“Milli Şura”da mənəvi deformasiya siyasi “demontaj”la əvəz olunur

 

 

 

Başqa bir nəticəni gözləyən də yox idi . Hamı bilirdi ki, müxalifətin bu qurumu da əvvəlkilərin taleyini yaşayacaq. İnsafən, bəzi müxalifət təmsilçiləri, məsələn, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Cümşüd Nuriyev və digər siyasətçilər “Milli Şura”nın bu aqibətlə üzləşəcəyini xeyli əvvəl proqnozlaşdırmışdılar. Deyirdilər ki, bu qurum müxalifətin əvvəlki təşkilatlarına nisbətən siyasi arenadan daha tez gedəcək.

 Arqumentləri də bu idi ki, bu şura Azərbaycan xalqının istəyi ilə deyil, xaricdəki antiazərbaycan qüvvələrin sifarişi və dəstəyi ilə yarandığına görə xalq onun dalınca getməyəcək. Elə də oldu. Adı çəkilən şuranın təşkil etdiyi aksiyaların heç birinə müxalifətin əvvəlki qurumlarının mitinqlərinə toplaşanların yarısı qədər belə iştirakçı gəlmədi. Deməli, xalq bu adamlara nəinki inanmır, hətta onların əməli fəaliyyətinin ermənilərlə bağlı oduğuna görə “Milli Şura” dan qorxanlar da var idi. Həmin inamsızlıq və qorxu hissləri oktyabrın 9-da özünü açıq şəkildə göstərdi.

Müxalifətin bu qurumunda hələ seçkidən xeyli əvvəl - Rüstəm Məmməd İbrahimoviçin qeyri-səmimiliyi ortaya çıxanda (şuranın ilk və sonuncu sədri olan bu adam təkcə öz siyasi həmfikirlərinə deyil, bütövlükdə Azərbaycan xalqına çoxlu sayda yalanlar sırımışdı) kifayət qədər ideoloji deformasiyalar yaranmışdı. Həmin proses seçkinin nəticələri elan olunana qədər davam etdi.

Qarşılıqlı ittihamların yaşandığı, gah Müsavatın, gah AXCP-nin, gah da “El” hərəkatının hegemonluq etdiyi bu qurumda ona görə söz birliyi, əməl eyniliyi yox idi ki, adı çəkilən siyasi təşkilatların hərəsi bir ölkənin maraqlarına xidmət edirdi. Onlar arasındakı eynilik təkcə ondan ibarət idi ki, hamısı xaricdən idarə olunurdu. Vəssalam. Ona görə də bu qurum ilk günlərdən başlayaraq çox ciddi ideoloji deformasiyalara (yəni, mövcud formanın itməsinə) məruz qalmışdı. Seçkidən sonra isə burada nəzərəçarpacaq bir demontaj, yəni sökülmə, müxtəlif hissələrə parçalanma prosesi gedir. Kütləvi informasiya vasitələrinin verdiyi məlumatlar da göstərir ki , “Milli Şura”nın aqibəti barədə söylənilənlər real həyatda öz təsdiqini tapır.

Elektron kütləvi informasiya vasitələri noyabrın ilk günündə xəbər yaydılar ki, Azərbaycan Liberal Partiyasının “Milli Şura”da olan nümayəndələri bəyanat yayaraq bu qurumdan istefa veriblər. Yayılan bəyanatda deyilir: “Biz 20 ildir birləşə bilməyən Azərbaycan müxalifətinin, demokratik düşüncəli ziyalıların, ictimai xadimlərin, inanclı insanların, KİV nümayəndələrinin və gənclərin prezident seçkisi ilində köklü demokratik islahatlar, dəyişikliklər naminə bir araya gəlməsi zərurətini dərk edərək, bu qüvvələrin səmimi əməkdaşlığına ümid edərək, Demokratik Qüvvələrin Milli Şurasında birləşməsini alqışladıq və onun yaranması, daxili təşkilatlanması, güclənməsi, səmərəli fəaliyyəti üçün lazım olan bütün güzəştlərə getdik və əlimizdən gələni etdik. Milli Şura üzvü olaraq seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası prezidentliyinə Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsində, təşkilati işlərin görülməsində, MSK-da və məhkəmələrdə onun namizədliyinin axıradək müdafiə edilməsində prinsipial və ardıcıl olduq. “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyov seçkilərə buraxılmadıqda ALP öz namizədi ilə seçkilərdə iştirak etməyəcəyini və iddialı partiya rəhbərlərinin öz aralarında ümumi razılığı ilə onlardan birinin vahid namizədlyinin irəli sürülməsi təkilifini verdik və o namizədi dəstəkləyəcəyimizi bəyan etdik. Təəssüf ki, Müsavat başqanı İsa Qəmbər bu təklifin müzakirəsindən imtina etdi”.

Bu sitatdan sonra hörmətli oxucunun yadına salaq ki, biz hələ “Milli Şura”nın təsis edildiyi ilk günlərdə yazmışdıq ki, bu qurum da Müsavat başqanı İsa Qəmbərin intriqalarının qurbanına çevriləcək. İndi hörmətli liberalların bəyanatında həmin proqnozun nə dərəcədə həqiqəti əks etdirdiyinin şahidinə çevrilirik.

İndi görək Liberal Partiyası üzvlərinin qeyd olunan bəyanatında daha sonra nələr var: “Daha sonra vahid namizədin siyasi liderlər və ya ziyalılar arasından Milli Şurada reytinq səsverməsi ilə müəyyənləşdirilməsini və ona da axıra kimi dəstək verəcəyimizi bəyan etdik. Lakin yenə də İsa Qəmbər bununla razılaşmadı. Biz Milli Şurada yaranmış bu böhran vəziyyətində professor Cəmil Həsənlinin prezidentliyə vahid namizədliyini məqbul saydıq, onu dəstəklədik və təbliğ etdik. Bütün bunlarla bərabər, Milli Şuranın yarandığı gündən bir siyasi partiya daxilindəki qrupun (diqqət yetirin və ayırd edin, söhbət kimdən gedir? ) Milli Şurada ayrı-seçkilik, təfriqə, mənasız və məntiqsiz çəkişmələr, düşmənçilik yaratdığını qeyd etməliyik. Bu qrup fürsət düşdükdə hətta Milli Şuranın sədri Rüstəm İbrahimbəyova qarşı “qara təbliğat” aparmış və bu əməlini indi də davam etdirməkdədir. Məhz bu qrupun dağıdıcı mövqeyi Milli Şuranın daxili təşkilatlanmasına əhəmiyyətli dərəcədə mane olmuş, onun yerli şöbələrinin və operativ kollegial idarəetmə orqanının yaranmasına imkan verməmişdir. Bunların öz texniki bazasından sui-istifadə etməsi, Milli Şuranın fəaliyyətini inhisara almaq cəhdləri, bəzi hallarda hətta şantaja keçməsi Milli Şuranın qərarlarına xeyli mənfi təsir etmiş, az qala, onu öz girovuna çevirmişdir”.

Çox maraqlı və eyni zamanda, o qədər də müəmmalı olmayan bir məqamdır. “Milli Şura” daxilində ayrı-seçkilik salan, təfriqə, düşmənçilik yaradan, sürəkli çəkişmələrə rəvac verən hansı partiya idi? Təbii ki, “Milli Şura”da AXCP və Müsavatdan başqa hegemonluq iddiasında olan siyasi partiya yox idi. Həmin günlərdə AXCP hegemonluq etmək istəsə də buna gücü çatmırdı. Ona görə də xaricdəki antiazərbaycan qüvvələrin hərtərəfli köməyindən yetərincə bəhrələnən Müsavat Partiyası və onun başqanı İsa Qəmbər məhz Liberal Partiya funksionerlərinin qeyd etdiyi neqativ halları çox asanlıqla reallaşdırırdı. Əslində, İsa Qəmbərə bu işdə öz köhnə təcrübəsi də yaxından kömək edirdi. Çünki o hələ Əbülfəz Elçibəyin dövründən fitnə-fəsad yaratmaq, tor qurmaq, intriqalar törətmək kimi məsələlərdə peşəkarlıq nümayiş etdirmişdi. Bir məsələ var ki, İsa Qəmbərin Əbülfəz Əliyevin dövründə törətdiyi əməllərdəki məqsədi aydın idi: prezidenti gözdən salmaq, imkan düşən kimi yox etmək və hakimiyyətə təkbaşına sahib olmaq. Bəs “Milli Şura”dakı fəaliyyəti zamanı öz bəd əməlləri ilə hansı məqsədə çatmaq istəyirdi?

 Həmin sualların cavabını da Azərbaycan Liberal Partiyası mənsublarının adı çəkilən bəyanatında görə bilirik: “Bu əməllər Milli Şuranın bir çox üzvlərinin prezidentliyə namizəd Cəmil Həsənlinin seçki kampaniyasından təcridinə gətirmiş və onun daha uğurlu aparılmasına mane olmuşdur.Biz bütün bunların Milli Şuranın “vahid komanda” fəlsəfəsinə zidd olduğunu nəzərə alaraq, bu dağıdıcı qrupun yaratdığı, Milli Şuranın nüfuzuna xələl gətirən daxili didişmələrin və düşmənçiliyin iştirakçısı olmağımızı yolverilməz sayaraq, onun sıralarını tərk etdiyimizi bəyan edirik. Bununla bərabər, Milli Şura tərkibindəki sağlam mövqeli qüvvələrə səmimi əməkdaşlığa görə təşəkkürümüzü bildirir, Azərbaycan maraqları naminə onların mübarizəsini dəstəkləyəcəyimizi bəyan edir və onlara uğurlar diləyirik".

 Diqqət yetirin, Eldar Muradov, Elman Məmmədzadə, Hacıağa Dadaşov, İlham Murtuzayev, İsmayıl Əliəsgərli, Tofiq Kərimov, Vaqif Mustafazadə və Xurşud Abasovanın imzaladığı bəyanatdan da açıq-aydın görünür ki, Cəmil Həsənlinin seçki kampaniyasına mane olan, onun məğlubiyyətinə zəmin yaradan qüvvə bilavasitə “Milli Şura”nın tərkibində olub. Bu isə bizim yuxarıda verdiyimiz “İsa Qəmbər “Milli Şura”dakı fəaliyyəti zamanı nə istəyirdi?” sualının cavabıdır. Müsavat başqanının, həmin partiyanın funksionerlərinin nəzərinə çatdırırıq ki, liberalların adı çəkilən bəyanatını biz də elə müsavatçıların özləri kimi “publika.az.” internet səhifəsindən oxumuşuq. Sadəcə, əlavə edirik ki, “Milli Şura”dakı deformasiyaların demontaja çevrilməsinin əsas səbəbkarlarından biri məhz İsa Qəmbər, digəri AXCP sədri Əli Kərimlidir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında