəngin təcrübəyə malik Belarus hökuməti 5 ilə yaxındır ki, Gəncə Avtomobil Zavodunda traktorların istehsalında ölkəmizlə birgə layihə həyata keçirir. Bundan başqa, aqrar sahənin inkişafı üçün Belarusun aqrar kompleksinə məxsus kimyəvi maddələrin, aqrotexniki vasitələrin, yem və preparatların respublikamıza gətirilməsi həyata keçirilir. Təbii ki, bu faktorlar ölkələrarası ticarət dövriyyəsinin artmasına səbəb olub. Belarus və Azərbaycan arasında fəal siyasi dialoq hesabına ticari-iqtisadi əməkdaşlıq sahəsində bir sıra konkret layihələri praktikada reallaşdırılmağa nail olub. Real imkanların olduğunu nəzərə alan Azərbaycan ilə Belarusun hədəfi həm də ticarət dövriyyəsini yaxın vaxtlarda 700-800 milyon dollara çatdırmaqdan ibarətdir. Hər iki ölkə prezidentlərinin ötən il imzaladıqları 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında dövlətlərarası müqaviləyə əsasən, iqtisadi-ticari əlaqələrin bir neçə dəfə yüksəldilməsi nəzərdə tutulur.

Prezident Aleksandr Lukaşenko hər çıxışında iki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçımızın rolunu xüsusi qeyd etmiş, onun beynəlxalq aləmdəki nüfuzuna diqqət çəkərək nəzərə çarpdırmışdır ki, mən həmişə İlham Heydər oğlunun bizim aramızda ən ziyalı və savadlı Prezident olduğunu demişəm. Ona güvənərək biz yeni-yeni əməkdaşlıqlara həmişə hazırıq və sizdən yeni təkliflər gözləyirik. Əgər sizin üçün maraqlıdırsa, siz bizim neft-kimya sahəsinə, kənd təsərrüfatına, xüsusən, sizin diqqət yetirdiyiniz istiqamətə — əczaçılıq sənayesinə sərmayə qoya bilərsiniz. Mən bu təklifləri tamamilə dəstəkləyirəm: “Biz öz texnologiyalarımızı təklif etməyə və ən qısa müddətdə təbii ki, Azərbaycan Prezidentinin nüfuzundan və təsirindən istifadə etməklə üçüncü ölkələrdə də satacağımız dərman preparatlarının qablaşdırılmasından başlanmış onların istehsalına qədər bütün yolu keçməyə hazırıq”.

Azərbaycan Prezidenti İlham Əliyev əlaqələrimizin hər sahədə sürətlə inkişaf etdiyini qeyd edərək demişdir ki, bizim münasibətlərin əsasında çox böyük qarşılıqlı etimad dayanır. Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur. Azərbaycan Prezidenti Belarusun dövlət başçısının bu dəfəki səfəri zamanı imzalanan 11 müqaviləyə də diqqət çəkərək bildirmişdir ki, imzalanmış mühüm sənədlər ölkələrimizin və xalqlarımızın bundan sonra da yaxınlaşmasına, münasibətlərimizin əvvəlki kimi dinamik inkişaf etməsinə şərait yaradacaqdır: “Bizim qarşılıqlı etimadımız elə səviyyədədir ki, hər hansı məsələnin həlli üçün sadəcə söz verməyin və ya vəd etməyin kifayət olduğunu güman etməyə haqqımız vardır. Mənim fikrimcə, əlaqələrimizi səciyyələndirən cəhətlər qərarlar qəbul etmək, həmin qərarların yerinə yetirilməsinə nəzarət, habelə çox müsbət qarşılıqlı münasibətlər mexanizmidir. Ciddi məzmun kəsb edən bu münasibətlər çox sahələri əhatə edir”.

Ölkələrimiz beynəlxalq aləmdə də sıx əməkdaşlıq edirlər. Azərbaycan ilə Belarus beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, regional təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqələr saxlayır. Azərbaycan Prezidentinin bu barədə dediyi fikirləri səmimiyyətlə alqışlayan Belarusun dövlət başçısı bildirmişdir: “Sizinlə tam razıyam və bunu təsdiq edirəm ki, beynəlxalq əməkdaşlıq baxımından Azərbaycan ilə Belarus arasında heç bir problem yoxdur. Dünya nizamına, bu gün dünyada mövcud olan problemlərə baxışlarımız eynidir. Bununla əlaqədar, beynəlxalq təşkilatlarda problemli məsələlərin bütün spektri üzrə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik”.

Belarus bizim üçün prinsipial əhəmiyyətə malik bir məsələdə – Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ərazi bütövlüyünü tam dəstəkləyən çoxsaylı ölkələr sırasında yer alır. Rəsmi Minsk Azərbaycanın bütün təşəbbüslərini hər zaman dəstəkləmiş, ölkəmizin BMT Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələri arasında qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürmüşdür. Hər iki ölkə strateji tərəfdaşlığı inkişaf etdirməklə münasibətləri daha yüksək səviyyəyə çatdırmaq iqtidarındadır. Bu istiqamətdə qətiyyətli mövqe ortaya qoyan hər iki ölkənin dövlət başçıları əməkdaşlığın inkişafında həmişə qətiyyət nümayiş etdirmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim aramızda yaxşı qarşılıqlı anlaşma vardır. Qarşılıqlı dəstək səviyyəsi çox yüksəkdir. Ən başlıcası, bütün istiqamətlər üzrə münasibətlərimizi bundan sonra da fəal inkişaf etdirmək əzmindəyik.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında