ABŞ Prezidenti Barak OBAMA: İlham Əliyevlə sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm

 

 

 

Azərbaycan Respublikasının demokratiya yolunda qətiyyətlə irəliləməsi, ölkəmizdə daim azad, şəffaf və ədalətli seçkilərin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır. 9 oktyabr prezident seçkilərində də seçkilərin qanunvericiliyə uyğun keçirilməsi, şəffaflığı, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etməsi respublikamızın qabaqcıl demokratik meyarlara sadiq qaldığını növbəti dəfə  nümayiş etdirmiş, “Odlar yurdu”na beynəlxalq etimadı daha da artırmışdır.

Ona görə də dünyanın qabaqcıl dövlətləri ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər. Həmçinin supergüc olan Amerika Birləşmiş Ştatları da Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran və Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıracaq yeni layihələrin təşəbbüskarı kimi çıxış edən qeyri-adi  geostrateji önəmə malik olan respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir.

 ABŞ ilə Azərbaycan arasındakı münasibətlər sisteminə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Bugünədək iki mühüm tərəfdaş arasında xüsusi əhəmiyyətə malik 76 dövlətlərarası sazişin imzalanması da dediklərimizi təsdiq edir. Ona görə də ABŞ ölkəmizdə gedən demokratik prosesləri yaxından izləyir, sürətli iqtisadi inkişafımızı alqışlayır, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyatda keçirdiyi siyasəti yüksək qiymətləndirir, rəsmi Bakının yürütdüyü xarici siyasəti dəstəkləyir. ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir. Prezident Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə ona ünvanladığı  təbrik məktubunda da bu məqamlar öz əksini tapmışdır.

ABŞ Prezidenti xüsusi olaraq vurğulayır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr vermişdir. Bu, reallıqdır. Çünki həqiqətən də 2003-cü ildən sonra da qlobal çağrışlara qoşulan, mühüm əhəmiyyət kəsb edən məsələlərdə konkret mövqe ortaya qoyan, sülhün, təhlükəsizliyin, sabit inkişafın tərəfdarı olan müstəqil Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı  münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Bu mənada, Prezident Barak Obamanın təbrik məktubunda Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi vurğulaması təsadüfi deyil. ABŞ Prezidenti öz administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə etmişdir. 

Azərbaycanın 155 dövlətin dəstəyi ilə qlobal təhlükəsizlik siyasətini müəyyənləşdirən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi rəsmi Vaşinqton ilə rəsmi Bakı arasında əməkdaşlıq formatına yeni meyarlar qazandırmışdır. Ölkəmizin həmişə  beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, beynəlxalq terrorizmin bütün formalarına qarşı qətiyyətli mübarizənin tərəfdarı olması Amerika rəsmiləri tərəfindən rəğbətlə qarşılanmışdır. ABŞ Prezidentinin həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirməsi də bu rəğbətin növbəti dəfə yüksək səviyyədə ifadəsi kimi qəbul edilə bilər.

Bu gün ədalət prinsipini özünün əsas qayəsi hesab edən və beynəlxalq hüquq normalarının real həyatda tətbiqini məqsəd kimi qarşıya qoyan istənilən dövlət və ya beynəlxalq təşkilat Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məsələsində qətiyyət nümayiş etdirir, problemin yoluna qoyulması ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyir.  Mütərəqqi Qərb siyasətçiləri belə hesab edirlər ki, Cənubi Qafqaz regionunun dünyaya inteqrasiyası, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün münaqişənin qısa zamanda həlli artıq zərurətə çevrilib. Çünki bu gün Azərbaycan  Qərb ölkələrinin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir və onun ərazi bütövlüyünün bərpası həll edilmədiyi müddət ərzində ümumavropa maraqlarının regiondakı təminatı tam mümkün deyil.  Ona görə də problemin hansısa bir formada həlli yox, məhz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi şərtiylə həlli vacib amil kimi gündəmdədir. ABŞ Prezidenti bu məsələyə diqqət yönəldərək bildirmişdir ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazırdır və bu mənada qarşıdan gələn dövrdə Azərbaycan ilə Ermənistan dövlət başçılarının görüşmək barədə qərarlarını alqışlayır.

Enerji təhlükəsizliyi də bu gün bütün dünya üçün prioritet məsələ kimi gündəmdədir. Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqətini üzərinə cəlb etmişdir. Bu gün ölkəmizin nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan nefti və təbii qazı dostlarımızın gələcək onilliklər üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.  Buna diqqəti yönəldən ABŞ Prezidenti Barak Obama Azərbaycanın müəllifi olduğu və regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini ifadə etmişdir. Bu, həm də ümumilikdə rəsmi Bakının həyata keçirdiyi xarici siyasətə verilən dəstək kimi qəbul edilir.

Ötən dövr ərzində, həqiqətən, hər sahədə böyük inkişaf yolu keçmişik. Azərbaycan dövləti ilə yanaşı, cəmiyyəti də inkişafın daha yüksək mərhələsinə qədəm qoyub. Bu gün insanlar hər şeyin qanun çərçivəsində olmasına xüsusi diqqət yetirir, siyasi mübarizənin intellektual səviyyədə aparılmasına üstünlük verirlər. İnsanlar köhnə təfəkkürdən xilas olmuş, cəmiyyətimizdə demokratik ənənələr formalaşmışdır. Bu, demokratiyanın  təkamül yolu ilə inkişaf etdirilməsi nəticəsində mümkün olmuşdur. Qeyd etdiyimiz reallıqları Azərbaycanın yaxın tərəfdaşları olan dövlətlər də yaxşı bilir. Prezident Obama iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirərkən bu məqamları da nəzərdən qaçırmamışdır.

Ölkəmizin uğurlarına qısqanclıqla yanaşan qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə mövqelərini gücləndirir, dünyanın supergücü olan ABŞ-la münasibətləri daha da inkişaf etdirir. Bu il mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı baş tutan “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumundakı çıxışında bu əlaqələrin əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev demişdir: “Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır... Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə - iqtisadiyyat, ticarət, sərmayələr - Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir”.

Onu da deyək ki, Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da qarşılıqlı münasibətlərin çox yüksək səviyyədə olduğunu və Amerikanın dövlət, siyasət, elm xadimlərinin, strateqlərin, hərbi və iqtisadi elitanın ölkəmizə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləmişdir. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar forumda ABŞ-ın 42 ştatından nümayəndələrin iştirak etməsini Birləşmiş Ştatlarda ölkəmizlə münasibətlərə verilən böyük önəmin göstəricisi kimi dəyərləndirmişdir. Səfir bunu son 20 il ərzində formalaşan strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.

Azərbaycan və ABŞ çox mühüm strateji tərəfdaşlardır. Bizim dostluğumuza həyat verən ən əhəmiyyətli amil milli maraqlarımızın üst-üstə düşməsidir. Prezident Barak Obamanın mühüm transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində  Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə etməsi və bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirməsi də dostluğumuzun, strateji tərfdaşlığımızın dönməz xarakter aldığını göstərir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında