Xalq öz qəlbinin hökmü ilə ən düzgün seçimini etdi

 

 

 

Azərbaycan xalqı şəffaf, demokratik və ədalətli seçki keçirmək iqtidarında olduğunu bu ilin 9 oktyabrında baş tutmuş prezident seçkilərində bir daha təsdiqlədi. Eyni zamanda, bu seçkilərdə xalqımız özünün və dövlətinin taleyini qarşıdakı beş ildə də möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etməklə müdrikliyini,  doğru-dürüst seçim etmək qabiliyyətini ortaya qoydu.

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Azərbaycanın dövlətçilik tarixi ərzində heç vaxt belə mütəşəkkillik, nizam-intizam nümayiş olunmamış, bu cür yüksək seçici fəallığı müşahidə edilməmişdir. Təsadüfi deyildir ki, səsvermədə kvorum 72 faizdən çox olmuşdur. Bunu seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də yüksək qiymətləndirmişlər.

Ümumiyyətlə, Azərbaycandakı budəfəki prezident seçkilərinə beynəlxalq aləmdə maraq güclü idi. Elə bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq qurumları təmsil edən müşahidəçi və ekspertlərin ümumi sayı 1295 nəfər olmuşdur. Onlar seçkiləri izləmək üçün dünyanın 100 ölkəsindən gəlmişdilər. Təkcə MDB ölkələrindən seçkiləri 400-dən çox müşahidəçi və ekspert izləyirdi. Habelə, Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının Asiya - Sakit okean Konfransını 50-dən çox, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransını təxminən 20 müşahidəçi, Latın Amerikası və Karib hövzəsi Dövlətlərinin Siyasi Partiyalarının Daimi Komissiyasını 10 nümayəndə, Türkdilli Dövlətlərin Parlament Assambleyasını 10 müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatını 5 müşahidəçi təmsil edirdi.

Sevindirici haldır ki, beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin təşkili, səsvermə ilə bağlı rəyləri kifayət qədər yüksək, obyektiv və qərəzsiz olub. Onlar verdikləri bəyanatlarda Azərbaycanda keçirilən prezident seçkilərinin şəffaflıq səviyyəsini, seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etməsi üçün hər cür şəraitin yaradıldığını yüksək qiymətləndirmişlər. Bunların arasında Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Parlament Assambleyası missiyasının əlaqələndiricisi Mişel Vauzen, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Aİ-nin genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və digər səlahiyyət sahibləri də vardır. Onlar da demokratik, ədalətli və şəffaf seçkilər keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmişlər.

Beynəlxalq müşahidəçilərlə yanaşı, ölkəmizdəki müxtəlif siyasi partiyaları, ictimai qurumları, əhalinin, demək olar ki, bütün təbəqələrini təmsil edən 50 mindən çox müşahidəçi və ekspertin hazırlıq, səsvermənin keçirilməsi və nəticələri ilə bağlı gəldikləri qənaət də birmənalıdır: seçkilər nümunəvi təşkil edilmiş, şəffaf və ədalətli keçirilmiş və bu, Azərbaycanın demokratikləşmə yolunda irəliyə doğru atdığı bir addımdır.

Bütün bunlara baxmayaraq, iki təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ABŞ Dövlət Departamenti bu seçkilərlə bağlı həmişəki kimi, qeyri-obyektiv mövqe tutaraq, qərəzli rəy vermişdir. Bəri başdan deyək ki, bu iki qurum Azərbaycana qarşı heç vaxt xoş münasibətdə olmayıb, ölkəmizdəki inkişafı, tərəqqini gözü götürməyib, həmişə əks mövqedə dayanıb. Onların budəfəki rəyləri o qədər gülünc olub ki, hətta öz nümayəndələri belə — ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, Almaniya Bundestaqının üzvü Doris Barnet, ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli, habelə ATƏT-in Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə missiyanın xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vauzen tərəfindən tənqid olunmuşdur.

Mişel Vauzen qeyd etmişdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilər barəsində məruzəsi ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin fikirlərini əks etdirmir və Azərbaycanda prezident seçkiləri Avropa Şurasının və ATƏT-in standartlarına riayət edilməsi yolunda ciddi addım olmuşdur.

Həmin rəylərə ən tutarlı cavab isə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən gəldi. Akademik Ramiz Mehdiyevin Azərbaycanın bir sıra informasiya agentliklərinin suallarına səsləndirdiyi bəyanat, əslində, rəsmi Bakının prinsipial mövqeyi kimi başa düşülməlidir. Ramiz müəllim kəskin şəkildə bəyan edir ki, “biz prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları tərəfindən verilən qiyməti əsla qəbul etmirik və bunu həmin iki rəsmi struktur tərəfindən son dərəcə biabırçı fakt, qərəzli və riyakar münasibət hesab edirik”.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri müsahibəsində özlərini bütün dünyada “demokratiyanın təəssübkeşi” kimi dünyada “demokratiyanın təəssübkeşi” kimi qələmə verən hər iki təşkilatın əsl simasını danılmaz faktlarla açaraq sübut edir ki, ölkəmizdəki seçkilər barədə mənfi rəy verməyə onlar qabaqcadan hazırlanmışdılar. Onlar hətta Azərbaycan tərəfi ilə seçkiləri necə keçirmək barədə qabaqcadan “dostcasına bazarlıq etməyə də” macal tapmışdılar. Akademik R.Mehdiyev bu barədə danışarkən deyir: “...ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa, ABŞ Dövlət Departamentinin rəyi balanslandırılmış olacaqdır. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdır. Nəticə məlumdur. Göründüyü kimi, bu, sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş. Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda  bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi?”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanı həm də onda günahlandırır ki, seçkilərdə təşviqat kampaniyası üçün cəmi 22 gün ayırmışdır. Amma, Danimarkada həmin təşviqat dövrünün 11 gün, Fransada və Polşada 15 gün, Serbiya və Latviyada 20 gün olmasını isə normal hesab edir. Buna nə deyəsən?

Azərbaycan xalqı dostu düşməndən, halalı haramdan, yaxşını pisdən ayırmağı bacaran, seçkilər keçirməkdə kifayət qədər təcrübəsi olan müdrik xalqdır, onu bəlağətli çıxışlarla, boş vədlərlə aldatmaq çətindir. Bu dəfəki seçkilərdə xalqımız düzgün seçim etdi, sabitliyə, tərəqqiyə, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunun davam etdirilməsinə səs verdi.

 Onu da qeyd etmək lazımdır ki, həmin gün seçki mənətəqələrində yaradılmış işgüzar mühit, nizam-intizam, mütəşəkkillik hər cür tərifə layiqdir. Səs verdiyimiz məntəqədə seçicilər səsvermə bülleteni almaq üçün növbə yaratmışdılar. Həm də seçicilərin bir çoxu kimə səs verəcəyini gizlətmirdi: “ Mən Heydər Əliyev siyasətini davam etdirən namizədə səs verəcəyəm”, “Son on ildə xalqın həqiqi liderinə çevrilmiş dövlət başçımıza səs verəcəyəm”, “Boş vədlərdən bezmişik, əməli fəaliyyəti ilə xalqa can yandıran liderimizi yaxşı tanıyırıq...”

Əslində, Azərbaycandakı 9 oktyabr prezident seçkilərindəki görünməmiş seçici fəallığının və mütəşəkkilliyin mayasında da bu rəylərdə ifadə olunmuş fikirlər də yer alır. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevi sözü ilə əməli bir olan, bütün fəaliyyətini Vətənimizin inkişafına, tərəqqisinə, çiçəklənməsinə, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, insanların həyat səviyyəsinin daim yüksəldilməsinə, işsizliyin və yoxsulluğun minimuma endirilməsinə, ölkəmizin bütün dünyada müsbət imicinin formalaşdırılmasına yönəldən və bu sahələrdə çox böyük uğurlar qazanan həqiqi lider kimi tanıyır.

Son on ildə həyatımızın, demək olar ki, elə bir sahəsi yoxdur ki, orada qlobal müsbət dəyişikliklər baş verməsin, çox böyük uğurlara imza atılmasın. Bütün bunları xalq görür və yüksək qiymətləndirir.

Fikrimizin təsdiqi kimi bəzi faktlara diqqət yetirək. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Onu da qeyd edək ki, bütün dünyada iqtisadi inkişaf tempinə görə bu qədər inkişaf edən ikinci bir ölkə olmamışdır. Həm də ilk illərdə bu artım daha çox neft-qaz amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı ön plana keçir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 1 milyon 200 min iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yerləridir. Ölkədə işsizliyin səviyyəsi hazırda 4,8 faizdir. Həmin müddətdə ölkədə yoxsulluq təxminən 10 dəfə azalmışdır — 49 faizdən 5,5 faizə enmişdir. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün dövlət külli miqdarda vəsait ayırır. Son 10 ildə əhalinin orta əmək haqqı 5,6 dəfə, orta pensiya isə 9,2 dəfə artmışdır.

Sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olmuşdur. 2003-cü ildən bəri Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana 35 Olimpiya—İdman Kompleksi tikilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur. Bütün bu işlər dövlət büdcəsindən ayrılmış vəsaitin hesabına həyata keçirilir. Onu da deyək ki, bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir — ümumi daxili məhsulun təxminən 7-8 faizini təşkil edir. Bu, dünya miqyasında ən yaxşı göstəricilərdəndir. Azərbaycan investisiya qoyuluşu üçün dünyanın ən əlverişli ölkələrindən biri hesab olunur. Bu gün Azərbaycana borc vermək üçün təşkilatlar növbəyə düzülürlər. Əslində, bizim buna ehtiyacımız da yoxdur. Lakin bu, Azərbaycana,onun iqtisadiyyatına olan etibarın və etimadın göstəricisidir. Biz özümüz dünyada böyük infrastruktur layihələrinə sərmayələr qoyuruq. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır.

Bütün beynəlxalq aparıcı qurumlar, iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir və onu öz reytinqlərində yüksək yerlərə layiq görürlər. Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Prezident İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük dostlar qazanmışdır. Təsadüfi deyildir ki, Azərbaycan BMT- Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, Azərbaycanın böyük siyasi, diplomatik qələbəsidir.  Bütün bunlar dövlətimizin apardığı uğurlu daxili və xarici siyasətin parlaq nəticəsidir.

Bu gün Azərbaycan dünyada kosmik dövlət kimi tanınır. Kosmosa göndərdiyimiz “Azərspace–1” süni peyki Azərbaycana dividentlər gətirməkdədir. Şübhəsiz, kosmik sənayenin inkişafı bizdə hələ yenidir və əminik ki, gələcəkdə bu sahədə daha böyük uğurlara imza atacağıq.

 Enerji siyasətimizdə də son on ildə  sanballı uğurlar qazanılmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir. Hazırda həmin dəhliz boyunca böyük strateji əhəmiyyətli olan Bakı-Tbilsi-Qars dəmir yolu layihəsi həyata keçirilir. Bu layihələrin əsas təşəbbüskarı Azərbaycan olmuş və maliyyə yükünü də öz üzərinə götürmüşdür.

Son illərdə ölkəmizin Xəzərdəki sektorunda nəhəng  qaz yataqları kəşf edilmiş və Azərbaycan dünya miqyasında böyük qaz ölkəsi tanınmışdır. Bizim qaz ehtiyatlarımız təxminən 3 trilyon kubmetrə bərabərdir. Bu yataqlar bundan sonra azı 100 il ölkəmizə xidmət edəcəkdir.

Son iki ildə neft-qaz strategiyamızın reallaşmasında iki önəmli hadisə baş  vermişdir. Keçən il TANAP layihəsinin, bu il isə Trans-Adriatik boru kəməri layihəsinin icrasına başlanmışdır. Dünya miqyaslı, strateji əhəmiyyətli bu layihələrin də əsas təşəbbüskarı və icraçısı Azərbaycandır.

 Dövlətimiz müstəqil siyasət aparır. Bu siyasətin təməlində də iqtisadi müstəqillik dayanır. Əgər iqtisadi müstəqilliyimiz olmasaydı, nə güclü ordumuz, nə də ötkəm, siyasi iradəmiz olardı. Bu gün Azərbaycan büdcəsi tarixi düşmənimiz və bədnam qonşumuz olan Ermənistan büdcəsindən on dəfə böyükdür. Müvafiq olaraq hərbi xərclərimiz də onlarınkından 10 dəfə çoxdur. Əhalimiz isə ermənilərdən təxminən 5 dəfəyə qədər artıqdır.Bunları deməkdə məqsədimiz odur ki, torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan heç bir vəchlə bizim qarşımızda duruş gətirə bilməyəcəkdir. Həm haqq-ədalət, həm iqtisadi-siyasi və hərbi güc bizim tərəfimizdədir. Yəni tezliklə işğal olunmuş torpaqları danışıqlar yolu ilə mümkün olmasa, güc yolu ilə azad edəcəyik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində bu məsələ ilə bağlı danışarkən demişdir: “Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil dövlət kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli, bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz həllini tapmalıdır... Qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən əminəm ki, buna nail olacağıq.”

Cənab İlham Əliyev Prezident vəzifəsində olduğu on il ərzində öz əməli fəaliyyəti və nümunəvi liderlik keyfiyyəti, prinsipiallığı və qətiyyəti, mürəkkəb problemləri dəqiq həll etmək bacarığı  ilə xalqın böyük rəğbətini qazanmışdır. Buna görə də Azərbaycan seçiciləri tərəddüd etmədən onun namizədliyini dəstəkləmiş və gələcək qarşısında öz məsuliyyətlərini düzgün başa düşmüşlər. Onlar yaxşı bilirlər ki,     İlham Əliyevin təşəbbüsü ilə hələ bundan sonra ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək və nəhəng inkişaf proqramları yerinə yetiriləcəkdir. Burada Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını vurğulamaq yerinə düşər. Bu konsepsiya mahiyyəti etibarilə həm nadir, həm də universaldır. Çünki cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Ölkə vətəndaşları da öz prezidentlərini bu cür qeyri-standart təşəbbüslərini tamamilə bəyənir və onun həyata keçirdiyi bütün islahatların novator mahiyyətini alqışlayırlar. Buna görə də seçicilərin mütləq əksəriyyətinin – 84,55 faizinin Prezident İlham Əliyevə səs verməsi tam qanunauyğun və ədalətli hesab edilməlidir.

Teymur ZEYNALOV, Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadi təhlil və audit kafedrasının dosenti, Aynur ZEYNALOVA,

menecment kafedrasının müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında