Müsavat Partiyası daxilindəki etirazlar İsa Qəmbəri istefaya sövq edir

 

 

Ölkəmizdə keçirilən azad, ədalətli və demokratik prezident seçkiləri radikal müxalifət düşərgəsinin düşdüyü vəziyyəti bir daha ortaya çıxardı. Açıq-aşkar aydın oldu ki, xalq bu düşərgəni və buradakı lidercikləri, hətta həmin liderciklərin seçdiyi vahid namizədi belə dəstəkləmir.

Bu reallıq dağıdıcılar arasında qarşıdurmaları, bəzi partiyalar daxilində isə lider axtarışlarını artırıb. Müsavat Partiyası daxilində də eyni proseslər gedir. Məlum olduğu kimi, partiyanın başqanı İsa Qəmbərin istefaya göndərilməsi barədə ciddi müzakirələr aparılıb. Və artıq Müsavat funksionerlərinin  təzyiqinə dözməyən İsa Qəmbərin başqanlıqdan gedəcəyi istisna edilmir.  Bundan sonra həmin partiyadan istefaların artacağını və nəticədə müxalif siyasi qurumun daha da zəifləyəcəyini  deyənlər də az deyil.  

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli deyib ki, İsa Qəmbərin başqanlıqdan getməsi Müsavatın zəifləməsinə səbəb ola bilməz. Müsavat Məclisinin sədri başqanlığa namizəd olacağını da istisna etməyib: “Müsavat Partiyasının qurultayının vaxtı və yeri məlum olduqdan sonra namizədlərin verilməsi və yarış başlayacaq. Mən indiyə qədər başqanlığa namizəd olacağımla bağlı bir fikir bildirməmişəm və qurultayın yeri və vaxtı müəyyən olunana kimi də bir fikir söyləmək istəmirəm”.

İsa Qəmbərin istefaya məcbur edilməsinin əsaslı səbəbləri var. Hər şeydən öncə bu partiyanın üzvləri İsa Qəmbəri ölkəmizdə keçirilən bütün seçkilərdə Müsavat Partiyasının uğursuzluğa düçar olmasının əsas səbəbkarı hesab edirlər. Onların fikrincə, başqanın  xaricdəki antimilli, antiazərbaycan dairələr ilə sıx əməkdaşlığı, milli dövlətçilik mənafeyimizə zidd hərəkətləri xalqın etirazına səbəb olur və nəticədə insanlar bu partiyanın siyasi xəttini dəstəkləməkdən imtina edirlər. Əslində, onların bu arqumenti əsaslı faktlara söykənir. Məsələn, vaxtilə bir müxbirin Müsavat başqanı İsa Qəmbərə müraciətlə “deyilənə görə, siz ermənilərlə əməkdaşlıq edirsiniz” - sualına başqan belə cavab vermişdi: “Hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırıq”.

Bəli, ötən dövr, baş verən hadisələr bir daha İsa Qəmbərin sözünü təsdiq etdi. Məlum oldu ki, hakimiyyət hərisliyi Müsavat başqanının gözünü elə tutub ki, o, Vətənimizin düşməni olan, qaniçən ermənilərlə də sıx əməkdaşlıq, tərəfdaşlıq əlaqələri yaradıb, Azərbaycanın əleyhinə olan bütün məsələlərdə onlarla işbirliyi qurub. Bir daha xatırladaq ki, o,  2010-cu ilin oktyabr ayında  Erməni Ümummilli Hərəkatı ilə Almaniyanın Potsdam şəhərində əməkdaşlıq barədə saziş imzalayıb. Həmin il ictimaiyyət tərəfindən lənətlənən “Potsdam prosesi” adlanan bu “əməkdaşlıq” təşəbbüsləri haqlı olaraq  etirazlarla qarşılandı, xalq düşmən qüvvələrin tərəfdaşına çevrilən radikal düşərgəni bir daha kəskin dillə qınadı. Bir çoxları belə düşünürdü ki, İsa Qəmbər nəhayət, cəmiyyətdən yüksələn etiraz səslərini nəzərə alacaq və ermənilərlə əməkdaşlığa son qoyacaq. Ancaq yenə belə olmadı. Ötən il Gürcüstana yollanan Müsavat başqanı Tbilisidə təkrar Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla görüşərək, ona ölkəmiz haqqında yeni “faktlar” verib. Yəni ermənilərlə sıx əməkdaşlığı yenə də davam etdirib. Bu isə  etirazlara səbəb olub.

Müsavat başqanı  hətta bu gün də keçmiş Sovetlər Birliyinin xüsusi xidmət orqanı olan və “KQB” adlandırılan qurumla əməkdaşlıq etməkdə  günahlandırılır. Bunun üçün heç də uzağa getmək lazım deyil. Bu ilin sentyabr ayında  ALP sədri Əvəz Temirxanın Müsavat Partiyasının başqanı İsa Qəmbər haqqında  “Facebook” sosial şəbəkəsində  yazdıqlarını xatırlamaq kifayətdir. Onun yazdıqlarını olduğu kimi təqdim edirik: “Hörmətli İsa bəy! Son 20 ildə siz, ətrafınız və nəzarətinizdə olan KİV-lər Lalə Şövkət, ALP haqqında ölkədə və xaricdə sizin xislətinizdən və səviyyənizdən irəli gələn yaymadığınız yalan, böhtan və ünvanımıza söyləmədiyiniz təhqir və küçə söyüşü qalmayıb. Əgər cəsarətiniz çatırsa, 2003-cü ildə ünvanınıza 0579 agentura nömrəli, “MOLOTOV” ləqəbli “KQB agenti” ittihamını səsləndirmiş adamı məhkəməyə verin. Əgər bunu edə bilmirsinizsə (heç edə də bilməzsiniz), susmağınız və bizə böhtan atmamağınız məsləhətdir. Əgər böhtan atmadan siyasət yürüdə bilmirsinizsə, bunu küçə söyüşləri ilə etməyin...”

Siyasi səriştəsizlik, vaxtında, düzgün addımlar atmaması da İsa Qəmbərin fəal siyasətdən uzaqlaşmasını zərurətə çevirib. Ona görə də xalq kütlələri həmişə Müsavat başqanına qarşı mənfi münasibət bəsləyib. Bu ilin aprel ayında İsa Qəmbərin “Lənkəran səfəri” də bunu ortaya çıxardı.  Prezidentliyə namizədlərin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alındıqdan sonra onların seçicilərlə görüş keçirməsi qanunauyğun hesab edildiyi halda İsa Qəmbər Seçki Məcəlləsində nəzərdə tutulan heç bir mərhələni keçmədən   “prezdentliyə namizəd” kimi Lənkəran rayonuna səfər etmişdi. Onun bu səfəri hansısa şou - biznes müğənnisinin konsert səfərinə bənzəyirdi. İsa Qəmbəri  müşayiət edən muzdlu təəssübkeşlərin, bir çoxunun isə “xalturaçı” taksi sürücülərinin olduğu maşın karvanının  yol  boyu çıxardıqları oyunlar barəsində danışmağa belə dəyməz. Müsavat rəhbərinə  hələ o vaxt seçki kampaniyasının  başlamaması başa salınsa da, bunun qanunla tənzimləndiyi xatırladılsa da o, bütün bunlara məhəl qoymamış, sonda isə beynəlxalq təşkilatlara müraciət edərək onun “seçicilərlə görüşünə” süni əngəllər yaradılması barədə hay - həşir salmışdı. Azərbaycanda dana oğrularını, narkotik maddə alverçilərini və xuliqanları “siyasi məhbus”  kimi tanıyan bir sıra ermənipərəst  beynəlxalq təşkilatlar da  İsa Qəmbərin bu müraciətinin əhəmiyyətinə varmadan  dərhal ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı saxta məlumatlar yaymağa çalışmışdılar.

Başqanın dağıdıcılıq fəaliyyəti təkcə Azərbaycana qarşı məhdudlaşmırdı. Maraqlı burasıdır ki, o, radikal müxalifət düşərgəsində də parçalanmağa səbəb ola biləcək addımlar atır,  müxalifətin birləşməsinə maneə yaradır. Son aylarda baş verən proseslərə nəzər yetirək: Radikal müxalifət düşərgəsində prezidentliyə vahid namizədin müəyyənləşdirilməsinə cəhdlər göstərildiyi bir vaxtda İsa Qəmbər Müsavat Partiyası divanının razılığını alaraq tələm-tələsik özünün prezidentliyə namizəd olduğunu açıqladı. Bu, qeyri-müəyyən vəziyyətin hökm sürdüyü həmin düşərgədəki çaşqınlığı daha da artırdı. Xatırlayırsınızsa, bu ilin iyul ayının sonlarında müxalif siyasətçilər gözləyirdilər ki,  “Milli Şura”nın Tbilisi görüşündən sonra bu qurumun vahid namizəd məsələsinə tam aydınlıq gələcək. Çünki görüş çərçivəsində Rüstəm Məmməd İbrahimoviçlə İsa Qəmbərin məxsusi bir görüşü də keçirilmişdi. Ancaq  “sən saydığını say...” deyiblər.

İsa Qəmbər Tbilisidən qayıtmamış Müsavatdan xəbər yayıldı ki, başqanın vahid namizədliyi qüvvədə qalır. Çünki başqan heç vaxt kino rejissoru vahid namizəd kimi qəbul etməyib. Ancaq müxalifət düşərgəsində “dağıdıcılıqda” ittiham olunmaqdan qaçmaq üçün məcburiyyət qarşısında qalaraq Rüstəm Məmməd İbrahimoviçi dəstəklədiyini bildirmişdi. Şura üzvlərinin Tbilisidə keçirdikləri görüşdən sonra kinodramaturqun Azərbaycana gəlmək istəmədiyi bir daha ortaya çıxdıqdan sonra İsa Qəmbər özünün namizədliyinin dəstəklənməsi məsələsində onunla, necə deyərlər, sövdələşmə aparıb. Ancaq yenə də nəticə əldə edə bilməyib.

İsa Qəmbər  “Ziyalılar Forumu”nun, “El” hərəkatının və onların xaricdəki havadarlarının  yaratdıqları “Milli Şura”nı elə bir “ustalıqla” dağıdıb heçə döndərdi ki, həmin qurumun beşiyi başında dayananlar nəyin və necə baş verdiyini kəsdirə bilmədilər. Müsavat başqanı yaxşı bilirdi ki, növbəti  seçkidə də heç bir uğura nail ola bilməyəcək. Ona görə də  “El” hərəkatı rəhbərlərinin dediyi kimi, seçkidə qalib gəlmək üçün deyil, məhz “Milli Şura”nın nə zamansa qazanılacaq uğurlarını əngəlləmək üçün siyasi mübarizəyə  başladı və istəyinə nail oldu. Bilavasitə İsa Qəmbərin dolaşıq variantları ucbatından “Milli Şura” müxalifətin digər  qurumlarına nisbətən qısaömürlü oldu.

Müxalifət mətbuatı yazır ki, “Milli Şura” üzvlərinin sentyabr ayına nəzərdə tutulan London səfərinin pozulması da bilavasitə  İsa Qəmbərin öz düşərgədaşlarına qurduğu tələnin nəticəsidir.  Belə ki, Müsavat başqanı  “Milli Şura” üzvlərinə özünün dediyi kimi “bəzi məsələlərdə güzəştə getsə də” (söhbətin  hansı güzəştdən getdiyi məlum deyil), Londona gedəcək nümayəndə heyətinin tərkibinin müəyyənləşdirilməsi məsələsində güzəştə getmədi və nəticədə səfər təxirə salındı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə Müsavat başqanını xaraktersizlikdə ittiham edərək deyib ki, İsa Qəmbər ekstremal vəziyyətlərdə  heç vaxt düzgün qərarlar qəbul edə, yaxud məsuliyyəti öz üzərinə götürə bilmir.  “Milli Şura” adlanan qurumda baş verənlərlə bağlı İsa Qəmbərin tərəddüdləri də bu fikri təsdiq edir. İsa Qəmbər seçkiyə qatılmaqla ən azı partiyasının və ətrafında olan insanların dağılmasının qarşısını ala bilərdi. Bu, onu göstərir ki, dağıdıcı düşərgədəki insanlar ciddi şəkildə öz gələcək siyasi fəaliyyətləri haqqında düşünməlidirlər. Düşünməlidirlər ki, rəhbərləri onları hara aparır.

Əslində, Azərbaycan müxalifətini  çıxılmaz vəziyyətə salan  təkcə bu düşərgəyə rəhbərlik edənlərin səriştəsizliyi və ya siyasi diletantlığı deyil. Burada daha böyük səbəblər var ki, onların da birincisi iqtidarın müxalifətə nisbətən müqayisəolunmaz dərəcədə güclü olmasıdır. Son zamanlar Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuzu günbəgün artır. Faktlar sübut edir ki,  Azərbaycanda yeridilən daxili və xarici siyasət dünya miqyasında  böyük əksəriyyət tərəfindən dəstəklənir. Bu isə Azərbaycan müxalifətinin vəziyyətini daha da qəlizləşdirir.

 

R.ƏLİYEV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında