Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti

 

 

 

 

 

Bir çox milli özünəməxsus keyfiyyətlərin və ümumbəşəri ideyaların varisi olan Azərbaycan xalqının milli-mənəvi dəyərləri və ümumbəşəri ideyaları varislik amili vasitəsi ilə nəsildən-nəslə keçmişdir. Müasir dövrdə Azərbaycan xalqının varisi olduğu zəngin mənəvi keyfiyyətləri ümumbəşəri ideyalarla zənginləşmə mərhələsindədir.

Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu vurğulamış və bildirmişdir ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli, azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bu gün ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti ilə milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır.

Xalqın siyasi iradəsi milli müqəddəratı təyin edən əsas faktor oldu

Azərbaycanda dövlətçilik ənənələrinin varisi olmaqla yanaşı, milli birliyimizin, mütəşəkkilliyimizin və milli ideologiyamızın-azərbaycançılığın təməli olan Heydər Əliyev məktəbinin ideoloji varisi olan cənab İlham Əliyevin XXI əsrin siyasi lideri olacağı və müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəyinə xalqın heç bir şübhəsi yoxdur. Məhz buna görə müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olaraq, yeni minillikdəki tarixinə həkk olunan daha bir demokratik, ədalətli və şəffaf seçkilərdə ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun son on ildə Azərbaycana gətirdiyi böyük nailiyyətlərə səs vermişlər. Xalq ümummilli liderin siyasi xəttinə sadiq olduğunu və bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevə inandığını, güvəndiyini, etimad göstərdiyini, onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirmişdir.

2013-cü il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində dövlət başçısı prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulamışdır: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

On il bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".

Dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir. Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən xarizmatik lider ötən on ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir.

Uğurların əsasında güclü lider fenomeni dayanır

Son on ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu artmışdır. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirilmiş, dönməzliyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur. Şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bugünkü milli inkişafın fundamental əsaslarını ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə qətiyyətlə və böyük uğurla davam etdirilməsi təşkil edir. Müasir Azərbaycanın gerçəkliklərini ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi təşkil edir.

Gələcəyə hesablanmış

uğurlu siyasət

Prezident İlham Əliyevin həyata keçirdiyi və gələcəyə hesablanmış uğurlu xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirmiş, söz sahibinə çevrilmişdir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu bir daha təsdiq edir. Azərbaycanda artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlər keçirilir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bugünlərdə Bakıda keçirilən III Beynəlxalq forumu yüksək səviyyədə keçmişdir.

Forumda çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir. Qeyd etməliyəm ki, Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır. Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir”. Dövlət başçısı belə tədbirlərin Azərbaycanda keçirilməsinin təbii olduğunu, bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşadıqlarını, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanın dözümlülük, tolerantlıq məkanı olduğunu, bu gün müstəqil Azərbaycanın öz siyasətini bu möhkəm təməl üzərində qurduğunu vurğulamışdır.

Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq hiss olunur, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların hesabatlarında bütün sahələrdə əldə olunan uğurlar təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin on qeyri-daimi üzvündən biri seçilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir. Təhlükəsizlik Şurasının üzvü olmaq təyinatla və növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə baş verdiyini nəzərə alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə yüksək olduğunu görərik.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuş, Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Əsas məqsəd xalqın

maraqlarını təmin etməkdir

Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir. Prezident İlham Əliyev aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəni gücləndirmək, regionda mövqeləri möhkəmləndirmək məqsədini daşıdığını vurğulamış və bildirmişdir ki, ölkənin gələcək inkişafı üçün neft amilindən asılığı azaltmaqdır lazımdır ki, bunun üçün də sahibkarların üzərinə çox iş düşür. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinin, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi təsadüfi deyildir. Ötən on ildə özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması üçün geniş imkanlar açmışdır. Daim sahibkarlarla görüşən, onların qayğıları ilə maraqlanan dövlət başçısı hər bir yerdə yerli icra orqanlarının rəhbərlərinə, icra başçıları, vəzifəli şəxslərə sahibkarlara kömək göstərmələrini tövsiyyə edir. Ötən on ildə 1 milyard manat dəyərində verilən güzəştli kreditlərin iqtisadiyyatın real sektoruna yönəldilməsi və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədlərinə xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev “Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir...Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz. Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır”, - deyə tövsiyələrini vermişdir.

Azərbaycanda yaşayan və fəaliyyət göstərən hər bir xarici iş adamı da dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan bəhrələnir. Biz bu qayğıya əməli işimizlə cavab verməyə çalışırıq.

Yeni prioritetlər, yeni hədəflər

Təkcə son on ildə Azərbaycan əsrlərə bərabər yol keçmişdir. Makroiqtisadi sabitliyin qorunub saxlanılması və inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı və tarazlı inkişafı cəmiyyətin layiqli həyat səviyyəsinə yüksəlməsinin nəticəsidir ki, ölkənin əsas makro iqtisadi göstəricisi olan ümumi daxili məhsul son on ildə 3,4 dəfə artmışdır. Dünya Bankının məlumatına əsasən, Azərbaycan dünya ölkələri arasında ÜDM-in artım səviyyəsinə görə lider mövqedə olmaqla yanaşı, dünyanın orta artım göstəricisini 2,6 dəfə qabaqlamışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin və həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı sayəsində minlərlə ümumtəhsil məktəbləri, uşaq bağçaları, səhiyyə obyektləri və digər mədəni-məişət binaları tikilib istifadəyə verilmiş, təhsil ocaqları müasir avadanlıqlarla, o cümlədən, texniki vasitələrlə təchiz edilmişdir.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi hazırda ən vacib məsələdir. Azərbaycan xalqı əmindir ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Çünki Azərbaycan tam şəkildə öz hesabına yaşayır, öz inkişafını, təhlükəsizliyini təmin edir, getdikcə güclənir, işğalçı Ermənistan getdikcə zəifləyir. Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən on dəfə böyükdür, hərbi xərclər on dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. Xocalı soyqırımını soyqırımı kimi dünyada bir sıra dövlətlər tanıyıb və bu proses uğurla davam edir. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulamışdır: “Dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi son on il ərzində inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər bir daha demək istəyirəm tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq”.

Azərbaycanı hər zaman özünə yaxın strateji müttəfiq, qardaş ölkə sayan Türkiyə onun hərtərəfli inkişafına, bütün sahələrdə əldə etdiyi uğurlara görə böyük qurur hissi keçirir. Qardaş Azərbaycanın hər bir uğuru, Türkiyənin və bütün Türk dünyasının uğurudur. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”, - demişdir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə söykənmiş qardaşlığı əsrlərin ağır sınaqlarından çıxmışdır. Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Türkiyə - Azərbaycan əlaqələri, deyə bilərəm ki, Türk dünyasının daha sıx birləşməsi üçün həlledici rol oynayır... Türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir”.

Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir. Seçki kampaniyasının gedişində erməni lobbisinə bağlı müxtəlif beynəlxalq dairələrin sifarişini icra edən “milli vətənpərvər”lərin uğurlara hər bir vasitə ilə kölgə salmağa çalışmaları cəhdləri uğursuz alınmışdır. Çünki demokratiya yolu ilə uğurla addımlayan Azərbaycanda seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsinin bir daha sübutu olmuşdur. Qardaş Azərbaycanın qısa müddət ərzində dünya miqyasında mühüm uğurlar əldə etməsi, nüfuzlu söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin düzgünlüyünü, habelə ölkənin və xalqın milli maraqlarına cavab verdiyini bir daha sübut edir. Görkəmli dövlət xadimi İlham Əliyevin möhkəm iradəsi, siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə bundan sonra da aparıcı mövqe qazandıracağına xalq əmindir. Qardaş Azərbaycanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirən məhz güclü xalq, güclü dövlət, güclü lider vəhdəti olmuşdur.

 

Osman GEZEKER,

 türkiyəli iş adamı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında