Robert VALTER: İlham Əliyev xalqın 85 faizinin səsini qazanıb.
O, Azərbaycanın legitim Prezidentidir və bu fakt şəksizdir.
Oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri təkcə ölkəmizdə və regionda deyil, bütövlükdə dünyada böyük maraqla gözlənilir və izlənilirdi. Çünki bugünkü Azərbaycan dövləti artıq təkcə öz xalqımız və region ölkələrindən ötrü deyil, bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən dövlətə çevrilmişdir.
Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığına, beynəlxalq aləmdə terrorçuluğa və digər mənfi hallara qarşı mübarizə aparan dövlətlərlə eyni səviyyədə, çiyin-çiyinə fəaliyyət göstərdiyinə, ən başlıcası, dünyada gedən demokratikləşmə prosesinə özünəməxsus töhfələr verdiyinə görə, Ermənistan istisna olmaqla bütün dövlətlər Azərbaycanda sabitliyin və əmin-amanlığın bundan sonra da davam etdirilməsini arzulayır.
Üstəlik, yaxşı bilirlər ki, bu sabitliyi və əmin-amanlığı ancaq və ancaq Heydər Əliyev siyasi kursunu davam etdirən lider təmin edə bilər. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar isə bu perspektivi təkcə arzulamır, həm də bu istəyin real həyatda öz təsdiqini tapması üçün dəyərli addımlar atırlar. Elə oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin hazırlanmasını və səsvermə prosesini dəqiq qiymətləndirmək üçün ölkəmizə göndərilən əcnəbi müşahidəçilərin sayının yüzlərlə deyil, minlərlə hesablanması, dünyanın ən aparıcı kütləvi informasiya vasitələrinin demək olar ki, bir həftə Azərbaycandan danışması, ən məşhur televiziyaların respublikamızdan canlı yayımla öz tamaşaçılarının qarşısına çıxması da məhz həmin maraqdan irəli gəlirdi.
Seçki başa çatandan sonra isə beynəlxalq müşahidəçilərin hamısı, hətta seçki barədə mənfi fikir söyləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xəttiylə ölkəmizə gəlmiş müşahidəçilərin özləri də ayrı-ayrılıqda müsahibə verərkən bu seçkinin beynəlxalq aləmdə qeydə alınmış ən demokratik seçkilərdən biri olduğunu vurğulayırdılar. ABŞ Prezidenti Barak Obama, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, eləcə də Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası kimi ölkələrin dövlət rəhbərləri başda olmaqla dünyanın bütün ölkələrinin başçıları Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərinin nəticələrini yüksək qiymətləndirdilər. Həmin adamların hər birinin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub və teleqramlarda açıq şəkildə ifadə olunur ki, bu dövlətlər Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etdirilməsini və Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətlə əməkdaşlıq etməyi arzulayırlar. Yəni bütün dövlətlər bu məsələyə öz münasibətlərini bildiriblər. İndi isə növbə beynəlxalq təşkilatlarındır.
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, noyabrın 22-də Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsi Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabatı təsdiqləyib . Məlumatda bildirilir ki, AŞPA Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat qurum üzvləri tərəfindən müzakirə edilərək təsdiqlənib. Britaniyalı deputat Robert Valterin hazırladığı “Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)” adlı hesabatın müzakirələrində bir çox deputatlar çıxış etsələr də öncə sənəd müəllifinin özü əhatəli məlumatlarla çıxış edib. Cənab Valter bir çox parlamentar və beynəlxalq müşahidə missiyalarının bu seçkiləri Azərbaycan xalqının iradəsinin ifadə olunması kimi gördüklərini bildirib. Adı çəkilən seçki barədə qeyri- obyektiv fikirlər söyləyən adamların mövqeyini başa düşmədiyini bildirən britaniyalı deputat deyib: “Beynəlxalq müşahidə missiyalarının birgə mövqe nümayiş etdirə bilməməsi məni çox məyus etdi. Amma əslində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun digər təşkilatlardan fərqli mövqe göstərməsi çoxdanın problemidir. Hətta bu qurum AŞPA-nın müşahidəçi missiyasına da təzyiqlər edərək, onun mövqeyindən çıxış etməyə vadar etmək istəyirdi”.
Hörmətli oxucuların diqqətinə çatdıraq ki, qəzetimizin əməkdaşları Rusiya, Türkiyə, Ukrayna, Almaniya və digər ölkələri təmsil edən müşahidəçilərdən müsahibə alarkən ATƏT DTHB təmsilçilərinin bəzi müşahidəçilərə müxtəlif təzyiqlər göstərdiyi barədə fikirlər eşitmişdilər. Ancaq biz Azərbaycan – ATƏT əməkdaşlığına hörmət əlaməti olaraq həmin qeydləri qəzetdə vermədik. Budur, britaniyalı deputat indi həmin məqamları olduğu kimi qeyd edir: “Mənim DTHB ilə bağlı əsas narahatlığım ondan ibarətdir ki, bu qurum yalnız və yalnız mənfi məqamları əks etdirməyə çalışır. Bu isə düzgün mövqe deyil, məsələnin bir çox tərəfləri nəzərə alınmalıdır”.
Yəni söhbət qərəzli münasibətdən deyil, seçkinin müşahidəsindən gedirsə, onda əlbəttə, səhvlər və nöqsanlar da göstərilməlidir, pozitiv məqamlar da. Üstəlik, ATƏT təmsilçiləri çox yaxşı bilirlər ki, Azərbaycan heç bir demokratiyanın mövcud olmadığı məkandan cəmi 22 ildir ki, ayrılıb. Bu qısa müddətdə gənc müstəqil respublikanın demokratiya, insan hüquqları, eləcə də vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar öz müsbət nəticələrini verməkdədir. Bütün bunların dünya ictimaiyyətinin gözü qabağında olduğunu bilə-bilə sürətlə inkişaf edən ölkə barədə qarayaxmalarla danışılması heç kəs tərəfiindən qəbul edilmir.
Ona görə də britaniyalı deputat ATƏT-in adı çəkilən qurumunun təmsilçilərinin mövqeyini açıq şəkildə qınayır və bununla belə həmin heyətdə də obyektivlik hissini qoruyan adamların olduğunu deyir: “Məsələn, ATƏT-in Parlament Assambleyası və Mişel Vuazen bizim mövqeyimizi dəstəklədi. Bundan başqa, deməliyəm ki, seçkilərdən öncə namizədlərin televiziya kampaniyasına iradlarımızı da bildirmişdik, seçkilər vaxtı baş verən nöqsanları da hesabatımıza daxil etmişik və təbii ki, bu ölkədə müəyyən problemlər qalmaqdadır”. Yəni ingilis deputat Azərbaycanda keçirilmiş seçkini ideallaşdırmaq istəmir. O, eyni zamanda, haqqı, ədaləti söyləməkdən də yayınmaq istəmir.
Cənab Volter deyir ki, seçki günü AŞPA müşahidəçiləri bəzi problem və çatışmazlıqları da qeydə almışdılar. Bununla belə, bu nöqsanlar olsa da, ümumilikdə Mərkəzi Seçki Komissiyası seçkini səmərəli təşkil etmişdi: “Mən AŞPA-nın müşahidə missiyasına rəhbərlik etməyə özüm razılıq vermişəm. Bəzi həmkarlarım mənim fikirlərimi qəbul etməsələr də, deməliyəm ki, mən bu işimdə maksimum şəkildə qərəzsiz və obyektiv olmağa çalışmışam. Onu deyə bilərəm ki, Azərbaycanda demokratik proseslər hələ davam etdirilməlidir və bu istiqamətdə işlərimizi davam etdirməliyik. Seçkilərin nəticəsi onu göstərdi ki, İlham Əliyev xalqın 85 faizinin səsini qazanıb. O, Azərbaycanın legitim Prezidentidir və bu fakt şəksizdir”.
Bir daha xatırladaq ki, bu sənəd ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etmiş əcnəbi ekspertlərin hazırladığı ilk yekun rəydir və əminik ki, kütləvi informasiya vasitələri bu qəbildən olan sənədlər barədə hələ dönə-dönə söz açacaqlar.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.