“Milli Şura” üzvünün daha bir paxırı üzə çıxdı

 

 

 

 

 

Siyasətçilər həmişə cəmiyyətin diqqət mərkəzində olur, ictimaiyyət onların barəsində yayılan məlumatlara həssaslıqla yanaşır, bəzən maraqla izləyir, bəzən isə əhəmiyyət vermir. Radikal müxalifət düşərgəsinin liderciklərinin də əməlləri diqqətsiz qalmır. Ancaq fərq ondadır ki, bunlar barədə yayılan məlumatlar çox zaman cəmiyyətdə maraqla deyil, ikrahla qarşılanır. Səbəbi isə məlumdur: zaman-zaman konkret şəxslərin faktlara əsaslanaraq dedikləri sözlər həmin müxaliflərin  şəxsi keyfiyyətlərini, daha doğrusu keyfiyyətsizliklərini ortaya çıxarır, onları ifşa edir. Son günlər “Milli Şura” adlı qondarma qurumun icra aparatının rəhbəri, reneqat Eldar Namazov barəsində yayılan məlumatlar da cəmiyyətdə birmənalı qarşılanmadı.

Məsələ barədə oxuculara məlumat verməmişdən əvvəl Eldar Namazovun necə siyasətə gəldiyini bir daha yada salmaq yerinə düşərdi. Bu məqamda isə məşhur Amerika filmlərindən birində, sanki namazovkimilər üçün deyilmiş bu sözlər xatırlanır: “Sən ikiüzlülərdən qorxma. İkiüzlü  ya Conla olacaq, ya da Şonla. Sən də onun yerini biləcəksən. Ehtiyatlanmalı olduğun adamlar çoxüzlülərdir”.  Bəli, tamamilə haqlı xəbərdarlıqdır. Çünki çoxüzlülər bütün xalqlarda və bütün cəmiyyətlərdə qəbul edilmir, nifrətlə qarşılanırlar. Bu adamlara nifrət və ikrah hissi yaradan əsas səbəblərdən biri isə onların dünən çörəyini yediyi insana qarşı etdiyi dönüklüyüdür.

Reneqat Eldar Namazov vaxtilə məlum komandada oturub başqa-başqa adamlarla görüşür, dönüklük, ikiüzlülük edirdi. Məhz həmin “keyfiyyətlərinə” görə  ən yüngül cəza ilə – komandadan uzaqlaşdırılmaq barədə qərarla üz-üzə qalan reneqat  dərhal çörəyini yediyi adamlar barədə şər-böhtan danışmağa  başladı. O, tutduğu vəzifədə qeyri-səmimi olduğu kimi vəzifədən uzaqlaşdırılandan sonra da qeyri-səmimi mövqe nümayiş etdirdi. Guya onu vəzifədən kənarlaşdırmayıblar, özü nəyəsə etiraz olaraq istefa verib. Halbuki, elə həmin günlər müxalifət qəzetləri yazmışdılar ki, Eldar Namazov hardansa, haçansa istefa vermək iqtidarında olan fiqur deyil, o ki, qala nəhəng siyasi xadim olan Heydər Əliyevin tabeçiliyində işləyib istefa verə bilə.  Yəni, Eldar Namazov indi çətiri altına sığındığı müxalifət düşərgəsinə qədəm qoyanda ilk addımlarını yalanla atmışdı və bu addımların yalan olduğunu üzünə vurmuşdular.

Cəmiyyətin radikal müxalifət düşərgəsinə nifrətlə yanaşmasının bir çox səbəblərindən birincisi də budur ki,  bunlar həmişə rüşvət, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər səbəblərdən iqtidar düşərgəsindən qovulmuşları başlarına toplamış, antimilli, antiazərbaycan dairələrdən,  siyasi riyakarlardan və əqidəsi dönüklərdən imdad gözləmişlər. Ancaq həmişə də riyakarlar gəlib onlara yeni problemlər yaradıblar. Gah Müsavatın Divanında özünə yer tapan, gah “ziyalılar”ın qovluğunda məskunlaşan, gah da Rüstəm Məmməd İbrahimoviçin xəyallar dünyasının “peşəkar oyunçusuna” çevrilən reneqat Eldar Namazov da onlardan biridir. O, vaxtilə qanadına sığındığı İsa Qəmbərin,  Əli Kərimlinin və onların partiyalarının başına elə oyunlar açdı ki, Müsavat və AXCP üzvləri bu gün də özlərinə gələ bilməyiblər. Xüsusən,  ötən ilin sonlarından başlayaraq dağıdıcı düşərgənin prezidentliyə vahid namizədliyi məsələsində öz tərəfdaşlarına badalaq gəlməyə çalışan reneqat hiyləgər oyunlarla müxalifətin həmrəyliyinə zərbə vurdu və onsuz da elektoratdan məhrum olan bu düşərgənin növbəti dəfə biabırçı məğlubiyyətinə rəvac verdi. 

Qeyd etdiyimiz kimi, bütün bunlar reneqat Eldar Namazovun bizə məlum olan şəxsi “qabiliyyətləridir”.  Onun digər bir “önəmli” keyfiyyətini isə azvision.az saytı ortaya çıxarıb. Bu saytda yayılan məlumata görə, reneqat  Eldar Namazov xanım jurnalist Aynur Elgünəşə pul “atıb”. Sayt yazır ki, bu xəbər mətbuatda yayılandan sonra Eldar Namazov yoxa çıxıb. Həmkarlarımız jurnalist etikasına sadiq qalaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışsalar da, hər halda xəbərdən hali olan reneqat telefonlara cavab verməyib. Namazovun mətbuatdan qaçması, görünür, jurnalistin qoyduğu fakt qarşısında aciz qalmasından irəli gələ bilər.

Aynur Elgünəşin sözlərinə görə, hadisə belə olub:  2009-cu ilin 17-18 noyabrında Eldar Namazov Novxanıda tədbir keçirib. Tədbir Marşal Fondu tərəfindən maliyyələşibmiş. Burada Ermənistan – Türkiyə sərhədlərinin açılması məsələsinin ictimai müzakirəsi keçirilib: “Həmin vaxt Eldar Namazov məndən xahiş etdi ki, o tədbirin stenoqramını çıxarım ki, çıxışlardan ibarət kitab dərc olunsun. İki günlük tədbirdəki çıxışları düz 3 ay diktofondan köçürdüm. Bir kitablıq yazı idi. Əvvəlcədən 500 manat danışmışdıq, sonra dedi ki, bəs layihənin davamı olmayacaq, kitab təxirə düşdü. Mən də dedim ki, bunun məsələyə dəxli yoxdur. Mən tapşırılan işi görmüşəm.  Amma pulunuz yoxdursa, sizə 200 manatı keçirəm, 300 verərsiz. Vermədi. Dəfələrlə tədbirdə rastlaşmışıq, pulumu istəmişəm. Gah bəhanə edib ki, tərcüməçilər baxıb deyiblər ki, xeyli redaktə səhvi var. Demişəm, mənim işim stenoqramı çıxarmaq idi, redaktə yox. Halbuki cümlələri redaktə edirdim. Nə isə, uzandı, 4 ildir artıq. Hələ də o pulu ala bilməmişəm”.

Bu açıqlama ilə tanış olarkən, düşünürsən ki, görəsən buqələmun  Eldar Namazov kimi “siyasi liderlər” daha yüksək vəzifələrdə olsaydılar daha nələr edərdilər? Maraqlıdır ki, indiyədək reneqatın sədri olduğu “El” hərəkatı üzvləri barədə də mətbuatda bir sıra oxşar məlumatlar yayılıb. Belələrinin  özlərini millətin təəssübkeşi, Azərbaycanın gələcəyi barədə düşünən şəxs kimi cəmiyyətə sırımaları ikrah hissi  doğurur. Çünki xalq həmişə ziyalılara, siyasətçilərə onların dəyərli məsləhətlərinə, məntiqli fikirlərinə inanıb və belələrinin arxasınca gedib. Təəssüf edirik ki, ziyalı, siyasətçi adı ilə alver edən, bu addan  yararlanaraq öz şəxsi ambisiyalarını reallaşdırmaq istəyənlər də var. Bu istəkdə olanların iç üzü gec-tez  hamıya bəlli olur və  özləri özlərini ifşa edirlər. Reneqat Eldar Namazov kimi.

Belələrinin rəhbərlik etdiyi heç bir hərəkat, siyasi qurum uğur qazana bilməz. Həqiqətləri görən Azərbaycan xalqı heç vaxt onlara etimad göstərməz. Ona görə də reneqat Eldar Namazov kimi insanların yeganə yolu siyasətdən uzaqlaşmaqdır. Budur, Müsavat Partiyasının başqanı İsa Qəmbərin açıqlamalarından belə anlaşılır ki, artıq o, reallıqlarla barışıb.   Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov İsa Qəmbərin partiyadan istefası ilə bağlı mətbuatda yayılan informasiyalara münasibət bildirərkən deyib ki,  o,  21 ildir  Müsavat Partiyasını zəbt edib: “Vaxtilə həmin partiya Mənsur Əliyev tərəfindən yaradılıb. Sonradan isə bu insan Ali Sovetin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni yolla, heç bir razılaşdırılma, konfrans keçirilmədən özünü Müsavatın başqanı elan etdi. Bununla da o, Xalq Cəbhəsi Partiyasını parçalayaraq orada olan üzvlərin bir hissəsini öz tərəfinə çəkərək, Müsavat Partiyasının yaranması haqqında qərar qəbul etdi. Beləcə, İsa Qəmbər qeyri-qanuni yolla Şəhriyar adına Mədəniyyət Evini zəbt edib oranı özünə qərargah etmişdi. Amma 20 ildən çoxdur ki, bu insan partiyanı bir addım belə irəliyə apara bilməyib”.

Siyavuş Novruzov belə hesab edir ki, Müsavatın bərpası dövründə olan insanların əksəriyyəti artıq orada deyil. Hazırda həmin insanlar başqa partiyalara transfer olunub və yaxud ayrıca partiya yaradıblar. Bütün bunlar hamısı İsa Qəmbərin qərəzli və düzgün olmayan siyasətinin nəticəsidir. Bu gün Müsavatın digər partiyalarla heç bir əlaqəsi yoxdur. Əgər bir təşkilatda səmimiyyət, ümumxalq marağı, mənafeyi yoxdursa, həmin təşkilatın ömrü heç vaxt uzun sürə bilməz. Təbii ki, bunun mütəmadi olaraq şahidi oluruq.  Hətta  radikal düşərgədə olanlar da görürlər ki, müxalifət hər keçən il daha da zəifləyir. Bunun bir səbəbi hakimiyyətin həyata keçirdiyi uğurlu daxili siyasət, inkişaf proqramıdırsa, digər səbəbi istər Müsavat Partiyasında, istərsə də digərlərində heç bir islahatın aparılmaması, sağlam düşüncəli insanlara siyasi həyatda fəal iştirak etməyə imkan verilməməsidir.

Sözün kəsəsi  Mənsur Əliyevə “atan” İsa Qəmbərin silahdaşı kimi tanınan Eldar Namazovun jurnalistə “atması” tamamilə təbiidir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında