Azərbaycan - ABŞ dostluq və strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir

 

ABŞ Prezidentinin fikrincə, bu əməkdaşlıq xalqlarımızın və dövlətlərimizin maraqlarını tamamilə əhatə edir

Regionun tanınmış politoloq və ekspertləri Prezident Barak Obamanın Azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı təbrik məktubunu təkcə siyasi addım, diplomatik jest və ya adi protokol qaydalarından biri kimi deyil, həm də müasir tariximizin yadda qalan hadisələrindən biri kimi qiymətləndirirlər. Bəli, bu məktub hadisədir və həm də adi bir hadisə yox, yaddaqalan hadisə.

Çünki dünya erməniliyi başda olmaqla Azərbaycanın hərtərəfli uğurlarını gözü götürməyən bədxahlarımızın hamısı 2013-cü ildə ölkəmizdə keçirilmiş prezident seçkilərinin  nəticələrinin üzərinə kölgə salmaq üçün bütün vasitələrdən istifadə edərək iyrənc bir antiazərbaycan kampaniyasına start vermişdilər. Seçkidən sonra Vaşinqtondan gözlənilən təbrik məktubunun ( doğrudan da dünyanın müasir siyasi düzənindən başı çıxan və Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun çəkisini dərk edən istənilən şəxs  ABŞ rəsmilərinin məsələyə obyektiv münasibət bildirəcəyinə inanır  və Vaşinqtondan gələcək bu təbriki gözləyirdilər) bir müddət gecikməsi qaragüruhçuları  daha da ruhlandırmışdı. Cənab Obamanın səmimi və hərarətli təbrik məktubu isə həmin zümrənin  qara  istəklərinin üzərindən bir xətt çəkdi. 

    Məktubda cənab Obama dünya erməniliyinə və ermənipərəst qüvvələrə daha ağır zərbə olacaq bir iradə nümayiş etdirir: “Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində  çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq”. Yəni Ağ ev  Vaşinqton - Bakı tərəfdaşlığının tam potensialına nail olmaq məsələsinin də , demokratik proseslərin gücləndirilməsinin də perspektivini cənab İlham Əliyevin siyasi hakimiyyətinin davam etdirilməsində görür. Bundan başqa, ABŞ prezidenti əmin olduğunu  bildirir ki, Azərbaycanda sabitlik və əmin-amanlıq şəraiti davam edəcək. Ekspertlərin fikrincə, bu da təsadüfi deyil. Belə ki, Ağ evdə ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqeyindən də xəbərdardırlar, ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilmiş yerli müxalifətin ölkədə xaos və anarxiya yaratmaq istəyindən də.  Ona görə də dünyanın ən qüdrətli dövlətlərindən birinin rəhbəri beynəlxalq ictimaiyyətə mesaj göndərir ki, biz məcburən müharibəyə sürüklənmiş və ya daxili sabitliyi pozulmuş Azərbaycanla deyil, hərtərəfli inkişaf etmiş, qüdrətli iqtisadiyyata və demokratik cəmiyyətə malik olan Azərbaycanla əməkdaşlıq etmək istəyirik və edəcəyik.

Müstəqillik tariximizin geridə qalan illəri sübut edir ki, Azərbaycan Respublikası son iyirmi ildə həqiqətən Birləşmiş Ştatların etibarlı tərəfdaşı və sədaqətli, etibarlı partnyoru kimi nüfuz qazanmışdır. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Ermənistan - Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması məqsədilə ATƏT-in yaratdığı Minsk qrupunun həmsədrlərindən biri kimi bu məsələdə xüsusi səylər göstərmiş ölkələrdəndir. Amerikada Xocalı soyqırımını tanıyan  ştatların sayı durmadan artır.  Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi sahəsində yaranmış sıx əməkdaşlıq  dünyanın bir çox ölkələri üçün nümunə kimi qəbul edilir.  1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə beynəlxalq neft şirkətlərinin yaratdığı konsorsium arasında bağlanmış Hasilatın Pay Bölgüsü  ( “Əsrin Müqaviləsi”) adlı  sazişdə və həmin sənəddən sonra ərsəyə gəlmiş neft müqavilələrinin əksəriyyətində ABŞ şirkətləri də iştirak etmişlər ki, bunun da nəticəsində respublikamızın iqtisadiyyatına  kifayət qədər ABŞ investisiyası yatırılmışdır.

   Cənab Obamanın adıçəkilən məktubunda da enerji sahəsindəki əməkdaşlığımıza xüsusi önəm verilir. Əlavə edək ki, həmin sahədəki  birgə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin reallaşdırılması tərəflərin hər ikisini qane edən nəticələr vermişdir.  Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında  enerji sahəsində mövcud olan əməkdaşlığı qiymətləndirərkən demişdir ki,  enerji təhlükəsizliyi məsələsi həm də milli təhlükəsizlik məsələsidir. Bu, təkcə ABŞ üçün deyil, Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.  Ağ evdə məxsusi olaraq vurğulayırlar ki, Azərbaycan iştirakçısı olduğu enerji layihələrində təkcə iştirakçı kimi qalmır, həm də bu sahədə beynəlxalq aləmdəki tərəfdaşlarına dövri olaraq mühüm töhfələr verir.

Azərbaycan-Amerika münasibətlərindən bəhs edərkən xüsusilə vurğulamalıyıq ki,  ölkəmiz  beynəlxalq terrorçuluqla mübarizədə ABŞ-la birgə çıxış edir. Azərbaycan 1994-cü ilin may ayında  NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub. Kosovo, İraq və Əfqanıstanda Azərbaycan hərbçiləri beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak ediblər. ABŞ Prezidentinin haqqında söz açdığımız məktubunda da bu məsələ  “biz Əfqanıstanda tərəfdaşlığımızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk” şəklində qiymətləndirilir.   ABŞ rəsmiləri etiraf edirlər ki,  Azərbaycanla ABŞ arasında əlaqələr yalnız enerji sektoru ilə bağlı deyil. Bu iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktına ilk münasibətini bildirən və hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edən ölkədir. 2001-ci ildən sonra iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişafı göz qabağındadır.  Ona görə də Azərbaycan ABŞ üçün dostdur, strateji tərəfdaşdır, müttəfiqdir. Bu əlaqələrin davam etdirilməsinə hər iki tərəf birgə səylər göstərməlidir. Bir daha xatırladaq ki, bu fikirlər  ABŞ rəsmilərinin dönə-dönə səsləndirdiyi bəyanatların əksəriyyətində dilə gətirilir.  Vaşinqtonda səmimi şəkildə etiraf edirlər ki, Azərbaycanla ABŞ-ı ortaq dəyərlər birləşdirir ki, bu da demokratiyadır. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu məkandır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özündə Qərb və Şərq mədəniyyətinin sintezini yaradır. Azərbaycan sürətlə inkişaf edir, bütün dünya üçün strateji tərəfdaşdır. Məhz ona görə də bu ilin may ayında Bakıda Azərbaycan - ABŞ dostluq və tərəfdaşlığı mövzusunda keçirilən möhtəşəm tədbirdə  42 ştatın nümayəndəsi iştirak edirdi.  Bu isə  Azərbaycan-ABŞ münasibətlərinin bugünkü səviyyəsinin göstəricisi idi.

Səfir  Riçard Morninqstarın qeyd etdiyi kimi,  Azərbaycanla ABŞ-ın əməkdaşlığının çox böyük gələcəyi var. ABŞ-ın  bu ölkə ilə bağlı baxışları aydındır.  Vaşinqton  Azərbaycanı daim çiçəklənən, bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən, müstəqil ölkə kimi görmək istəyir.  Səfir əlavə edir ki, Azərbaycanın müstəqil siyasəti beynəlxalq birlik , eləcə də Birləşmiş Ştatlar tərəfindən  dəstəklənir. Çünki bu dostluq, müttəfiqlik sözdə deyil, əməldə öz təsdiqini tapıb. Xüsusilə vurğulamalı olduğumuz məqamlardan biri də odur ki,  Bakı ilə Vaşinqtonun sıx əməkdaşlığından gözlənilən əsas nəticələr enerji sahəsində əməkdaşlığın genişləndirilməsindən, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə töhfələr verilməsindən və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə nail olmaqdan ibarətdir.

Azərbaycan - ABŞ münasibətləri barədə söz açan beynəlxalq ictimaiyyət təmsilçiləri bu münasibətlərin təməlində müasir dünya siyasətinin ən görkəmli simalarından olan Heydər Əliyevin siyasi müdrikliyinin dayandığını qeyd edirlər.  Elə bu yazını da məhz ulu öndərimizin xarici siyasətimiz barədə Birləşmiş Ştatlarda olarkən söylədiyi fikirlərlə tamamlamaq istəyirik. Ümummilli liderimiz 1994-cü il sentyabrın 26-da Nyu-Yorkdakı “Türk evi”ndə Amerikada yaşayan türk və azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə demişdir: “ Azərbaycanın  xarici siyasəti sülhsevər siyasətdir. Biz bütün dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmağa çalışırıq. Bu sahədə ilk addımlar atılıb, müəyyən  nəticələr əldə edilib... Ancaq qarşıda görüləsi işlərimiz hələ çoxdur, vəzifələrimiz böyükdür”.

Biz məmnunuq ki, ulu öndərin xarici siyasətimizdə  “böyük” adlandırdığı həmin vəzifələrin hamısını möhtərəm Prezidentimiz İlham Əliyev günün reallığına çevirib. Elə ABŞ Prezidenti cənab Barak Obamanın yuxarıda qeyd etdiyimiz məktubu da məhz həmin reallıqlardan qaynaqlanır.

 

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında