Azərbaycan – Ukrayna münasibətləri müasir dövrün çağırışları çərçivəsində dinamik inkişaf edir

 

Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri

strateji tərəfdaşlığı daha da gücləndirəcək

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası beynəlxalq aləmdəki  mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində siyasətini uğurla davam etdirir.  Bu mənada, inamla demək olar ki, Azərbaycan ilə  Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Rəsmi Kiyev bütün proseslərdə Azərbaycanın əsas strateji müttəfiqlərindən biri kimi çıxış edir, bütün istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirir. Bizim siyasi münasibətlərimiz, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlığımız yüksək səviyyədədir. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin nəticələri də bunu təsdiq edir.

Hər şeydən əvvəl onu qeyd edək ki, bu səfər üçüncü dəfə xalqın böyük etimadını qazanaraq Prezident seçildikdən sonra dövlət başçımızın Ukraynaya ilk səfəri idi. Azərbaycan Prezidentinin inauqurasiya mərasimindən cəmi bir ay sonra Kiyevə getməsi  mühüm bir fakt kimi diqqəti cəlb edir.  Bu, bir daha göstərir ki,  Ukrayna Azərbaycan üçün yaxın, etibarlı tərəfdaş, dost ölkə və strateji müttəfiqdir. Məhz bu məqama diqqət çəkən Ukrayna Prezidenti Viktor Yanukoviç dövlət başçımızı üçüncü dəfə Prezident seçilməsi münasibətilə səmimiyyətlə təbrik etdikdən sonra dərin ehtiramını bildirərək demişdir ki, biz Ukraynaya, Ukrayna xalqına olan hörmətə görə Azərbaycan Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu, bizə çox xoşdur.

Hər iki ölkə hələ müstəqilliklərini yenicə əldə etdikləri illərdə  beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınmışlar. Yəni Azərbaycanla Ukrayna arasında ənənəvi mehriban, səmimi dostluq münasibətləri mövcuddur. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmuşdur. Ukrayna Prezidenti Viktor Yanukoviç dəfələrlə minnətdarlıq hissi ilə qeyd etmişdir ki,  bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bu ölkəyə  dəstəyini əsirgəməmiş, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materiallarının olmadığı bir vaxtda  Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək etmişdi: “Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin vaxtları xatırlayırıq. Dostlar həmişə çətin anlarda tanınır. Biz Ukraynanın çox mürəkkəb vəziyyətdə olduğunu yaxşı xatırlayırıq və o zaman Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərilməsi qərarını qəbul etdi. Müstəsna şərait yaradıldı və neft verildi. Faktiki olaraq Siz o zaman energetikamızı, kənd təsərrüfatımızı xilas etdiniz. Bu, əlbəttə ki, unudulmur”.

Onu da qeyd edək ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün də davam etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkəmizi daha da qüdrətli etmişdir. İri layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi gücünü artırmışdır. Bu da ölkəmizə dünya miqyasında bir sıra xeyirxahlıq missiyasını həyata keçirməyə şərait yaradır. Ukrayna tərəfi Azərbaycan tərəfinin iqtisadiyyatın stimullaşdırılması, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılmasındakı böyük fəallığını yüksək qiymətləndirir. Ötən illərdə Çernobıl Atom Elektrik Stansiyasında “Örtük” layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycan tərəfindən bir milyon dollar həcmində vəsait köçürülməsi ölkəmizin xeyirxahlıq ənənəsinə, dostluq və əməkdaşlığa sadiqliyinin nəticəsidir. Bu, eyni zamanda Azərbaycan - Ukrayna xalqları arasında qırılmaz dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılması və əlaqələrin tənzimlənməsinə xüsusi diqqət yetirmişdi. Bu məqsədlə, təkcə 1994-1997-ci illərdə 30-dək müqavilə, saziş və protokollar imzalanmışdır. Həmin  sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara göndərilmiş, onların müddəalarından irəli  gələn tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası cənab  İlham Əliyev Prezident seçildikdən sonra da davam etdirilmişdir.  O, 2004-cü il iyunun 3-də  Ukraynaya rəsmi səfər etmiş, uğurlu müzakirələr aparmış və əlaqələrimizin inkişafının daha da sürətləndirilməsi üçün zəruri olan bütün addımların atılması barədə ukraynalı həmkarı ilə razılığa gəlmişdir.

Bu dəfəki rəsmi səfər də iki ölkənin münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın dövlət başçısı Viktor Yanukoviçlə təkbətək görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunmuş, qarşılıqlı səfərlərin, eləcə də ölkəmizin rəhbərinin Ukraynaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılmışdır. Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyevin Ukrayna Ali Radasının sədri Vladimir Rıbakla görüşündə də eyni fikirlər səslənmiş, parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrimizin inkişafında rolu vurğulanmışdır. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçımızın göstərdiyi təşəbbüslər Ukraynanın yüksək səviyyəli rəsmi şəxsləri tərəfindən alqışlarla qarşılanmışdır.

Kiyevdə keçirilən iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası da iki dövlət arasındakı əlaqələrin genişlənməsi baxımından əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, həmin iclaslar qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi istiqamətində daha bir addımdır. Həm siyasi, həm energetika, həm iqtisadi sahələrdə artıq yaxşı nəticələr və yaxşı perspektivlər vardır. Buna görə gələcək inkişaf yolumuzu müəyyənləşdirərək və artıq gördüyümüz işlərə yekun vurmuşuq. Ukrayna Prezidenti Viktor Yanukoviç də vurğulamışdır ki, ötən dövrdə bizim ticari-iqtisadi münasibətlərimiz xeyli yaxşılaşmışdır. Bu gün biz öz hökumətlərimizə qəti mesaj veririk ki, qazanılmış nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçirməliyik. Hesab edirəm ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır. Sözsüz ki, yüksək səviyyəli ikitərəfli danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə səmərəli şərait yaradacaqdır.

Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıqla əlaqədar məsələlər xüsusi maraq doğurur. Çünki Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında ən etibarlı tərəfdaşdır. Ölkəmizin Ukraynaya ixracının mütləq əksəriyyətini neft və neft məhsulları təşkil edir. Məlumdur ki, Azərbaycan hazırda zəngin təbii sərvətlərə malik olan dövlətdir. Ölkəmizdə təbii qazın təsdiqlənmiş ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən xeyli çoxdur. Mütəxəssislərin qənaətinə görə, yaxın gələcəkdə planlaşdırılan investisiyaların məbləği daha da artacaqdır. Artıq Azərbaycan öz təbii sərvətlərini dünya bazarlarına digər dövlətlərin vasitəçiliyi olmadan çıxarmağa qadirdir. Ölkəmiz qaz ehtiyatlarını qonşu dövlətlərə nəql edir. Azərbaycanın maye qazının Ukraynaya nəqli məsələsi də hələ 2011-ci ildə öz həllini tapıb. Belə ki, həmin ilin yanvar ayında iki ölkə Prezidenti Azərbaycanın maye qazının Ukrayna ərazisinə nəql edilməsi haqqında sənəd imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir. Ukrayna Prezidenti Viktor Yanukoviçin məsələyə baxışı dövlət başçımızın mövqeyi ilə üst-üstə düşür. O bildirmişdir ki, energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu və digər məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Biz həm də genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində iki dövlət qarşısında yaranan imkanları müzakirə edirik.

Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Hələ 2011-ci ilin aprel ayında  Ukrayna Prezidenti Azərbaycana rəsmi səfərə gələrkən münaqişənin nizamlanmasında öz qəti və prinsipial mövqeyini daha açıq şəkildə ortaya qoymuşdu. Məlum olduğu kimi, həmin səfər zamanı Ukraynanın dövlət başçısı Viktor Yanukoviç Prezident İlham Əliyevlə Birgə Bəyanat imzalamışdı. Bəyanatda bildirilirdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinin pozulmazlığı prinsipləri nəzərə alınmaqla nizama salınmalıdır. Qeyd edək ki, artıq dünyanın əksər dövlətləri, o cümlədən tanınmış beynəlxalq qurumların nümayəndələri də münaqişənin nizamlanmasında bu prinsipə üstünlük verdiklərini bəyan ediblər.

Bu məsələlərə diqqət çəkən Ukrayna Prezidenti Viktor Yanukoviç demişdir: “İlham Heydər oğlu ilə birlikdə qlobal və regional gündəlikdə duran aktual məsələlərin əksəriyyəti barədə Kiyevin və Bakının yanaşmalarının üst-üstə düşməsini məmnuniyyətlə qeyd etmişik. Ölkələrimiz beynəlxalq təşkilatlar – BMT, habelə bu il Ukraynanın sədrlik etdiyi ATƏT çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Prezidentinin bu səfərinin yekunlarına əsasən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə ikitərəfli sazişlər imzalanmışdır. Sözsüz ki, bugünkü yüksək səviyyəli ikitərəfli danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə səmərəli şərait yaradacaqdır”.

Sıx dostluğumuzu və həmrəyliyimizi göstərən digər bir önəmli hadisə  Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın “Azadlıq ordeni” ilə, eyni zamanda Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycan Respublikasının “Heydər Əliyev ordeni” ilə təltif olunmasıdır. Bu, qarşılıqlı səmimi münasibətlərin gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə və qırılmaz tellərlə bağlı olduğuna işarə idi. Təltifetmə mərasimindən sonra 5 mühüm saziş imzalanmışdır. Bunlar arasında əsas diqqəti çəkən saziş Ukraynanın Rovno vilayəti ilə Azərbaycanın Qəbələ rayonu arasında əməkdaşlıq haqqında müqavilədir. Bu, iki ölkənin regionları arasında əlaqələrin inkişaf etdirilməsi mənasına gəlir ki, bu da  əlaqələrimizin potensialının daha da artırılması deməkdir.  Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Zənnimcə, bizim regionların yaxınlaşması üzrə səylərimizi artırmalıyıq və qardaşlaşmış şəhərlər kimi yaxşı praktikaya ciddi münasibət bəsləməliyik. Aqrar siyasətlə bağlı məsələlər bizim üçün əlbəttə, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Bu sahədə Ukraynanın həm istehsal, həm də ixrac potensialı çox böyükdür. Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz vardır. Deməliyəm ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər”.

Azərbaycan — Ukrayna  əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında