O, xalqdan güc almış, onun istəyi ilə yaranmışdır
Bu gün Cənubi Qafqazın ən mütəşəkkil və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü yüksək səviyyədə qeyd olunur. Bu məsələ ilə əlaqədar müasir partiya tarixi predmetinə və ümumiyyətlə, partiyaların tarixinə nəzər salarkən bir neçə mühüm həqiqətin şahidi oluruq. Bu amillər partiyaların yaranma zərurətində, qarşıya qoyulan məqsədlərdə və formalaşdırılan qurumun siyasi istiqamətində özünü daha aydın şəkildə göstərir.
Bəzi məramı aydın olmayan siyasi qüvvələrin yaratdığı partiyalar istisna olmaqla bütün partiyalar məhz zamanın çağırışına cavab olaraq ərsəyə gəlir və öz üzərinə düşən vəzifələri yerinə yetirir. Qətiyyətlə demək olar ki, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da məhz bu klassik tendensiyanın davamı kimi, zamanın çağırışlarına cavab vermək məqsədilə, ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, ən başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün yaradılmışdı.
YAP-ın yaradılması ilk öncə zamanın tələbi idi. Hər birimiz yaxşı xatırlayırıq ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra böyük sınaqlarla qarşı-qarşıya qalmışdı. Həmin dövrdə hakimiyyətdə olan xalqdan uzaq düşmüş, bacarıqsız insanlar müstəqilliyi qoruyub saxlamaq iqtidarında deyildilər. Bununla bərabər, bəzi xarici dairələrdən dəstək alan Ermənistan Respublikası təcavüzkar hərəkətlərini davam etdirir, Azərbaycan torpaqlarını işğal edirdi. Cəbhədəki hərbi uğursuzluqlar cəmiyyətdə kəskin etirazlara səbəb olur, qaçqın və məcburi köçkünlərin sayının durmadan artması yeni-yeni problemlərin ortaya çıxmasına rəvac verirdi. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması ölkədə iqtidar dəyişikliyinə gətirib çıxardı. “Qarabağ kartı” ilə hakimiyyətə gələnlər isə ölkəni daha da bərbad vəziyyətə saldılar. Təcrübəsizlik, səriştəsizlik və xəyanət AXC-Müsavat iqtidarının da sonunu tezləşdirirdi. Ölkədə xaos, anarxiya, hərki-hərkilik hökm sürür, xarici maraqlı dairələrin daxildəki şərəfsiz xəyanətkarlarla işbirliyi nəticəsində dağıdıcı-separatçılıq hərəkətlər təhlükəli həddə çatırdı. Bütün bunlarla yanaşı, sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşması nəticəsində insanların gələcəyə inamı itmək üzrə idi. Ölkədə un və ərzaq çatışmazlığı əhalinin aclıq təhlükəsi ilə üzbəüz qalmasına səbəb olurdu.
Məhz belə bir şəraitdə — 1992-ci ilin oktyabrında cəmiyyətimizin parlaq simaları, ziyalılar, ictimaiyyət arasında böyük hörmətə malik olan insanlar — 91-lər Yeni Azərbaycan Partiyası kimi problemləri həll edəcək, xalqa, millətə, dövlətə dəstək olacaq bir siyasi qurumun yaradılması üçün o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət ünvanladılar. Onlar bu müraciəti ünvanlayarkən inanırdılar ki, Vətənini canı qədər sevən ulu öndər bu çağrışa biganə qalmayacaq, çox ağır vəziyyətə düşən Azərbaycanın fəlakətlərdən xilası üçün əlindən gələni əsirgəməyəcək. Ulu öndər Heydər Əliyevin müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğan addım kimi dəyərləndirildi, belə partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyi bildirildi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir”.
Beləliklə, 1992-ci il noyabrın 21-də qədim oğuz yurdu Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu məqamda xatırlatmaq yerinə düşər ki, bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar bu demokratik prosesin paytaxtda baş tutmasına imkan vermədi, təsis konfransının Bakıda keçirilməsinə şərait yaratmadı. Hələ bu harasıdır? 1992-ci il oktyabrın 24-də Naxçıvandakı AXC-Müsavat tör-töküntüləri dövlət çevrilişinə cəhd göstərdilər. Lakin bundan xəbər tutan naxçıvanlılar əliyalın olsalar da, Heydər Əliyevin müdafiəsində dayandılar, dövlət çevrilişinə cəhd edənləri tərkisilah etdilər. Bütün bunları isə “demokratlar” özlərinin “demokrat” liderlərinin göstərişinə əsasən edirdilər. Buna baxmayaraq, partiyanın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu bütün maneələri üstələdi. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi.
Ulu öndər Heydər Əliyev YAP-ı yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, parçalanmasının qarşısını almaq, dövlətimizi yaşatmaq və daha da möhkəmlətmək. Bu şərəfli missiyanı həyata keçirən ümummilli liderimiz ölkəmizin siyasi tarix səhnəsindən silinməsinin qarşısını almış, dövlət müstəqilliyini daimi və əbədi etmişdir. Müasir, müstəqil Azərbaycan və ümumxalq partiyasına çevrilən YAP ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir.
Əgər ulu öndər Heydər Əliyev Azərbaycana qayıtmasaydı və xalqın təkidli xahişi ilə siyasətə qoşulmasaydı, ölkəmiz fəlakətlə üz-üzə qalacaq, uçuruma yuvarlanacaq, parçalanacaq və milli dövlətçiliyimiz məhv olacaqdı. Xalqı fəlakətlərlə üz-üzə qoyan isə səriştəsiz, qabiliyyətsiz AXC-Müsavat iqtidarı idi. Silah yolu ilə hakimiyyətə gələn cütlüyün ölkə əhəmiyyətli vəzifələrə təyin etdiyi kadrların savadsızlığı, təcrübəsizliyi, dövləti talayaraq mal-mülk yığmaq sevdası, təbii ki, özünün mənfi nəticələrini verəcəkdi. Onlar hələ 1990-cı illərin əvvəllərində Bakıda hakimiyyət uğrunda mübarizədə məqbul hesab edilməyən bütün iyrənc yollara əl atdıqları günlərdə qədim diyarımız Naxçıvanda, sözün həqiqi mənasında, müstəqil bir dövlətin təməl daşları qoyulurdu. Bütün bunları xalqa söykənən, ondan sonsuz dəstək alan ulu öndər Heydər Əliyev reallaşdırırdı.
YAP-ın ölkəmiz üçün əhəmiyyəti 1993-cü ilin iyun ayında baş verən hadisələrdən sonra daha yaxşı anlaşılmağa başlanıldı. Səriştəsiz və qorxaq AXC-Müsavat cütlüyü Surət Hüseynovun Gəncədəki özbaşınalıqlarından təlaşlanaraq ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim bu dəvəti qəbul etmək istəmirdi. Lakin xalqın və onun ziyalılarının təkidli xahişini də nəzərə almamaq mümkün deyildi. Çünki Heydər Əliyev həmişə xalqın yanında olmuşdur. Ulu öndər Bakıya gəldi və ölkədəki xaosa, anarxiyaya, qardaş qırğınına son qoydu. Müstəqil dövlət quruculuğu prosesinə start verdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Bu gün də 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Bununla belə o illərin təbəddülatları bir daha təsdiqlədi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Əksəriyyət yaxşı başa düşürdü ki, yalnız ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən xilas etmək iqtidarında ola bilər.
Bu il iyunun 7-də “Buta” sarayında Yeni Azərbaycan Partiyasının V qurultayında genişməzmunlu çıxış edən partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndərin rəhbərliyi ilə Azərbaycan on il ərzində böyük və şərəfli yol keçmişdir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bildi. Beynəlxalq əlaqələrimiz inkişaf etdirildi. Dünya xəritəsində Azərbaycan özünə layiq yeri tuta bildi. Siyasi və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi və bu investisiyalar hesabına respublikamız, həm o illərdə, həm də bu gün inkişaf edir. Ulu öndərin xüsusi səyi sayəsində Azərbaycan dünyaya olduğu kimi təqdim edildi və etibarlı tərəfdaş imicini qazandı.
Sonrakı proseslər də ölkəmizin gələcəyi baxımından önəmli oldu. 2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəkdik, ya da yenə tənəzzülə uğrayacaqdıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına ölkəmiz inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir. Ötən illər ərzində respublikamız dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir.
2005-ci ilin mart ayında YAP-ın III qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyevin partiyanın sədri seçilməsi ilə birlikdə partiyanın həyatında yeni mərhələ başlandı. Bu ilin iyun ayında baş tutan V qurultayda Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YAP sədrinin müavini seçilməsi də əlamətdar hadisə kimi yadda qaldı. Çünki Mehriban xanım Əliyeva ötən 10 il ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edib, bütün məsul məsələlərin həllində onun ən yaxın silahdaşı olubdur. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışması bu gün də digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, bu uğurları rəhbər tutan Avropa Olimpiya Komitəsi Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə fikirlərimizi yekunlaşdırmaq istərdik. Dövlət başçımız demişdir ki, bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində də öz işini uğurla aparmalı, həmişəki kimi öz işini möhkəm tarixi və ideoloji əsaslar üzərində qurmalıdır.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.