Cəmiyyət dağıdıcı, ifrat radikal müxalifətə “yox” deyir

 

Yalnız konstruktiv müxalifət cəmiyyətə fayda verə bilər

Radikal müxalifətin bu il oktyabrın 9 - da keçirilmiş prezident seçkilərindəki acınacaqlı məğlubiyyətindən sonra bu düşərgədə ciddi qarşıdurma yaranmışdır. Düşərgə mənsubları bildirirlər ki, 20 ildən artıq partiyaya rəhbərlik edən şəxslərin istefa tələbi ortaya qoyulub. Həm AXCP, həm də Müsavat Partiyasının fəal gəncləri ayrı - ayrı adamların partiyanı öz inhisarında saxlamalarına və qurultay keçirilmədən özlərini əbədi sədr elan etmələrinə ciddi etirazlarını bildiriblər. Artıq bu gənclər həm Əli Kərimlinin, həm də İsa Qəmbərin səmərəsiz rəhbərliklərindən cana doyduqlarını açıq şəkildə bildiriblər. Son iyirmi ildə ölkədə keçirilən seçkilərdə, hətta bələdiyyə seçkilərində belə qələbə qazana bilməyən bu partiyaların uğursuzluqlarının səbəbini partiya sədrlərinin yarıtmaz fəaliyyətində görən gənclər gec də olsa, yeniləşmənin vaxtının çatdığını bildiriblər.

Müsavat Partiyasının sonuncu toplantısında ciddi qarşıdurma yaranması barədə artıq kütləvi informasiya vasitələrində məlumat verilib. Ancaq əsas münaqişənin nə üstdə olması hələ də ört - basdır edilir. Həmin yığıncaqda iştirak edən müsavatçılardan birinin dediyinə görə, gənclər, xüsusilə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı İsa Qəmbərin partiyanın başqanlığından istefa verməsinin vaxtının çatdığını bildirib. Yığıncaqda yaranmış fikir ayrılığını görən T.Abbaslı dediklərini əsaslandıraraq bildirib ki, artıq Müsavat Partiyasının qurultayının keçirilməsinin vaxtı çatıb və partiyanın başqanını da qurultay müəyyənləşdirməlidir. Sonuncu dəfə Müsavat Partiyasının qurultayının nə vaxt keçirildiyini xatırlamadığını deyən Tural Abbaslı bunun nizamnamayə zidd olduğunu bildirib. Ona görə də o, partiya üzvlərini nizamnaməyə hörmətlə yanaşmağa çağırıb.

Müsavat Partiyasının bir sıra üzvləri partiyanın gənc fəalı T.Abbaslının bu təklifinə tərəfdar olduqlarını bildiriblər. Çünki artıq uzun illərdir ki, Müsavat Partiyasının qurultayı keçirilmir.  Əksər müsavatçılar İsa Qəmbərin səmərəsiz fəaliyyətindən narazı olduqlarını dəfələrlə bildiriblər. Partiya rəhbərinin ermənilərlə əməkdaşlıq barədə saziş imzalamasından sonra bir - birinin ardınca istefalar verilməsi hər birimizin xatirindədir. Müsavatdan uzaqlaşanların bəyanatlarında da bildirilirdi ki, bu gün torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmənlərimizlə əməkdaşlıq etmək barədə saziş imzalayan İsa Qəmbərlə bir yerdə olmağı özümüzə təhqir hesab edirik.

Həmin vaxt bəyanatla Müsavat Partiyasından istefa verənlərdən biri də (həmin bəyanatın əlyazmasının surəti qəzetimizdə dərc olunmuşdu) Mirqasım Abaslı idi. Bu günlərdə onunla yenidən əlaqə saxladıq. Sabiq müsavatçı dedi ki, o, bu partiyadan istefa verməsindən heç də peşman deyil. Əksinə, sevinir ki, torpaqlarımızı işğal altında saxlayan ermənilərlə əməkdaşlıq barədə saziş imzalayan bir adamın ətrafından uzaqlaşıb. M.Abaslı daha sonra dedi: “Görəsən İsa Qəmbər bundan sonra daha neçə il partiyaya rəhbərlik etmək fikrindədir? Məgər o, Müsavat Partiyasının nizamnaməsini oxumayıb? Bu sənədlə tanış deyil? Az qala demokratiyadan ona - buna dərs vermək istəyən İsa Qəmbər antidemokratik təfəkkürdə, diktatura yolunda olduğunu görmürmü? O, partiyadakı diktatorluğuna son qoymalıdır.

İsa Qəmbər və onun yaxınları partiyanın qurultayının keçirilməməsinə müxtəlif don geyindirməyə çalışırlar. İndi də iddia edirlər ki, guya Azərbaycanda qurultay keçirməyə münasib yer tapmırlar. Bu lap gülməli görünür. Bu iddiada olanlar artıq Müsavat Partiyasını da öz səviyyələrinə endiriblər. Necə olur ki, dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini Bakıda keçirir və paytaxtda yaradılımış şəraitdən çox razılıq edirlər. Ancaq Müsavat Partiyası qurultay keçirməyə yer tapmır?”

M.Abaslının sözlərinə görə, hələ bir neçə il əvvəl İsa Qəmbər qurultay keçirməyə yer axtarmaq adı ilə Türkiyəyə, sonra isə Tbilisiyə gedəndə özünü gülünc vəziyyətinə qoydu. Elə Türkiyədə İ.Qəmbərə demişdilər ki, siz bizim ölkəyə hansı məqsədlə gəlmisinizsə, özünüz bilərsiniz, ancaq partiyanın qurultayını keçirmək üçün yer axtarmanız gülməlidir. Həmin sözləri Tbilisidə də demişdilər.

Artıq partiyanın sıravi gəncləri də uzun illərdir ki, qurultay keçirilməməsinə etirazlarını bildiriblər. M.Abbaslı da bunun şahidi olduğunu bildirdi. O dedi ki, su bir yerdə çox qalanda iylənər. Təəssüf ki, İsa Qəmbər bunu hələ də duymur. O yaxşı bilir ki, əgər başqanlıqdan uzaqlaşsa, qısa müddətdə yaddaşlardan birdəfəlik silinəcək. Partiyanın digər üzvü Surxay Qurbanov da M.Abaslı ilə razılaşdığını bildirib. O, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı ilə tam razı olduğunu bildirdi. Partiyanın qurultayının keçirilməməsinə münasibət bildirərkən dedi ki, İsa Qəmbər bu məsələni bilərəkdən gecikdirir.“O, müxtəlif bəhanələrlə növbəti parlament seçkilərinə qədər qurultayı gecikdirəcək və parlament seçkilərində öz namizədliyini irəli sürəcək, yenidən uduzacaq və Müsavatın düşdüyü quyunu daha da dərinləşdirəcək. Ona görə də təcili qurultay çağırılmalı və yeni başqan seçilməlidir.”

Müsavat Partiyasının funksionerləri İsa Qəmbərin başqanlıqdan kənarlaşmasını özləri üçün elə bir faciə hesab etmirlər. Başqanın müavini Gülağa Aslanlı da bu fikirdə olduğunu bildirib. O deyib ki, hər bir liderin hansısa partiyadan ayrılması orada müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Ancaq İsa Qəmbərin başqanlıqdan getməsindən sonra Müsavat Partiyasında qruplaşmaların yaranacağı və ya kimlərinsə partiyadan gedəcəyi barədə fikirlər o qədər də əsaslı deyil. G.Aslanlının sözlərinə görə, İsa Qəmbərin Müsavat başqanlığından ayrılmasının ardınca bir və ya 5 nəfərin partiyadan ayrıla biləcəyi barədə fikirləri o da qəbul edir və bunu təbii sayır. Ancaq bu ayrılmaların partiyada böyük parçalanmalara səbəb olacağı düşüncəsilə razılaşmır.

G.Aslanlı onu da bildirib ki, bəzi müsavatçılar partiyanın qurultayında bu təşkilatın nizamnaməsinə dəyişiklik edilərək, İsa Qəmbərin yenidən başqan seçilməsi məsələsinin müzakirəyə çıxarılmasına çalışırlar: “Bu məsələ müxtəlif şəxslər tərəfindən qurultayda müzakirəyə çıxarıla, təklif kimi səsləndirilə bilər, ancaq mən hesab edirəm ki, nizamnamə dəyişikliyi barədə təklif gündəmə gətirilsə belə, bu, qurultay nümayəndələri tərəfindən ciddi dəstək görməyəcək”.

Göründüyü kimi, artıq İ.Qəmbərin müavini Gülağa Aslanlı da başqana mesaj göndərərək nizamnaməyə əməl etməyin vaxtının çatdığını bildirib.

Müxalifətdə olan siyasi partiya və qurumların rəhbərləri, həmçinin funksionerləri də bildirirlər ki, hər hansı bir şəxsin qurultay keçirilmədən 15 — 20 il həmin quruma rəhbərlik etməsi və ölkədə keçirilən prezident və parlament seçkilərində özünün namizədliyini irəli sürməsi partiya daxilindəki diktaturanın bariz nümunəsidir. Bu gün həmin diktatorluq İsa Qəmbərin simasında özünü açıq şəkildə büruzə verir. Sabiq ACP lideri Rəsul Quliyev də bu fikrə tərəfdar olduğunu bildirib. O, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrinin birində deyib ki, bu gün müxalifətin birləşə bilməməsinin əsas səbəbkarı İsa Qəmbərdir. Adam nə qədər deputatlığa və ya prezidentliyə namizədliyini irəli sürər? Yəni, doğrudanmı İsa Qəmbər seçkilərdəki acınacaqlı məğlubiyyətlərindən hələ bir nəticə çıxarmayıb?

Rəsul Quliyev bu il keçirilən prezident seçkilərində Müsavat Partiyası başqanının namizədliyinin irəli sürülməsinə etiraz edənlərdən biri olmuşdu. O demişdi:“Mən İsa Qəmbərin apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm. Mən İsa Qəmbərin fərdi və ya partiyanın qərarı ilə prezidentliyə namizəd olmasının dağıdıcı rol oynayacağından yazmışam. İndi siz özünüz təsəvvür edin, İsa Qəmbər seçkilərdə iştirak edir və rəsmi 2-3 faiz səs toplayır. Siz də, biz də “seçkilər saxtalaşdırıldı” deyib, hay-küy salırıq. Nəticəsi nə olacaq? Heç bir şey. Nəticədə onsuz da zəif olan müxalifət, ümumiyyətlə, qəbirə qoyulacaq. Bundan sonra müxalifət real yox, virtual, qəzetlərdə, internet səhifələrində fəaliyyət göstərəcək”. Müsavat Partiyasının fəal gəncləri, həmçinin bir qrup funksioneri yaxın vaxtlarda partiyanın qurultayının keçirilməsini, başqanlıq məsələsinə baxılmasını qəti tələb kimi irəli sürüblər. İsa Qəmbər və onun tərəfdarları isə müxtəlif bəhanələrlə növbəti parlament seçkilərinə qədər qurultayın vaxtını uzatmağa çalışırlar. Ancaq deyəsən, bu dəfə məqsədlərinə çata bilməyəcəklər. Çünki artıq partiyadakı qarşıdurmalar son həddə çatıb və İsa Qəmbərin 21 illik səmərəsiz başqanlığı partiya üzvlərini bezdirib.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında