Prezident İlham Əliyevin Ankaraya rəsmi səfəri zamanı müzakirə edilən məsələlər də bu reallıqlardan xəbər verir
Azərbaycanın yürütdüyü siyasət region dövlətlərinin üst-üstə düşən və hər kəsin maraqlarının uzlaşdırılmasını, uğurlu qarşılıqlı əməkdaşlığın qurulmasını, bununla da sülhün, sabitliyin, təhlükəsizliyin möhkəmlənməsini və regional inkişafın sürətlənməsini təmin etmişdir. Bu çərçivədə daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan – Türkiyə qardaşlığı tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir, ondan güc alır. Buna görə də Azərbaycan — Türkiyə əlaqələri daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda sabitliyin, əmin-amanlığın qarantına çevrilir. Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinə baş tutan rəsmi səfəri zamanı keçirilən görüşlər zamanı aparılan müzakirələr və səsləndirilən bəyanatlar da bu rellıqlardan xəbər verirdi.
Əvvəlcə onu qeyd edək ki, hər bir siyasi ekspert iki ölkə arasındakı münasibətləri nəzərdən keçirərkən, həmin ölkələrin dövlət başçılarının, hökumət rəhbərlərinin qarşılıqlı səfərlərinə diqqət yönəldir. Çünki səfərlərin azlığı və ya çoxluğu münasibətlərin səviyyəsinin göstəricisi kimi qəbul edilir. Azərbaycan ilə Türkiyə arasında isə qarşılıqlı səfərlərin sıxlığı ilə yanaşı, yaranmış möhtəşəm bir ənənə də diqqəti çəkir. Dövlət başçısı seçilən liderlər həmişə ilk səfərlərini digər qardaş ölkəyə edirlər. Cənab İlham Əliyev hələ 2003-cü ildə Baş nazir təyin olunduqdan sonra səfər etdiyi ilk xarici ölkə də məhz Türkiyə olmuşdur. 2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin Türkiyəyə dövlət başçısı kimi ilk rəsmi səfəri də əlaqələrin inkişafı baxımından çox uğurlu nəticələrlə yadda qalmışdır. Bu ənənə 2008-ci ildə davam etdirilmişdir. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısı son on il ərzində qardaş Türkiyəyə 16 dəfə səfər etmişdir və bunun 3-ü rəsmi səfərdir. 2007-ci ildə Türkiyənin dövlət başçısı seçilən cənab Abdullah Gülün və Baş nazir olan Rəcəb Tayyib Ərdoğanın dəfələrlə ilk səfərlərini Azərbaycana etmələri sarsılmaz dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.
Xalqın böyük etimadını qazanaraq üçüncü dəfə dövlət başçısı seçilən Prezident İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsi bu ölkədə sevinclə qarşılanmışdır. Türkiyə — Azərbaycan əlaqələrinin inkişafına verdiyi əvəzsiz töhfələrə görə qardaş ölkənin Nazirlər Kabinetinin qərarı ilə dövlət başçımız bu ölkənin ən ali mükafatı olan “Dövlət nişanı” ilə təltif olunmuşdur. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı ilə Türkiyə Prezidenti Abdullah Gül də münasibətlərimizin daha da möhkəmlənməsində göstərdiyi xidmətlərə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Cümhurbaşkanı Abdullah Gül demişdir ki, bir vaxtlar ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin də təltif olunduğu “Dövlət nişanı”nı bu dəfə Əliyevlər ailəsinin başqa bir nüfuzlu nümayəndəsinə təqdim etməkdən böyük qürur hissi keçirdim. Bu orden eyni millətin iki dövləti olan ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dostluq əlaqələrimizin gücləndirilməsi üçün nümunəvi liderlik nümayiş etdirən cənab Prezident İlham Əliyevə ürəkdən qiymətimizin ifadəsidir: “Eyni qaydada mənim Azərbaycanın ən yüksək mükafatı olan ”Heydər Əliyev" ordeninə layiq görülməyimdən də böyük xoşbəxtlik hissi keçirirəm. Mənim mərhum Heydər Əliyevin adını daşıyan bu ordenlə təltif olunmağım əzəli və əbədi Türkiyə-Azərbaycan qardaşlığının aydın bir təzahürüdür".
Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın sürətli yüksəlişi barədə fikirləri regionun qüdrətli dövləti olan Türkiyənin Prezidentinin dilindən eşitmək hər bir azərbaycanlıda qürur hissi oyatdı. Qardaş ölkənin dövlət başçısı qeyd etmişdir ki, qlobal və regional təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycanı təhlükələrdən qoruyacaq cənab İlham Əliyev kimi xarizmatik bir liderin mövcudluğu münasibətlərimizin gələcəyinin təminatıdır: “Zati-alilərinin məharətli idarəçiliyi ilə Azərbaycan hər sahədə parlaq nailiyyətlər qazanmışdır. Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin şəxsən həmişə şahidi olmuşam”. Cənab Abdullah Gül vurğulamışdır ki, hərtərəfli inkişaf və artan rifah səviyyəsi ilə Azərbaycan qısa müddətdə həsəd aparılacaq bir ölkə olmuşdur. Azərbaycan regiondakı və beynəlxalq aləmdəki güclü mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilən və keçən həftə quruma ikinci sədrliyi təhvil verən Azərbaycan qazandığı uğurlu nailiyyətlərlə diplomatik gücünü də sübut etmişdir. Xoşdur ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sadəcə 22 il sonra öz imkanları və gücü ilə gələcəyə ümidlə baxmasını təmin edən belə mühüm uğurlar qazanmışdır. Şübhəsiz, bu uğurların arxasında ümummilli lider, mərhum Prezident Heydər Əliyevin yaratdığı sağlam təməllər və Prezident İlham Əliyevin ölkəsinə bu irsə yaraşan şəkildə xidmət etməsi dayanır. Bu mətin liderlik sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf etmişdir.
“Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir və son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır” - deyən Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin iqtisadi cəhətdən xeyli gücləndiyini, dünya miqyasında güc mərkəzinə çevrildiyini bildirmişdir. Dövlət başçımız qeyd etmişdir ki, regional əməkdaşlıq, regional təhlükəsizlik, sabitlik üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Bu mənada, Türkiyənin inkişafı bizi gücləndirir. Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir.
Qardaş ölkənin iqtisadiyyatı uğurla inkişaf edir, onun bütün təşəbbüsləri reallaşır. Təsadüfi deyil ki, Türkiyənin dəstəyi, Azərbaycanın qətiyyətli siyasəti sayəsində hər iki ölkə bu gün dünya miqyaslı enerji layihələri reallaşdırmışdır və buna yeniləri əlavə olunmaqdadır. Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. 2006-cı ildə Bakı-Tbilisi—Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi—Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir.
Bu məqamda xatırladaq ki, 2012-ci il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərində ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilə imzalanmışdı. Bunun ardınca, BOTAŞ və ARDNŞ arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma ilə yanaşı, Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi” də imzalandı. Bu, iki ölkənin tarixində çox önəmli bir hadisə, iqtisadi, siyasi cəhətdən güclənən Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşacaq transmilli layihənin hüquqi bazasını təşkil edən mühüm sənədlər idi. Bütün bunlar, Türkiyə - Azərbaycan əlaqələrinin daim inkişaf edəcəyinin göstəricisidir. Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Onu biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. TANAP layihəsinin icrası nəticəsində biz ilk növbədə Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. Biz Xəzər hövzəsi və Orta Asiya təbii qazının qardaş Türkiyənin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan TAP layihəsini də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədi ilə fəal şəkildə dəstəkləyirik. Bu çərçivədə Azərbaycanın enerji strategiyasının əsas tərkib hissələrindən olan mənbələrin və marşrutların şaxələndirilməsinə də rəsmi Bakı böyük əhəmiyyət verir. TANAP və TAP layihələrinin reallaşması Azərbaycanın enerji resurslarının etibarlı şəkildə Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçməsi ilə ölkələrimiz həm Avropa İttifaqının mənbələrin şaxələndirilməsi hədəfinə əlavə dəyərə malik bir töhfə vermiş, həm də Avropanın enerji təhlükəsizliyində üzərinə mühüm öhdəlik götürmüş olacaqdır. Başqa sözlə, Qərb-Şərq enerji dəhlizini formalaşdıran bütün bu layihələr bölgədə təhlükəsizliyin və sülhün gücləndirilməsi və iqtisadi inkişafın təmin edilməsi istiqamətində strateji səylərdir. Bu layihələr bölgə ölkələrinin bir-biriləri ilə siyasi və iqtisadi əlaqələrini həmçinin Qərb dünyası ilə münasibətlərini də gücləndirməkdədir.
Azərbaycan ilə Türkiyənin həmrəyliyi, birliyi, əməkdaşlığı bütövlükdə Avrasiya ölkələri üçün də xüsusi önəmə malikdir. Fikrimizi əsaslandırmaq üçün dünya əhəmiyyətli digər bir layihəyə — Şanxay ilə Londonu birləşdirəcək Bakı - Tbilisi - Qars dəmir yolu layihəsinə diqqət çəkmək kifayətdir. Türkiyə - Gürcüstan — Azərbaycan — Xəzər dənizi — Qazaxıstan — Qırğızıstan — Çin dəmir yolu layihəsi üçün razılıq əldə olunması və bu razılaşmanın həyata keçirilməsi, sözün həqiqi mənasında Mərkəzi Asiya və ümumilikdə, Asiya regionu üçün deyil, Avrasiya, həmçinin dünya üçün əhəmiyyətli iqtisadi, siyasi nəticələr doğura, inkişafa, iqtisadi yüksəlişə səbəb ola bilər. Qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın tarixi təşəbbüsü ilə İstanbul boğazının altında inşa olunan və iki qitəni dəmir yolu ilə birləşdirən “Marmaray” layihəsinin reallaşdırılması möhtəşəm nəticələrin əldə olunmasına zəmanət verir. Azərbaycan Prezidenti İlham Əliyev bunu Baş nazir Ərdoğanın türk xalqı qarşısında göstərdiyi tarixi xidməti kimi dəyərləndirmiş və bu layihənin reallaşdırılması ilə Türkiyənin uzunmmüddətli çıxarlarının təmin edildiyini bildirmişdir.
Azərbaycan dövlət başçısının rəsmi səfəri çərçivəsində daha bir əlamətdar tədbir — Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirildi. Xatırladaq ki, Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Bakıya səfəri zamanı ölkələrimiz arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” imzalanmışdı. Bundan əvvəl də, yəni 2007-ci il noyabrın 6-8-də də ilk dəfə Türkiyənin dövlət başçısı cınab Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və ümumilikdə 5 mühüm sənəd imzalanmışdı. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateci tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” strateci tərəfdaşlıq haqqında birgə bəyannamənin konkret əsaslarla davamı hesab olunur. Həmin sənədlərə əsaslanaraq yaradılan Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası ilk iclasını 2011-ci il oktyabrın 25-də İzmirdə keçirmişdi. Növbəti toplantı Bakıda baş tutmuş, burada daha geniş əməkdaşlıq formatının təşkil olunması üçün göstərilən səylər özünün müsbət nəticələrini vermişdir.
Ankarada Türkiyə hökumət binasında keçirilən Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında ticarət həcminin artırılması, energetika, regional məsələlər və iqtisadi əlaqələr əsas müzakirə mövzusu olub. Qeyd olunub ki, bütün sahələrdə münasibətləri daha da inkişaf etdirmək üçün real imkanlar vardır. Məsələn, təkcə onu qeyd edək ki, ötən 22 il ərzində Türkiyə ilə Azərbaycan arasında ticarətin həcmi xeyli artmışdır: bu göstərici 1993-cü ildə 102 milyon ABŞ dolları idisə, 2002-ci ildə 300 milyon dolları keçmiş, 2010-cu ildə 2 milyard dollaradək artmış, 2011-ci ildə isə 3 milyard dollara çatmışdır. Hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollar həcmindədir. 2020-ci ilədək bu rəqəmi 15 milyard dollara çatdırmaq mümkündür. Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında həmçinin blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələ də müzakirə edildi. İqdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsi ilə əlaqədar görüləcək işlərlə bağlı müzakirələr aparıldı, İqdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də müzakirə edildi. Bununla əlaqədar işlərin tezliklə başlanılması qərara alındı. Dəmir yolu xəttinin çəkilməsi həm Naxçıvanın nəqliyyat probleminin həllinə, həm də bölgədə sülhə çox ciddi töhfələr verəcəkdir.
Qardaş ölkə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsində də həmişə rəsmi Bakının haqlı mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı bu dəfə Türkiyənin dövlət və hökumət başçıları daha qəti mövqe ortaya qoydular. Mətbuat konfransında Prezident Abdullah Gül bəyan etdi ki, Azərbaycanın milli məsələsi və bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyününbərpası və işğal altındakı torpaqlarının azad edilməsi məsələsini Türkiyə xüsusilə diqqətdə saxlayır. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünün qorunması amilinə xüsusi diqqət yetirilməli olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq dedi: “Təbii ki, Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülh və dialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir. Təbii ki, burada ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür. Yəni, ABŞ, Rusiya, Fransa bu işi daha dərindən, ciddi şəkildə, davamlı surətdə diqqətdə saxlamalıdırlar”.
Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyildir. Ümid edirik ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq.
Türkiyə tərəfi ortaq tarixə və mədəniyyətə malik olan türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirir. Çünki bu gün ölkəmiz türkdilli dövlətlərlə həm qarşılıqlı ikitərəfli münasibətlər çərçivəsində, həm də beynəlxalq təşkilatlar, birliklər nəzdində yaxın işbirliyi qurur, əməkdaşlığı dərinləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, biz türkdilli xalqlar, ölkələr arasında birliyin daha da güclənməsinin tərəfdarıyıq. Bu, hər bir türkdilli dövlətin iqtisadi inkişafına, onun beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmlənməsinə böyük töhfə verir. Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan — bəzisi tranzit ölkə, bəzisi isə enerji mənbəyi və təbii ehtiyatlarla zəngin məkan kimi Avropanın, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yəni türkdilli ölkələrin böyük siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrə aid güclü potensialı vardır. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də məhz həmin potensialı birlikdə işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni töhfələr verməkdir. Məhz bu məsələyə diqqət çəkən Türkiyə Prezidenti Abdullah Gül demişdir ki, Azərbaycan ikitərəfli münasibətlərimizdə olduğu kimi, türk respublikaları arasındakı əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə yönəlmiş səylərimiz baxımından da aparıcı bir ölkədir. Bu mənada katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə reallaşmışdır. Azərbaycan bu ilin avqustunda Qəbələdə ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası III zirvə görüşündə sədrliyi təhvil almışdır. Qarşıdakı bir il müddətində Azərbaycan böyük əhali və coğrafiya ilə zəngin təbii və bəşəri sərvətlərə malik olan Türk dünyasının qlobal miqyasda bir diqqət mərkəzinə çevrilməsinə yönəlmiş müştərək səylərimizə rəhbərlik edəcəkdir. Cənab Gül bu məsələdə Prezident İlham Əliyevin alqışalayiq təşəbbüslərinə diqqət çəkərək demişdir: “Türk respublikaları arasında kökləri tarixi keçmişimizə söykənən dostluq və qardaşlıq əlaqələrinin təməlində ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimiz dayanmaqdadır. Bununla birlikdə, bu dostluq və qardaşlığın konkret layihələr əsasında müştərək maraqlarımıza cavab verəcək bir ortaqlığa çevrilməsi üçün yeni baxışlı, uzaqgörən liderlərə hər zaman ehtiyac vardır. Bu baxımdan zati-alinizin oynadığı rol hər cür təqdirəlayiqdir”.
Bütün bunları nəzərə alaraq qətiyyətlə qeyd edə bilərik ki, Türk dünyasının xarizmatik liderləri — böyük öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizi sevincimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları ilə ifadə etdikləri iki qardaş ölkənin münasibətləri bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Azərbaycan - Türkiyə çoxşaxəli əlaqələri, dostluq, qardaşlıq münasibətləri durmadan inkişaf edir və bu yaxınlaşma təkcə region ölkələri üçün deyil, Avropa ölkələri üçün də özünün müsbət nəticələrini verməkdədir. Bu mənada, dünyanın bir sıra sivil və qabaqcıl dövlətləri Ankara—Bakı münasibətlərinin inkişafını dəstəkləyirlər. Çünki Türkiyə—Azərbaycan birliyi, həm də regionda sabitlik yaradan bir amildir. İqtisadi sahədə əməkdaşlığımız bölgə üçün çox böyük rol oynayır. Siyasi-diplomatik əlaqələrimizə gəlincə, bu məsələdə dünyada Türkiyə və Azərbaycan kimi ikinci bu qədər yaxın müttəfiq yoxdur. Bu münasibətlər regiona yalnız sülh, təhlükəsizlik və rifah vəd edir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.