Seçkilər hər bir xalqın tarixində həlledici rol oynayan, onun gələcək inkişaf yolunu müəyyən edən mühüm siyasi hadisədir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi liderə bağlayır. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir şəxsin mənafeyini özündə əks etdirən siyasət hər zaman ictimai etimad qazanır, bəyənilir və dəstəklənir.
Ötən 10 ildə ölkənin qazandığı böyük uğurları gündəlik həyatında hiss edən azərbaycanlıların növbəti prezident seçkiləri ilə bağlı seçimi də dəyişməz olaraq qalmışdır. Ulu öndər Heydər Əliyevin çoxillik siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan dövlətini işıqlı gələcəyə aparan, müstəqilliyimizin qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlar xalqın son seçkilərdə alternativsiz və prinsipial seçimini təmin etmişdir. Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafelərini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qabiliyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.
Müdrik xalqımızın 10 il öncə inanıb taleyini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə ümummilli liderin zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları hədəf götürən, həyat gerçəkliyinə çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda bir daha aydın görünür. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nailiyyətlər dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə son illər dünyanın lider dövlətlərindən biri olaraq qalması ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini və respublikanın potensialı ilə uzlaşdığını göstərir. Cənab İlham Əliyev hər yeni il üçün hökümətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyən etməklə onların icra prosesini şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milki inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.
“Əsl siyasət konkret, real iş görməkdir” — deyən və cəmiyyət qarşısında verdiyi hər bir vədi əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə 2012-ci il 30 dekabr tarixli sərəncamı bunun bariz nümunəsidir. Dövlətə rəhbərlik fəaliyyətinin ötən 10 ili Prezident İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə qazandırdığı daha böyük uğurlarla əlamətdar olmuşdur. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, xalqına, millətinə, Vətəninə sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbətini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş yeganə liderdir. Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması onun yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında birləşdirmək, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətlərinə görə də idarəçilikdə yüksək uğurlara imza atmışdır. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə elm və təhsilin inkişafına xüsusi önəm verir. Bu heç də təsadüfi deyil, çünki hər bir millətin tərəqqisi məktəb, təhsil və müəllimlə bağlıdır. Buna görə də haqlı olaraq müəllimləri hər bir cəmiyyətin elitası adlandırırlar. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”, “Təhsil millətin gələcəyidir” müdrik kəlamlarına daim sadiq qalan dövlət başçımız hər il yüzlərlə təhsil müəssisəsinin tikilməsinə, əsaslı təmir olunmasına, yenidən qurulmasına, habelə onların dünya standartlarına cavab verən müasir avadanlıqla təchiz edilməsinə xüsusi diqqət yetirir. İstedadlı gənclərimizin xarici ölkələrin ən nüfuzlu universitetlərində yüksək səviyyədə təhsil almalarına hər cür şərait yaratması, qayğı göstərməsi dövlət başçısının təhsillə bağlı apardığı siyasətin tərkib hissələrindən biridir. Eyni zamanda, səhiyyə və mədəniyyət sahələrində görülən saysız-hesabsız işlər xalqımızın gələcəyi üçün təqdirəlayiqdir. Bakının siması gündən-günə dəyişir, gözəlləşir, inkişaf edir. Şəhərin hər bir yerində ucaldılan, minlərlə insanın yaşadığı çoxmərtəbəli, yaraşıqlı evlər və inzibati binalar göz oxşayır. “Qara şəhər” adı ilə məşhur olan məkan artıq Ağ şəhərə çevrilmiş, öz füsunkar gözəlliyi ilə fərqlənməkdədir. İnsanların asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılmış yüksək səviyyəli şərait hər kəsi valeh edir. Bütün bunlar bariz təcəssümünü Dənizkənarı Milli Parkda, dünyada analoqu olmayan Bayraq Meydanında və Bakının müxtəlif yerlərində , həm də regionlarda xüsusi zövqlə salınmış yeni-yeni parklarda , xiyabanlarda, yaşıllıq massivlərində, bağlarda tapmışdır.
Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan iqtisadi sahədə Ermənistandan ən azı 10 dəfə güclüdür. Hərbi sahədə də üstünlüyü ələ alan, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək niyyətindədir. Bu da təbii ki, geosiyasi vəziyyət və bölgədə gedən proseslərlə bağlıdır. Son vaxtlar gedən proseslər deməyə əsas verir ki, danışıqlar bir nəticə verməlidir.
Ermənistanın təcavüzkar siyasətinin qurbanlarına çevrilən 1 milyon 200 min qaçqın və məcburi köçkünün isə münaqişənin həllinə qədər yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlər nəticəsində bütünlükdə çadır düşərgələri ləğv edilmiş, əvəzində yeni qəsəbələr və yaşayış binaları inşa olunmuşdur. Soydaşlarımızın sosial müdafiəsi məqsədilə 2003-2013-cü illərdə ölkə prezidenti tərəfindən 51 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 165 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin proqrama edilmiş əlavələr bu sahədə mühüm rol oynamışdır. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrlmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir tipli qəsəbə salınıb ki, bununla da 40 min qaçqın və məcburi köçkün ailəsinin (180 min nəfərədək) mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses davam etməkdədir. Canlı şahidi olduğum bir faktı qeyd etmək istərdim. 2011-ci il 24 dekabr tarixi cənab Prezidentimizin 50 yaşının tamam olduğu gün dövlət başçımız öz xanımı ilə birlikdə Ağcəbədi rayonunda Taxtakörpü də 552 ailə üçün inşa olunmuş yeni qəsəbədə laçınlı məcburi köçkünlərlə görüşə gəlmişdi. Möhtərəm Prezidentimiz görüş zamanı dedi: Laçın Azərbaycanın gözəl güşələrindən biridir. Laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olmuşlar. Bu gün də bu belədir”.
Cənab Prezidentimiz həmin gün nə qədər də səmimi, qayğıkeş, humanist, əsl xalq atası kimi görünürdü. O bildirdi ki, “Mən, adətən, öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz. Eyni zamanda, mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm. ”Bu hadisə dünya tarixində, bəlkə də, görünməmiş bir işdir. Bunu ancaq qəlbi xalqla döyünən əsl liderlər edə bilərlər. Hələ vaxtı ilə ulu öndər də laçınlılar haqqında demişdir: “Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir. ”Bəli, müdriklərin dediklərinə layiq olan Laçın camaatı həmin tarixi gündən 2013-cü il 9 oktyabr prezident seçkilərinə hazır idi. Və laçınlılar cənab Prezidentimiz İlham Əliyevi prezident kürsüsündə nəinki növbəti 5 il üçün, həm də ömürlük o kürsüdə görmək arzusundadırlar. 9 oktyabr 2013-cü il tarixi yetişdi. Qədirbilən bütün Azərbaycan xalqı kimi dövlətinə, rəhbərinə sadiq olan laçınlılar da seçki məntəqələrinə gedərək cənab Prezidentimizə halal haqqı olan səslərini verdilər.
İnkişaf və sabitlik ölkəmizin beynəlxalq arenada nüfuzunu da ildən ilə artırır. Məhz bunun nəticəsidir ki, bir çox beynəlxalq tədbirlərə, toplantılara Bakı ev sahibliyi edir. 2013-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın süni peyki kosmosa buraxıldı. Bu da tariximizə nadir hadisə kimi daxil oldu. 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığına daha bir nümunədir.
Azərbaycanın müstəqil, suveren dövlət kimi dünyada şöhrəti günbəgün artır. Ölkə başçısının ötən müddətdə xarici dövlətlərə səfərləri, BMT, ATƏT, İƏT və digər beynəlxalq təşkilatlarda keçirilən zirvə toplantılarında çıxışları, BMT TŞ-yə Azərbaycanın qeyri-daimi üzv seçilərkən dünyanın 155 ölkəsinin dəstəyini qazanması ölkəmizin diplomatiya tarixinə yeni parlaq səhifə açdı.
Bu gün paytaxtla yanaşı, respublikamızın regionları da dinamik inkişaf edir. Çox sevindirici haldır ki, cənab Prezident işlərinin çox olmasına baxmayaraq, yorulmadan ölkənin bütün bölgələrinə səfərlər edir, görülən işlərlə yerində tanış olur, lazım olan işlərin görülməsinə dərhal göstəriş verir.
Azərbaycan dövlətinin və xalqının demokratiya yolu ilə inamla irəlilədiyini bu günlərdə başa çatan mühüm siyasi hadisə— prezident seçkiləri ilə bir daha bütün dünyaya nümayiş etdirdi. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, ən şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevlə birlikdə irəliləməyə səs verdi. Oktyabrın 19-da Azərbaycan xalqının həyatında çox mühüm hadisə baş verdi. Növbəti 5 ildə də müstəqil Azərbaycana rəhbərlik edəcək möhtərəm İlham Əliyevin andiçmə mərasimi keçirildi. Dövlət başçısının andiçmə mərasimindəki nitqinin bir məqamı diqqəti cəlb edir. “Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirərək müstəqilliyimizi əbədi, dönməz edək”.
Azərbaycan müstəqilliyin ilk illərindəki ölkə deyil. İqtisadiyyatı 3 dəfə yüksəlmiş, iqtisadi sahədə keçid dövrünü başa vurmuş, dövlət büdcəsi 25 milyard dolları keçmiş, valyuta ehtiyatı 50 milyard dollara çatmışdır. BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, dünyada nüfuz sahibidir. Azərbaycan xalqı öz liderinə, demokratik prinsiplər əsasında, açıq və şəffaf şəkildə seçdiyi Prezidentinə inanır, güvənir və etibar edir.
Varaşil MƏMMƏDOV,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.