Müxalifətin seçkidəki məğlubiyyətindən sonra “Milli Şura”ya daxil olan qurumlar arasında ziddiyyətlər daha da kəskinləşmişdir

 

 

 

Son günlər müxalifət düşərgəsinin gündəliyini zəbt edən  “Məşvərət Şurası” və ya “İdarəetmə Heyəti” adlı qurumun yaradılması barədə söhbətlər artıq “Milli Şura”nın siyasi səhnədən getməsini rəsmiləşdirmək ərəfəsində olduğunu göstərir. Doğrudur, bu qurumların “Milli Şura”nın tərkibində yaradılacağı da deyilir. Ancaq qondarma qurumun daxilində ikinci şuranın yaradılması qətiyyən inandırıcı deyil. Odur ki, “Milli Şura”nın taleyi barədə deyilənlər artıq özünü doğruldur.

Təsis olunduğu gündən intriqa yuvasına çevrilən qondarma “Milli Şura”  artıq ömrünün son günlərini yaşayır.  Bu düşərgəyə rəhbərlik edənlərin səriştəsizliyi və siyasi diletantlığı ucbatından qondarma qurum daxilində əcaib-qəraib proseslərin getməsi həm ölkə daxilindəki qaragüruhçular arasında,  həm də xaricdəki antiazərbaycan dairələrində kifayət qədər məyusluq hissləri yaradıb. 9 oktyabr prezident seçkiləri öncəsi və seçkidən sonra “Milli Şura”nın sədri, kinodramaturq Rüstəm Məmməd İbrahimoviçin müxalifləri ələ salan qeyri-ciddi hərəkətləri isə düşərgədaxili qarşıdurmaları daha da dərinləşdirib, etirazları artırıb. Artıq onun istefa etməli olduğu barədə fikirlər ciddiyyət qazanmaqda, ssenaristin başqa şəxs və ya şəxslər tərəfindən əvəzlənməsinin vacibliyi vurğulanmaqdadır. Təşkilatın gələcək taleyi, fəaliyyət planı və strtukturlaşması ilə bağlı fərqli mövqelər də partiyalar arasında ciddi narazılıq yaradıb. Son günlər radikal müxalifət düşərgəsində yaranan yeni rəxnənin bir səbəbi də budur.

“Bizim Yol”  qəzeti “Milli Şura”dakı mənbələrə əsaslanaraq yazır ki, əsas narazılıq qondarma qurumun sədirliyi ilə bağlıdır. Müsavat Partiyası birmənalı şəkildə hazırki sədr, kinodramaturq Rüstəm Məmməd İbrahimoviçin təşkilatdan kənarlaşdırılmasını tələb edir. Müsavat rəhbərliyi bu tələbi irəli sürərkən bir neçə arqument səsləndirir. Bunlardan birincisi  İbrahimoviçin prezidentliyə namizəd ola bilməməsi, Azərbaycana gəlməməsi və siyasi proseslərdə iştirak etməməsidir. Müsavatçıların etirazına səbəb olan ikinci məsələ isə “Milli Şura” sədrinin Rusiya vətəndaşlığından irəli gələn öhdəliklərdir. Bütün bu məqamlara diqqət çəkən partiya funksionerləri qəti şəkildə Rüstəm Məmməd İbrahimoviçin istefa verməsini tələb edir və onun yerinə dublyor Cəmil Həsənlinin namizədliyini irəli sürürlər. Onlar dublyorun “Milli Şura”ya təkbaşına sədirlik etməsində israr edirlər.

Mənbənin dediyinə görə, Müsavat Partiyasının bu tələbi “Milli Şurada”kı çoxluğun etirazı ilə qarşılaşıb. Etirazları görən Cəmil Həsənli özünü sığortalamaq üçün bu təklifi qəbul etmədiyini bildirib və  müsavatçılar qarşısında guya açıq tələb qoyub: “Mənə hörmətiniz varsa, mənim “Milli Şura”da olmağımı istəyirsinizsə, Rüstəm müllimə qarşı da eyni mövqe nümayiş etdirməlisniz. Çünki R. İbrahimbəyov buna layiqdir və haqqı çatır”.  Deyilənlərə görə isə dublyorla müsavatçılar arasında aparılan danışıqlarda o, qondarma qurumun təkbaşına sədri olmağa razılaşıb. Ancaq kəskin etirazlarla qarşılaşdığını görəndə məcbur qalıb bu açıqlamanı verib və əlavə edib ki, “Milli Şura”nın həmsədri olmağa razıdır, amma heç bir halda Rüstəm Məmməd İbrahimoviçin “icazəsi” olmadan bu addımı atmayacaq. Dublyor belə hesab edir ki, onun özü Azərbaycanda müxalifətin fəaliyyətini əlaqaləndirər, kinorejissor da “beynəlxalq səviyyədə” müxalifət üçün zəruri fəaliyyəti həyata keçirə bilər.

İddialara görə,  “El”  hərəkatı ilə  AXCP  Cəmil Həsənlinin mövqeyi ilə razıdır. Amma müsavatçıların Rüstəm Məmməd İbrahimoviçin istefasını tələb etmələri  “Milli Şura”nın taleyi ilə bağlı qondarma qurumda pessimist ovqat yaradıb. Bunu görən İbrahimoviç “Bizim yol” qəzetinə müsahibəsində müsavatçıları nəzərdə tutaraq deyib ki,  bunlar “Milli Şura”nı məhv edəcəklər və ya “İctimai Palata” kimi bir quruma çevirəcəklər: “Gördünüz də həmin qurumun nəticəsi nə oldu. Ona görə deyilən təkliflə heç cür razılaşmıram”. Kinodramaturqun bu açıqlamasına Müsavat Partiyasından sərt cavab gəldi. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirib: Rüstəm müəllimin diqqətinə çatdırmaq zorundayam ki, biz ölü deyildik ki, kimsə bizi diriltsin. Elə “Milli Şura”nın əsasını da “İctimai Palata”da olanlar təşkil edir. Biz qurucuyuq. Güclü siyasi təşkilatlar və koalisiyalar qurmuşuq. Dostlarınız “Milli Şura” Rüstəm İbrahimbəyova məxsusdur”, – desələr də heç kəsə sirr deyil ki, liderləri haqqında həqarət etdiyiniz partiyalar dışında siyasi güc mərkəzi olan “Milli Şura” yoxdur”.

Əslində, İsa Qəmbərin tərəfdarları əvvəldən kinodramaturqun əleyhinə çıxış edirdilər. Onlar Rüstəm Məmməd İbrahimoviçin ünvanına kəskin ittihamlar səsləndirir, onu siyasətdən bixəbər adlandırırlar. Bildirirlər ki o, ana dilində danışa, gündüzün günorta çağı düz yol yeriyə bilmir. Ömründə  bir gün də olsun dövlət idarəçilik sistemində çalışmayıb və rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqını da yaman günə qoyub. Bu adam Azərbaycan müxalifətinə qoşulduqdan sonra bircə dəfə də olsun, səmimi ola bilməyib. Rüstəm Məmməd İbrahimoviç özünün ikili vətəndaşlığı olmasını, üstəlik, üçüncü bir ölkə qarşısında da  vətəndaş öhdəliyinin yarandığını nəinki “Milli Şura” üzvlərindən, hətta öz yaxın ətrafından da gizlədib. Üstəlik, 18-20 dəfə “Bakıya gəlirəm” – deyərək hər kəsi aldadıb, ancaq gəlməyib. Məgər müsavatçılar bu boyda həngamələrdən sonra yenə də ona inanarlarmı?

Həqiqətən də son vaxtlar Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”dakı tərəfdarları çıxılmaz vəziyyətdə qalıblar. Onlar haqlı iradlar, tələblər qarşısında nə edəcəklərini bilmir, kinodramaturqu müdafiə etmək üçün əcayib təkliflər də səsləndirməkdən çəkinmirlər. “Milli Şura”nın icra aparatının rəhbəri, reneqat Eldar Namazovun  fikrincə,  “Milli Şura”ya daxil olan siyasi qurumların əksəriyyəti burada həmsədrlik  “inistitutu”nun yaradılmasının tərəfdarıdır. Lakin başqa fikirlər də var. Buna görə də Eldar Namazov deyib ki, ümumi qərar qəbul edənə qədər müzakirələri davam etdirmək niyyətindəyik. “Milli Şura”nın bəzi üzvləri tərəfindən siyasi partiya rəhbərlərinin də qurumun həmsədrliyində təmsil olunması təklifinə münasibət bildirən buqələmun deyib ki, bu zaman qondarma qurumun formatı nəzərə alınmalıdır: “Milli Şura”da həm siyasi partiyalar, həm ziyalılar, həm də ictimai-siyasi qurumların rəhbərləri yer alıb. Belə bir formatda sədrlik adətən, heç bir qurumla birbaşa bağlı olmayan adamlara həvalə olunur ki, onlar da hər partiya ilə eyni məsafədə dayanan adamlardır. Əgər partiya sədrləri də həmsədrlikdə təmsil olunsa, bu, 7-8 həmsədrin olmasına gətirib çıxarar. Düşünürəm ki, bu, “Milli Şura”nın təməl prinsiplərinə zidd olardı”.

Reneqatın bu mövqedə israr etməsi müsavatçıları lap özündən çıxarıb. Onlar Eldar Namazovu sərt şəkildə tənqid edərək, onu müxalifətin birliyinə zərbə vurmaqda ittiham edirlər. Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı və Müsavat Ali Məclisinin üzvü Sabir Məmmədli buqələmunun həmsədrlik institutunun yaradılması barədə təklifini, həm də  Müsavat və AXCP ilə müzakirə edilmədən ictimai müzakirəyə çıxarılmasının düzgün olmadığını bəyan ediblər. Sabir Məmmədli seçki dönəmində onu “Milli Şura”nın prezidentliyə namizədinin müəyyənləşməsi prosesinə mane olmaqda, prosesi ləngitməkdə də günahlandırıb. Onların cavabını isə “El” hərəkatının ali məclisinin sədri Eldəniz Quliyev verib. Reneqatın Müsavat partiyasının funksionerləri tərəfindən tənqid edilməsinə sərt reaksiya verən Eldəniz Quliyev deyib ki, Eldar Namazov olmasaydı, “Milli Şura” yaranmayacaq və yaranmayan qurumun da prezidentliyə vahid namizədi olmayacaqdı. Onun sözlərinə görə, buqələmun guya partiyalara demokratik düşərgənin birləşməsi naminə iddialarından geri çəkilməsinin zəruri olduğunu izah edib: “Kövrək də olsa, “Milli Şura”da demokratik qüvvələr bir aradadır. Çox yaxşı məqam yetişib ki, “Milli Şura”da həmsədrlik institutu yaransın. Cəmil Həsənli daxildə, Rüstəm İbrahimbəyov isə xaricdə “Milli Şura” ilə bağlı məsələlərlə məşğul olsun. Arif Hacılı özü də bilir ki, “Milli Şura”da həmsədrlik institutunun yaradılması barədə təklifi ilk dəfə Müsavat partiyasının başqanı İsa Qəmbər bu qurum yaranan ərəfədə irəli sürmüşdü. Sadəcə, o vaxt zamanı deyildi, indi zərurət yaranıb. Arif Hacılının yadından çıxıbsa, yadına salsın. Digər tərəfdən, hesab etmirəm ki, “Milli Şura”da həmsədrlik məsələsi partiyaların daxili işidir. Bu, “Milli Şura”nın işidir və “Milli Şura”nın sessiyasında da müzakirəyə çıxarılmalıdır”.

Eldəniz Quliyev qondarma qurumun idarəetmə orqanının yaradılmalı olduğunu da vurğulayıb: “Bunun adını məşvərət şurası, yaxud idarəetmə heyəti qoymaq olar. Həm də gərək “Milli Şura” partiyaların diktəsi altında olmasın”.  O, “Milli Şura”dan istefaların bu qurumu gücləndirdiyini də iddia edib: “Lalə Şövkət və Əvəz Temirxan “Milli Şura”dan inciyibsə, yaxud incidilibsə, “Milli Şura”dan getmələri daha çox qurumun pozitiv inkişafına təkan verəcək. Söhbət tək Lalə Şövkət və Əvəz Temirxandan getmir, bir neçə nəfər, o cümlədən Rəsul Quliyev də “Milli Şura”dan istefa verib. Həyat gəlimli, gedimlidir”. Eldəniz Quliyev bu sözləri ilə əslində, müsavatçılara da ismarıc göndərir ki, istəsəniz, siz də gedə bilərsiniz və sizin qondarma qurumdan çıxmağınız “Milli Şura”nın zəifləməsinə deyil, güclənməsinə təkan verə bilər. Bu, Müsavat partiyasını və İsa Qəmbəri müxalifət düşərgəsində dağıdıcılıqda ittiham etmək mənasına gəlir.

“El” hərəkatının ali məclisinin sədrinin açıqlamasına isə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlundan cavab gəlib. O, bir çox məsələlərə üstüörtülü şəkildə münasibət bildirsə də, açıq şəkildə deyib ki, biz hələ prezident seçkilərindən əvvəl “Milli Şura” sədrinin yanında adı məşvərət məclisi, məşvərət şurası, yaxud idarə heyəti tipli bir qurum yaradılmasını təklif etmişdik. Bizim təkliflərimizə indi reaksiyalar var. İstəsək də, istəməsək də, “Milli Şura” yaşayacaqsa, belə bir məsləhətləşmə qurumu da olmalıdır. Rüstəm Məmməd İbrahimoviçin məsələyə etirazını ironiya ilə qarşılayan  Mirmahmud Mirəlioğlu ona elə ironiya ilə də cavab verib: “Rüstəm İbrahimbəyovun mövqeyi də doğrudur, çünki o, Azərbaycanda olmaya-olmaya belə bir qurumun yaradılmasına “hə” desə başqa, “yox” desə, tamam fərqli fikir yaranacaq. Ona görə də Rüstəm İbrahimbəyov bu məsələ ilə bağlı mövqeyini demək olar ki, dürüst müəyyənləşdirib. Məncə, Rüstəm İbrahimbəyov özü Azərbaycanda olsaydı, tamam fərqli mövqedə olacaqdı... Rüstəm İbrahimbəyov məsafəcə uzaqdadır”.

Göründüyü kimi, prezident seçkiləri başa çatdıqdan sonra “Milli Şura”dakı partiyaların ziddiyətli maraqları bu dəfə qarşıdurmalar, toqquşmalar fonunda özünü büruzə verir. Çünki bəzi partiyalar  üçün artıq “Milli Şura” cəlbedici deyil.  “Ziyalılar Forumu”nun iki üzvünün müxalifətə rəhbərlik etməsi də etirazlarla qarşılanır. Ona görə də bir çoxları “dəyişikliyin” tərəfdarıdır. Belə hesab edilir ki, bəlkə bu, “Milli Şura”nı iflasdan xilas edə bildi. Ancaq ölü təşkilatın yenidən canlanması yenə də mümkün görünmür. Çünki “Milli Şura” ölü doğulmuş bir qurumdur.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında